AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyasını dəyişən aktyorları tamaşalarda kimlər əvəz edir?

Dünyasını dəyişən aktyorları tamaşalarda kimlər əvəz edir?

Mədəniyyət
19 May 2020, 10:30 1619
"Bir aktyor hər hansı obrazı ilə sevilib-tanınıbsa, həmin obrazı kimə həvalə etsələr də, öncəki qədər sevilməyəcək”
 
"Tanınmış aktyor dünyasını dəyişdi” - xəbərləri ilə tez-tez rastlaşırıq. Teatrda biri-birindən maraqlı obrazlar yaradan və demək olar ki, repertuarda əsas obrazları canlandıran aktyorlar dünyasını dəyişdikdə, bu bizim üçün xəbərə, teatrlar üçün isə böyük bir problemə çevrilir. Çünki bir tamaşanın ərsəyə gəlməsi üçün aylarla, hətta illərlə məşq edilir və həmin tamaşa teatrın repertuarına daxil edilirsə, aktyorun dünyasını dəyişməsi ilə bir neçə tamaşanın baş rolları sahibsiz qalır. Əgər o obrazın dublyoru da yoxdursa, daha da pis. Rejissor tamaşanın yaradıcı heyətini bir araya toplayıb, həmin obrazı canlandırmaq üçün yeni bir aktyor seçir və proses yenidən baş verir. O obrazı canlandırmaq üçün seçilən aktyorun isə digər qəhrəmanlarla uyğunlaşması müəyyən zaman alır. 
 

 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar artist Bəhram Osmanov bizimlə söhbətində bəzən bağlanmaq üzrə olan tamaşaların məhz dünyasını dəyişən sənətkarın xatirəsinə repertuarda saxlanıldığını bildirir: "Bəzən görürük, elə bir tamaşadır ki, uzun zamandır oynanılıb və artıq onun repertuarda qalmasına ehtiyac yoxdur. Amma orada həyatını, ömrünü teatra həsr edən dəyərli sənətkar əsas obrazlardan birini canlandırıb, ya da teatr tarixində sözünü demiş rejissor o əsəri səhnələşdirib. Belə məqamlarda biz o tamaşanı repertuarda saxlayırıq. Yaxud da tamaşada əsas heyətdə oynayan aktyorlardan hansısa bu və ya digər səbəblərdən bizi tərk edirsə, onun oynadığı obrazlar başqa bir aktyora həvalə olunur və həmin tamaşa yenidən işlənilir. Mənim iş təcrübəmdə belə hadisələr çox olub. Misal üçün, Akademik Milli Dram Teatrında Əli Əmirlinin "Messenat” əsərini işlədik və təhvil verdik. Tamaşa beş dəfə oynanıldıqdan sonra orada əsas qəhrəman - Tağıyev obrazının ifaçısı Əlabbas Qədirov xəstələndi və tez bir zamanda dünyasını dəyişdi. Biz teatrın rəhbərliyi ilə dilemma qarşısında qaldıq. Artıq tamaşanın növbəti seansının biletləri satılmışdı və o tamaşanı təxirə salmaq mümkün deyildi. 3 gün qalmış biz həmin obrazı canlandırmaq üçün aktyor axtarmağa başladıq. Tağıyev obrazı da elə bir rol idi ki, onu 2-3 məşqə oynamaq mümkün deyildi. Nəticədə, Xalq artisti Nurəddin Mehdixanlı böyük təkidlərdən sonra bu işə razı oldu. Biz 3 gün məşq etdik və üçüncü gün Nurəddin Mehdixanlı tamaşanı oynadı. O gündən sonra biz 6 ay ümumi teatrın iş planına mane olmadan Nurəddin müəllimlə məşq etdik, hətta məşq edə-edə Nurəddin Mehdixanlı həmin tamaşanı oynayırdı. Biz 6 il o tamaşanın repertuarda qalmasına çalışdıq və bu işdə Nurəddin Mehdixanlının da böyük rolu oldu. N.Mehdixanlı o tamaşada özünəməxsus bir Tağıyev obrazı yaratdı. Hansı ki, Əlabbas Qədirovun oynadığı tamam başqa bir müstəvidə idi. Bu, dünya praktikasında da baş verib, yəni olan bir hadisədir. Hər bir aktyor özünün oyun keyfiyyətini, energetikasını gətirir. Hazır tamaşaya sonradan birini gətirmək çox ağır və çətin bir prosesdir”.

B.Osmanov qeyd edir ki, əgər tamaşanın kifayət qədər tamaşaçısı varsa və yaxşı gəlir gətirirsə, repertuardan çıxarılmır, tamaşanı tərk edən aktyor başqa aktyorla əvəzlənir: "Əgər tamaşanın tam heyətindən bir nəfər əskikdirsə, bizi hər hansı səbəbdən tərk edirsə, bu tamaşada rol alan digər aktyorlar üçün də çətin olur. Onların bir-birini anlama prosesi gec ərsəyə gəlir və bu da ümumi tamaşanın gedişatına təsirsiz ötüşmür. Keçən mövsüm hazırladığım C.Məmmədquluzadənin "Dəli yığıncağı” əsərində baş rollardan birini oynayan Kazım Abdullayev xəstələndi, cərrahiyyə əməliyyatı olundu və onun səhnəyə çıxması qeyri-mümkün hala çevrildi. Belə olduğu halda, həmin obraz üçün Elnar Qarayevi dəvət etdik. Elnar bu obrazı özünəməxsus şəkildə oynadı. Dəyişiklik olsa da, tamaşa öz bədii keyfiyyətlərini itirmədi. Burada gərək aktyorlar səhnədə bir-birini duysunlar ki, istənilən nəticə əldə olunsun”. 
 

 
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri Həmidə Rüstəmova bildirir ki, bəzi tamaşaların əvəzolunmaz aktyorları var ki, onları başqa biri əvəz etdikdə, əvvəlki effekti vermir: "Aktyorun pis və ya yaxşı oynamasından asılı olmayaraq, ilk ifaçı çətin hallarda digər ifaçının qəbul olunmasına şərait yaradır. Kukla Teatrında bu daha çox nəzərə çarpır. Misal üçün, dəyərli sənətkarımız Ələkbər Hüseynovun timsalında hazırlanan tamaşaları izləyici daha yaxşı duyurdu və özünəməxsusluğu ilə həmin tamaşalar seçilirdi. Ələkbər Hüseynovun özünəməxsus səs tembri, manerası vardı, fərq etməzdi ki, o, şırım arxasında, ya da səhnədə oynayır. Əsas odur ki, obrazın ifa üslubunu, istər şırım arxasında, istərsə də canlı planda kim olduğunu göstərə bilirdi. Bu nöqteyi-nəzərdən, Ə.Hüseynov dünyasını dəyişdikdən sonra onun tamaşaları teatrın repertuarında qala bilmədi. Səbəb isə, təbii ki, aktyor faktorudur. Biz də Ələkbər Hüseynovun ruhuna ithaf olaraq onun quruluş verdiyi bir neçə tamaşanı saxlamağa çalışdıq. Təbii ki, həmin tamaşaları bərpa edərək, repertuarda saxladıq”.

Yeni aktyorun əvvəlkini təqlid etməsinə gəldikdə isə, H.Rüstəmova deyir ki, bu artıq aktyorun daxili potensialından asılıdır: "Açığı, tamaşaya yeni gələn aktyorlarda təqlid etmə kimi bir nüansla qarşılaşmamışam. Aktyor özü də başa düşür ki, bundan öncəkini təqlid edərsə, tamaşaçı onu hafizəsində saxlamayacaq, istədiyi kimi qəbul etməyəcək. Təbii ki, hər aktyorun oynamaq istədiyi rollar var, onlar özlərini realizə etmək istəyirlər. Yaxşı rejissor isə aktyorun potensialını duyaraq onlara obraz verir. Oturuşmuş oyunu yeni obraz çalarları ilə təqdim edərkən qarşındakı aktyorun ifaçı potensialı nəzərə alınmalıdır. Bu dəyişiklik üçün rejissordan böyük istedad tələb olunur. Rejissor aktyorun təqlid və yaxud təbliğçi olduğunu duymalıdır. İstənilən halda təqlid edən aktyor özünü səhnədə tapa bilmir. Kukla Teatrında iki heyətli tamaşa hazırlanır və iki heyət paralel məşq edir. Dramaturji materialın kukla hərəkətlənməsi ilə mürəkkəb sənət olduğuna görə ikinci heyətin hazırlanması mütləqdir. Tamaşanın ağırlığı hər iki heyətin üzərinə düşür. Çünki bu tamaşa bəzən iki, bəzən üç seans oynanıla bilər. Bu nöqteyi-nəzərdən, dublyorlarsız mümkün deyil. Aktyor teatrdan gedərkən, yaxud da dünyasını dəyişərkən mütləq şəkildə onun yerinə gələn aktyorla fərdi şəkildə məşğul olurlar. Bizdə usta kuklaçılar var ki, onların ayrıca dərsləri olur. Truppaya yeni gələn aktyorlara da bu dərslər keçirilir və onlarla fərdi qaydada işlənilir. Onlar kiçik obrazlardan əsas qəhrəmanlara qədər canlandırırlar”. 
 

 
Tanınmış aktyor Elçin İmanov isə deyir ki, bu, könül və istəkdən asılı olan bir məsələdir: "Bəzən dublyoru olmayan aktyor olduqda, onu əvəz edən aktyorla uzun müddətli məşqlər keçirilir. Rejissor 1-2 məşqdə iştirak edir, daha sonra həmin tamaşanı rejissor assistentləri idarə edir. Belə ki, tamaşaya cavabdeh olan rejissor assistentləri həmin aktyorun üzərində çalışır və onunn tamaşada oynayan digər aktyorlarla ünsiyyətini, bağını qurur”.

Aktyor deyir ki, bu elə də asan proses deyil: "Əgər mən bir aktyoru o rolda görmüşəmsə, o obrazı elə qəbul etmişəmsə, indi özüm oynasam da, əvvəlki effekti verməyəcək. Ancaq bəzən tamaşadan çıxmış aktyorları digərləri əvəz edəndə, öz fərqli ampluasını, oyun tərzini gətirir və bu, tamaşaya daha da gözəllik qatır. Bu məsələləri istənilən halda rejissor həll edir. Tamaşaya rejissor mizan verirsə, aktyoru əvəz edən ikinci bir aktyoru da o özü təyin edir. Bəzən aktyorlar özlərində güc tapanda, ərizə ilə müraciət edərək tamaşadan çıxmış aktyorun rolunu oynamaq istəyirlər. Bu isə teatr aləmində çox normal haldır. Ondan sonra sanki tamaşa yenidən hazırlanır. Tamaşaçı üçün bunun fərqi yoxdur. Tamaşaçı ilk olaraq hazırlanan tamaşada əsas obrazda hansı aktyoru görübsə, onu da qəbul edir. Bir aktyor hər hansı obrazı ilə sevilib və tanınıbsa, həmin obrazı kimə həvalə etsələr, o, öncəki qədər sevilməyəcək”.
 
Xəyalə Rəis