• şənbə, 27 Aprel, 05:54
  • Baku Bakı 14°C

Dünyanın dəyişildiyi gün - 11 sentyabr

11.09.14 11:14 3390
Dünyanın dəyişildiyi gün - 11 sentyabr
Dünyanı lərzəyə salmış müdhiş 11 sentyabr hadisələrinin artıq 13-cü ildönümü qeyd olunur. Məlum olduğu kimi, 2001-ci ilin bu günkü tarixində terrorçuların qaçırdığı iki sərnişin təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin «əkiz qüllələr»inə, bir təyyarə isə Pentaqonun binasına çırpılmışdı. Terrorçular tərəfindən Pensilvaniyada qaçırılmış daha bir təyyarənin qəzaya düşərək partlaması ilə ümumilikdə həmin tarixdə 3 min insan həlak olmuşdu.
Məhz bu hadisələr bütün dünyada şok effekti yaratmışdı. Çünki ən qüdrətli dövlət hesab olunan ABŞ-da belə miqyasda terror hadisəsinin reallaşdırıla biləcəyi inanılmaz idi.
11 sentyabr ilk dəfə qlobal antiterror koalisiyasını ortaya çıxardı

Bu hadisə ABŞ-ın qüdrəti barəsində o vaxtadək formalaşmış stereotipləri şübhə altına almaqla yanaşı, onun xarici və ümumilikdə qlobal siyasətdə yol vermiş nöqsanları da ortaya qoydu. Belə ki, terror aktının ekstremist islam təşkilatları tərəfindən həyata keçirilməsi ABŞ-ın xüsusilə Yaxın və Orta Şərq regionunda apardığı siyasətə etiraz xarakteri daşıyıdığı barədə rəylər yaratmışdı. Düzdür, hadisələr baş verən andan etibarən müsəlman dövlətləri və aparıcı din xadimləri baş verənləri pisləsə də, reallıq ortada idi. Radikal islamçı qruplaşmalar ABŞ-ın mövqeyinə qarşı açıq zərbə endirmişdilər.
ABŞ da öz növbəsində terror aktının baş verdiyi ilk andan terrorçuların məhv edilməsi istiqamətində konkret güc siyasətinə start verdiyini bəyan etdi. Əslində hadisənin miqyası və xarakteri o dərəcədə kəskin idi və bütün bəşəriyyət üçün o qədər sarsıdıcı olmuşdu ki, demək olar ki, əksər dövlətlər ABŞ-a dəstək verməyə başladılar. Beləliklə də qlobal antiterror koalisiyası formalaşdı.
Məlum olduğu kimi, koalisiyanın ilk müdaxilə etdiyi ölkə Əfqanıstan oldu. Çünki 11 sentyabr hadisələrini törədən «Əl-Qaidə» terror təşkilatı əsasən bu ölkədə mənzillənmişdi. Koalisiyada hətta Rusiya da iştirak edirdi. Bu isə qlobal terror təhlükəsinin nə qədər ciddi olduğunu ortaya qoyurdu.
Lakin uzun sürən mübarizədən sonra koalisiya qüyvvələri «Əl Qaidə»nin əsas mövqelərini sarsıda bilsələr də, onun tam məhv edilməsi mümkün olmadı. Təşkilat bu gün də qlobal terror şəbəkəsinin aktiv üzvlərindən biri kimi, müxtəlif ölkələrdə təzahür etməkdədir. Bu isə antiterror koalisiyasının lideri olan ABŞ-ın və onun əsas müttəfiqlərinin antiterror siyasətində ardıcıl olmamasını ortaya qoyur.
Azərbaycandan antiterror koalisiyasına ciddi dəstək nümayişi

ABŞ-ın Əfqanıstana qarşı təşkil etdiyi antiterror koalisiyasına ilk gündən Azərbaycan da aktiv təstək verməkdədir. Ölkəmiz 11 sentyabrdan sonra ABŞ-a mənəvi dəstək verməklə bərabər, antiterror koalisiyası təyyarələrinə hava dəhlizinin verilməsi, terrorçuların maliyyə axınlarının qarşısının alınması və "Əl-Qayda" təşkilatının fəal üzvlərinin həbs olunmasında fəal iştirak edib.
Azərbaycanın bu prinsipial mövqeyi onun ABŞ-la tərəfdaşlığında yeni mərhələ açdı. Belə ki, antiterror koalisiyasına açıq dəstəyə cavab olaraq ABŞ administrasiyası 1992-ci ildən qüvvədə olan 907-ci düzəlişin qüvvəsini dayandırmaq üçün Konqresə müraciət etdi və 2002-ci ilin yanvarında bu yasaq aradan qalxdı.
Bu gün də Azərbaycan koalisiyanın Əfqanıstan missiyasına öz köməyini əsirgəmir. Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Ölkəmizin hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub. İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir.
11 sentyabrdan sonra ABŞ-ın xarici siyasətində baş verən dəyişikliklər

Qeyd etmək lazımdır ki, 11 sentyabr terror aktından sonra ABŞ-ın xarici siyasəti ciddi surətdə dəyişikliklərə uğradı. Əvvəldən münaqişədə olduğu bölgələrə müdaxilə üçün terrorizmlə mübarizə adı altında asan bəhanə əldə etmiş oldu. Yuxarıda qeyd olunduğu kimi, ABŞ ilk olaraq Əfqanıstana müdaxilə etdi. Əfqanıstan kimi, strateji əhəmiyyətli bir ölkəni nəzarət altında saxlamaq ABŞ-ın çoxdankı arzusu idi. Çünki bu ölkədə qərarlaşmaqla ABŞ Çin və Rusyanın sərhədlərində yeni məntəqə əldə etmiş olurdu. Bundan başqa, Əfqanıstanın narkotiklərin qanunsuz dövriyyəsi mərkəzlərindən biri kimi nəzarətə götürülməsi bu sahədə olan kütləvi maliyyə resurslarına da nəzarəti ələ almaq deməkdir.
ABŞ terrorla mübarizə çərçivəsində ikinci bölgə kimi İraqa müdaxilə etməyi qərara aldı. Məlum olduğu kimi, hələ 1990-cı illərin əvvəllərindən ABŞ-la İraqın o vaxtkı rəhbərliyinin münasibətləri korlanmışdı və hətta Birinci Körfəz müharibəsi deyilən hərbi toqquşma da baş vermişdi. 11 sentyabr hadisələrindən istifadə edərək ABŞ Səddam Hüseynlə də haqq-hesabı birdəfəlik çürütmək qərarına düşmüşdü. Beləliklə də, ABŞ tərəfindən İraqın o vaxtkı rəhbəri Səddam Hüseynin guya «Əl Qaidə» ilə əlaqəli olması və eyni zamanda guya kütləvi qırğın silahlarına malik olması ilə bağlı rəy formalaşdırıldı.
Lakin həmin dövrdə ABŞ-ın 11 sentyabr hadisələrindən öz çoxdankı niyyətlərini reallaşqdırmaq üçün istifadə etməyə başlaması bir sıra dünya dövlətləri tərəfindən ciddi narazılıq doğurmağa başladı. Nəticə olaraq isə ABŞ-ın İraqla müharibəyə başlamaq üçün təşkil etdiyi koalisiyaya özündən başqa, yalnız ənənvi müttəfiqi İngiltərə və bir də İspaniya qoşuldu.
Göründüyü kimi, ABŞ İraqa qarşı müharibəyə başlayarkən beynəlxalq ictimaiyyətin mandatını almağı belə, lazım bilməmişdi. Belə ki, adətən beynəlxalq hərbi missiyalar üçün BMT Təhlükəsizlik Şurasının sanksiyası gərək olduğu halda, ABŞ belə bir sanksiyanı gözləmədən hərəkət etdi.
Bütün bunlar ABŞ 11 sentyabr hadisələrindən sui-istifadə edərək özünün dünyanın ayrı-ayrı bölgələrindəki mövqelərini möhkəmləndirmək niyyətini bir daha ortaya qoydu. O da qeyd edilməlidir ki, ABŞ-ın həmin dövrdən terrorla mübarizə adı altında başlatdığı kampaniya nəinki ciddi effekt verdi, hətta müdaxilə etdiyi bölgələrdə uzun illərdən bəridir davam edən qeyri-sabitlik, mütəmadi baş verən terror aktları və s. onun özü üçün də ciddi problemlər yaradıb.
Məlum olduğu kimi, Əfqanıstan və İraqda bu gün də gərgin vəziyət davam etməkdədir. Müxtəlif terror qrupları bir sıra hallarda hətta yerli hakimiyyətdən də geniş əraziləri nəzarət altında saxlamaqdadır. Bu iki ölkədə hər gün onlarla günahsız insanın öldürülməsi xəbəri isə artıq adi hala çevrilib. Bundan başqa, ABŞ əsgərlərinin terrorla mübarizə adı altında müdaxilə etdiyi Əfqanıstan və İraqda törətdiyi bir sıra vəhşi aktların ortaya çıxması dünya ictimaiyyətində ciddi narahatlıq yaratdı. Belə ki, bir sıra hallarda ABŞ əsgərlərinin davranışları terrorçuların istifadə etdiyi işgəncə metodlarından geri qalmadığı ortaya çıxmışdı.
11 sentyabrdan sonra dünyanın qarşılaşdığı ən xoşagəlməz səhnələrdən biri də ABŞ tərəfindən yaradılmış Quantonomo hərbi bazasıdır ki, burada da xeyli günahı sübut olunmamış müsəlman məhbusun çox ağır şəraitdə saxlanılması barədə materiallar uzun müddət dünya mediasının gündəmindən düşmədi.
«Terrorla mübarizə» yalnız böyük dövlətlərin mənafelərinə uyğunlaşdırılır

Lakin 11 sentyabr hadisəsindən sonra ABŞ-ın terrorla mübarizədə obyektiv mövqe tutacağına inananlar az deyildi. Bunlar arasında Azərbaycan insanı da var idi. Hesab olunurdu ki, artıq ABŞ terrorizmə qarşı qərarlı mövqeyini bütün oxşar situasiyalarda ortaya qoyacaq. Lakin gözləntilər özünü doğrultmadı. Yuxarıda deyildiyi kimi, ABŞ bu məqamdan da yalnız öz milli maraqlarının reallaşması üçün istifadə etməyi üstün tutdu. Hətta onunla antiterror koalisiyasında aktiv iştirak edən digər ölkələrin, o cümlədən Azərbaycanın qarşılaşdığı oxşar hallara obyektiv münasibət ortaya qoymadı.
Belə ki, məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, terorizmin qurbanıdır. Ölkənin 20% ərazisi erməni terrorçuları tərəfindən işğal edilib, 20 mindən çox insan öldürülüb. Nəzarətsiz qalmış Dağlıq Qarabağ bölgəsi terrorizmin çiçəklənməsi üçün münbit əraziyə çevrilib. Təsadüfi dleyil ki, mütəmadi olaraq bu bölgələrdə ayrı-ayrı terror qruplarının bazalarının yerləşməsi barədə informasiyalar yayılır.
Beləliklə də qeyd etmək olar ki, 11 sentyabr hadisələrindən sonra vüsət alan antiterror kampaniyası ABŞ-ın və digər aparıcı dünya dövlətlərinin «səy»i nəticəsində nəinki ciddi nəticələr verdi, əksinə bu gün demək olar ki, terrozm çiçəklənmə dövrünü yaşayır. Təsadüfi deyil ki, 11 sentyabr hadisəsindən 12-13 il sonra ortaya çıxmış yeni terrorçu təşkilat İŞİD bütün Yaxın Şərqi təhdid etməklə yanaşı, baş nazir Kemeronun təbirincə desək, İngiltərə dövlətçiliyinə qarşı da çox ciddi təhlükədir. Hətta ABŞ da bu təhlükəni dərk etməkdədir. Bu yaxınlarda Obama qatıldığı televiziya proqramlarının birində bunu etiraf edib.
Göründüyü kimi, 2001-ci ilin 11 sentyabrından sonra başladılan antiterror kampaniyası bütün dünya xalqlarının mənafeyinə uyğun olaraq obyektiv şəkildə deyil, yalnız böyük dövlətlərin maraqlarına uyğun şəkildə aparıldığı üçün ciddi effekt verməməkdədir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər