• çərşənbə, 17 Aprel, 03:26
  • Baku Bakı 14°C

Dünyanı ən gözəl Karmeni olan azərbaycanlı

26.02.20 11:30 2495
Dünyanı ən gözəl Karmeni olan azərbaycanlı
Onu alqışlayanlar arasında Şalyapin də var idi
Onun parlaq şəxsiyyəti, misilsiz istedadı və qeyri-adi xarici gözəlliyi bəstəkar və musiqişünasların, eləcə də musiqisevərlərin diqqət mərkəzində olub. Bu gün də haqqında söhbət düşəndə "Opera səhnəmizin ulduzu”, "Səhnənin bənzərsiz Karmeni” deyə yad edirlər. Bu şöhrət və peşəkarlığı əldə edənə qədər isə Fatma Muxtarovanın həyat və yaradıcılıq yolu mürəkkəb və keşməkeşli olub.
Balaca şarmankaçı
Haqqında yazılan kitablar isə aktrisanın həyat yolu haqqında müfəssəl məlumat verir. Fatma Rzayeva 1893-cü il fevralın 25-də Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. O zaman azərbaycanlılar Cənubi Azərbaycandakı ağır həyat şəraiti üzündən ailələri ilə birgə qazanc dalınca ya Şimali Azərbaycana, ya da Rusiyanın müxtəlif şəhərlərinə gedirdilər. Rzayevlər ailəsi də 1905-ci ildə Volqa boyundakı şəhərlərdən birinə köçür. Uşaqlıqdan musiqi istedadına malik olan Fatmanın oxuyub rəqs etməsi ətrafdakıların diqqətindən yayınmır. Atasının ölümündən sonra atalığı Səttar Muxtarov, öz nəğmə və rəqsləri ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı qazanc dalınca, demək olar ki, küçələrə qovurdu. Zaman keçir və Fatma böyüyürdü. Artıq o, qatarlarda gizlənərək Volqa boyunun Həştərxandan tutmuş Yaroslavla qədər bütün şəhərlərini müstəqil olaraq gəzə bilirdi. Bir qədər pul toplayaraq özünə xalq arasında nəvazişlə "katerinka” adlandırılan şarmanka alır. Elə məhz buna görə də şarmankaçı Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başladılar. "Elə bir şəhər yox idi ki, tale bizi ora qastrola aparmasın. Boyum balaca idi deyə, məni üçüncü dərəcəli vaqonda pulsuz aparırdılar. Mən aşağıda gizləndiyimdən, yalnız vaqondakıların ayaqlarını görürdüm. Bir də konduktor qorxusu var idi. Qatarın pəncərəsindən görünən mənzərələr haqqında heç təsəvvürüm belə yox idi. Həmişə maraqla gözləyirdim ki, qatardan düşəndə hansı mənzərə ilə qarşılaşacağam. Soyuq, qarlı bir şəhərdən sonra qəfildən günəşlə, istiliklə, yaşıllıqla qarşılaşırdım. Ən çoxTiflisdə qazanırdım. Oranın camaatı çox xeyirxah idi və mahnıları sevirdi. Görürdün ki, hansısa gürcü qədəhi şərabla doldurub içərisinə 5 və ya 10 manatlıq pul atdı: "Əgər içsən qədəhin dibindəki pul sənindir”. Ya da alnıma əskinas yapışdırdılar ki, "belə oxu”- deyə aktrisa xatirələrində yazırdı.
Bakı qastrolunun gətirdiyi müvəffəqiyyət
1912-ci ildə Saratovda musiqi məktəbinin bazasında Konservatoriya yaradılanda musiqi təhsili almaq üçün Katya Muxtarova ora müraciət etməyi qərara alır. «Saratov konservatoriyasının bütün professorları, mənim yeddi notdan ibarət, şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər». Yalnız professor M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı qərara alır. Möcüzə elə göz qabağında baş verirdi, təbiətən istedadlı olan qız heyrətləndirici müvəffəqiyyətlər əldə edir, hər iki gündən bir diapazonda növbəti not meydana gəlirdi. "Artıq iki həftədən sonra Mixail Yefimoviç məni öyrətməyi öhdəsinə götürdü və mən hələlik xəzinə hesabına oxumağa qəbul edildim”. Dərs ilinin sonunda o Rubinşteynin "Çöllər qızı” operasından ariyanı oxuyurdu. Konservatoriyanın tələbəsi olduğu müddətdə, Fatma hələ öz ailəsi ilə yaşayırdı. Yay tətillərində Fatma Muxtarova qazanc dalınca müxtəlif antreprenyorlarla "Qaraçı romansları və rus mahnıları ilə” qastrollara getməyə məcbur idi. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli "Kaspi” qəzeti xəbər verir: "Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetlərinin yazdıqlarına görə, onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək”. Bir neçə gündən sonra "Kaspi” qəzetində yenə bir elan verilir: "Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert verəcək (kontralto)». Konsertlə bağlı şəhərdə vurulan afişalarda şarmankanın sədaları altında süzən qəşəng qız təsvir edilir. Bakıda verilən konsertlərlə yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi yer tuturdu. Onlar müsəlmanların vokal sənətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdilər. Ancaq, Katya Muxtarovanın çıxışına, müğənninin vokal qabiliyyətləri və səhnə ustalığı kifayət qədər təfsilatla təhlil edilən musiqi tənqidçisinin rəyi həsr edilir. Resenzent yazırdı: «Xanım Muxtarovanın vokal vasitələri nə qədər zəngindirsə, zövqü bir o qədər yoxsuldur. Bu, onun bizə təqdim etdiyi repertuardan bəllidir. Repertuarda xalq mahnıları və qaraçı coşqunluğu ilə ifa edilən romanslar üstünlük təşkil edir. Ceyran otu kimi incə kontralto reqistrlərini nümayiş etdirmək imkanı olan yerdə, müğənni, şübhəsiz, öz səsinin zənginliyini dəyərsizləşdirərək boğaz səsinə keçir». Daha sonra Muxtarovanın ünvanına "O, Saratov Konservatoriyasındakı sistematik təhsilini konsert səhnəsinə çox erkən dəyişdi”- deyə məzəmmət səslənirdi.

Fatma Muxtarovanın konsertinə Azərbaycan incəsənətinin M.Maqomayev və H.Sarabski kimi qabaqcıl xadimləri diqqət yetirirlər və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək etməyi qərara alırlar. «Hələ onda müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə çox enerji və işgüzarlıq göstərir. Fatma Muxtarovanı Hacı Zeynalabdin Tağıyevin bağına gətirirlər. O, bağın təmtərağına heyran qalır. Gənc müğənni milyonçu üçün akkompanement altında bir neçə mahnı oxuyur. Ancaq Şövkət Məmmədovanın İtaliyada təhsil alması üçün əvvəlcə təqaüd ayırmış, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə məcbur olmuş Tağıyev acı təcrübədən sonra gənc müğənniyə təhsilini davam etdirməsi üçün yardım göstərməkdən imtina edir». Onda H.Sarabski digər Bakı mesenatına - Murtuza Muxtarova müraciət etməyi qərara alır. Burada F.Muxtarova Bakı neft milyonçusu və onun xanımı Liza xanımla tanış olur. M.Muxtarov «Nicat» müsəlman xeyriyyə cəmiyyətinin sədri kimi tanınırdı. Özü xalq arasından çıxan bir insan olduğu üçün o, gənc müğənniyə yardım etməkdən imtina edə bilmədi. Milyonçu, Fatma Muxtarovanın təhsilini davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürür.
Şalyapinlə bir səhnədə
F.Muxtarova Saratov Konservatoriyasını müvəffəqiyyətlə bitirərək Moskvaya köçür, orada o, ərinin qohumlarının köməyi və məsləhəti ilə məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. Gənc müğənnini dinləyən F.I.Şalyapin onun vokal imkanları barədə yüksək fikir söyləyir və onu Moskva opera teatrlarından birinin sahibkarı S.Ziminlə tanış edir. Baş rolda Şalyapinin çıxış edəcəyi, V.Serovun "Yudif” operasında gənc müğənniyə Oloferni partiyasını ifa etməyi tapşırırlar. Bu, Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi olur.

Bu ifa Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı idi və onun taleyi bu kiçik roldan asılı idi. Səhnəyə çıxandan sonra o, özünü yüngül və sərbəst hiss edir, tamaşanın bütün iştirakçılarının diqqətini cəlb edən metso-soprano səsini bütün gözəlliyi ilə nümayiş etdirməyi bacarır. Fasilədə onu alqışlayanlar arasında Şalyapin də var idi.

Bu tamaşadan sonra opera müğənnisi Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda işləyir. «Əgər dünya vokal üslubu haqqında məsələyə tarixi nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, Yaxın və Uzaq Şərq ölkələri arasında vokal üslubunu mənimsəyənlər sırasında məhz Azərbaycan müğənniləri birincidirlər. Bu məsələdə nadir ifa edilən partiyaların seçilməsində azərbaycanlı müğənni Muxtarovanın nümayiş etdirdiyi cəsarət qiymətsizdir»- deyə mətbuat yazırdı. Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın” operasından Polinanın partiyası, "Mazepa” operasından Lyubovun partiyası, "Çereviçki” operasından Saloxanın partiyası, "Qar qızı” operasından Baharın partiyası, "Çar gəlini” operasından Lyubaşanın partiyası, "Xovanşina” operasından Marfanın partiyası, "Faust” operasından Zibelin partiyası və bir çox başqaları qeyd oluna bilər.

Fatmanın Karmeni
Fatma Muxtarovanın yaradıcılığında "Karmen” obrazı xüsusi yer tutur. 1923-cü ildə Bakıya gələn məşhur rus rəssamı I.Brodski opera teatrında J.Bizenin "Karmen " tamaşasında iştirak edir. Karmen rolunu Muxtarovanın ifasında dinləyərək müğənnini "Dünyanın ən gözəl Karmeni” adlandırır. Azərbaycan teatr səhnəsində 15 il ərzində Fatma Muxtarova ilə çıxış edən artist Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı) öz xatirələrində yazırdı: "Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova, qəhrəmanın daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi”.
"Karmen” operası ilk dəfə Azərbaycan dilinə Nigar Rəfibəyli tərəfindən tərcümə edilib və Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen”i Azərbaycan dilində oxuyan yeganə müğənni idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Q.Qarayev, "Karmen”in Azərbaycan dilinə tərcüməsinə yüksək qiymət vermiş, eyni zamanda F.Muxtarovanın vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi.

1928-ci ilə qədər Fatma Muxtarova öz istedadının pərəstişkarlarını, eləcə də dostlarını sevindirmək üçün hərdən Bakıya da gələrək Rusiyanın müxtəlif şəhərlərinə qastrol səfərlərini davam etdirirdi.

Yalnız 1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər Opera Teatrında işləyir. Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür. Buna baxmayaraq, onun nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər nə öz dostlarını (Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini), nə ən ağır günlərində onun köməyinə gələnləri, nə də ondan öz ölümünə qədər maddi köməyini əsirgəməyən Murtuza Muxtarovu unutmurdu.

Fatma Muxtarova teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz yaşayıb. Sənəti ilə bağlı sənədləri, fotoları toplamağı ona ən böyük təsəlli olub.
Təranə Məhərrəmova








banner

Oxşar Xəbərlər