• cümə, 26 Aprel, 18:21
  • Baku Bakı 22°C

Dünyanı dolaşan SƏS - Portret - Fotolar

15.12.16 10:00 1900
Dünyanı dolaşan SƏS - Portret - Fotolar
Onun mahnıları bu gün təkcə fondlarda, musiqi arxivlərində ən qiymətli nəsnə kimi qorunmur, həm də, milyonlarla insanların ürəklərində yaşayır. Anamızın laylası qədər, həm də o şirin mahnıların musiqisi ilə böyümüşük. O ecazkar mahnıların zümzüməsi ilə boy atmışıq. "Ana”, "Lalələr”, "Gözəlim sənsən”, "Sevgilim, "Bakının ulduzları”, "Küçələrə su səpmişəm, "Anacan”, "Sənə də qalmaz”, "Sevgi mahnısı”... kimi unudulmaz mahnılar neçə-neçə qəlblərin pünhan duyğularını dilləndirib. Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarların mahnılarına əbədilik qazandırıb onun ifası. Bu gün bu mahnıları ömründə heç olmasa bircə defə eşitməyən insan çətin tapılar.

SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanı Rəşid Behbudovun ecazkar səsi ölkəmizin sərhədlərini aşıb bütün dünyaya yayılıb. Uzaq Afrıkadan, Hindistandan, Kubadan, Argentinadan, Çilidən eşidilib, dilini başa düşmədiyi insanları belə ovsunlayıb o sehirli səs.

Müğənninin çəkildiyi və səsi yazılmış bədii və sənədli filmlər ekranlarımızda dəfələrlə göstərilməsinə baxmayaraq, hələ də tamaşaçılar onları sonsuz maraqla izləyir, ekran qəhrəmanlarına sevə-sevə baxırlar.
Ot kökü üstə bitər
Ailələrinin dərin musiqi kökləri vardı. Atadan oğula irsən keçmişdi musiqi qabiliyyəti. Onların hər biri xalqı öz musiqisinin arxasınca aparmağı bacardı. Minlərin, milyonların ürəyini əvəzsiz ifaları ilə fəth edə bildilər. Behbudovlar nəsli zaman-zaman musiqi sənətimizə başucalığı gətirdi, musiqimizin dünyada tanınmasına kömək etdi.

Babasının Şuşada bəzzaz dükanı vardı. Atası Məcid cavanlığında, hələ Qarabağda yaşadığı vaxtlarda arşın malı satar, başsız qalmış ailəni dolandırardı. Gənc Məcid varlı xanımların malikanəsinə arşın malı aparanda şəhərin küçələrində "Ay arşın malı alan"- deyə "Segah” və "Bayatı” üstündə oxuyar, xoş səsi ilə müştərilərin diqqətini cəlb edərdi. Ancaq günlərin birində o, arşınmalçılığın daşını atıb xanəndə oldu. Məcid Qafqazda xalq mahnılarının mahir ifaçısını çevrildi. Onda bilmədi ki, tale bu zarafatı bir də təkrarlayacaq, haçansa oğlu da "arşınmalçı” olacaq.

Qonşuları tarzən Rzabala qovaq ağacının altında salınmış palazın üstündə oturub çalardı. Məcid el havaları, muğam oxuyardı. Rəşid hər şeyi unudub dinləyərdi. Onda 7-8 yaşı vardı. Qardaşı Ənvər klarnet, bacısı Nəcibə piano çalardı. Rəşid isə nə bir musiqi aləti çalır, nə də oxuyurdu. Dərsdən gələn kimi bostana qaçırdı. Onunku gül-çiçək, qovun-qarpız tağları idi. Qızıl gülləri bir dərsə gedəndə sayardı, bir də gələndə sayardı ki, dərib-eləyən olmasın. Bir gün böyük qardaşı Ənvər qaça-qaça gəlib "Ata, xəbərin var, Rəşid oxuyur, özüm gördüm” deyəndə hamı sevincdən donub qalır.

- Nə oxuyur, a bala, harda gördün?
- "Müctəhid bağında”.Uşaqlar yığışmışdı başına.Sən oxuyan bir hava var e, onu oxuyurdu, özü də lap sənin kimi.

"Gec-tez oxumalıydı da. Mənim oğlum deyil, qadan alım!”- deyə Məcid kişi sevinclə dillənir.

Anası Firuzə xanım 42 yaşında qəflətən vəfat edəndə Rəşidin 16 yaşı vardı.Elə həmin illərdə o, Tbilisidə "Teo-caz” adlı kiçik caz ansamblı yaradır.O dövrdə ansamblı bütün ittifaqda məşhur olan Ayvazyan bunu görüb Rəşidi öz ansamblına dəvət edir. O, Ayvazyanın caz-bəndi ilə bütün ölkəni dolaşır.Cəbhədə konsertlər verir.Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir.Həm də ki, onun qohum-əqrəbası - Vəkilovlar burada yaşayırdı.Tezliklə Rəşidin səsi və zahiri görkəmi Bakını fəth edir.Çox keçmir ki, lap nağıllardakı kimi xoşbətlik quşu başına qonur - Rza Təhmasib onu "Arşın malalan” filminə dəvət edir.
Bizim "Arşın mal alan”
Rəşid Behbudov 1945-ci ildə həmin filmdə Arşınmalçı rolunda çəkilir və bu filmonaəbədişöhrət gətirir. "Əsgər rolu Rəşid Behbudovun oynadığı ilk roldur.Rəşid öz gözəl, lirik səsilə estradasəhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş və dəfələrlə alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir...”- deyə filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi” məqaləsində aktyorun oyununu qiymətləndirirdi. Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir.R.Behbuov geyimini dəyişmədən, qrimini belə təmizləmədən yol maşını ilə Qazağa tələsir.Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir."Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən.Mən də yoxlamaq istədim görüm, düzdür, ya yox”, - deyə atası dillənir. Bu hadisədən birazsonra ikinci teleqram gəlir.Bu dəfə atası həqiqətən vəfat etmişdi.

Rəşid Behbudov bu filmdən sonra qısa bir vaxt ərzində məşhurlaşır, eyni zamanda, film Azərbaycanı bütün dünyaya tanıtdırır.Bir fin tamaşaçısı filmdən aldığı təəssüratı baş rolun ifaçısı R.Behbudova: "Azərbaycanlılar nə gözəl xalqdır...” - deyə bölüşür.
Rəşid Behbudov söhbətlərinin birində demişdi: "Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın malalan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar” - deyib.Doğrudan da, filmdə ifa olunan, dünya ekranlarında məharətlə səslənən mahnı uzun illər müğənninin "vizit vərəqəsinə” çevrilir.Film 50-dən çox ölkədə nümayiş etdirilir. 1946-cı ildə filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin” mükafatına layiq görülür.

"Arşın malalan”ın ekranlara çıxmasının 40 illiyi münasibətilə Bakının "Bahar” yay kinoteatrında keçirilən təntənəli gecədə R.Behbudov Çin dilində Əsgərin ariyasını özünəməxsus ustalıqla oxuyur, sonra çıxış edərək: "Filmin yubileyini biz sovet kinosu günündə bayram edirik. Fikrimizcə, bu, təsadüfi deyil, çünki "Arşın malalan” - Azərbaycan kino sənətinin əsl, keçən on illər ərzində solmayan və həmişə yaşayacaq bayramıdır. "Arşın malalan” Azərbaycan kinosunun bütün dünyada bayrağı oldu. Bizim "Arşın malalan” dünya ölkələrinin ekranlarını gəzdi.Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm” idi" - deyir. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə "Arşın malalan” kinokomediyası ilə bitmir. O, həmçinin "Bəxtiyar” filmində, "1001-ci qastrol”, "Doğma xalqımıza”, "Toyda görüş”, "Abşeron ritmləri” film-konsertlərində, bir çox sənədli filmlərdə və kinojurnallarda çəkilib.

1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir.Azərbaycanlı müğənni Sovet İttifaqından bu ölkəyə gəlmiş ilk sənətçi idi.Çində "Arşın mal alan” filmi "Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı.Ona görə də Rəşid Behbudovu o ölkədə hamı tanıyırdı.

Məşhurluq onu addımbaşı izləyirdi."Bəxtiyar" filmi isə bu populyarlığın yeni dalğası idi.Üstəlik, Tofiq Quliyevin mahnıları, solo konsertlər, laureatlıq...İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz, məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlamaqda davam edirdi.
Dünyanı gəzən ansambl
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çalışır. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri kimi ölkımizi dünyada tanıdır. Hazırda böyük sənətkarın adını daşıyan Mahnı Teatrı vaxtilə SSRİ-də ilk belə teatr idi.Müğənni həmin ansamblla 60-dan çox ölkəni gəzir, O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı.R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər evinin konsert salonunun tikintisinə hədiyyə edir.İran gənclər naziri çıxışında 1962-ci ildə Tehranda tikilən dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə” adlandırıldığını bildirir.

"Mən İranda ilk qastrol səfərində olarkən çox varlı, məşhur adamlardan birinin evində qonaq oldum" - deyə R.Behbudov sonralar öz həyat yoldaşına danışıb: "Mənim soyadımı eşidəndəevsahibəsi o saat soruşdu: "Sən kimin oğlusan?" Mənkimolduğumu söyləyəndə, o ağladı.Sən demə, qadın vaxtilə onun toyunda oxuyan xanəndənin oğlunu gördüyündən kövrəlibmiş”.

Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar. Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov Çilidə Milli Qəhrəman Viktor Xara ilə tanış olur və onlar birlikdə mahnılar ifa edirlər.

Azərbaycan musiqi tarixinin ən şərəfli səhifələrdəndən olan Rəşid Behbudovun sənəti 14 dekabrda – görkəmli sənətkarın 100 illik yubileyinin qeyd edildiyi Heydər Əliyev Sarayında bir daha anıldı. İllər keçir, ancaq Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı olan sənətkar unudulmur. Sənətin böyüklüyü də budur...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər