Dünya təşviş içərisində

Dünya təşviş içərisində

Siyasət
29 Yanvar 2020, 18:28 2308

Koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün intensiv tədbirlər görülür


Son dönəmlər gündəmi zəbt edən və dünya mediasının diqqət mərkəzində olan hadisələrdən biri də Çində yayılan koronavirusdur. Virusun bu səviyyədə yayılması artıq bütün dünya əhalisini narahat etməyə başlayıb və onun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi istiqamətində işlər gedir. Hazırda bu virusdan ölənlərin sayı 132-yə çatıb.
Qeyd edək ki, ölkəmizdə də bu istiqamətdə ciddi tədbirlər görülür. Onlardan - koronavirusla bağlı Bakıda xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb. Bunlar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz (KTM), 7 saylı uşaq infeksion xəstəxanasıdır.
 
Nədən yayılıb?
 
İlk olaraq bu virusun nədən yayıldığını öyrənməyə çalışdıq. Bütün dünyanı təşvişdə saxlayan koronavirusun nədən qaynaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ehtimallar daha çox yeni növ koronavirusun yarasa və ya ilandan insana yoluxması üzərindədir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama olmasa da, virusun başladığı Uhan şəhərində, eləcə də Çinin əksər regionlarında dəniz məhsullarının satışı qadağan edilib. Bəzi mütəxəssislərin fikrincə, virusun mənbəyi porsuq siçanları da ola bilər. Belə ki, "Journal of Medical Virology”də yer alan araşdırmaların nəticələrinə görə, yeni virusun qaynağı yarasa göstərilsə də, insanlara yoluxmazdan əvvəl mutasiyaya uğrayıb. Virusa yoluxan xəstələrdən götürülən qan nümunələrindən alınan genetik kodlar müxtəlif növ heyvanlardan götürülmüş 217 koronavirusla qarşılaşdırılıb. Mütəxəssislər 2019-nCoV-dəki protein kodlarının daha çox Çində rast gəlinən 2 ilan növündəki viruslarla uyğunluğunu müəyyən ediblər. İddialara görə, virus yarasadan ilana, ilandan isə insana yoluxub. Yarasalar eyni zamanda henipaviruslarla quduzluğun yoluxmasına səbəb ola bilirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirus yaxın təmas yolu ilə asanlıqla insandan insana keçə bilir. Virusa yoluxmuş adamla eyni məkanda yaşamaq, ona toxunmaq, mikroblarla kirlənmiş əşyalarına əl vurmaq, əllərlə ağız, burun və gözlərə toxunmaq, asqırma, öskürmə və danışma əsnasında havaya yayılan tüpürcəklər tənəffüs yolu ilə sağlam insanları da təhlükə altında qoya bilir. Koronavirusun ilkin əlamətləri hərarət, öskürək, nəfəs almaqda çətinlik, ishal, qusmadır. Bəzi xəstələrdə hətta sətəlcəm və böyrək çatışmazlığı şəklində də özünü büruzə verib.
 
Xarici vətəndaşlar təxliyə edilir
 
Çin koronavirusun yayıldığı şəhərdən ölümlər və yoluxanların artımından sonra yüzlərlə xarici vətəndaşı təxliyə etməyə başlayıb. Avstraliya özünün təxliyə olunan 600 vətəndaşını təxminən 2 həftəliyinə ölkənin 2 min kilometrliyində yerləşən Christmas adasında karantində saxlamağı planlaşdırır. Yaponiya, ABŞ və Avropa Birliyi də öz vətəndaşlarının geri qaytarılmasına başlayıb. Çin Prezidenti Xi Jinpin virusu "şeytan" adlandırıb, lakin həmçinin bildirib ki, Çin onu məğlub edəcək. Çinin Milli Sağlamlıq Komissiyasının (ÇMSK) verdiyi məlumata görə, xəstəliyin pik həddə çatması üçün daha 10 gün vaxt lazım ola bilər. Çin Milli Sağlamlıq Komissiyası çərşənbə günü virusa yoluxanların sayının 1459 nəfər artaraq 5974 nəfərə çatdığını bildirib. Çin rəsmiləri daha əvvəl bildirmişdilər ki, yanvarın 27-dək ölkədə ümumilikdə 4 min 515 nəfər koronavirusa yoluxub. Virusun 16 ölkədə yayılması ilə də kütləvi evakuasiya səyləri başlayıb. Ən pisi isə virus ağır nəfəs yolu infeksiyasına səbəb olur və onun xüsusi müalicəsi və ya vaksinasiyası yoxdur.
Məsələ ölkəmizdə də diqqət mərkəzindədir. Belə ki, Firudin Qurbanov bildirib ki, bu məsələ dövlət səviyyəsində diqqətdə saxlanılır: "Çinin Uhan şəhərində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq. Hazırda hökumət bilavasitə bu məsələ ilə məşğuldur. Eyni zamanda, Təhsil Nazirliyi də mövcud vəziyyət nəzərə alınmaqla bu məsələnin həllinə çalışır”.
 
İqtisadi təsirləri
 
Çində mövcud olan hazırkı vəziyyət ölkənin iqtisadiyyatına da təsir edir. Məsələn, dünyada ən geniş yayılmış "Starbucks” kafe şəbəkəsi koronavirus səbəbindən 2020-ci il üzrə maliyyə proqnozunu yenidən nəzərdən keçirmək məcburiyyətində olduğunu açıqlayıb. "Starbucks”un Çində 4 292 kafesi mövcuddur və şirkətin onların sayını artırmaq planı var idi. Lakin yayılan koronavirus səbəbindən "Starbucks” 2 minə yaxın məntəqəsini bağlamalı, digərlərində isə iş cədvəlini dəyişməli olacaq. Bundan başqa, nəhəng avtomobil istehsalçıları yayılmaqda olan koronavirus səbəbindən işçilərini Çindən geri çağırır və ölkədə, ümumiyyətlə istehsalın dayandırılmasını nəzərdən keçirirlər. O cümlədən "British Airways” (Britaniya Hava Yolları) Çinə olan uçuşları dayandırıb. Nəinki Britaniya, bir çox ölkədən olan uçuşlar dayandırılıb. Bu da ilk növbədə ölkənin turizm sektoruna ciddi zərbədir.
Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb. APA-nın xəbərinə görə, Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır: "Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.
 
Ölkəmizdə koronavirusun yayılma ehtimalı yox deyil
 
Virus hazırda Çində və ətraf ölkələrində yayılsa da, digər dövlətlərin insanlarını, o cümlədən bizim əhalini də narahat edir. Hər kəs təşviş içərisindədir. Mövzu ilə bağlı APA-ya açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib ki, ölkədə koronavirusla bağlı vəziyyət stabildir, heç bir xəstələnmə halı yoxdur: "Buna baxmayaraq, koronavirusun yayılma ehtimalı yox deyil. Bu, istisna olunmur. Bunun qarşısının alınması istiqamətində çoxlu tədbir görülür. Ölkəyə daxil olan bütün insanlar koronavirusla bağlı yoxlanılır. Xəstələr olarsa, onlardan patoloji material götürülüb öyrəniləcək. Nəsə çıxarsa, həmin şəxslər geri göndəriləcəklər. Bununla bağlı ciddi iş aparılır”. 
Baş infeksionist qeyd edib ki, dekabr ayında kəskin respirator virus infeksiyaları ilə bağlı  xəstələnmə halları indikindən çox olub: "Son vaxtlar xəstələnmə halları azalıb. Stabilləşmə gedir. Keçən illə müqayisədə kəskin respirator virus infeksiyaları ilə xəstələnmə halı az müşahidə olunur”.
 
Əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması
 
Qeyd edək ki, məsələnin önəmliliyini nəzərə alan səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasından şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb. Eyni zamanda, əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.
 
Müvəqqəti məhdudiyyət
 
Mövzu ilə bağlı ölkəmizdə fəaliyyət göstərən digər bir qurum - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də açıqlama verib. AQTA respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərarına gəlib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir?
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələrini açıqlayıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, özünüzü və başqalarını xəstəlikdən qorumaq üçün öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayarkən (əvvəl və sonra), tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllər sabun ilə yuyulmalıdır: "Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün. İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın. Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun. Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin, qida təhlükəsizliyini tətbiq edin, çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin. Bununla yanaşı, çiy və bişmiş qidalara toxundurduqda əllərinizi yuyun, qida təhlükəsizliyini tətbiq edin".
Tövsiyələrdə qeyd edilir ki, xəstə və ölü heyvanlar yeyilməməlidir. Xəstəliyin alovlandığı bölgələrdə belə, ət məhsulları tam bişirilərsə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər: "Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin. Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin. İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın. Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin və bununla da koronavirus infeksiyası riskini azaldın".
 
Günel Azadə