• şənbə, 27 Aprel, 05:22
  • Baku Bakı 14°C

Dünya siyasi elmini zənginləşdirən innovativ əsər

14.08.15 14:01 1272
Dünya siyasi elmini zənginləşdirən innovativ əsər
Professor Əli Həsənovun “Azərbaycan geosiyasəti” kitabı haqqında düşüncələr
XX əsrin sonu - XXI əsrin əvvəllərində planetar miqyasda baş verən inqilabi dəyişikliklər və geosiyasi strukturun radikal transformasiyası, o cümlədən ikiqütblülüyün iflasa uğraması, postsovet məkanında müstəqil dövlətlərin yaranması və inkişafı, Şimali Afrika və Yaxın Şərqdə “ərəb baharı” adlanan sosial-siyasi “sunami” dalğasının illər boyu bu regionda qazanılmış sabitliyi yuyub aparması, transmilli kriminal və beynəlxalq terrorizmin baş qaldırması, mühüm iqtisadi gücə və unikal demoqrafik parametrlərə sahib olan Çinin “ekspansiyası” təhdidinin artması, kosmik məkanın və bununla bağlı kosmik geosiyasətin (astrosiyasət) hərbi-siyasi, rabitə və idarəetmə məsələlərinin həllində birbaşa iştirakının intensivləşməsi və s. müasir reallıqlar yaşadığımız postmodern dövründə geosiyasətin əhəmiyyətini qat-qat gücləndirir. Eyni zamanda, dünya siyasətini müəyyənləşdirən güc amillərinin sırasına kommunikasiya, informasiya sistemləri, maliyyə və başqa amillərin əlavə edilməsi, məkan formalarının genişlənməsi, yəni fiziki-coğrafi xüsusiyyətləri ilə seçilən ərazi, su və hava məkanlarına, dünya proseslərinin və ayrı-ayrı ölkələrin siyasi strategiyasının xarakteri və istiqamətlənməsinə ciddi təsir göstərən iqtisadi, mədəni-sivilizasion, informasiya, kibernetik ekoloji məkanların əlavə edilməsi də geosiyasi diskurs və praktikanın yeni inkişaf formalarının labüdlüyünü sübuta yetirir.
Hazırda geosiyasət elminin qarşısında bir sıra mühüm məsələlər durur:
- geosiyasi məkanların kommunikativ əlaqə şəraitində dünya və regional inkişafın yeni yaranan trendlərinin üzə çıxarılması;
- iqtisadi, informasion və mədəni-konfessional geosiyasi məkanlarda baş verən proseslərin innovativ instrumentarisinin işlənilməsi və istifadə edilməsi;
- yaxın və ortamüddətli perspektivdə regional geosiyasi şəraitin mümkün ssenarilərinin formalaşdırılması və proqnozlaşdırılması məqsədilə onun modelləşdirilməsinə dair yeni yanaşmaların axtarılıb tapılması;
- yeni minillikdə dünya siyasəti və hakimiyyətini xarakterizə edən proses və tendensiyaların aydınlaşdırılması;
- aparıcı dövlətlərin geosiyasi diskurs və praktikasının həmin proses və tendensiyalara necə cavab verməsinin öyrənilməsi və dəqiqləşdirilməsi;
- beynəlxalq siyasətin aparıcı oyunçularının diqqət mərkəzində olan yeni postsovet dövlətlərinin geosiyasətinin araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Qeyd olunan zaman kəsiyində dünya miqyasında geosiyasətə marağın artması ilə əlaqədar müxtəlif akademik jurnalların yaradılması, monoqrafiya və dərsliklərin hazırlanması və çap edilməsi, elmi assosiasiyaların geniş fəaliyyət göstərməsi fənnin elmi və ictimai-siyasi həyatda layiqli yer tutmasından xəbər verir.
Hazırda bütün dünyada geosiyasətin nəzəri və praktiki rolunun və əhəmiyyətinin artması şəraitində Azərbaycanda da bu elmə xüsusi diqqətin yetirilməsi diqqətə layiqdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycan geosiyasəti” adlı dərsliyi son dərəcə əhəmiyyətlidir.
İlk öncə qeyd olunmalıdır ki, dərslik dövrümüzün elm və təhsil sahəsindəki inkişaf trendlərinə tam cavab verir. Çünki Azərbaycanın Bolonya prosesi çərçivəsində ümumavropa təhsil məkanına inteqrasiyası məhz yeni tipli dərsliklərin yazılmasını nəzərdə tutur.
Yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi uçun beynəlxalq təhsil standartlarına uyğun olan dərsliklərin hazırlanması zamanın tələbidir desək, yanılmarıq. Dərsliyin məzmunu bu tələbin tam şəkildə ödənilməsini əyani olaraq təsdiqləyir. Həm klassik, həm də ən yeni, o cümlədən “poststrukturalist”, “radikal”, “formal”, “praktiki”, “populyar” və ”struktur” geosiyasət növlərini mükəmməl bilən, öz geniş erudisiyası, parlaq analitik təfəkkürü və elmi-yaradıcı istedadı ilə seçilən müəllif, bütün toxunduğu məsələləri əsl pedaqoq və alimə xas ustalıqla, özü də rahat oxunan və anlaşılan səlis Azərbaycan dilində izah edir.
Burada Azərbaycana aid müxtəlif geosiyasi məsələlər dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılması, milli təhlükəsizliyin təmin olunması, ölkənin mühüm geosiyasi əhəmiyyətinin, çəkisinin get-gedə daha da artırılması və statusunun möhkəmlənməsi prizmasından araşdırılır.
Lakin bu fundamental əsərin əhəmiyyəti, zənnimcə, dərslikdən daha genişdir. Əgər hər hansı dərslikdə konkret fənn daxilində, haqqında dolğun məlumatlar almaq üçün müvafiq materialların sistemləşdirilmiş şəkildə oxucuya çatdırılması məqsədi güdülürsə, burada müəllif qloballaşma dövründə siyasi reallıqları əks etdirən elmi təfəkkürün yeni formatını və orijinallığını nümayiş etdirir. Təkcə tələbələr üçün deyil, həm də geniş ziyalı təbəqəsi, ümumiyyətlə, siyasi problematika ilə maraqlanan hər bir oxucu üçün faydalı olan bu əsərin diqqəti cəlb edən üstün cəhətlərindən biri odur ki, burada materialların təqdim edilməsi planı ciddi düşünülmüş, ardıcıl və məntiqli olmaqla, mövzuların geniş əhatəsinə də imkan verir. Çox önəmlidir ki, müasir tarix, politologiya və geosiyasətin inkişafında dərin iz qoyan alim qismində tanınan müəllifin gərgin elmi axtarışları və dərin elmi-analitik tədqiqatının, həmçinin uzun illər boyu dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində birbaşa iştirak edən, ölkə Prezidenti cənab İlham Əliyevin sadiq tərəfdaşı kimi onunla çiyin-çiyinə çalışan, siyasi ideya və konseptual yönəlişliklərinin gerçəkləşməsi və dövlətin səmərəli idarə edilməsində yorulmaz fəaliyyət göstərən siyasətçinin praktiki əməyinin məhsulu olan bu kitabda Azərbaycanın geosiyasətinə aid bütün məsələlər düzgün seçilmiş və düzənlənmişdir.
Əsərdə Azərbaycanın geosiyasi inkişaf tarixi, müasir statusu, vəzifələri və perspektivləri yüksək peşəkarlıqla təhlil edilir. Müəllif Azərbaycanın beynəlxalq aləmdə geosiyasi münasibətlər məsələlərinə geniş yer ayırır, Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemini, Rusiya, ABŞ, Avropa İttifaqı, Türkiyə, İran və digər aparıcı dövlətlərin Avrasiya siyasəti və Azərbaycanın geosiyasi münasibətlərinin xüsusiyyətlərini, postsovet məkanı, Orta Asiya və Xəzər hövzəsi və Cənubi Qafqazın geosiyasi xarakteristikasını təfərrüatı ilə açıqlayır ki, bu da işin əhəmiyyətli üstünlüklərindən birini təşkil edir.
Kitabda həm də Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemi, Azərbaycanın enerji ixracının şaxələnməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli nəqliyyat-kommunikasiya sistemi, Azərbaycanın beynəlxalq aləmlə sərbəst və təhlükəsiz kommunikasiya siyasəti məsələlərinin qoyulması və geniş işıqlandırılması məsələləri elmi yenilik və praktiki baxımdan əhəmiyyətli olmaqla diqqətə layiqdir.
Bundan başqa, Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri, beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin səciyyəvi xüsusiyyətləri, Cənubi Qafqazın əsas təhlükəsizlik problemi kimi qiymətləndirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid olan bir çox məsələlər, münaqişənin tarixi kökləri, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması – ümumiyyətlə, bu münaqişəylə bağlı bütün real faktlar, Azərbaycanın diplomatik fəaliyyəti və onun nəticələri də daxil olmaqla tam obyektiv mövqedən ardıcıllıqla işıqlandırılır.
Nəhayət, Azərbaycanın milli təhlükəsizlik siyasətinə aid olan ən önəmli məsələlər, bu siyasətin formalaşması, əsas ölçüləri və mexanizmləri, təhlükəsizlik mühitinin formalaşması və beynəlxalq imicin qazanılması, əsas milli maraqlar, geosiyasi kod, milli təhlükəsizliyə təhdidlər, həmin təhlükəsizliyin təmin olunmasının ən mühüm vasitələri və ehtiyatları, hətta milli təhlükəsizliyin əsas istiqamətləri olan Azərbaycanın hərbi təhlkükəsizlik, sərhəd təhlükəsizliyi, milli enerji təminatı və təhlükəsizliyi, geoiqtisadi müstəqilliyi və təbii ehtiyatların təhlükəsiz istifadəsi, ictimai-siyasi, sosial, etnik və milli insan ehtiyatlarının təhlükəsiz istifadəsi və idarə olunması, ərzaq təhlükəsizliyi və ekoloji təhlükəsizlik siyasəti dərin elmi-nəzəri və tətbiqi-praktiki analizin predmetini təşkil edir.
Beləliklə, Azərbaycan siyasi elminə bir çox yeniliklər gətirən bu sanballı əsər XX əsrin ilk onilliklərində publisistika daxilində yaranmaqda olan, sürəkli inkişafını 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu nəticəsində yarımçıq qoyan və əsl təşəkkülü ölkəmizin yenidən müstəqilik qazanması dövrünə təsadüf edən milli siyasi elm məktəbinin artıq formalaşması və kifayət qədər yüksək səviyyəyə çatması haqqında təsəvvürləri daha da gücləndirərək, bu barədə inamla danışmağa tam əsas verir. Hətta mübaliğəsiz demək olar ki, qüdrətli qələm sahibi, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlı fundamental kitabı, onun bir sıra əvvəlki elmi əsərləri ilə birlikdə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının milli inkişaf siyasətinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsasını qoyduğu, daxili və xarici siyasətinin məqsəd və vəzifələrini, prinsip və xüsusiyyətlərinin, əsas istiqamət və prioritetlərini müəyyən etdirdiyi və beləliklə də çiçəklənməsi üçün möhkəm zəmin yaratdığı müasir Azərbaycan geosiyasət məktəbinin surətli inkişafına güclü təkan verərək, müəllifini həmin məktəbin daha çox tanınan simasına və aparıcı nümayəndəsinə çevirmişdir. Hər iki təkzibedilməz fakt bu innovativ əsərin siyasət haqqında qlobal elmə böyük töhfə verməsi, maraqlı yanaşma və tapıntıları ilə onu zənginləşdirməsi fikrini təsdiqləyir. Bu son dərəcə çətin, lakin olduqca şərəfli yolda – Azərbaycan siyasi elminin müasir dünya siyasi elminə inteqrasiyası və sonuncunu zənginləşdirməsi yolunda 20-dən artıq kitabın və çoxsaylı elmi-nəzəri və siyasi-publisistik məqalələrin müəllifi olan tanınmış alimə - professor Əli Həsənova böyük uğurlar diləyir və yeni-yeni dəyərli əsərlərin yazılmasını səbirsizliklə gözləyirik.
Nigar Ələkbərova
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü
banner

Oxşar Xəbərlər