AZE | RUS | ENG |


Dünya kor və kardır

Dünya kor və kardır
Sənət adamları da Zəhranın ölümünə biganə qalmadılar

İyulun 4-ü erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin 2 yaşlı sakini Zəhra Quliyevanın həlak olması xəbəri sözün əsil mənasında, bizi sarsıtdı. Mətbuat orqanları, sosial şəbəkə istifadəçiləri, millət vəkilləri və xalqımızın digər nümayəndələri bu məsələyə biganə qalmadı. Hər kəs bu məsələyə öz etirazını kəskin şəkildə bildirdi.  Sosial şəbəkədə "Mən Zəhrayam” loqosu yayıldı. Sənət əhli də Zəhranın ölümünə öz etirazlarını bildirdilər. Onlardan bəziləri bizimlə söhbətində 2 yaşlı Zəhranın qanının yerdə qalmayacağını və səbirlərinin artıq tükəndiyini dedilər. İncəsənət nümayəndələri "Kaspi”yə açıqlamalarında hər an döyüşə hazır olduqlarını və ali baş komandanın müharibə əmri verdiyi gün sıravi əsgər kimi cəbhə xəttinə yollanacaqlarını dedilər. 
 
"İnsan nə deyəcəyini də bilmir”
 
Bizimlə söhbəti zamanı cəbhə xəttində olan xalq artisti Azərin Zəhra ilə bağlı danışarkən göz yaşlarına hakim ola bilmədi. Titrək səsi ilə mənfur düşmənlərimizin çirkin siyasətindən danışdı: "Neçə ildir ki, mənfur düşmənlərimizlə müharibəmiz davam edir. İl ötdükcə şəhidlərimizin sayı da artır. Əvvəllər əsgərlərimizi hədəf atəşinə tuturdular, indi isə uşaqlarımızı, analarımızı öldürürlər. Zəhranın ölüm xəbəri məni çox sarsıtdı. Mən onların ailəsini qəhrəman hesab edirəm. Ona görə ki, onlar cəbhə bölgəsində yaşayır, erməni hədəfində olduqlarını bilə-bilə, öz doğma yurdlarını tərk etmirlər. Düşmən tərəfdən gələn bütün təxribatlara qarşı hazırdırlar. Allah şəhidlərimizə rəhmət eləsin. Biz çox səbirliyik. Səbir Allahın adıdır. Mən böyük danışmaq istəmirəm. Ancaq Allah bizim səbrimizdən kəssin artıq. Bu, artıq çox oldu. Heç kim bu torpaqları bizə qızıl qabda hədiyyə etməyəcək. Biz bu torpaqlar üçün vuruşmalıyıq. Ya bilməliyik ki, bu məsələ bitir, ya da artıq torpaqlarımız əldən getdi. Bizimki çox böyük səbir oldu. Biz bilirik ki, Ermənistanla müharibə etmirik. Onların arxasında böyük bir dövlət dayanıb, bunun bir sonu olmalıdır. Ancaq bizim müharibəmizin sonu görünmür. 25 ildir şəhid veririk.  Şəhidlərin içərisində sadəcə, əsgər deyil, sivil vətəndaşlarımız da var. Buna son vermək üçün qəti qərara gəlməliyik. Biz müharibə istəyirik. Bu insanların qanı yerdə qalmamalıdır. Hamımızın balası var. Övlad itirməyin nə demək olduğunu bilirik. Zəhranın ailəsinin acısını öz acım hesab edirəm və düşünürəm ki, bundan sonra nə olacaq... Bizi hissə-hissə məhv edəcəklər? Axı bizim onları məhv edə biləcək güclü ordumuz var. Zəhranın ölümünə qarşı çıxan, ona reaksiya verən xalqın münasibətinə bir baxın. Xalq bu gün də müharibəyə hazırdır. Yetər ki, döyüş əmri gəlsin”. 

Dünyanın haqq səsimizi eşitmədiyini deyən Azərin xanım, bunun mənasız olduğunu bildirdi: "Bizi onsuz da heç kim eşitmir. Nə qədər bağırsaq da, onlar bizi eşitməyəcəklər də. Gözlərinin qarşısında nə qədər günahsız oğullarımız, övladlarımız şəhid olur. Heç kim səsimizə səs vermir. Dünyadakı vəziyyətə diqqət etsəniz, görərsiniz ki, müsəlman, türk məsələsinə gələndə, dünya kor və kardır. Heç kim müsəlmanları eşitmək istəmir. Bizim məsələmizdə də eyni hadisələr cərəyan edir. 2 yaşında itirdiyimiz balaca balamızın səsi bütün dünyaya yayıldı. Görün Avropadan və digər ölkələrdən, qurumlardan, beynəlxalq təşkilatlardan hər hansı bir səs çıxdımı? Heç çıxmayacaq da. Buna görə də hesab edirəm ki, öz məsələmizi özümüz həll etməliyik. Gedib torpağımızı özümüz almalıyıq. Bunun başqa bir yolu yoxdur. Təbii ki, acınacaqlı vəziyyətdir. Artıq insan nə deyəcəyini də bilmir. Belə vəziyyətdə sözlər də dəyərini itirir. Artıq sözdən keçib, əməl, hərəkət vaxtı yetişib”.
 
"Bıçaq sümüyə dirənib”
 
Xalq artisti Mənsum İbrahimov isə məsələnin həllini müharibədə gördü: "Bu, insanlığın son həddidir. Ermənilər artıq simalarını itiriblər. Onlar sivil insanlara, qadınlara uşaqlara hücum edirlər. Ermənilərin insanlıqdan xəbəri yoxdur. Körpə uşağa silah qaldırmaq nə deməkdir? Dünya isə bütün bunları görür, ancaq susur. Özlərinə lazım olanda guya haqq səslərini qaldırırlar. Bəs indi hanı o haqq? Beynəlxalq arenalarda çıxış edib haqdan, ədalətdən danışırlar. İndi də danışsınlar. Onlar bizim haqq səsimizi eşitməməzlikdən gəlirlər. Bizim 20 faiz torpaqlarımız işğal altındadır. Biz heç kimin torpaqlarını işğal etməmişik. Şükür Allaha ki, bu gün bizim güclü ordumuz və dövlətimiz var. Bizim məsələmiz bu şəkildə qala bilməz. Həmsədrlər hər dəfə gəlib turist kimi cəbhə bölgəsini gəzib gedirlər. Çıxışlarında bildirirlər ki, hər iki tərəf güzəşt etməlidir. Biz nəyi güzəştə getməliyik? Torpaqlarımız işğal olunub, körpələrimiz öldürülür, qadınlarımız, analarımız günahsız yerə şəhid olurlar. Siz hansı güzəştdən danışırsınız? Artıq güzəştə getməyə heç nəyimiz qalmayıb. Bıçaq sümüyə dirənib. Bu insanlığın son həddidir, bundan o tərəfi yoxdur. Məsələ belə qala bilməz. Bizim artıq səbir etməyə nə taqətimiz, nə də halımız qalıb”.

Söhbətimizin sonunda isə xalq artisti 2 yaşlı Zəhra balanın ailəsinə başsağlığı verdi: "Allah o balanın ailəsinə səbir versin. Mən onların ailəsinə başsağlığı verirəm. Axır qəmimiz olsun. Körpələrimiz, analarımız ölməsin”. 
 
"Bu dəhşəti dayandırmaq lazımdır”
 
Əməkdar artist Tünzalə Ağayeva "Kaspi”yə açıqlamasında uşaq ölümlərinə qarşı çıxdığını və bir xalq olaraq uşaq ölümlərini lənətlədiyini bildirdi: "Həqiqətən də ermənilərin insanlıqdan xəbəri yoxdur. Dünyanın heç bir müharibəsində körpələrə, yaşlılara, qadınlara əl qaldırılmayıb. Ancaq ermənilər bunları ediblər. Onlara insan demək mümkündürmü? Bunun adı barbarlıq, vandalizmdir. Bunun başqa adı yoxdur. Normal insanın edə bilməyəcəyi vəhşilikləri ermənilər edir. İnsan şok olur. Yeni dünyaya gəlmiş körpəyə necə silah qaldıra bilirlər? Heç cür qəbul edə bilmirəm. Bunların hamısı bir siyasi oyundur. Nəhəng, güclü ölkələr müsəlmanlara qarşı ikili oyun oynayırlar. Nə vaxt onlara sərf edirsə, bu məsələni müzakirə edirlər, sərf etmirsə, göz yumurlar. Nə yazıq ki, ortada günahsız insanlar həlak olur, qan tökülür. Bu dəhşəti dayandırmaq lazımdır. Biz kəskin şəkildə bunu lənətləyirik, başqa cür də ola bilməz. Kimliyimizdən asılı olmayaraq torpaqlarımızın müdafiəsinə qalxmağa da hər an hazırıq. Biz gözləməməliyik ki, kimlərsə ölsün. İndi növbə kimindir?”

Uşaq qatillərini vandal, terrorçu adlandıran T.Ağayeva bütün bunlara "dur” deməyin zamanının yetişdiyini vurğuladı: "Bir millət olaraq onlar bizdən əl çəkmək istəmirlər. Ola bilsin ki, emosional danışıram. Biz gənclərimizi düzgün yetişdirməliyik. Vətən onların əlindədir. Onlar hər şeydən məlumatlı olmalıdırlar. Bizim heç bir əsgərimiz erməni uşağına əl qaldırmaz. Nə yazıq ki, biz bu dəhşətləri yaşadıq. Biz indi bir olmalıyıq. Bir-birimizə qarşı olan kinimizi, düşmənçiliyimiz bir kənara qoyub vətən üçün, torpaq üçün mübarizə aparmalıyıq. Mübarizə aparaq ki, balalarımız ölməsin. Analarımız gözü yaşlı qalmasın.  İnsan hər şeyi bağışlayar, ancaq vətəndən pay olmaz. Vətənə toxunanı bağışlamaq olmaz. Xocalı soyqırımının qanı qurumayıb. Bu ağrı qəlbimizdən heç soyumayıb. Biz uşaqlarımızı bu məqsədlə düzgün tərbiyə etməsək, uduzan tərəf olacağıq. Bunu dərk etməliyik. İnşallah bu, belə olmaz, haqq yerini tapar. Allah özü bizim millətimizi qorusun. Zəhra balamızın da yeri cənnət olsun. O, bizim hamımızın balasıdır. Bu gün öz həmkarlarımı da sosial mediadan yararlanmağa çağırıram. Biz bir olmalıyıq. Çünki indi dövr başqadır. Sosial döyüşdə qalib olmalıyıq. Növbəti uşaqlarımızın ölməyini gözləməməliyik”.  
 
"O qədər pis hisslər keçirirəm ki...”
 
Xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə saxladıq. Xalq artisti deyir ki, onun da balası var, bu hissləri təsəvvür etmək belə insana zülm verir: "Allah heç bir anaya bala dağı çəkdirməsin. Mən o qədər pis hisslər keçirirəm ki, onları sözlə ifadə edə bilmərəm”.

 Xalq artisti ilə söhbət zamanı bir müddət sükut çökdü. Göz yaşlarına hakim ola bilməyən xalq artistimizlə söhbətimizi yarımçıq saxlamalı olduq. 
 
"Biz səninlə öldük, Zəhra”
 
Əməkdar artist Röya Ayxan sosial səhifəsində Zəhranın  ölümünə sarsıldığını qeyd edib: "Biz səninlə öldük, Zəhra. Sən hamımızdan bir parçasan. Adın onların mütləq cavabını verəcək. Yaşamağa məna qalmır. Amma kim görür ki, səni bizdən başqa. Özümüz özümüzə dağ çəkirik. Hər kəs bir-birini qınayacaq, bir-birində günah axtaracaq”. 
 
"Dostumuzu-düşmənimizi seçək”
 
Bəstəkar, aparıcı Murad Arif "facebook” səhifəsində Zəhranın şəklini paylaşaraq, bunları yazdı: "Öz mənfəətinə sığınan, şəxsi mənafeyini üstün tutan, "məndən ötdü, qonşuma dəydi” prinsipi ilə yaşayan, təşəbbüs irəli sürməyən, qaldığı yerdən məmnun, inkişafdan qorxan, heç bir sosial məsələdən dolayı əsla bir ola bilməyən bir cəmiyyət olmayaq. Savadlanıb, dünyanın işlərindən xəbərdar olaq. Dostumuzu-düşmənimizi seçək. Hərdən komfort zonamızdan, qınımızdan çıxaq. Oturub ancaq artist qızların tumanını müzakirə edib, toyxana verilişlərə baxmayaq. Hər fürsətdə bir-birimizi atmayaq. Bölgələrə bölünməyək və bir-birimizi sevək. Qayğıkeş olaq.”
 
Xəyalə Rəis






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008