• şənbə, 27 Aprel, 06:35
  • Baku Bakı 12°C

Dünya ictimaiyyətinə dialoq mesajları

20.05.15 05:32 993
Dünya ictimaiyyətinə dialoq mesajları
Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm də ölkəmiz və xalqımızın sahib olduğu yüksək mədəni dəyərlərin nümayişidir
Məlum olduğu kimi, Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
Foruma yüzdən artıq dövlətdən nümayəndə qatılıb. Bundan başqa, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da rəhbər şəxslər səviyyəsində forumun işində iştirak edir. Bu isə Forumun əhəmiyyətini nümayiş etdirir.
Ümumiyyətlə, bu forumun keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu cür forumlara mütəmadi olaraq ev sahibliyi etməsi ölkəmizin inkişaf etmiş, yüksək mədəniyyətə sahib olan bir cəmiyyətə malik olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu cür ənənələr ölkəmizin dünyanın mədəni və humanitar həyatında fəal iştirakını təmin etməklə də ciddi mesajlar verir. Sirr deyil ki, Forum çərçivəsində Azərbaycana gələn nüfuzlu xarici qonaqlar ölkəmizin hazırkı sürətli siyasi, iqtisadi və əlbəttə ki, mədəni inkişafı ilə yaxından tanış olmaq fürsəti əldə edirlər.
Bəllidir ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eyni zamanda, Avropa və Asiyanın arasında yerləşir. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində də öz rolunu oynamaqdadır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və əməkdaşlıq şəraitində bir ailə kimi yaşayıblar. Sevindirici haldır ki, bu ənənə müstəqillik illərində daha da güclənib. Ölkə ərazisində yerləşən tarixi abidələrə nəzər salmaqla Azərbaycanın mədəni müxtəlifliyini aydın şəkildə müşahidə etmək mümkündür.
Məsələn, dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi də Azərbaycanın mədəni irsinin tərkib hissəsidir.
Məhz bu cür dini ocaqların olması ölkəmizdə müxtəlif dinlərdən olan insanların uzun əsrlərdən bəridir ki, yaşadığını göstərir. Lakin heç bir tarixi dövrdə Azərbaycan ərazisində dini zəmində münaqişənin olmaması da məlum faktdır. Bu isə ölkəmizin hələ ta qədimdən mədəniyyətlərin birgə yaşadığı, qovuşduğu məkan olduğunu nümayiş etdirir. Məhz artıq üçüncüsü keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da Azərbaycanda baş tutması bu tarixi irsin davamı kimi xüsusi əhəmiyyətə malikdir.
Xüsusilə son illər planetimizin müxtəlif regionlarında baş verən antihumanist, irqçi, şovinist proseslər fonunda bu cür Dialoq Forumunun baş tutması olduqca mühüm hadisədir. Belə ki, demək olar hər gün dünyanın ayrı-ayrı regionlarından günahsız insanların, xüsusilə uşaqların dini və milli ayrı-seçkilik zəminində zorakılığa məruz qalması və bu zəmində irimiqyaslı toqquşmalar və s. haqda xəbərlər yayılır. Məhz bu mənada Bakıda belə bir tədbirin növbəti dəfə yüksək səviyyədə baş tutması və buradan dünya ictimaiyyətinə ötürülən mesajlar mühüm əhəmiyyətə malikdir.
Yuxarıda qeyd edildiyi kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi ölkədə bunun üçün zəminin mövcud olması da vacib şərtlərdəndir. Bu baxımdan ölkəmiz ideal imkanlara malikdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi və Multikulturalizm Mərkəzi yaradılıb ki, bu da dövlət tərəfindən sözügedən sahədə atılan mühüm addımlardan biridir. Bu, həmçinin multikulturalizmə Azərbaycan dövlətinin verdiyi yüksək dəyərin göstəricisidir.
Azərbaycan dövlətinin multikultiralizmi, mədəniyyətlərarası dialoqu dövlət siyasəti səviyyəsinə qaldırdığı bir şəraitdə dünyanın bir sıra bölgələrində, xüsusilə də Şərqdə son illər məzhəb ayrı-seçkiliyi, Qərbdə isə irqçilik, islamofobiya, antisemitizm geniş vüsət alır. Bütün bunlar onu göstərir ki, hazırda dünyada mədəniyyətlərarası dialoq çox vacib və aktualdır. Bu mənada Azərbaycanın dünyaya mədəni dialoq təklifi etməsi, bu məqsədlə 2008-ci ildə əsası qoyulmuş “Bakı prosesi”nin başladılması çox vacib addımdır.
Digər tərəfdən, ölkə daxilində aparılan siyasət də cəmiyyətin mədəni müxtəlifliyə, dialoqa tolerant yanaşmasına gətirib çıxarır. Belə ki, dövlətin apardığı siyasət cəmiyyətdə savadlılığın artmasına, təhsilin səviyyəsinin yüksəlməsinə istiqamətləndirilib ki, bu da multikultural dəyərlərin bərqərar olmasına zəmin hazırlayır. Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri kimi təhsilin əhəmiyyətini Forumdakı çıxışında Prezident İlham Əliyev xüsusi vurğulayıb: “Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır”.
Prezident gənc nəsil azərbaycanlıların həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusunda olmasından məmnunluğunu ifadə edib: “Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür”.
Azərbaycanın bir neçə həftə sonra Birinci Avropa Oyunlarına ev sahibliyi etməsini, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcəyini nəzərə alsaq, ölkəmizin həqiqətən də mədəniyyətlərarası dialoqda hansı səviyyəyə gəldiyini müşahidə etmiş olarıq. Belə ki, Azərbaycanın əsasən xristian ölkələrinin iştirak edəcəyi Avropa Oyunları və ardınca da müsəlman ölkələrin idman yarışlarına ev sahibliyi etməsi çox unikal hal olmaqla dünyada analoqu olmayan, eyni zamanda örnək götürüləsi haldır.
Beləliklə, Azərbaycanda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyaya ölkəmizin və xalqımızın sahib olduğu yüksək mədəni dəyərləri nümayiş etdirməklə bərabər, dünyada sülh, əmin-amanlıq, mədəniyyətlərarası dialoqun vacibliyi barədə ismarıclar ötürməklə mühüm əhəmiyyətli hadisədir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər