
“Dostuma dedim ki, dur gedək, bu, artıq qələbədir”
Müsahibə
24 Oktyabr 2020, 10:02
3558
Səxavət Məmməd: "Gözümün qarşısında arzuladığım
tarix canlanır”
Ordumuz
yeni tarix yazır. Zəfər dolu günlər yaşayır, hər gün qələbə xəbəri ilə
sevinirik. O, bu tarixi ana şahidlik edir... Qeydləri o qədər çoxdur ki, hələ
müharibə bitməmiş bir kitabın mövzusunun artıq hazır olduğunu deyir: "Yazılanda,
bir çoxları heyrət edəcək ki, belə bir döyüş, belə bir əməliyyat, belə bir
ürəkmi olub”.
Müsahibimiz
"Yeniçağ.az” saytının əməkdaşı, hərbi jurnalist Səxavət Məmməddir.
- Hərbi jurnalist olmaq, jurnalistikanın, bəlkə də
ən çətin və təhlükəli istiqamətidir. Niyə məhz bu sahəni seçdiniz?
- Hər peşənin öz riskləri var. Hərb sahəsində insan həyatı daha çox
risk altında olduğundan, təhlükəli hesab olunur. 4-5 yaşımdan müharibənin
içində böyümüşəm. Bəlkə də bu səbəbdən hərb istiqamətinə yönəldim. Bu sahəni
çox sevirəm. Cəbhə bölgəsində özümü daha rahat hiss edirəm. Yəni kompüter
arxasında, ofisdə olanda bu rahatlığı tapa bilmirəm. İşimdən zövq alıram. Burda sanki öz ərazimmiş kimi, futbol dili
ilə desək öz mövqeyim kimi oynayıram. Sevərək, istəyərək bu sahədəyəm.
- Bəs niyə hərbçi yox, jurnalist?
-
Sərbəstliyi sevirəm. Hərbi xidmətdə olduğum dövrdə belə, heç vaxt özümü o
qəlibdə görə bilməmişəm. Hər gün saç qırxmaq, üz təmizləmək, nizam-intizamda
özümü təsəvvür edə bilmirdim. Ona görə hərbçi olmadım. Amma jurnalist olaraq
hərb sahəsini çox sevdiyim üçün sırf bu sahə üzrə də ixtisaslaşdım.
- Ordumuzun uğurlu Qarabağ əməliyyatının ilk
günlərindən cəbhədəsiniz. Sizin silahınız klaviatura və qələmdir. Həyatınız
risk altındadır. Təhlükə ilə necə mübarizə aparırsınız?
- Mən müharibə başlanandan bir gün öncə, 26 sentyabrdan cəbhə
bölgəsindəyəm. Yadınızdadırsa, o vaxt çox şayiələr, dezinformasiyalar
yayılırdı. Bir gün qərar verdim ki, nə baş verdiyini izləmək üçün cəbhə
bölgəsinə gedəcəyəm. 27-si səhər saat 6:30-dan sonra müharibə başladı. Mərminin
dili, ağzı yoxdur. Bilmirsən haradan, necə gəlir. Hər an hər şey ola bilər.
Təhlükədən qorunmaq üçün burada sahəni bilmək, ərazini düzgün seçmək lazımdır.
Önəmli olan budur. Ola bilər mərmilər sənə tuş gəlsin. Amma mən seçdiyim
ərazilərdə, özü də çox ön hissələr olub. Bir dəfə də olsun təhlükə ilə
üzləşmədim. Çünki ərazini düz seçirəm. Ən əsas məsələlərdən biri odur ki, hətta
özümün doğulduğum Ağdamda olanda belə, mütləq bələdçidən istifadə edirəm.
Müharibə jurnalistikasının əsas xüsusiyyəti odur ki, dünyanın hansı ölkəsində
olursan ol, ərazini nə qədər mükəmməl bilirsən bil, mütləq bələdçilərdən
istifadə etmək lazımdır. Mən də rayonun ərazisində hər gedəcəyim bölgədə
bələdçilər seçirəm. Müəyyən məsələlər var ki, bunu açıqlamaq olmur. Hərbidən
bir qədər anlayışı olanlar düşmənin hansı istiqamətdən vuracağını hesablaya
bilir. Məni burada qoruyan öz sahəmdə ixtisaslaşmağımdır. O bilgilərlə özümü
hələ ki, qoruya bilirəm.

- Ali baş komandan işğaldan azad olunan əraziləri
sadalayanda bütün əhalimiz böyük diqqətlə və demək olar ki, nəfəs almadan qulaq
asır. Hərbi jurnalist olaraq bu məlumatları bəlkə də cəbhə xəttində daha tez
bilən insan kimi, bu sirri və sevinci saxlamaq mümkün olurmu?
- Son günlər Azərbaycanda hər kəsin ən çox gözlədiyi, yenilədiyi Ali
Baş Komandanın "Twitter” səhifəsi və xalqa müraciətləridir. Asan deyil, 30 ilin
həsrəti var... və bu, təkcə qarabağlıların məsələsi deyil, Qarabağ
Azərbaycandır. Çünki Qarabağda təkcə qarabağlılar yox, Azərbaycanın hər bir
bölgəsindən şəhidlərimiz, yaralılarımız olub. Hər bir ailədə Qarabağ
müharibəsinin verdiyi "yara” var. Ona görə də bu sevinci ifadə etməyə söz
yoxdur. Təbii ki, bəzi informasiyalar olur ki, açığı, öncədən burada bilmək
olur. Bizim işimiz təkcə müşahidələr aparmaq, hansısa əraziyə girib çıxmaq
deyil, hərbçilərlə də əlaqədə ola bilirik. Aralarında dostlar, tanışlar,
mənbələr var. Bunları öncədən bilirik, amma məsələ ondadır ki, artıq burada
dövlət məsələsi önə keçir. Müharibəni dövlət və xalq aparır. Bunu açıqlayacaq
olan da dövlətdir. Jurnalist olaraq məsələnin bir hissəsinin bilə bilərəm, amma
bilmədiyim tərəflər də çox ola bilər. Ona görə, bu sirri saxlamaq lazımdır. Bir
neçə ərazi olub ki, öncədən informasiya almışam, amma deməmişəm, yazmamışam.
İçimdə sevinmişəm, bilmişəm ki, artıq bura bizimdir. Məcburam saxlamağa. Çünki
bu işin əsas prinsiplərindən biri də budur. Bu, şou sahəsi deyil ki, əlinə
informasiya keçən kimi yazasan. Burada hərbi sirr və dövlətin bəlli bir
siyasəti var. Düşmən tərəfi izləyir və qarşı tərəfin bu informasiyadan necə
istifadə edə biləcəyini hesablamaq lazımdır. Ona görə də, mən özümü psixoloji
cəhətdən hazırlamışam və sirrin saxlanılmasını normal qarşılayıram. Düşünürəm
ki, uğurlu alınır.
- "30 ildir müharibə gedən ölkənin müharibə
jurnalistləri daha güclü olmalı idi"- deyirsiniz. Peşəkar müharibə
jurnalisti necə olmalıdır? Bizim qüsurlarımız nədir?
-
İllərdir bunu yazıram ki, Azərbaycanda ən güclü, peşəkar jurnalistlər hərb
sahəsində olmalıdır. Təəssüf ki, bu sahə üzrə ixtisaslaşma, demək olar ki,
yoxdur. Say o qədər azdır ki... Bunu düzəltmək lazım idi. Hansı redaksiyada
hərb jurnalistinin hazır çantası var. Kaska, qoruyucu jilet, zirehli gödəkçə hansı redaksiyada olub? 30 il
müharibə şəraitində yaşayan ölkənin heç bir redaksiyasında bunların olmaması
düşündürücüdür. Bunun üçün ixtisaslaşma lazımdır. İxtisaslaşmanı hərbçilərlə
dostluq etməklə qazanmaq olmur. Bunun xüsusi təlimləri, kursları var. Mən bir
neçə təlimdə olub, hətta beynəlxalq sertifikat aldığım kurs da bitirmişəm.
Hərbi jurnalistikanın prinsipləri var. Məsələn, redaktor, yaxud redaksiya
jurnalisti döyüş bölgəsinə xəbər arxasınca göndərir. Jurnalistin özünün xəbər
olması ayıb sayılır. Sən xəbər arxasınca gedirsən və özün xəbər olursan. Bunun
olmaması üçün jurnalist, konkret olaraq ixtisaslaşmalı, peşəkar olmalıdır. Bu
sahə üzrə kurslardan, təlimlərdən keçib tam hazır hala gəlməlidir. Xaricdə
təlimlər zamanı görürdüm ki, tam fərqlidir. Döyüş bölgəsində jurnalistin sağ
qalması üçün hər bir şey edilməlidir. Jurnalist suda, havada, qarda peşəkar
olmalıdır. Həm informasiya işləməli, həm sağ qalmalısan. Ordu nə qədər irəli
getsə də, uğurlu əməliyyat aparsaq da, hərbi jurnalistika sahəsində sinifdə
qalmışıq.
- Hərbi jurnalisti, həm də hərbi məsələlər üzrə,
sözün əsl mənasında ekspert adlandırmaq olar. Sizcə, şanlı ordumuzun uğurlu
əməliyyatlarının sirri nədir?
-
Jurnalist hərb sahəsindən ekspert səviyyəsində biliklərə malik olmalıdır.
İllərdir bu sahədə araşdırmalar aparan biri kimi deyə bilərəm ki, bunun üçün
ciddi hazırlıq lazım idi. Bəzən telekanallarda uğurlarımızı müasir silahların
olmasına bağlayırlar. Xeyr, belə deyil. Bəli, silahların da önəmi var. Amma bu
uğurların əsas nəticəsi beyindir. Əməliyyatların gedişinə, taktikaya,
strategiyaya baxanda, faktiki olaraq görürsən ki, burada beyinlər işləyir. Nə
qədər müasir silah olur olsun, əsas beyindir. Amerikalı, rusiyalı mütəxəssislər
də deyir ki, Azərbaycanın apardığı müharibə tarixi düşəcək müharibədir. Bu
silahı tutan əl, əli də idarə edən beyin var. Təlimlər, silah-sursat
normativlərdir. Burada elə əməliyyatlar həyata keçirilib ki, kitaba
düşüləsidir. Strategiyası mükəmməl hazırlanıb. Hadrutun işğaldan azad olunmasına
hərbi ekspertlər inanmırdılar. Açıqlanandan sonra da deyirdilər ki, bu necə
oldu? Çox mükəmməl, məntiqli, uzaqgörən taktikanın nəticəsi idi.
- Cəbhə bölgəsində olan yaxınını gözləmək şərəfli
olsa da, ailələr üçün çətin tərəfi də var. Ailəniz sizin həyatda seçdiyiniz
yolu dəstəkləyirmi? Cəbhə bölgəsində
olduğunuz zaman təəssüratları necə olur?
- Təbii ki, narahat olurlar. Burada bir neçə dəfə jurnalistlər
yaralanıblar. Buna görə mənə zəng ediblər. Onların narahatlığını qınamıram,
qəbul edirəm. Valideynlərim Ağdamda yaşayır. Onların yaşadığı qəsəbənin
ətrafını vurublar. Özləri təhlükə altında olsalar da, mənə görə narahatdırlar.
Onların zənglərinə dərhal cavab verirəm ki, qorxmasınlar. Həyat yoldaşımın
əminliyi var. Bilir ki, bildiyim yerdəyəm və mənə təhlükə gəlməyəcək. Mən heç vaxt
düşünmürdüm ki, Qarabağ sülh yolu ilə azad olunacaq. Əmin idim ki, nə vaxtsa müharibə
başlayacaq. Ona görə, mənim üçün bu müharibənin fərqli anlamı var. Ailəm də
bilir ki, məni buradan saxlamaq mümkün deyil, ona görə də dəstək olurlar.
- Torpağımız 30 ilə yaxındır ki, işğal altında
qalıb. Hərbi jurnalist və vətəndaş Səxavət Məmməd ordumuzun uğurla
addımlamasını görəndə hansı hisslər keçirir?
-
Sevinmək, qürur duymaq, fəxr etmək... bütün gözəl sözləri deyə bilərəm. Mənim
illərdir gözlədiyim bu olub. Bunu istəmişəm. Hazırda istədiyim ab-hava,
istədiyim ordudur. Çox güclüdürlər...

- Zəfər dolu bu əməliyyat ölkəmizin tarixinə qızıl
hərflərlə yazılır. Bu tarixin cəbhədəki canlı şahidi olmaq sizin üçün nə
deməkdir?
- Hələ
müharibə bitməmiş burada bir kitabın mövzusu var. Qeydlərim o qədər çoxdur
ki... Yazılanda, bir çoxları heyrət edəcək ki, belə bir döyüş, belə bir
əməliyyat, belə bir ürəkmi olub... İnsanlar bunu görəcəklər. Mən qürur duyuram.
Heç tələsmirəm. Bu müharibə şahmat oyunu kimidir. Bəzən vaxt apara bilər. Amma
diqqətli, səbirli, təmkinli olmaq lazımdır. Gözümün qarşısında arzuladığım bir
tarix canlanır və bundan həzz alıram.
- Cəbhədə ən çox təsirləndiyiniz xatirə və ya
hansısa məqamı bizimlə bölüşə bilərsinizmi?
- Cəbhədə xatirələrim çoxdur. Suqovuşanın işğaldan azad olunması
ərəfəsində bir yüksəklikdə özümüzə mövqe seçmişdik. Döyüşün gedişatını
izləyirdik. Film kimi idi. Heç bir aksiyon filmlərində bunu görməmişdim. Artıq
hava qaralırdı. Birdən dayandım, dostuma dedim ki, dur gedək, bu, artıq qələbədir,
bura bizimdir. Gəldik. Təbii ki, yazmadım ki, Suqovuşanı işğaldan azad etdik.
Bir cümlə yazdım ki, artıq Azərbaycan ordusu Madagizi vurmur... 1 gün sonra
cənab prezident açıqladı ki, Madagiz bizdədir.
- Müharibə dövründə məlumatları paylaşırsınız, hansıları
yox?
- Müharibə dövründə informasiya ilə işləmək vacib məsələdir. Mənim
çərçivəm çox dardır. Ərazidə baş verənləri görürəm, onlarla bağlı informasiya
alıram. Arxa cəbhədən informasiyam olmur. Ancaq zənglərlə əldə edirəm. Burada
redaktorların üzərinə ciddi iş düşür. İnformasiyanın üzərində çalışan
redaktorlardır. Bu sahədə anlayışı olması vacibdir. Müdafiə nazirliyi məlumat
yayır ki, canlı yayım etməyin, foto, video paylaşmayın. Buna diqqət etmirlər.
Canlı yayımla yer tapmaq çox asan və sadədir. Adi bir fotonun harda çəkildiyini
bilmək üçün xüsusi xidmət orqanın əməkdaşı olmaq lazım deyil. Videoların
çəkilmə, işlənmə qaydası var. Məsələn, bir əraziyə mərmi atıb, amma hədəfi
tutdura bilməyib. Bəzi təcrübəsiz jurnalistlər bunu çəkib yayımlayıb, elə bir
geniş planda çəkilib ki, düşmən anlayıb ki, yox, bura lazım deyilmiş, filan
istiqamətə vursaq, iş bitəcək. MN-nin qadağaları kefdən irəli gəlmir. Bunun
səbəbləri var. Foto, video paylaşmıram. Özüm üçün arxiv yığıram. Paylaşacağım
foto da bir həftə öncənin olur. Cəbhədə cəmi 1 şəkilim var. Jurnalistin
səlahiyyətində deyil ki, yazsın ki, Zəngilan işğaldan azad edildi. Ərazi tam
möhkəmlənməli və döyüşləri aparan ərazi üzrə cavabdeh şəxs deməlidir ki,
təhlükə yoxdur. Bu da Ali Baş Komandana açıqlanır. Bu, rəsmi şəxslərin görə
biləcəyi işdir. Bu barədə tələsmirəm. Amma mən cəbhə bölgəsindəyəm, döyüşləri
görürəm, istiqamətini bilirəm, Ermənistan hansı istiqamətdən atır , bizimkilər
cavab verir, təbii ki, bunu rəsmi açıqlama gözləmədən yazıram.
Aygün Əziz
Digər xəbərlər