AZE | RUS | ENG |

Dostoyevskinin ev-muzeyindən reportaj Fotolar

Dostoyevskinin ev-muzeyindən reportaj Fotolar
Dünya ədəbiyyatının görkəmli yazıçılarından biri Fyodor Mixayloviç Dostoyevskinin Sankt-Peterburq şəhərində yerləşən muzeyini soraqlamaq o qədər də çətin deyil. Metronun Vladimirskaya stansiyasının yaxınlığındakı Kuzneçnıy döngəsini həm də böyük yazıçıya görə daha yaxşı tanıyırlar. Metro stansiyanın qarşısında toxuma əl işlərini satan qoca rus qadınından muzeyin ünvanını soraqlaşınca “bir az irəli get, muzeyin binasını görəcəksən” deyə üzünə işıq qonur. Təxminən 200 metr irəliləyib muzeyə daxil oluram.

Muzeyə giriş böyüklər üçün 3 AZN (120 rubl), məktəbli və tələbələr üçün 1,5 manat (60 rubl), 7 yaşınadək uşaqlar üçün giriş azaddır. MDB ölkə vətəndaşlarının güzəştli biletləri olduğu təqdirdə böyüklər 1,3 manat (50) rubl, təqaüdçülər və məktəblilər 50 qəpik (20 rubl) ödəyə bilərlər. Müharibə illərində blokadada yaşayanlar, bütün qrup əlillər və müharibə iştirakçıları üçünsə muzeyə giriş pulsuzdur.

43 il öncə

Görkəmli yazıçının Rusiyanın ayrı-ayrı şəhərlərində ümumilikdə 6 muzeyi var. 1971-ci il 11 noyabrda Sankt-Peterburq şəhərində açılan ədəbi-memorial muzey mənzil isə məhz bu ünvanla bağlıdır. Bu bina həm də ona görə əhəmiyyətlidir ki, Dostoyevski bu evdə özünün sonuncu mənzilini kirayələyib. Ömrünün son illərini bu mənzildə yaşayıb. 1881-ci il 28 yanvarda elə bu mənzildə vəfat edib. Bu mənzildə «Bir yazıçının gündəliyi» və özünün məşhur «Puşkinin nitqi» əsərləri üzərində işləyib. Sonuncu romanı – «Karamazov qardaşları»nı bu evdə başa çatdırıb. Tədqiqatçılar Peterburqda yaşadığı illəri yazıçının ən məhsuldar dövrü adlandırırlar.

1956-cı ildə ilk dəfə bu binaya yazıçının memorial lövhəsi vurulub. 12 il keçəndən sonra bina əsaslı təmir olunub. Muzeyin yaranması ideyası ilk dəfə yazıçının ölümündən sonra sevimli arvadı Anna Qriqoriyevna Dostoyevskaya tərəfindən irəli sürülüb. O, Dostoyevskinin «sağ əli» və demək olar ki, əsərlərinin stenoqrafisti və katibəsi idi. Anna ərinin şəxsi kitabxanasında olan kitabların siyahısını tərtib edib. Muzeyin ədəbi ekspozisiya zalındakı kitabxana da məhz həmin siyahı əsasında yaranıb.
Hələ inqilabdan əvvəl rus mətbuatında həmin binanın muzeyə çevriləcəyi haqqında müəyyən işartılar görünsə də, təəssüf ki, bu, o zaman reallaşmadı. İnqilabdan sonrakı illərdə isə ümumiyyətlə, mümkün olmadı. Yazıçının sovet ideologiyası ilə üst-üstə düşməyən dini və ictimai fikirləri, faciəvi ədəbi dünyası onun haqqında xoş olmayan fikirlərə yol açdığından muzeyin açılmasını da ləngidib. O zaman Dostoyevski muzeylərinin yaranacağı heç kimin ağlına gəlməzdi. Təkcə məşhur yazıçılar və alimlər ara-sıra mətbuatda Dostoyevskinin rus mədəniyyəti tarixində hansı çəkiyə malik olduğunu xatırlayır və heç olmasa yazıçının son illərini yaşadığı mənzilinin muzeyə çevrilməsinin vacibliyini bildirirdilər.

Anna Qriqoriyevna Dostoyevskaya ərinin ölümündən bir müddət sonra Petroqradı tərk edir və Krımda uşaqları və nəvələrindən uzaqda – tənhalıqda vəfat edir. Onun ölümündən sonra yaşadığı mənzildəki əşyalar saxlama kameralarından birinə verilir. Nəticədə bir çox əşyalar itir. Ancaq bəzi arxiv materialları və əşyalar dövlət arxivinə çatdırılır.
1960-cı ildə Kuzneçnıy döngəsində Dostoyevski muzeyinin açılmasını arxitektor-rəssam Georgiy Piontek təklif etsə də, bu, 11 il sonra reallaşır. Görkəmli yazıçının 150 illik yubileyi münasibətilə açılan muzey o zaman Leninqradın mədəni həyatında böyük hadisəyə çevrilir. Elə o vaxtdan bəri muzeyə gedib-gələnlərin ardı arası kəsilmir. Hazırda muzey Sankt-Peterburqun mədəni həyatının ayrılmaz hissəsinə çevrilib.

Küncdəki mənzil

Sadə və öz arxitektor quruluşu ilə digər Peterburq evlərindən fərqlənməyən binanı şöhrətləndirən məhz onun Dostoyevskinin adını daşıyan muzeyə çevrilməsidir. Görkəmli yazıçı Sibir sürgünündən qayıtdıqdan sonra qalan həyatını Peterburqa bağlayıb. Bu şəhərdə yaradıcılığını davam etdirib.

Eksponatların böyük bir hissəsini yazıçının nəvəsi Andrey Fyodreviç Dostoyevski muzeyə bağışlayıb. Nəticədə muzeydə məşhur babasının xatirəsinə həsr olunan qiymətli kolleksiya toplanaraq əsas ekspozisiyaya çevrilib. Bir çox əşyaları isə qohumları hədiyyə edib. Muzeydə Dostoyevskinin şəxsi əşyaları qorunur. Ekspozisiya bütünlüklə görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirir.

Muzey iki mərtəbən əhatə edir. Dəhlizdən keçib pillələrlə ikinci mərtəbəyə - yazıçının mənzilinə və əsas ekspozisiyaya daxil oluram. Yazıçının mənzili Peterburqda yaşadığı digər 20 mənzil kimi küncdə yerləşir. Otaqların interyeri müasirlərinin xatirələri və arxiv materialları əsasında hazırlanıb.

Muzey-mənzil dəhliz, yemək və qonaq otağı, yazıçının iki kabineti, həyat yoldaşının otağı və uşaq guşəsindən – ümumilikdə 6 otaqdan ibarətdir.
Birinci mərtəbədəki sərgi zalında müasir rəssamların sərgiləri keçirilir, ədəbi və musiqili gecələr təşkil olunur. Kinozalda Dostoyevskinin əsərləri əsasında çəkilən filmlər nümayiş olunur. Audiobələdçinin xidməti ilə Dostoyevskinin həyat və yaradıcılığı haqqında mükəmməl məlumat əldə etmək mümkündür.

İkinci mərtəbədəki sərgi zalında da yazıçının qəhrəmanlarının eskizləri və kostyumları ilə tanış olmaq mümkündür. Ziyarətçilər bu otaqda Dostoyevskinin “Bədbəxt insanlar”, ”Ölü evindən qeydlər”, “Səfeh”, “Yeniyetmə”, “Qumarbaz”, “Cinlər”, “Alçaldılmış və təhqir olunmuşlar”, “Karamazov qardaşları” və s. əsərlərdən boylanan məşhur qəhrəmanları ilə üz-üzə qalırlar. Bu böyük otaqda Dostoyevski ədəbi dünyasının özünəməxsus ab-havası insanları ovsunlayır.

Ədəbi ekspozisiya otağında da çoxlu ziyarətçilər var. «Bəşəriyyət yüksək fikirlərsiz yaşaya bilməz» deyən Dostoyevskinin yazdığı bütün əsərlər, əlyazmalar, müxtəlif kitablar, yazıçının avtoqraflı şəkilləri, müasirlərinin fotoları, Dostoyevski zamanındakı Peterburqun görkəmi, müxtəlif kitab illüstrasiyaları elektron formatda yer alıb. Burada həmçinin yazıçının müxtəlif tamaşalarının afişaları, proqramlarından ibarət böyük kolleksiyaya da rast gəlmək olur. Audiobələdçi vasitəsilə istənilən əsərin və ya fotonun qarşısında dayanıb hər hansı məlumatı əldə etmək və həmin əsərləri dinləmək imkanı var. Bu otaqda bütünlüklə yazıçının ədəbi yaradıcılığı və məşhur əsərlərinin yaranma tarixi ilə tanış olmaq mümkündür. Eksponatlar içərisində ən maraqlı şəkil «Dostoyevskinin Peterburqu» hesab edilir. Bu şəkil əsasında yazıçının qəhrəmanlarının və özünün haralarda yaşadığını və zamanını müəyyən etmək olur.

28 yanvar, saat 20.40

Yazıçının yaşadığı mənzilin iç-içə otaqları sonradan təmir olunub. Mənzilin girişində yazıçının şlyapası, asılqan, sandıq, çətirlər yer alıb. Qonaq otağının divarında yazıçının müasirlərinin fotoları diqqət çəkir. Vaxtilə dövrünün bütün müasirləri bu mənzilin qonağı olub. Yazıçı onların arasında Puşkini öz müəllimi hesab edib. Otaqdakı stol və stullar, çay servisi, padnos – bütün əşyalar görkəmli yazıçıya məxsus olub.

İş otağındakı stolun üstündə yarımçıq əlyazmalar, siqaret, stəkandakı yarımçıq çay və dərmanlar qalıb. Siqaretinin üstündə qızının «Bu gün atam öldü. 28 yanvar 1881-ci il» sözləri var. Stolüstü saat isə Dostoyevskinin dünyasını dəyişdiyi tarixi – 28 yanvar, saat 20.30, çərşənbə günü»nü göstərir.

Uşaq otağını isə yazıçı çox sevirmiş. “Uşaqsız evin mənası yoxdur” deyən yazıçı övladlarına qayğıkeş ata olub. O, harada olurdusa həyat yoldaşına yazdığı məktublarında ilk sualı “Uşaqlar hardadır?” sözləri olurmuş. “Dostayevskinin ailəsinə, övladlarına məhəbbətinin izləri uşaq otağındakı ə.yalardan da görünür” deyə muzeyin bələdçisi dillənir.
Bələdçi həmçinin xarici ölkələrdən də turistlərin tez-tez bu mənzilə baş çəkdiklərini bildirdi: “Kim rus ədəbiyyatını və mədəniyyətini sevirsə, mütləq Dostoyevski muzeyinə gəlir”. Yazıçının doğum və ölüm günlərində muzeydə konfranslar keçirilir. Teatrlaşdırılmış səhnəciklər təqdim olunur. Dostayevskinin qəhrəmanları muzey çərçivəsindən Peterburq küçələrinə çıxır açıq havada tamaşalar təqdim edirlər. “Məktəblilər, tələbələr rus ədəbiyyatı, onun görkəmli simaları haqqında təkcə sinif və ya auditoriya otaqlarında deyil, elə muzeyin özündə məlumat alırlar. Muzeydəki dərsləri heç bir dərslik əvəz edə bilməz”- deyə bələdçi qadın yazıçının bu mənzildə yaşadığı son günlər haqqında da danışdı: “Dostoyevski 25 yanvar 1881-ci ildə ciyər qanamasıyla yenidən yatağa düşüb. Gecə gələn böhrandan sonra artıq çox zamanı qalmadığı aydın olmuşdu. Xəstə yatağında arvadından ona “Pozğunluqdan dönən oğul”dan parçalar oxumasını xahiş edib. Bir keşiş də başında dua oxuyub. Son nəfəsini verənə qədər ağlı başında olub və 28 yanvarda, axşam saat 8.30-da bu mənzildə əbədiyyətə qovuşub”.
Ölümündən sonra kitabları böyük təzyiqlə nəşr olunan böyük yazıçıdan yalnız rus ədəbiyyatında deyil, dünya ədəbiyyatının inkişafında da böyük rol oynayan əsərlər yadigar qaldı...

Təranə Məhərrəmova
Bakı-Sankt-Peterburq
Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056