AZE | RUS | ENG |

“Dost, qardaş və strateji tərəfdaş”

“Dost, qardaş və strateji tərəfdaş”
Türkiyədə keçirilən sorğunun nəticəsi ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib

Qardaş Türkiyənin nüfuzlu Kadir Has Universiteti 2018-ci il üçün "Türkiyə xarici siyasət araşdırmaları məcmusu”nu açıqlayıb. Gözlənildiyi kimi, yenə də Türkiyə cəmiyyəti Azərbaycanı ən yaxın dostu olaraq gördüyünü açıqlayıb. Respondentlərin 59 faizi Azərbaycanı dost, qardaş və strateji müttəfiq qismində gördüklərini bəyan ediblər. Məlumat üçün bildirək ki, bu göstərici artıq bir neçə ildir ki, belədir. Maraqlıdır ki, Azərbaycanı dost və qardaş, strateji ölkə kimi bir daha bəyan edilməsinə qardaş ölkənin əksər mətbu orqanları, o cümlədən nüfuzlu köşə yazarları da yer ayırıblar.
Məsələn, "Hürriyyet”in nüfuzlu köşə yazarı Taha Akyol buna xüsusi yer ayırıb. "Bu belə də olmalı idi” deyə yazar vurğulayıb. Azərbaycandan sonra Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya, Pakistan, Bosniya-Herseqovina gəliblər. "Rusiya ilə Türkiyə arasında münasibətləri necə qiymətləndirərdiniz” sualına "işbirliyi var” cavabı verənlərin sayı 18-dən artaraq 46 faizə yüksəlib. Rusiyanı təhdid kimi görənlərin sayı da azalıb. Əvəzində Birləşmiş Ştatlar Türkiyə üçün təhlükə qismində görülən ölkələr sırasında birinci olub. ABŞ bu sırada 60 faizlə liderlik edir. İkinci ən böyük təhdid kimi görülən ölkə 54 faizlə İsrail olub. Ötən il isə bu rəqəm 17 faiz idi. Avropa İttifaqı ölkələri bu il 25 faizlə Türkiyə üçün təhdid olan ölkələr içində üçüncüdür. Suriyanı təhdid olaraq görənlərin sayı 7 faiz artaraq 24 faizə yüksəlib. Sorğu Türkiyənin 26 əyalətində və yaşı 18-dən yuxarı 2000-dən artıq insan arasında keçirilib.
Sorğu zamanı terrorla mübarizə xarici siyasətin əsas problemi kimi göstərilib. Suriya məsələsi türk xarici siyasətinin ən önəmli problemi olaraq götürülüb. Suriya problemini türk xarici siyasətinin problemi kimi görənlərin sayı artaraq 26 faizə yüksəlib. Suriya miqrantlarının artmasından narahatlıq da yüksəlib. Ötən il 54 faiz olan göstərici bu il 61-ə qalxıb. Fələstin və İsrail arasında gərginliyin yüksəlməsinin İsraillə Türkiyə arasında münasibətlərə təsirsiz ötüşmədiyi və xarici siyasətə əlavə problem kimi göstərilib. Terrorla mübarizəni problem olaraq görənlərin sayı 30 faiz azalaraq 14 faizə düşüb. "Türkiyənin dostu yoxdur” deyənlərin sayı isə 17 faizdən 22 faizə yüksəlib. Bu durum sosioloji anlamada təcridə, yalnızlığa işarə edir.
Prezidentin roluna münasibət də dəyişib. Məsələn, əvvəlki illərdə "sizcə, Türkiyənin xarici siyasətini hansı qurum həyata keçirməlidir” sualına 69 faiz respondent "prezident” cavabını verirdisə, indi bu rəqəm 68 faizə düşüb. Xarici siyasət məsələlərində hökumət, MİT və baş qərargahın rolu da azalıb. Əvəzində XİN-in rolu artıb. Türkiyənin keçirdiyi hərbi əməliyyatlara da önəm verənlərin sayı artıb. Belə ki, "Fərat qalxanı”na 53, "Zeytun budağı”na isə 56 faiz respondent dəstək verdiyini açıqlayıb.
Diqqət çəkən məqam türk xalqının Avropa İttifaqına üzvlüyə dəstək verməsi olub. Türkiyənin Aİ-yə üzvlüyünə dəstək verənlərin sayı 55 faiz təşkil edib. "Sizcə, Türkiyə ilə Yunanıstan arasında problem varmı” sualına 67 faiz "bəli” deyib. Əvvəlki ildə isə bu rəqəm 13 faiz idi. Sorğuda iştirak edənlərin 70 faizi Türkiyənin NATO üzvlüyünü davam etdirməsini bildirib. Sorğuda maraq kəsb edən məsələlər də var. Məsələn, respondentlərin 56 faizi Türkiyəni islam dövləti kimi, 19 faizi isə Avropa ölkəsi kimi qələmə verib.
Ekspertlər hesab edir ki, Vaşinqtonun PYD/YPG-ni açıq şəkildə dəstəkləməsi anti-Amerika əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. Rəyi soruşulanların 58 faizi bəyan edib ki, beynəlxalq qüvvələr - ABŞ, İsrail və Avropa ölkələri İŞİD-in Suriya və İraqda mövqelərinin möhkəmlənməsində iştirakçı olublar. Ötən ilki sorğu zamanı sosioloji şirkətin rəhbəri Hilmi Daşdəmir bildirmişdi ki, anti-Amerika əhval-ruhiyyə pik həddədir. "Sorğunun nəticələri göstərir ki, ABŞ-Türkiyə münasibətləri gərginləşmək üzrədir. Səbəb də Birləşmiş Ştatların FETÖ və PYD-yə olan münasibətidir”, - deyə sosioloq vurğulayıb. Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşması 2016-cı il iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişinin təşkilatçısı olub. PYD və YPG isə PKK terror təşkilatının Suriya qanadı hesab edilir. Bu qruplaşma Türkiyənin Suriyada həyata keçirdiyi terror əleyhinə mübarizədə əsas hədəfdir. Türkiyə PKK terror qruplaşmasına qarşı 30 ildən artıqdır ki, mübarizə aparır. Bu illər ərzində separatçılar 40 mindən artıq insanın ölümünə səbəb olublar. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu adlandırsa da, qeyri-rəsmi yardımlar göstərməkdə davam edirlər. Bundan əlavə, qruplaşma üzvlərinə Avropa ölkələrində məmnuniyyətlə sığınacaq verilir. Türkiyə mediası yazır ki, separatçı terror təşkilatı PKK/PYD-YPG ABŞ və çoxmillətli koalisiyaya üzv 19 ölkədən silah alır. Bu silahlar taktiki və strateji olaraq ikiyə ayrılır. Taktiki silahlar terror təşkilatı İŞİD-lə mübarizədə, strateji olanlar isə Türkiyəyə qarşı istifadə edilir. İz azdırmaq üçün bu mürəkkəb silah sistemlərinin üzərindən istehsalçı ölkə və şirkətlərin seriya nömrələri silinir. Ona görə həm tədarükçüləri tapmaq çətinləşir, həm də terrorun miqyası günbəgün artır.  
Bütün bunlar öz yerində, Azərbaycanın strateji və dost dövlət statusunun təsdiqlənməsi iki qardaş ölkə arasında strateji münasibətlərin sözdə deyil, real həyatda da mövcud olduğunu göstərir. Düzdür, bu sorğusuz da ölkələrimiz arasında münasibətlərin pik həddə olduğu, "bir millət, iki dövlət” prinsipinin artıq möhürünü vurduğu təsdiqini tapmışdı. Azərbaycanla Türkiyə arasında son illər tək siyasi deyil, iqtisadi, mədəni, ümumiyyətlə, hərtərəfli əlaqələr yüksəlməkdə davam edir. Tək regional deyil, beynəlxalq aləmdə irimiqyaslı layihələr həyata keçirilməkdədir – Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri artıq reallaşıb. Ən əsası, TANAP kimi beynəlxalq əhəmiyyətli qaz kəməri layihəsi reallaşmaq üzrədir. Bu layihənin reallaşması ilə Türkiyə enerji habına çevriləcək.
Bundan əlavə, hər iki ölkədə prezident seçilən şəxslər ilk xarici səfərlərini bir-birilərinin ölkələrinə edirlər. Əksəriyyət bu münasibətləri artıq digər ölkələr üçün nümunə sayıla biləcək adlandırır.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN