AZE | RUS | ENG |

Donald Tramp: Neftin qiymətinin artmasını istəmirəm

Donald Tramp: Neftin qiymətinin artmasını istəmirəm
ABŞ neftin qiymətinin bahalaşmasını istəmir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"İrana qarşı sanksiyalarda asta-asta hərəkət edəcəyəm. Çünki neftin qiymətinin artmasını istəmirəm”, - deyə o bildirib.

ABŞ Prezidenti İrana qarşı çox güclü və sərt mövqedə olduqlarını deyib: "Bu vaxtadək İrana qarşı ən sərt sanksiyaları tətbiq etdik. Lakin neftin qiymətində bir az asta hərəkət etmək istəyirik”.

ABŞ-ın neftin qiymətində ehtiyatlı mövqe tutacağını bildirən D.Tramp əlavə edib: "Bunun İranla heç bir əlaqəsi yoxdur. İranın neft ixracını dərhal sıfıra endirmək olar. Ancaq bu bazarlarda şoka səbəb olacaq”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi noyabrın 5-də rəsmən qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana müvəqqəti güzəşt tətbiq olunacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb.

Birləşmiş Ştatlar avqustun 7-də rəsmi Tehrana sanksiyaların ilk mərhələsini tətbiq edib. Dünən qüvvəyə minən sanksiyalar isə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.
Birləşmiş Ştatlar bu sanksiyalardan sonra İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN