Dnestryanı separatçıları qorxu içində
Separatçı Dnestryanı bölgənin ətraf aləmdən təcrid olunmasına start
verilib. Ukrayna prezidenti Petro Poroşenko ilə Moldovanın baş naziri Pavel
Filippin Moldova-Ukrayna birgə nəzarət buraxılış məntəqəsini açmaları şok
effekti doğurub. Ən önəmlisi isə odur ki, perspektivdə daha 13 nəzarət
buraxılış məntəqəsinin açılması nəzərdə tutulub. Bununla da Dnestryanı bölgə
üzük qaşı kimi mühasirəyə alınır, Kişinyov və Kiyevin icazəsi olmadan separatçı
bölgədən giriş və çıxış mümkünsüzləşir. Lakin mühasirə əsas məsələ deyil.
Separatçı Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski bildirib ki, Kişinyov
üçün şərq sərhədlərinin bərpası NATO və Avropa İttifaqına üzvlük istiqamətində növbəti
bir addımdır. Ən əsas isə bu qərar Rusiyanın maraqlarına bir zərbədir. Separatçıları
narahat edən odur ki, onlar tam şəkildə mühasirə vəziyyətinə düşürlər. Onların
liderinin sözlərinə görə, Dnestryanı bölgədə Moldova və Ukraynanın birgə sərhəd
və gömrük postlarının quraşdırılması tanınmamış qurumun tam şəkildə mühasirəsi
deməkdir. V.Krasnoselskinin ehtiyat etdiyi Moldovanın NATO və Aİ-yə üzvlüyünün
reallaşa bilməsidir. Nəzarət edilməyən sərhəd Moldovanın avrointeqrasiyasına
mane olur. Bu, Ukraynaya da aiddir. Kiyev də Aİ və NATO-ya üzv olmağa can atır
və onun da həllini tapmayan ərazi mübahisələri var. "Ukraynanın Donbasda onun Rusiya ilə, eləcə də Dnestryanı
bölgə ilə sərhədi var”, - deyə Krasnoselski bildirib.
Separatçı lider diqqəti
ona yönəldib ki, onların Moldova və Ukrayna ilə sərhədinin faktiki olaraq
qapadılması Rusiyanın maraqlarına ziddir: "Dnestryanı bölgədə Rusiyanın 220 min
vətəndaşı var. Məhz onların Odessa vilayətinə girişi məhdudlaşdırılacaq,
hüquqları azaldılacaq. Mən onların hüquqlarını qorumağa çalışacağam. Ümid
edirəm ki, Rusiya öz vətəndaşlarını atmayacaq. Özü də Rusiya Federasiyasının
Kişinyova təsir rıçaqları hələ də qalır”, - deyə Krasnoselski bildirib. Onun
sözlərinə görə, sərhəd ərazilərdə nəzarət-buraxılış məntəqələrinin qoyulması
Kişinyovun Dnestryanı qarşı zor tətbiq etmək ssenarisinin başlanğıcıdır. Söhbət
Dnestryanı bölgənin iqtisadi vəziyyətinin pisləşməsindən gedir. Bu, moldov
hakimiyyət orqanlarının birgə qərarıdır. Dnestryanı bölgə ilə dialoqun
tərəfdarı olan prezident İqor Dodon isə Rusiya ilə əlaqələrin qurulmasının
tərəfdarıdır. Maraqlıdır ki, o, birgə moldov-Ukrayna nəzarət-buraxılış
məntəqələrinin yaradılması ideyasının da tərəfdarıdır. Dnestryanı münaqişənin
həlli ilə bağlı keçirilən 5+2 ( Moldova, Dnestryanı bölgə, Rusiya, Ukrayna,
ATƏT – vasitəçilər. Avropa İttifaqı və ABŞ- müşahidəçilər) formatındakı danışıqlarının
yekununda qərara alınıb ki, problem ilə bağlı hər hansı bir qərar danışıqlar
stolu arxasında və separatçı bölgənin nümayəndələrinin iştirakı ilə verilsin. "Bizimlə
heç kim hər hansı bir müzakirə aparmayıb. Nəzarət- buraxılış məntəqələrinin
açılması barədə qərar "5+2”
formatının pozulması deməkdir”, - deyə separatçı qurumun lideri bildirib. Onun
qənaətincə, Ukrayna hazırkı şəraitdə münaqişənin nizamlanmasının təminatçısı
qismindən maraqlı tərəfə çevrilir. Xüsusən də Kiyevin Dnestryanı bölgə ilə
sərhədi gücləndirməsi faktı nəzərə alınmalıdır.
Bəlli olub ki, tanınmamış respublikanın sərhədində Ukrayna milli
qvardiyasının əməkdaşları və polis yerləşdirilib. Moldova polisi də əraziyə
cəlb edilib. Moldova mətbuatı yazır ki, mövcud durum müharibəqabağı vəziyyəti
xatırladır. "Ukrayna olaraq Moldovanın ərazi bütövlüyünün qorunmasını
istəyirik”, - deyə Ukrayna prezidenti moldov baş naziri ilə keçirdiyi brifinqdə
bəyan edib. "Ölkədə məqsədyönlü şəkildə Dnestryanı bölgədə aktiv fəaliyyət
göstərilməsi üçün spesifik atmosfer formalaşdırılır”, - deyə Kişinyovun
"Moldovskie vedemosti” nəşri yazır. Publika TV-də gedən Fabrika verilişində isə
bildirilib ki, Dnestryanı problemini Birləşmiş Ştatlar Konqresində lobbistlər
qrupu müzakirə etməlidir. Verilişdə iştirak edən professor Ruslan Şevçenko
bildirib ki, ABŞ Konqresi Moldovaya Rusiya tərəfindən tətbiq edilən sanksiyaların
aradan qaldırılmasını müzakirəyə çıxarmalıdır. Öz növbəsində Rusiya Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki,
Dnestryanı bölgədə vəziyyət ağırlaşmaqda davam edir. O bildirib ki, artıq
Moldova prezidenti İqor Dodonla Dnestryanı bölgənin rəhbəri arasında yanvar-mart
aylarında keçirilən görüşlər mənasızlaşır. Dnestryanı bölgədəki vəziyyəti
Moldovanın Rusiyadakı səfiri Andrey Nequçe Rusiya XİN rəhbərinin müavini
Qriqori Karasinlə də müzakirə edib. Öz növbəsində Moldova Demokratik
Partiyasının lideri Vladimir Laxotnyuk Nyu-Yorkda Birləşmiş Ştatlardan
Dnestryanı bölgədən Rusiya sülhməramlılarının çıxarılmasına dəstək verməsini
xahiş edib. Bu çağırış hökumətdə və parlamentdə ciddi dəstək qazanıb.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Dnestryanı
münaqişənin sülh yolu ilə həlli məsələsi arxa plana keçir. Artıq problemi
iqtisadi rıçaqları işə salmaqla və hərbi yolla həllinə üstünlük verilir. Bu münaqişənin
həli isə digər həlli uzanan problemlərin, o cümlədən Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün zəmin yarada bilər.
Azər