• cümə, 26 Aprel, 20:43
  • Baku Bakı 22°C

Dnestryanı münaqişə Vyanada müzakirəyə çıxarılır

28.11.17 10:00 2737
Dnestryanı münaqişə Vyanada müzakirəyə çıxarılır
Vyanada son iki ildə ilk dəfə olaraq Dnestryanı münaqişənin həlli ilə bağlı "5+2” (münaqişə tərəfləri - Moldova, Dnestryanı bölgə, vasitəçi tərəflər - ATƏT, Rusiya, Ukrayna, eləcə də müşahidəçilər - ABŞ və Avropa İttifaqı) formatının iştirakçıları arasında tam tərkibli görüş başlayır. Görüş ərəfəsində maraq doğuracaq belə bir xəbər yayılıb – Kişinyov və tanınmamış Tiraspol bir sıra məsələlər ətrafında razılıq əldə ediblər. Hər iki tərəfin sakinləri ilə yanaşı, diplomatların da işini çətinləşdirən məsələlərin həlli mühüm bir göstərici hesab edilib. Moldova və Rusiya nəşrlərinin yaydığı xəbərə görə, qərarların qəbul edilməsində moldovalı və dnestryanı oliqarxlar - Vladimir Plaxotnyuk və Viktor Quşan aktiv rol oynayıblar. Hər iki şəxs nəinki Moldova və Dnestryanı bölgədə vəziyyətə nəzarət edirlər, həm də ekspert və faktiki olaraq rəhbərlər hesab edilirlər. Mahiyyət etibarilə Plaxotnyuk və Quşan – danışıqların aparılması formatı və mübahisəli məsələlərlə bağlı yeni kölgə formatı yaradıblar.
Bu dəfə danışıqlar ATƏT-ə sədrlik edən Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Görüşün keçirilmə faktı artıq müsbət bir addımdır - sonuncu dəfə "5+2” formatında danışıqlar iki il bundan əvvəl Berlində baş tutub. O zaman Moldovanın baş nazirinin müavini George Belan və tanınmamış Dnestryanı bölgənin xarici işlər naziri Vitali İqnatyev Berlin xartiyasına imza ataraq öz üzərilərinə konkret məsələləri həll etmək öhdəliyini götürdülər. Lakin il ərzində hər hansı bir nəticə əldə olunmadı. Bu il ərzində Moskva və Tiraspol "5+2” formatında toplaşmaq çağırışlarında bulunsalar da, Avstriya şərt irəli sürürdü ki, hansısa bir məsələ ətrafında razılıq əldə olunacağı təqdirdə bu görüş keçirilməlidir. Və bu razılıq da noyabrın 25-də Benderıda Belan və İqnatyev arasında dörd məsələ ətrafında əldə olunub. Bura ilk olaraq Dnestryanı bölgə ərazisində verilən təhsil haqında sənədlərin hüquqi cəhətdən tanınmasından gedir. Əsas problem Taras Şevçenko adına Dnestryanı Dövlət Universiteti ilə bağlı idi. Kişinyov qəti şəkildə "dövlət” sözünün işlənməsinə qarşı idi. Sonda ali tədris müəssisəsinin Transdniestrian Taras Shevchenko University adlandırılması qərara alınıb. İkinci məsələ tanınmamış respublika ərazisində olan, moldovan məktəblərinin fəaliyyət göstərməsi ilə bağlı idi. Bu məsələ də həllini tapıb. Başqa bir problem telekommunikasiya ilə bağlı idi. İki qurum arasında telefon əlaqəsi 2006-cı ildən mövcud deyil. Tərəflər bu əlaqəni bərpa etmək qərarına gəliblər. Nəhayət, tərəflər kənd təsərrüfatı üçün yararlı əkin sahələri ilə bağlı problemi də həll etməyə razılıq veriblər. Digər məsələ Dnestr çayı üzərində körpünün aşılması olub. Bu körpü 1992-ci ildə dağıdılıb, 2000-ci ildə isə bərpa edilsə də, bağlı saxlanılıb. Moldova baş naziri Pavel Filipp və Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski körpünü noyabrın 18-də ATƏT-in xüsusi nümayəndəsi Volf Ditrix Xaymanın iştirakı ilə açıblar. Qeyd olunan razılaşmalar və körpünün açılması Vyana görüşü üçün pozitiv fon yaratmış olub. Belə ki, Avstriyanın ATƏT-ə sədrlik dövründə Dnestryanı münaqişənin həllində hansısa bir uğur əldə edilməsi barədə hesabat təqdim etməsi üçün əsas yaranmış olub.
Rusiya nəşrləri isə yazır ki, razılığın əldə olunmasında diplomatlar səy göstərsələr də, danışıqlar prosesində adlarının hallanmasını istəməyən və kənarda qalmağa üstünlük verən məxfi oyunçuların böyük rolu olub. Yuxarıda qeyd edildiyi kimi, söhbət qərbyönümlü siyasətçi kimi tanınan Moldovanın hakim Demokrat Partiyasının lideri Vladimir Plaxotnyuk ilə Dnestryanılı biznesmen, "Şerif” holdinqinin rəhbəri Viktor Quşandan gedir. Plaxotnyuk son illər ölkədə şəxsi hakimiyyət sistemi qurub. Hər hansı bir vəzifə tutmasa da, real olaraq hakimiyyət ona məxsusdur, istədiyi qərarları qəbul edir. Separatçı Dnestryanı bölgədə də eyni hal hökm sürür. Böyük biznesə malik Viktor Quşan indiki rəhbərliyin seçkilərdə qalib gəlməsində mühüm rol oynayıb. Beləliklə, buradan belə çıxır ki, hər iki şəxsin razılığı ilə danışıqlar prosesi baş tutub. Başqa bir mənbə isə bildirir ki, Kişinyov və Tiraspol arasında problemin həlli Plaxotnyukun avropalı və ABŞ diplomatları ilə danışıqlarında əsas müzakirə mövzusu olub. Bundan əlavə, onun Viktor Quşana birbaşa təsir etmək imkanlarının olduğu vurğulanır. Onun Ukrayna prezidenti Petro Poroşenko ilə də gözəl münasibətlərinin və birbaşa ünsiyyət qurmaq imkanının olduğu bildirilir.
Beləliklə, hamının diqqəti Vyanada keçiriləcək danışıqlara yönəlib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər