• şənbə, 27 Aprel, 04:50
  • Baku Bakı 14°C

“Dinləmələrə Azərbaycan parlamentinin üzvlərini də dəvət etsəydilər...”

14.06.14 09:33 1580
“Dinləmələrə Azərbaycan parlamentinin üzvlərini də dəvət etsəydilər...”
İyunun 11-də ABŞ Konqresində baş tutan Amerika-Azərbaycan əlaqələrinə dair Helsinki Komissiyasının dinləmələri ölkəmizdə birmənalı qarşılanmır. Dinləmələrin yekunları ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hazırda müzakirə mövzusu olan bu dinləmələr, onun nəticələri, ABŞ-Azərbaycan münasibətləri ilə bağlı suallarımızı millət vəkili Zahid Oruc cavablandırır.
- ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən son dinləmələri necə qiymətləndirirsiniz?

- Helsinki Komissiyası dinləmələrə özlərinin eşitmək istədiklərini söyləyəcək adamları cəlb edir. Düşünmürəm ki, həmin müzakirələr Azərbaycanın gerçək mənzərəsini verə bilib. Ən başlıcası ona görə ki, orada rəsmi hakimiyyət orqanlarının hər hansı nümayəndəsi iştirak etmirdi. Digər tərəfdən, xatırlayırsınızsa, düz bir il öncə bu müzakirələr seçki məsələlərinə və ayrı-ayrı namizədlərin təqdimatına xidmət edirdi. Zənnimcə, müəyyən neqativ halları qədərindən artıq qabardaraq fövqəladə dərəcədə diqqət vermək, digər məqamları isə görməzdən gəlmək, bu cür vasitələrlə Azərbaycanın ümumi durumu haqqında səhv fikir yürütmək yanlış siyasətdir. Əgər, Helsinki Komissiyasının rəyləri, oradakı mövqelər sonradan Konqresin siyasətinə, departamentin sənədlərinə təsir göstərəcəksə, bu, ilk növbədə, ABŞ siyasətinə zərbə vuracaq. Nəzərə alınmalıdır ki, bu gün bölgədəki proseslər fonunda Azərbaycan Qərblə münasibətlərini qoruyub-saxlaya bilir. Üçüncü, beşinci dərəcəli məsələləri şişirdib qlobal problemlər hesab etmək, hətta guya ölkəmizdəki şəraitin digər ərazilər üçün təhlükə törətdiyini iddia etmək qüsurlu mövqedir. Dinləmələr zamanı yalnız Brenda Şafferin mövqeyi ədalətliliyi ilə seçilib. Digər çıxışlar və söylənilənlər düşünmürəm ki, hansısa müsbət məqsədə xidmət etmiş olsun. Azərbaycan parlament üzvlərini ora dəvət etsə idilər, daha yaxşı olardı. Mən çox arzulayardım ki, epizodik, yarımçıq informasiyalar əsasında tədbir təşkil edib kimlərisə Azərbaycan məsələləri üzrə ixtisaslaşmış şəxslər kimi qələmə verməkdənsə, bizi dəvət etsinlər və biz gerçək mənzərəni onlar üçün canlandıraq. Həqiqətən də problemlərə münasibət bildirmək gərəkdirsə, heç kim konqresmenlərə bir söz demir. Qoy fikirlərini bildirsinlər. Ancaq bütün hallarda, bəzi məsələləri böyütmək, digərlərini çox kiçik qiymətləndirmək ağır mənzərədir. Belə görünür ki, hazırkı dönəmdə ABŞ bölgə ilə bağlı siyasətini qurmaqda çətinlik çəkir. Bu cür dinləmələr, monoloqlar əlaqələrə bir az da ziyan vurur. Əsl ədalətli mövqe ondan ibarət olardı ki, Azərbaycanın keçdiyi yol düzgün qiymətləndirilsin. Həmin şəxslər ayrı-ayrı fərdi problemləri görürlər, onları hər hansı bir şəkildə qeyd edirlər, lakin məcburi köçkünlərimizi və doğma torpaqlarından uzaq düşmüş vətəndaşlarımızı nəzərə almırlar. İndiki zamanda Helsinki Komissiyasının bu cür mövqe sərgiləməsi belə təəssürat oyadır ki, onlar sovetlər birliyinin funksiyasını daşımağa çalışırlar. Bu isə müstəqil dövlət adına, prinsiplərinə, konstitusion normalarına ziddir.
- Tədbirdə müsbət məqamlar da nəzərə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və münasibətlərin perspektivinə ümidlə baxılır.
- Çox az sayda şəxslərin dilindən belə fikirlər səslənib. Digər bir neçə Konqres üzvü, o cümlədən, ayrı-ayrı ekspertlər səviyyəsində bəzi məlumatlar verilib, hakimiyyətə çağırışlar edilib. Düşünürəm ki, bu ölkə ilə strateji tərəfdaşlığımız məhz Azərbaycanın hesabına qorunub saxlana bilir. Məsələ burasındadır ki, Barak Obama dönəmində Cənubi Qafqaz siyasətində Amerikanın prioritetləri xeyli qarışıb. Hansı məsələlərə önəm verildiyi tam aydın deyil. Sadəcə enerji, geopolitik maraqlar və Rusiyaya qarşı olmaq siyasəti ilə iş bitə bilməz. Əsas məqamlar ABŞ-ın Azərbaycanla təhlükəsizlik və digər beynəlxalq xarakterli məsələlərdə tərəfdaş olmasıdır. Onu da deyim ki, hər hansı bir ölkə daxili məsələlərdə fundamental hüquqların bərqərar olmasında çatışmazlıqlar varsa islahatların intensivliyi artırıla, onlar üzərində xoş məramla danışıqlar, dialoqlar aparıla bilər. Lakin Azərbaycana bir quberniya kimi baxıb bu cür davranış sərgiləmək işin xeyrinə deyil.
- Sizcə, belə dinləmələrin keçirilməsində məqsəd nədir və onun əhəmiyyəti nədən ibarətdir?
- Məncə, onlar hər hansı şəkildə dünyada müxtəlif ölkələrə, problemlərə nəzarət etdiklərini göstərmək istəyirlər. Sanki dünyanın istənilən nöqtəsindəki problemlər haqda rəy yaratmaq səlahiyyəti bunlara verilib. Məlum siyasətdir ki, ayrı-ayrı dövlətləri belə dinləmələr, müəyyən bəyanatlar vasitəsilə təsir altında saxlamaq istəyirlər. Hətta sonradan belə müzakirələrin, hesabatların dövlətin məlum qurumlarının verdiyi qərara çevrildiyini də müşahidə etmişik.
- Orada siyasi məhbuslar, QHT-lər haqqında qanun və digər məqamlar barədə deyilən mənfi fikirlər həqiqəti nə dərəcədə əks etdirir?
- Həmin şəxslər barədə dəfələrlə dövlət tərəfindən geniş açıqlamalar verilib. Bildirilib ki, onlar konkret maddə ilə məsuliyyətə cəlb olunublar. Onu da deyim ki, keçmişdə hansısa siyasi partiyanın üzvü olmaları, müəyyən təşkilatları, qurumları təmsil etmələri heç kimi törətdikləri cinayətdən və yaxud qanun pozuntusundan azad etmir. Əks mövqedə dayanmaq, müxalif partiyaya qoşulmaq kiməsə qanunvericiliyin tələblərini pozma şansı vermir. Belə düşünən şəxslər və ya buna ümid edənlər yanılırlar. Bir məqamı da qeyd etmək istəyirəm. Əgər gələcəkdə həmin vətəndaşlar azadlığa buraxılsalar belə, düşünməyin ki, bundan sonra dinləmələrdə ölkəmiz haqda tənqidi fikirlər səsləndirilməyəcək. Xeyir! Bu sanki əbədi, əzəli davam edən bir prosesdir. Beynəlxalq prosesləri qərarlaşdıran, istiqamətləndirən dairələr hər zaman kiçik ölkələri təsir dairələrində saxlamaq üçün müxtəlif vasitələrə əl atırlar.
- Bu il baş tutan dinləmə ilə əvvəlki arasında hansı fərqi görürsünüz?
- Zənn edirəm ki, ötən ilki təzyiq notları bir az fərqli mahiyyət daşıyırdı. Çünki o zaman Rusiya da bölgədə siyasi cəhətdən aktivləşmişdi. ABŞ belə məqamları nəzərə alaraq taktiki plan yürüdürdü. Hətta keçən il ABŞ-a Azərbaycan parlamenti üzvləri də yollanmışdılar. Builki dinləmələr qapalı qəsrdə keçirilən iclası xatırladırdı. Təkrar edirəm ki, orada Azərbaycanın daha real mənzərəsini yaratmaq olardı. Amma onlar bunu etmədilər. Düşünürəm ki, Konqres üzvlərinin heç biri bu dinləmələrdən ciddi qeydlər götürüb ABŞ-ın Azərbaycana dair siyasətini belə fikirlər əsasında müzakirə etməyəcəklər.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər