AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dilin qorunması, inkişaf etdirilməsində KİV-in rolu və məsuliyyəti

Dilin qorunması, inkişaf etdirilməsində KİV-in rolu və məsuliyyəti

Cəmiyyət
25 İyun 2020, 19:50 5539
Ekspertlər deyirlər ki, Prezidentin imzaladığı Fərman mövcud istiqamətdəki təmayüllərin öyrənilməsini, mənfi meyllərin üzə çıxarılmasını zəruri edəcək

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə 533-1-ci maddənin əlavə edilməsindən ibarətdir. Bu maddə kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hallarını nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. 
 
 

"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişikliyə görə teleradio yayımlarında dövlət dili normalarının pozulması zamanı inzibati xətanı aşkar etmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, şöbə müdiri, sektor müdiri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək. Digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək. Eyni zamanda Nazirlər Kabineti  kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
 


Beləliklə, həm KİV-də dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib, həm də MTRŞ və Mətbuat Şurasına dövlət dili normalarının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib. Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, təmsil etdiyi qurumun adının Prezidentin məlum Fərmanında yer alması Şuranın cəmiyyətdəki roluna verilən dəyərin növbəti yüksək nümunəsidir. Belə ki, Fərmana əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına Azərbaycan Mətbuat Şurasının da səlahiyyətli şəxslərinin adları daxil edilib. Ə.Amaşovun sözlərinə görə, sənəd imkan verəcək ki, Şuranın müvafiq təmsilçiləri – sədri və müavinləri televiziya və radiolar istisna olmaqla, digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etdikdə, bununla bağlı protokol tərtib edib məhkəməyə üz tutsunlar: "Söhbət Azərbaycan dilinin saflığının qorunmasından gedir. Fərmanda nəzərdə tutulan səlahiyyət bununla bağlıdır. Dil bir xalqın, keçmişi, bu günü və gələcəyidir. Bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən almalısan. Müəyyən mənada qəlibləşmiş olan bu deyimlərə real yanaşılması son dərəcə vacibdir. Prezident İlham Əliyev müxtəlif illərdə imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi dövlət proqramları ilə Azərbaycan dilinin önəmini vurğulayıb, mövcud sahədə görülməli olan işləri müəyyənləşdirib. İşlər isə həddən artıq çoxdur”.
 
 

Şura sədri qeyd edib ki, həyatımızın ən müxtəlif sferalarında dilimizin düzgün işlədilməməsi halları, dil pozuntuları ilə üzləşirik. O, bəzi hallarda bu məsələyə bir qədər ciddi yanaşılmadığını da diqqətə çatdırıb: "Avropa və dünya təcrübəsində tam başqa baxışlar var. Dil pozuntuları, ən azı, yol verilmiş digər məzmunlu pozuntular qədər qanuni ölçü tədbiri ilə üzləşir. Hələ bəzən daha sərt tədbirlər görülür. Kütləvi informasiya vasitələrində, o cümlədən çap mediasında, ayrı-ayrı internet saytlarında dilimizin düzgün işlədilməməsi hallarına, dil pozuntularına rast gəlirik. Bu, ya ümumi savadsızlıqdan, ya da tələskənlikdən irəli gəlir. Nəzərə alaq ki, informasiyanın qlobal cəmiyyət üçün əhəmiyyətliliyini vurğulayan amillərdən biri də operativlikdir. Bu gün hansısa hadisə, tədbir yerindən hazırladıqları reportajları, açıqlamaları birbaşa sayta yerləşdirən jurnalistlərimiz var. Buna görə, media təmsilçilərinin dil biliklərinin mükəmməlliyi şərtdir. Dil biliyi söz sənətində, habelə jurnalistikada hər şey deməkdir. Ancaq operativ media yayıcılığı ilə cəmiyyətin tələbatını ödəməyi qarşımıza məqsəd qoymuşuqsa, eyni zamanda dilimizin saflığını qorumaq istəyiriksə, ondan ən çox istifadə edən ictimai institut kimi mediamızda müasir texnoloji yeniliklərin də tətbiqinə nail olmalıyıq. Bu gün dünya, dildən düzgün istifadəni təmin edən kompüter proqramlardan, sistemlərdən yararlanır. Biz də bu yolu getməliyik”.
 
 

Mətbuat Şurasının sədri vurğulayıb ki, Prezidentin Fərmanında dillə bağlı pozuntu məsələsinə, bir növ, səfərbərlik ifadə olunub: "Yəni sənəd, dil pozuntularına münasibətdə qanuni tətbiqin müxtəlif sahələr tərəfindən həyata keçirilməsinin vacibliyini önə çəkir. Düşünürəm ki, bu, fundamental yanaşmadır. Fərman mövcud istiqamətdəki təmayüllərin öyrənilməsini, mənfi meyllərin üzə çıxarılmasını zəruri edəcək. Cərimə tətbiqi, inzibati yol seçilirsə, hansı ki, bu yolun seçilməsi günümüzün tələbidir, obyektiv və subyektiv məsələlərin öyrənilməsinə, dəqiqləşdirmələrin aparılmasına ehtiyac da var. Elə yol gedilməlidir ki, dil normalarının pozulmasına yol verənlər konkret olaraq nəyi gözləmədiklərini aydın dərk etsinlər, hər hansı mübahisələrə yer qalmasın. Əlbəttə, maarifləndirmə işlərinin aparılmasına da ciddi zərurət var”.
 


Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə bildirib ki, Prezidentin fəaliyyətində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinə ciddi önəm verilir. Media ekspertinin qənaətincə, bu, öncə Prezidentin özünün danışıq nitqində, məruzələrində görünür: "Müxtəlif dillərdə sərbəst danışmağı bacarsa da, Prezident, üstünlüyü Azərbaycan dilinə verir, həmçinin, öz nitqində Azərbaycan dilinin bütün norma və prinsiplərini qorumaqla, başqalarına da nümunə olur. Paralel olaraq, Prezident, sistemli şəkildə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi üçün sərəncamlar imzalayır. Bu yöndə ən təkmil sənəd olaraq 2013-cü ildə imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsini göstərə bilərik. Bu sənədi imzalamaqla, Prezident İlham Əliyev dilimizin qorunması və inkişaf etdirilməsi yönündə yol xəritəsini təsdiqləmiş oldu. Həmin sənəddə dilin inkişafı və qorunması qarşısında mövcud olan problemlər göstərilməklə, həm də dilin qorunmasına məsul olan dövlət qurumlarının, vəzifəli şəxslərin ünvanı göstərilir”.
 
 

M.Ələsgərli vurğuladı ki, Prezidentin imzaladığı məlum Fərman dil pozuntularına bilərəkdən və ya bilməyərəkdən yol verən obyektlərin məsuliyyətini, cəzasını müəyyən edir: "Paralel olaraq, ictimai təşkilatların, dövlət qurumlarının bu yöndə məsuliyyətləri müəyyən edilir. İmzalanmış sənəddə KİV-lərin ədəbi dil normalarına riayət etməsinə nəzarət olunması və bu sahədə həm Milli Teleradio Şurasına, həm də Mətbuat Şurasına etimad göstərilməsi KİV üçün böyük məsuliyyət yaradır. Həqiqətən də KİV-lər dilin qorunmasında və inkişaf etdirilməsində mühüm rola malikdirlər. Mətbuat Şurası bu məqamı həmişə qeyd edir, medianın dili üzərində monitorinq aparır və nəticələri elan edir. Cənab Prezidentə təşəkkür edirik ki, bu məsələləri diqqətdə saxlayır, ictimai təşəbbüsləri nəzərə alır və üzərimizə məsuliyyət qoyur”.

Rufik İSMAYILOV