• cümə axşamı, 07 noyabr, 08:42
  • Baku Bakı 6°C

Deputat: "Şuşada keçirilən musiqi festivalında iştirak etməkdən qürurluyam"

14.05.21 20:30 881
Deputat: "Şuşada keçirilən musiqi festivalında iştirak etməkdən qürurluyam"
"Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "Xarıbülbül” musiqi festivalında iştirak etməkdən sonsuz dərəcədə qürurluyam. Uzun illərdən sonra bir şuşalı olaraq doğma Şuşamıza səfər etdiyim üçün sevincimin həddi-hüdudu yoxdur, hisslərimi, duyğularımı ifadə etməkdə çətinlik çəkirəm. Bu qürurlu günləri bizlərə yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şanlı Azərbaycan Ordusuna, qəhrəman əsgərlərimizə minnətdaram, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.
APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat xatırladıb ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub: "Həmin festival Ağdamın Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam etdirilib. Şuşada keçirilən tədbirdə meydan tamaşası estetikasının bütün elementləri ifadə olunub. Cıdır yarışı, pəhləvanlar və kəndirbazların iştirakı ilə səhnələr nümayiş edilib. Üçmıx dağının sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri heyrətləndirib...”.
Millət vəkilinin sözlərinə görə, 32 ildən sonra Cıdır düzündə keçirilən "Xarıbülbül” musiqi festivalında iştirak etmək sevinci hədsiz dərəcədədir. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu.
"Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ". Bəli, doğrudan da, Azərbaycanın bütün bölgələrini Prezidentimiz İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə cənnətə çevirmişlər. Bu quruculuq işləri həyata keçirilərkən hər birimiz tərəfindən tezliklə bu möhtəşəm işlərin doğma Qarabağımızda da gerçəkləşməsi arzusu səslənirdi. Yəni Qarabağ, Şuşa heç vaxt yaddan çıxmamışdı. Əzəli torpaqlarımızın azad olunması üçün həmişə hazırlıq gedirdi, əminliklə torpaqlarımızın qaytarılacağı gün gözlənilirdi, Müzəffər Ali Baş Komandanımız tərəfindən bu əminlik qətiyyətlə bəyan olunurdu. Nəhayət ki, Qarabağ şikəstəsi, Bayatı Şiraz ifası Azərbaycan musiqisinin beşiyi olan Şuşamızdan ucaldı. Cıdır düzündən yayılan bu səs bütün Qarabağa, ermənilərin yaşadığı bütün bölgələrdə eşidildi.
Bu gün Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə ilə rəşadətli ordumuz, səbirsizliklə gözlədiyimiz Qarabağa bizləri qovuşdurdu. Hörmətli Mehriban xanım Əliyevanın söylədiyi "bir gün əzəli diyarlarımız qaytarılacaq və biz o torpaqları öpəcəyik” ifadəsi gerçək oldu. Onların birgə qətiyyətli fəaliyyəti, məğlubedilməz ordumuzun gücü sayəsində 30 illik həsrətə bir dəfəlik son qoyuldu. Çox sevinirik ki, indi bu müqəddəs torpaqlarımıza qədəmlərimiz qoyuruq, artıq Şuşamızın, Qarabağımızın səmasında Azərbaycan bayrağı dalğalanır. Təəssüflər olsun ki, eyni zamanda öz gözlərimizlə gördük necə Şuşamız düşmən tərəfindən dağıdılıb, mədəni irsimizin viran edilib. Amma buna baxmayaraq, Şuşa öz əzəmətini, qürurunu, qoruyub. Artıq çox şükür Şuşamız yaralarını sarıb və yenidən dərin nəfəs alır, çünki onun əsl sahibləri buradadır.Biz bütün Qarabağımızı, Şuşamızı dirçəldəcəyik, alınmaz qalamızı daha da alınmaz edəcəyik. Müqəddəs Şuşamızı yenidən cənnətə çevirəcəyik və əminəm ki, bundan sonra, düşmən hər zaman Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaqlar”, - deyə Fatma Yıldırım vurğulayıb.
banner

Oxşar Xəbərlər