• çərşənbə axşamı, 19 mart, 07:26
  • Baku Bakı 8°C

“Dayanmaq fikrim yoxdur” - Fotolar

26.04.17 11:30 1885
“Dayanmaq fikrim yoxdur” - Fotolar
Müsahibim Soqət Səmədova son dönəmlərin ən məşhur "nənə” obrazını yaradan aktrisalardandır. Yaşının 71 olmasına baxmayaraq, o qədər qıvraq və cəlddir ki, ona heç bu yaşı verməzsən. Sonuncu dəfə onu "XəzərMedia Center” və "Kaspi Kreativ Lab”ın ərsəyə gətirdiyi"Niyə?” filmində gördüm. O gündən bu günə gözüm Soqət xanımı gəzməyə başladı. Nəhayət ki, onu tapıb müsahibə almaq şansı əldə etdim.

1975-ci ildən 2012-ci ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan Soqət xanım 2013-cü ilin mart ayından Bakı Uşaq Teatrında fəaliyyətini davam etdirib. Bakı Uşaq Teatrında "Gülbalanın qoçaqlığı”nda Ana, Abdulla Şaiqin "Əşxas”ında Xeyir, Elçinin "Humayın yuxusu”nda Nənə, monqol xalq nağılı "Dələduz siçanlar”da Siçan, xalq nağılı "Göyçək Fatma”da Nənə kimi obrazlar yaradıb və yaratmaqda davam edir.
- Sofəq xanım, istərdik, sizi daha yaxından tanıyaq.
- 16 iyul 1946-cı ildə Xaldan rayonunun Aşağıbucaq kəndində anadan olmuşam. Şəkidə 11 saylı məktəbdə oxumuşam. 7-ci sinifdən məktəbdən çıxıb, işləməyə başlamışam. Daha sonra ailə qurdum və bir oğlum dünyaya gəldi. Uşaq yaşlarından incəsənətə böyük marağım olub. 1973-cü ilin aprelində Şəki Mədəniyyət şöbəsində xalq teatrına üzv oldum. Orada 4 il çalışdım. Sonra 1975-ci ildə Şəki şəhərində universitet səviyyəsində imtahan verib Şəki Dövlət Dram Teatrına qəbul olmuşam. O vaxtdan bu vaxta qədər aktrisa kimi fəaliyyətimi davam etdirirəm. Hazırda təqaüdçü olsam da, müqavilə ilə yenə də çalışıram.
- Regionda yaşayaraq, aktrisa olmağınız yəqin ki, sizə çox çətinliklər yaradıb.
- Uşaq vaxtı arzulayırdım ki, gələcəkdə aktrisa olum. O vaxt kim idi rayon yerində qızı səhnəyə buraxan? Bilirdim ki, valideynlərim məni səhnədə çıxış etməyə qoymayacaqlar. Arzu edirdim ki, heç olmasa, Azərbaycan dili və ədəbiyyat müəllimi olardım. Çünki bu sənəti seçsəydim, şairlərin şeirlərini deyib, əsərlər oxuyardım, incəsənətə olan sevgimi heç olmasa belə təmin edərdim.
- Bəs ailənizlə necə mübarizə apardınız?
- Valideynlərim mənim aktrisa olmağımı istəmirdilər. Aramızda çoxlu mübahisələr də baş verirdi. Hətta onlar bu sənəti seçdiyimə görə məni övladlıqdan çıxarmışdılar da. Mən incəsənət aləmində öz sözümü deyənə, xalqın sevgisini qazanana qədər belə oldu. 3-4 il sonra rəhmətlik anam mənimlə barışdı. Dedi ki, "mən elə bilirdim, sən bu sənətin dalınca gedib, ad batıracaqsan. Amma indi şadam ki, sən ad batırmadın. Əksinə”.
- Şəki Teatrının səhnəsində təxminən nə qədər obraz canlandırmısınız ?
- Şəki Teatrında 40 ilə yaxın işləmişəm. Orada çalışdığım illər ərzində 100-dən artıq obrazlar canlandırmışam. Teatrşünas İlham Rəhimlinin Şəki Teatrı haqqında çıxan kitabına nəzər salsanız, görərsiniz ki, orada qeyd olunan tamaşaların 60 faizində mənim oynadığım obrazların adları var.
- Bəs, Şəki Teatrının həyatınızdakı rolu nədən ibarətdir?
- Şəki Teatrı mənim həyatımdır, canımdır, cavanlığımdır, arzumdur, diləyimdir. Bu teatrın mənim həyatımda əvəzedilməz bir rolu var. Mən məhz Şəki Teatrı sayəsində dünyanı gəzmişəm, şərəflə yaşamışam, o rolları həvəslə oynamışam. İçimdə incəsənətə olan həvəsi yandırmışam. Şəki Teatrı mənim üçün gənclikdir, mən oradan çox şey öyrənmişəm. Orada Azərbaycan Teatrının dahi sənətkarları ilə çiyin-çiyinə çalışmışam. Saysız rejissorlarla işləmişəm. Rəhmətlik Vaqif Abbasovla, Hüseynağa Atakişiyevlə, Cahangir Novruzovla,Tofiq Tağızadə kimi sənətkarlarımızla çalışmışam. Daha kimlərlə işləməmişəm ki? Onların hər birindən nələrsə öyrənmişəm. Bu danılmaz faktdır.
- Ömrünüzün 45 ilini teatra sərf etmisiniz. Ancaq təəssüflər olsun ki, haqqınızda mətbuatda kifayət qədər məlumat yoxdur.
- Buna mən də təəssüf edirəm. Onu qeyd edim ki, elə təkcə ötən ilin avqustunda 3 filmə çəkilmişəm. Onlardan "Məlikməmməd və Ziba” komediyasını misal gətirə bilərərm. O film hazırda montajdadır. SOY prodakşnın çəkdiyi "Hoqqa”, "XəzərMedia Center” və "Kaspi Kreativ Lab”ın ərsəyə gətirdiyi"Niyə” filmində əsas obrazların birini canlandırmışam. Həmin filmlərin qala gecələrində mətbuata müsahibələr də vermişəm. Haqqımda yazılan yazıların azlığı, açığı, məni də narahat edir. Ömrümü bu sənətə həsr etmişəm. Əslində bu, bir tarixdir. Məndən sonra o yazılar gələcək nəsillərə ötürüləcək. Ancaq nə edək... 45 ildir ki, incəsənətdəyəm, bu illər ərzində fasiləsiz şəkildə işləmişəm. Heç dayanmaq fikrim də yoxdur. Öləcəyəmsə, bu sənətdə öləcəm. Bir gün teatra getməyəndə, elə bilirəm ki, həmin gün yaşamamışam. Bu yaşımda belə, incəsənətə böyük həvəsim var.
- Az əvvəl "Niyə?” filminin adını çəkdiniz. O filmdə baş rollardan birini canlandırırsınız. Bu film də kifayət qədər diqqət çəkmişdi.
- "Niyə?” çox maraqlı bir film idi. O filmdə mən nənə obrazını canlandırmışam. Bu nənənin vaxtikən mehriban bir ailəsi olub, oğlu şəhərə gedib. Və nənə evdə tək qalıb. Ruslar demiş, çox "boevoy” arvad olub, indi də elədir. O, özünü qorumaq üçün evində silah saxlayır və evini müdafiə edir. Giriş darvazasının ağzında quyu qazdırır ki, evə yad adam gəlməsin. Nəvəsi eşidir ki, nənəsinin evində bahalı "Zinger” paltartikən maşını var. Nəvəsi ömrü boyu nənəsini görməyib, nəvə də heç nənəsini tanımır. Hadisələr də bundan sonra başlayır. Çox maraqlı bir filmdir. Əslində bu filmdə bizim öyrəşdiyimiz "əziz nənəm, əziz nəvəm” münasibətini gömrük. Nənə nəvəsinə deyir ki, "sən bura gələn deyildin, indiyə kimi gəlməmisən, görəsən indi nə plan qurub gəlmisən? Bu günə kimi heç demirdin ki, nənəm var, gorbagor bir babam var, gedim onlarla görüşüm”.
- İndi elə nəvələr varmı ki, nənələrini tanımırlar?
- Niyə yoxdur ki? Ətrafımızda elə nəvələr azdırmı? Oğullar var ki, illərlə öz valideynlərini axtarmırlar. Bu, həyatdan götürülmüş bir hadisədir.
- Soqət xanım, məni maraqlandıran bir sual var. Necə oldu ki, həyatınızı, cavanlığınızı, ömrünüzü həsr etdiyiniz Şəki Teatrından çıxıb Bakı Uşaq Teatrına gəldiniz?
- Mən sizinlə açıq danışacam.
- Buyrun.
- Bir neçə il bundan əvvəl Bakıda "Qız yükü” serialına çəkilirdim. O zaman da teatrımız təmirə dayanmışdı. Mənim qız nəvəm Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dördüncü kursa keçmişdi. Oğlan nəvəm də əsgər getməli idi. Teatrımız təmirə dayandığı üçün mən də boş idim. Bakıya gəldim. Dedim, gedim orda uşaqların yanına. Elə Bakıya gələn kimi, məni "Qız yükü” serialına dəvət etdilər, orada nəslin anası rolunda oynayası oldum. Serialın son bölümlərinin çəkilişində mənə dedilər ki, sabah saat 11 tamamda Şəkidə teatrda olmalısan. Axşam Şəkiyə getdim, saat 10 tamamda artıq teatrda idim. Rejissorumuz Mirbala Səlimli dedi ki, biz Yeni il şənliyinə hazırlaşırıq, sən bu tamaşada küpəgirən qarını oynayacaqsan. Mən də rolumu yazıb götürdüm. Həmin gün mənə serialdan zəng gəldi ki, bir günlük serialın sonuna çəkilişə gəlməlisiniz, bununla da sizinlə işbirliymiz bitir. Onlarla razılaşdım. Gəlib Mirbala Səlimlidən 2 günlük icazə istədim. Dedim ki, hələ heç kim tamaşanın rolunu yazmayıb, mən rolumu yazıb götürmüşəm. Mənə iki günlük icazə ver, gedib sonuncu bölümə çəkilim, sonra gəlib öz obrazımı canlandıracam. Mənə dedi ki, olmaz. Direktorun yanına keçdim, o da dedi ki, mən Mirbalaya söz deyə bilmərəm. Yenə rejissorun yanına gəldim. Bildirdim ki, iki günlə nə olacaq ki, sən mənə bu icazəni vermirsən. Hələ rol yazılası, onun məşqləri olunası, o, səhnəyə çıxası xeyli vaxt çəkəcək. Dedi ki, getsən, ərizəni yaz get. Mən də ərizəmi yazıb teatrdan çıxdım.
- Və siz Şəki Teatrından çıxıb, Bakı Uşaq Teatrına gəldiniz.
- Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanı 2005-ci ildən tanıyıram. O zaman "Qız yükü” serialına İntiqam müəllim də çəkilirdi. O zaman demişdim ki, mənə aid obrazlarınız olsa, gəlib oynayaram. Şəki Teatrından ayrılandan sonra isə daimi olaraq Bakı Uşaq Teatrında işləməyə başladım.
- Şəki Teatrında daha çox klassik tamaşalar hazırlanır, Bakı Uşaq Teatrında isə ab-hava tamamilə fərqlidir. Sizə çətin olmadımı bu şəraitə uyğunlaşmaq?
- Heç də. Bakı Uşaq Teatrında hər yaş həddinə görə tamaşalar hazırlanır. Belə ki, bağça uşaqları, ibtidai sinif şagirdləri, böyük siniflər və valideynlər üçün ayrı-ayrılıqda tamaşalar hazırlanır. Bizim istirahətimiz yoxdur. Biz tamaşalarımızı universitetlərdə, kolleclərdə, məktəblərdə, hətta dustaqxanalarda belə, nümayiş etdiririk. Bu baxımdan Bakı Uşaq Teatrı çox gözəl işləyir.Onu da əlavə edim ki, 70 illik yubileyimdə Şəki Teatrının direktoruna müraciət etdim ki, ömrümün çox hissəsini məhz bu teatrda keçirmişəm. Heç olmasa, mənə teatrda ad günümdə balaca bir yubiley keçirəsiniz. Dedilər ki, nə olsun, 40 il burda işləmisən. Əslində bu söz mənə çox təsir etdi. Ancaq Bakı Uşaq Teatrı mənə təmtəraqlı yubiley keçirdi. Baxmayaraq ki, mən bu teatra yeni gəlmişdim.
- Bizim filmlərimizdə, tamaşalarımızda nənə obrazlarını daha çox orta nəsildən olan aktrisalar canlandırırlar. Bu da filmlərin və tamaşaların süni alınmasına gətirib çıxarır. Sizin simanızda isə hər kəs əsil Azərbaycan nənəsini xatırlayır.
- Teatrda da çox vaxt nənə rollarını canlandırıram. Rejissorların əksəriyyəti deyir ki, indi nənə obrazını yaratmağa aktrisa tapmırıq. Nənə obrazını canlındıra biləcək aktrisalarımız yoxdur, hamısının saçları rəngli, geyimləri mini, üzləri isə estetik əməliyyatlıdırlar. Rejissorlar elə fikirləşirlər ki, aktrisaya parik taxmaqla, onu qrim etməklə qoca nənə obrazını yarada biləcəklər. Ay rejissorlar, hər nə qədər qrimlə qoca nənə obrazını düzəltsəniz də, bəs onun jesti, hərəkəti, yerişi - bunları düzəldə bilmirsiniz axı? Bunları necə düz-qoş edirsiniz, hamısı göz qabağındadır. Aktrisanı qoca nənə kimi qrim etməklə, o, nənə olmur.

- Uzun müddət bölgə teatrında çalışmısınız. Sizə elə gəlmirmi ki, bölgə teatrı aktyorların məşhurlaşmasını bir qədər ləngidir?
- Tamamilə doğrudur. Təsəvvür edin ki, 40 ildən artıq Şəki Teatrında işləmişəm. Bu 40 ildə "O dünyadan gələn səs”, "Şəki toy ənənəsi”, "Yaddaş”, "Xocalı” kimi filmlərə çəkilmişəm. Bu filmlər də Şəkidə çəkilirdi deyə, bizi dəvət etdilər. Səbəb bilirsinizmi nədir? Rejissorlar aktyora pul xərcləmək istəmirlər. Əgər mən Şəki Teatrında çalışıramsa, onda rejissor məcburdur ki, məni Şəkidən Bakıya gətirsin, qalmağa yerlə, qidalanmayla, hər şeylə təmin etsin, mütəmadi olaraq məni Şəkiyə - tamaşalarıma çatdırsın. İş birliyimiz bitəndən sonra məni yenidən Şəkiyə aparsın. Bu, film çəkən heç bir rejissora sərf etmir. Ancaq burda olsam, rejissorlara yaxın olacam. Əlbəttə ki, çox fərq var. Bir söz var, deyir ki, balıq dəryada böyüyür. Əlçatan olmaq ayrı şeydir, gedib onu axtarıb əziyyətini, zülmünü, xərcini çəkib gətirmək tamam başqa. Bizim Şəki Teatrında elə aktyorlar var ki, Bakıda döşünə döyüb "mənəm-mənəm” deyən aktyorları səhnədə yeyərlər. Mən bunu ürəklə deyirəm, sözümün də arxasında dururam. Ancaq hanı? Onlar gözdən iraqdırlar deyə, könüldən də iraqdırlar. Burdakı rejissorların ordakı aktyora əli çatmır. Heç bir rejissor əziyyət çəkib, aktyor axtarmaq istəmir. Mən 4 ildir ki, Bakıdayam. Bu dörd ildə "Qız yükü”, "Döngələr”, "Döngələr” "Günahkar”, "Həkimlər”, "İşığa doğru” seriallarına, "Məlikməmməd və Ziba”, "Hoqqa”, "Niyə?” kimi filmlərə çəkilmişəm. Ancaq 40 ildə Şəkidə cəmi 4 dənə filmdə kiçik epizodik rola çəkilmişəm. Ancaq burda çəkildiyim obrazlar əsas və haradasa baş rollardan biridir. Yəqin ki, fərqi özünüz görürsünüz.
- Paytaxt teatrlarından dəvət gəlsə, dəyərləndirərsinizmi?
- Mən indi yaşımın elə bir vaxtındayam ki, çətin, mənə digər teatrlardan dəvət gəlsin. Getsəm də, gərək həmin teatrlarla müqavilə ilə işləyim. Hansı teatrla işləsəm, müqavilə ilə işləyəcəm. İntiqam Soltanı qoyub, heç yana getmərəm. Onda o qədər insanlıq, mərifət, aktyorluq, yoldaşlıq görmüşəm ki... Mən ona müdir kimi yox, balam kimi baxıram.
- Nisgilli olduğunuz, yəni ürəyinizdə arzu kimi qalan obraz varmı?
- Eh... o qədər... Ən çox sevdiyim obraz, bilirsinizmi nədir? Rejissorlar deyir ki, sizin simanızdan mülayimlik yağır. Ancaq mən istəyirəm ki, "Qayınana” filmindəki Cənnət nənə kimi bir araqarışdıran obraz yaradım. Elə bir obraz arzusundayam.
Xəyalə Rəis
Teatrşünas


banner

Oxşar Xəbərlər