Daşkənddə Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib
29.10.19 17:04
3400
Mirzə Uluğbəy adına Özbəkistan Milli
Universiteti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
ilə birgə böyük Azərbaycan yazıçısı, "Molla Nəsrəddin” ədəbi məktəbinin banisi
Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirib.
Konfrans çərçivəsində Cəlil
Məmmədquluzadənin Daşkənddə özbək dilində çap olunan "Poçta qutusi” kitabının
təqdimatı da olub.
Konfransda Özbəkistanın elm və mədəniyyət
xadimləri, yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr iştirak
edib.
Əvvəl iştirakçılar AMM-nin təşkil etdiyi
sərgiyə baxıblar. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti,
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs
edən kitablar, "Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu
tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddə Azərbaycanın tarixi və
mədəniyyəti ilə bağlı özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.
Sonda kitablar universitetə hədiyyə olunub.
Professor Həmidulla Baltabayev Cəlil
Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.
Universitetin prorektoru Raxima Kərimova
Azərbaycan-özbək ədəbi əlaqələrindən danışıb, son bir neçə ildə Özbəkistanda
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair çoxlu kitabın çap edildiyini, bu
işdə Mədəniyyət Mərkəzininin böyük rolu olduğunu vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-özbək
dostluğundan, həmçinin şair və yazıçılarımızın yaradıcılıq əlaqələrindən
danışıb. O deyib ki, indiyədək Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə
bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin
layihəsi ilə Daşkənddə özbək dilində
60-dan artıq kitab işıq üzü görüb. Böyük Azərbaycan şairi Nizami
Gəncəvinin "Xəmsə”si özbək dilində tərcümə olunub və Daşkənddə çap edilmişdir. Sonra
natiq Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil
Məmmədquluzadənin yaradıcılığından söz açıb, ədibin "Molla Nəsrəddin” ədəbi
məktəbin banisi olduğunu vurğulayıb. Diplomat öz nitqində qeyd edib ki,
yazıçının yazdığı hekayələr onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu
il 17 yanvar tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil
Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib.
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun
Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru Almaz Ülvi BinnətovaCəlil Məmmədquluzadəni
yazıçı, dramaturq, jurnalist, ictimai xadim kimi təhlil edib, milli
mətbuatımızın inkişafında ədibin nəşr etdiyi "Molla Nəsrəddin” jurnalının
yerindən və rolundan danışıb. O deyib ki, "Molla Nəsrəddin” jurnalının birinci nömrəsi1906-cı ildəTiflisdə işıq üzü görüb. Belə ki,
jurnal1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci
illərdə Bakıda nəşr edilib. 25 il ərzində nəşrin 748 nömrəsi çıxıb.
Dosent Gülbahar Aşurova və
filologiya üzrə fəlsəfə doktoru Obidjon Şofiyev "Molla Nəsrəddin” jurnalının
ancaq Azərbaycanda deyil, Orta Asiyada da maraqla oxunduğunu diqqətə
çatdırıblar.
Almaz Ülvi Binnətovaböyük satirik yazıçının mis üzərində
döyülmüş portretini və Bakıda "Molla Nəsrəddin” jurnalının latın qrafikası ilə
nəfis şəkildə çap olunan birinci və
ikinci cildlərini universitetə hədiyyə edib.
Konfransın sonunda
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə
Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq haqqında
Memorandum imzalanıb.