"Darıxanda daşlarla danışıram" - Fotolar
Onun adı və sənət inciləri elə
sağlığında çağdaş mədəniyyətimizin qızıl fonduna daxil edilib. Çünki o, lap
gənc yaşlarından, belə demək olarsa, daşlarla nəfəs-nəfəsə yaşayır, günləri
günlərə calayır və yorulmaq bilmədən onlara yeni həyat verir. Tişəsindən çıxan
əsərlər könülləri ovsunlayır, insana gözəllik və həyatın şirinliyi haqda
duyğular bəxş edir. Çünki bu əsərlərdə zəriflik, kamillik və monumentallıq
qaynayıb qarışır. O əsərlər təkcə paytaxtımızın deyil, dünyanın neçə-neçə
şəhərinin ən gözəl meydanlarını bəzəyir. Heykəltəraş Ömər Eldarov
(1927-ci il) rəsmi sənədə görə, qədim Dərbənd şəhərində anadan olub, ancaq
uşaqlığı daha çox Bakıda keçib. Ömər müəllim o təzadlı illəri tez-tez
xatırlayır.
"Hər şey hər şey arxada
qalandan sondan sonra həyatda ən əziz olanı xatırlayırsan və bu fikrə gəlirsən
ki, ən əziz olan uşaqlıq illəridir. Yəqin ki, uşaqlıq illəri hamı üçün həyatın
ən xoşbəxt zamanı olmuşdur... Uşaqlıq parlaq və unudulmaz həyatdır.Uşaq vaxtı böyük ölkənin bu
şəhərindən o biri şəhərinə tez-tez köçərdik. Yollarda rahatlıq olmasa da, hər
şey maraqlı idi, Bakı, Dərbənd, Naxçıvan, Gəncə, Şamaxı, Azərbaycan və
Dağıstanın müxtəlif qəsəbələri və kəndləri, yay vaxtları Moskva ətrafı,
Saltıkova və ya Belarusun keçmişdə məşhur olan Mstislavl şəhəri... Dünyanın heç
bir yerində Dərbənddə olduğu kimi, üzüm bağları, üçsüz-bucaqsız
qəbiristanlıqlar və belə möhtəşəm qalalar yoxdur...Bakıda Poluxin küçəsində
yaşayırdıq. Mən lap uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərmişəm.
Çəkdiklərim evdə ata-anamın xoşuna gəlirdi. Buna görə də, 6 yaşım olanda anam
əlimdən tutub Bakı Rəssamlıq Studiyasına apardı. Amma təsviri sənət bölməsində
yerlər artıq tutulmuşdu. Buna görə də, məni heykəltəraşlıq qrupuna götürdülər.
İlk müəllimim Anna İvanovna istedadımı görüb məni həvəsləndirmək üçün deyirdi
ki, vaxt gələcək sənin işlədiyin heykəllər Bakını bəzəyəcək. Onun bu sözləri mənə
nağıl kimi gəlirdi... Yeddi il sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinin
heykəltəraşlıq şöbəsinə daxil oldum. Müharibə dövrü idi, çox ağır illər
yaşanırdı. Müharibənin son ilində isə Y.E Repin adına Leninqrad Rəssamlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil
aldım...".
Ömər Eldarov 1946-cı ildən
etibarən tez-tez müxtəlif sərgi və müsabiqələrin iştirakçısı olub. Hazırda o, öz əsərlərinin sayını dəqiq
bilmir. Amma sairə Natəvanın (1960, Bakı), mütəfəkkir sair Məhəmməd Füzulinin
(1963, Bakı), dramaturq Hüseyn Cavidin (1993, Bakı), Azərbaycanın görkəmli
siyasi xadimi Heydər Əliyevin (1987, Naxçıvan), Sapun dağına hücumun iştirakçıları
olmuş 72-ci diviziyanın əsgərləri "Azərbaycanın qorxmaz oğul və qızlarına"
həsr olunmuş memorial (1974, Sevastopol), Sədrəddin Ayninin (1979, Düşənbə),
İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001, Ankara),
Heydər Əliyevin (2001, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955,
Bakı), rəssam Səttar Bəhlulzadənin (1974, Bakı), bəstəkar və caz musiqiçisi
Vaqif Mustafazadənin (1984, Bakı), dirijor Niyazinin (1989, Bakı), yazıçı
Süleyman Rəhimovun (1991, Bakı), bəstəkar Fikrət Əmirovun (1988, Bakı),
şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000, Bakı), akademik Həsən
Əliyevin (1988, Bakı) xatirə abidələrini, "Elegiya" abidəsi (1989),
akademik Zərifə Əliyevanın (1995, Bakı), ümummilli lider Heydər Əliyevin (2004,
Bakı), professor Lütfi Zadənin (2018, Bakı) və başqalarının qəbirüstü
abidələrini necə, hansı şəraitdə işlədiyini dəqiq bilir. Sənətkar bir sıra
kamera xarakterli, kiçik həcmli əsərlərin də müəllifidir. Bu qəbildən olan
"Qızım Lalənin portreti", "Oğlum Müslümün portreti",
"Analıq", "İlin dörd fəsli", "Bacılar" əsərləri,
sair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri də təbii
və baxımlıdır.
Ömər Eldarov həm də
Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. O, SSRİ Rəssamlıq
Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri
olub. Həmin sənət ocağında bu gün ölkəmizdə
seçilən peşəkar heykəltəraşlar yetişdirilib. Ömər Eldarov 1969-1973-cü
illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə
komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov Milli Məclisə
deputat seçilib.Məşhur heykəltəraş Azərbaycan Respublikasının Xalq rəssamı, Milli
Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycanın, demək olar ki, bütün yüksək
mükafatlarına layiq görülüb. 2000-ci ildən Azərbaycan Rəssamlıq Akademiyasının
rektorudur.Bu günlərdə Ömər müəllimlə
onun iş otağında görüşdük. İlk sualımızı verməyə hazırlaşırdıq ki, katibə xanım
sakitcə xeyli sənədi gətirib stolunun kənarına qoydu.
- Ömər müəllim, heykəltəraşlıqla
məşğul olmaq yaxşıdır, rektorluq etmək?
- Əlbəttə, sənətlə məşğul
olmaq daha yaxşıdır. O iş adama zövq verir. Yoxsa, gündə neçə sənədə qol çək,
hansısa problemi həll eləmək üçün toplantı keçir, ona-buna zəng edib nəyisə
xahiş elə...
- Maşallah, yaxşısız... İndi
özünüzü hansı yaşda hiss edirsiniz?
- Elə 92 yaşında. Məncə, üz-gözümdən də belə görünür... Yalan
danışmaq nəyə lazım, ayaqlarım ağrıyır, çox gəzə bilmirəm...
- Bəs, dincəlmək həvəsiniz
yoxdur? Eşitdik ki, rektorluqdan getmək istəyirsiniz...
- Həyatım boyu doyunca dincliyim olmayıb. Daim işləmişəm, nəsə
eləməyə çalışmışam. İstədiyimə nail olanda bütün yorğunluğum ötüb keçib.
- Yaxşı, axırıncı dəfə
emalatxanada nə vaxt işləyibsiniz?
- Akademiyada çox vacib tədbir olmasa, adətən burada saat on ikiyə
kimi oluram. Sonra gedirəm emalatxanaya. Orada işləyə-işləyə rahatlıq tapıram.
- Yəqin ki, yarımçıq işləriniz
var. Hansı əsərlər üzərində işləyirsiniz?
- Bəli. Vaxt azdı, iş çox.
Yarımçıq işlərimdən biri Koroğlunun abidəsidir. Onu özüm təklif eləmişəm.
Koroğlunun heykəlini işləmək çoxdankı
arzum olub.
- Bakıda Koroğlunun abidəsi
qoyulub axı, onu harda, hansı şəhərdə qoyacaqlar?
- Beşbarmaq dağının qarşısında qoyulmalıdır. Oradan böyük magistral
yollar keçir. Rusiyaya da yol oradan keçib gedir. Həm də tarixi bir məkandır
ora.
- Yeri yaxşı seçilib. İndi ki,
söhbət Koroğludan düşdü, istərdim ki, paytaxtda qoyulmuş Koroğlu abidəsi barədə
fikrinizi bildirəsiniz. Səhv etmirəmsə, o abidəni, sənət dostunuz Tokay
Məmmədov işləyib.
- Olar mən bu barədə danışmayım?
- Niyə ki, siz əsər barədə
fikir söyləyirsiniz. Sizin əsərləriniz barədə də danışır, fikir söyləyirlər.
Şəxsən bir tamaşaçı kimi o əsər barədə sizin fikriniz mənim üçün maraqlıdır.
- Əvvəlcə onu deyim ki, o abidənin yerində bolşevik Caparidzenin
heykəli olub. O heykəli də sifarişlə mən işləmişdim. Həmin heykəlin pyedstalı
dörd metrdən beş santimetr az idi. Ona görə də, heykəl o yerdə yaxşı görünürdü.
Koroğlunun abidəsinin yeri yaxşıdır, özü Koroğlu deyil. Məsələn, Mikalenjonun Musanın heykəli əsəri
böyük deyil, üç metrlikdi. Ancaq baxırsan, elə böyük, monumental görünür ki.
Bu, əsərin özündən asılıdır.
- Məncə, indi verəcəyim suala
cavabınız oxucularımız üçün də maraqlı olar. Sizcə, paytaxtımızda hansı
heykəllər yerində deyil, yaxud biçimsizdi?
- Qorxuram sənət dostlarımın ürəyinə dəyim. Qoy bu sualı cavabsız
buraxaq. Ya da mən deyim, ancaq qəzetə yazma.
- Razılaşdıq. Yəqin başqa əsrlər üzərində də işləyirsiniz,
yaxud eskizlərini cızırsınız.
- Hazırda Müslüm Maqomayevin
heykəlini də işləyirəm.
- O heykəl harada qoyulacaq?
- Dənizdə.
- Dənizdə?
- Bəli. Kukla Teatrının arxa hissəsində, bir az dənizin içində. Onun
dəniz haqqında mahnısı da var, yəqin xatırlayırsınız.Bir sifariş də var - bəstəkar Arif Məlikovun abidəsi. Bir abidə Fəxri
Xiyabanda qəbirüstü olacaq, digəri şəhərdə qoyulacaq. Layihələ hazırdır. Xanımı
da baxıb, bəyənib.
- Ömər müəllim, Allah sizə
cansağlığı versin. Siz həyatda çox
görkəmli insanlarla dostluq edibsiniz, oturub-durubsunuz, sənət yoldaşı olubsunuz.
Bundan əlavə, böyük həyat və sənət məktəbi keçibsiniz, amma heç memuar yazmayıbsınız. Mən bu fikirdəyəm ki, sizin yazacağınız
xatirə kitabı, elə əsərləriniz qədər maraqlı və gərəkli ola bilər.
- Çox insanlarla bağlı maraqlı xatirələrim var, danışa bilərəm, ancaq
oturub yaza bilmirəm. Buna səbrim çatmır. Ziya Bünyadov qətlə yetiriləndə
dedilər ki, sən onunla yaxın olubsan, onun haqqında bir yazı yaz. İnanın,
saatlarla oturdum, iki vərəqi yazıb doldura bilmədim.
- Sənətkar üçün hər bir əsər
doğmadır. Ancaq ola bilir ki, adam övladlarından hansı birinisə digərlərindən
çox istəyir. Ürəyinizdə belə bir sirr yoxdur ki?
- Onu sizə deyə bilməyəcəyəm. Mən əsrlərimə tənqidi gözlə baxmağı
xoşlayıram. Müəllif hər bir əsərində zəif yerləri görməlidir. Bilirsiniz, mən əsəri emalatxanada işləyirəm.
Əsər meydanda qoyulanda günəş onu işıqlandırır və düşünürsən ki, əsərin
burasını başqa cür işləmək lazım idi. Buna görə də əsəri işləyərkən vəziyyəti
öyrənməlisən. Amma bu, həmişə mümkün olmur.
.....
Bakıda hər kəsin heyranlıqla tamaşa etdiyi
bir abidə var. Bu, xalqımızın kədər və məhəbbət şairi Məhəmməd Füzulinin
heykəlidir. 31 yaşlı iki gənc heykəltəraşın - Ömər Eldarov və Tokay Məmmədovun
qısa zamanda ucaltdıqları bu abidə Azərbaycan heykəltəraşlığının ən dəyərli
incilərindən biri sayılır. Açılışı 1962-ci il iyun ayının 2-də olan bu abidə
böyük Füzulinin 400 illik yubileyinə və onun sənətinə layiqli töhfədir.
Sənətşünaslıq doktoru Ziyadxan Əliyev
möhtəşəm abidə haqda belə yazır: " Bu gündə paytaxtımızın ən
baxımlı sənət nümunələrindən sayılan abidə güclü emosional təsir gücünə
malikdir. Onun uğurunu şairin ifadəli və psixoloji tutumlu tunc obrazı ilə
yanaşı, nakam qəhrəmanları olan Leyli və Məcnunun qayanı andıran qranitdən
hazırlanmış qorelyefləri şərtləndirib. Abidənin ümumi forma-biçiminin çox yeni
və orijinal olması ilə yanaşı, onun bədii-estetik məziyyətlərinin kifayət qədər
zənginliyi də buna öz təsirini göstərib... Müəlliflərin Füzulinin fiqurunda da
onun poeziyası ilə səsləşən fikir daşıyıcılarının və bədii-plastik tutumun əldə
olunmasına səy göstərdiklərini və uğurlu nəticələr əldə etdiklərini vurğulamaq
lazımdır."
.....
- Bu ilin yazında ölkə
rəhbərinin ziyalılarla görüşü oldu. Prezident onların təklif və iradlarını
dinlədi. Səhv etmirəmsə, siz də orada
idiniz. Amma çıxış etmədiniz.
- Bəli, mən də orada idim. Ancaq danışmadım. Danışsaydım, qalmaqal
olardı.
- Niyə? Səbəbini bilmək maraqlı olar.
- Məsələn, biz istedadlı məzunlar yetişdiririk, amma onlara, belə
demək olarsa, yiyə duran, iş verən olmur. Nəticədə o gənclərin biri dolanışıq
ucbatından sürücü olur, bəzisi fəhlə, pəncərə düzəldən, rəngsaz işləyir. Bu,
çox böyük problemdir.
- Fəxri Xiyabanda neçə
qəbirüstü abidəni siz işləyibsiniz?
- Sayını bilmirəm. Ancaq çoxunu mən işləmişəm.
- Xarici ölkələrdə olan
əsərləriniz barədə nə deyə bilərsiniz? Onların hamısı sifarişdir?
- Bəli, çoxu sifarişdir. Vyanada Üzeyir Hacıbəyovun heykəli var.
Türkiyədə İhsan Doğramacının heykəli , Qarsda, İstanbulda Heydər Əliyevin
büstləri var. Sonra Rusiyada Sapun dağı hücumu iştirakçıları olmuş 72-ci diviziyanın
əsgərləri Azərbycanın qorxmaz oğul və qızlarına həsr olunmuş memorial (1974,
Sevastopol) abidə var. Onu da deyim ki, bir erməni gümüşdən olan həmin abidəni
kəsib satmaq istəyirkən bizim diasporun rəhbərləri
xəbər tutublar və məhkəmə yolu ilə geri qaytarıblar.Cənubi Koreyada "Bölünmüş
Vətən" adlı abidəm var. Orada bir park var, dünyanın müxtəlif ölkələrindən
olan heykəltəraşların işlədiyi müxtəlif əsərləri orada qoyurlar. Mən o əsəri
Bakıda işləmişəm, sonra onlara hədiyyə eləmişəm.
- Ömər müəllim, Dərbənd sizin ata yurdunuzdu. Sizə desələr ki, o şəhər
üçün bir abidə işlə və yerini özün seç, neylərdiz?
- Şeyx Şamilin at üstündə heykəlini işləyib, dağ üstündə qoyulmasını
istərdim. Ancaq bilirəm ki, buna yol verməzlər...
- Siz 20 Yanvar faciəsi ilə
bağlı bir abidənin maketini hazırlamışdınız. Özünüzün dediyinizə görə, Heydər
Əliyev o əsərə baxmaq üçün üç dəfə sizin emalatxanaya gəlib. Bəs necə oldu o
əsər, niyə haradasa qoyulmadı? Düşüncəmə görə, zəif əsər olsaydı Heydər Əliyev
o əsərlə çox maraqlanmazdı.
- Mən istəyirdim o əsər indiki
"Alov qüllələri"nin yerində qoyulsun. O vaxt o qüllələr hələ
tikilməmişdi. Heydər Əliyev də o əsəri bəyənmişdi. Ancaq əsərə siyasətçi kimi
yanaşırdı. Ancaq əsərdə faciə, kədər hissi güclü olduğuna görə də, onun qoyulmasını
istəmədi. Buna görə də, istəyirdi ki,
şəhidlikdə arxitekturalı simvolik abidə olsun. İndi olduğu kimi.
- Bəs o əsər necə oldu? Həmin
eskizlərdə müəyyən dəyişiklik edib, başqa şəhərdə abidə qoymaq olmazamı?
- Eskizlərdən yalnız bir fraqment qalıb. Ancaq daha mən də istəmirəm
ki, şəhərlərimizdə elə faciəvi abidələr qoyulsun. Onda yaralarımız hələ qaysaq
bağlamamışdı, itkilər göynədirdi bizi. Şükürlər olsun, müstəqilliyimiz möhkəmdir.
Biz keçmişi unutmayıb, daha çox gələcək haqda düşünməliyik...
- Sizin şair-dramaturq Hüseyn
Cavidlə bağlı bir neçə əsəriniz var. Bu, Cavid sənətinə, şəxsiyyətinə sevgi ilə
bağlıdırmı? Ümumiyyətlə, Cavid yaradıcılığına nə dərəcədə bələdsiniz?
- Mən Cavidin bütün əsərlərini oxumasam da, tamaşaya qoyulan
pyeslərinə baxmışam, şeirlərini dinləmişəm. Cavid böyük ziyalı və azadlıqsevər insan olub. O,
məsləyindən dönməyib və bu yolda həyatını qurban verib. Onun faciəli həyat
yoluna həsr edilmiş tədqiqat əsərləri ilə də tanış olmuşam. Əsərlərində daim
xeyirlə şərin mübarizəsi gedir və şairin pomantik dünyası çox güclüdür. Buna
görə də, mən onun abidələrini işləyəndə romantik plana üstünlük vermişəm.Onu deyim ki, Hüseyn Cavidin
nəşi Sibirdən Azərbaycana gətiriləndən sonra şairin xatirəsini
əbədiləşdirməkdən ötrü Nazirlər Kabinetinin xüsusi qərarı oldu. Həmin qərara
əsasən onun doğulduğu məkanda və Bakıda şairin abidəsinin qoyulması nəzərdə
tutulurdu. Bakıdakı abidəsinin mənim işləməyimi, onun qızı Turan xanım xahiş
etmişdi. Abidənin layihə-eskizlərinə Heydər Əliyev baxıb bəyənmişdi, ancaq
sonra o, Moskvada işləməyə getdi. Abidənin açılışını isə Elçibəy elədi. Bilin
ki, mən bundan əvvəl Cavidin oğlu Ərtoğrul bəyin büstünü də Turan xanımın
istəyi ilə işləmişəm. Məqbərədəki abidəsində Cavid sanki qızılgül çələngi
arasından baxır. Çünki Turan xanım mənə demişdi ki, atası qızılgülü çox sevirmiş.
Öncə qeyd etdiyim kimi, ev muzeyi üçün oğlu Ərtoğrulun və şairin həyat yoldaşı
Mişkinaz xanımın büstlərini hazırlamışam.
- Səhv etmirəmsə, Siz
Heydər Əliyevin heykəlini işləyən ilk heykəltəraşsız. Məlumdur ki, onun
büstünün qoyulması iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alması ilə bağlı
idi və o vaxt Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci
müavini işləyirdi. Təbii ki, Moskvada da məşhur heykəltəraşlar çox idi. Bəs, nə
əcəb onun büstünü işləməyi sizə tapşırdılar?
- Bunu Heydər Əliyev özü istəmişdi. Məni çağırdılar Kamran Bağırovun
kabinetinə. Fikirləşdim, görəsən neynəmişəm ki, məni ora çağırırlar. Zəng edən
narahatlığımı hiss edirmiş kimi əlavə etdi ki, narahat olmayın. Kabinetə
girəndə gördüm Heydər Əliyev də orada əyləşib. Üzbəüz oturub söhbət elədik. Özü
dedi ki, Moskvada təkliflər çoxdur, ancaq istəmirəm mənim büstümü başqaları
hazırlasın. Sənin işləməyini istəyirəm. Sağlığında, o büstdən başqa heç bir
heykəli, büstü olmayıb.
- Ömər müəllim, deyirlər ki, həyatda bütün sevgilər haçansa tükənə bilər,
yalnız ana və vətənlə bağlı sevgidən başqa. Sizin bütün əsərləriniz mədəniyyətimizin yüksəlişinə,
görkəmli insanlarımıza, belə demək olarsa, yeni həyat verilməsinə xidmət edir.
Bəs, sizi bu xalqa bəxş edən ananıza xatirə duyğularınızı nə ilə ifadə edibsiniz?
- Ana üçün nə etsək də, onun bir gündə etdiklərinin əvəzini verə
bilmərik... Emalatxanamda barelyefi var.
Sonra tuncdan qəbirüstü büstünü işləmişdim, oğurladılar.
- Bəs polislər oğruları
axtarıb tapmadılar?
- Yox! Vaxt olmadı o işin dalınca düşməyə. Məcbur olub mərmərdən bir
başdaşı hazırlayıb qoydum.
- Allah həyat yoldaşınıza
rəhmət eləsin. Onunla bağlı bir əsər işləyibsiniz?
- Sağlığında büstünü
işləmişəm. İlinə az qalır. Hazırda qəbirüstü abidəsini hazırlayıram.
- Sizin rəhmətlik oğlunuzu
tanıyırdım. Sizin kimi sadə, təvazökar insan idi. Açdığı, Bakı İncəsənət
Mərkəzində maraqlı sərgilər keçirilirdi. Onun heykəltəraşlıq işləri də maraqlı
idi. O əsərlər harada saxlanılır?
- Bir neçə əsəri Müasir İncəsənət Muzeyindədir. Bəziləri də mənim
emalatxanamdadır. O yeri də bir muzey halına gətirmişik.
- Nəvələrinizdən incəsənətlə
məşğul olanı varmı?
- Lalə sənətşünasdır. Hazırda bu akademiyada muzeyin direktorudur.
Kəmalə Surikov adına Rəssamlıq Akademiyasını bitirib, rəngkardır. Bir sərgisi
burada, biri də Berlində keçirilib. Daha çox ailə ilə bağlı olduğundan az
işləyir. Amma ardıcıl işləsə daha yaxşı olar.
- Siz, üzünüzə demək olmasın,
sakit, təvazökar, mehriban insansınız. Ailədə necə olubsunuz? Çünki bəzi
insanlar işdə bir, evdə başqa cür olur olurlar.
- Yox, yox. Mən elə ailədə də siz tanıyan kimi olmuşam. Hər şeydən
əvvəl, mən evdə çox az olmuşam, daim işləmişəm. Digər tərəfdən, natura etibarı
ilə təbiətimdə komandirlik yoxdur. Həmişə bu fikirdə olmuşam ki, ailədə
səmimiyyət olması üçün ilk növbədə valideynlər arasında qarşılıqlı hörmət
vacibdir. Uşaq olan evdə heç vaxt qara-qışqırıq, əsəbi şərait olmamalıdır.
Qadına əl qaldırmaq isə yolverilməzdir.
- İnsanda hansı keyfiyyəti
daha yüksək qiymətləndirirsiniz?
- Xeyirxahlığı və əməksevərliyi.
- İnsan sevgisiz yaşaya
bilərmi?
- Bu suala daha yaxşı Səttar Bəhlulzadə cavab verə bilərdi. Əlbəttə
sevgisiz həyatın dadı olmaz. Ancaq, mənim fikrimcə, belə kişilər indi azdı.
- İnsan yaşa dolduqca uşaqlığı
keçən yerlərə can atır. O yerlər elə bil insanı daim özünə doğru çəkir...
- Mənim pasportumda doğum
yerim Dərbənd şəhəri qeyd edilib. Əslində mən Azərbaycanda anadan olmuşam.
Uşaqlıq illərim də Bakıda keçib. Ancaq atam istəyib ki, mən ata yurdumu
unutmayım. O, aqronom olub, Peterburqda oxuyub. Azərbaycana gələndən sonra dərs
deyib, həvəskar teatr dəstəsi yaradıb, rejissorluq da edib. Akademik Həsən
Əliyev deyirdi ki, sənin atan mənim ilk müəllimim olub.
- Heç ailəni dolandırmaq üçün "xaltura" edibsiniz?
- Çox. Məsələn, Kalinin adına zavod dönə-dönə mənə Kalinin portretini
sifariş eləyib. Mən də işləyib pulunu almışam. Əlbəttə o işlərin hamısına
"xaltura" demək də olmaz. Çünki çoxu bəyənilib, diqqət çəkənləri də
olub. Amma düzünü deyim ki, o işləri dolanışıq üçün işləmişəm.
- Ömər müəllim, siz indi
rektorsuz. Balaca vəzifə deyil. Heç kim inanmaz ki, Ömər müəllim rüşvət alır.
Bəs sizə rüşvət təklif edən olurmu?
- Müəyyən yolla rüşvət təklif edən olub, ancaq mən ona qapını
göstərmişəm və o şəxsə demişəm ki, məni təhqir etmə... Arabir konfet, şirniyyat
da gətirirlər, deyirəm aparın, neynirəm bu qədər konfeti.
- Bilmirəm indi nə qədər
pulunuz var. Birdən haradansa əlinizə çoxlu pul keçsə, nə edərdiniz?
- Bir dəfə yığıb-yığıb 50 min dollar toplamışdım. Həmin pula ürəyim
istəyən emalatxana tikdirdim. Xahişlə hökumətdən emalatxana almaq istəmədim.
Artıq pul mənim nəyimə lazımdı. Oğlumun və özümün kitabımı da öz puluma çap
etdirmişəm.
- Eşitmişəm ki, Azərbaycanın
Milli Qəhrəmanı Albert Aqarunovun Bakıda heykəlinin qoyulması üçün siz təşəbbüs
göstəribsiniz, hətta cibinizdən pul
xərcləyibsiniz. Məgər dövlət bu iş üçün vəsait ayırmamışdı?
- Dövlət ayıran pul çatmadı deyə, mən də az xərcləmişəm.
- Olur ki, bəzən insan
bilərəkdən, ya bilmədən kiminsə xətrinə dəyir və sonra peşmançılıq hissi
keçirir. Belə anlarınız olubmu?
- Xatırlamıram, bəlkə də olub.
.....
2005-ci ildə nəşr edilmiş "Ömər
Eldarov" adlı foto-kitab görkəmli heykəltəraşın yaradıcılığı barədə
oxucuda zəngin təəssürat yaradır. Foto-kitabdan: "Ömər Eldarovun
əsərlərində zaman və mənəviyyat onun bütün əsərlərində müxtəlif şəkildə özünü
göstərir, o, gələcəyi hiss edir. Onun əsərləri çox vaxt zamanı qabaqlayır
("Natəvan" və "Füzuli" kimi), bəzən əvvəlcədən hiss
etdirir. Ömər Eldarovun heykəlləri gələcəyi görməklə yaradılmışdır və gələcəyi
duymaq onun əsas səhətidir. Bu əsərlər zaman çatmamış meydana çıxır və gələcək
dəyişiklikləri bizə öz dililə aydınlaşdırır. Və onlar köhnəlməmiş, yenə bizdən
irəli gedir, bəlkə də bunlar üçün zaman mövcud deyil, çünki bəşəriyyətin böyük
mütəfəkkirlərinin əzəli ideyalarını təcəssüm etdirir".
.....
- Dostayevsiki deyib ki,
doğruculluq adama çox dost qazandırmaz, ancaq yaxşı dostlar qazandırar. Sizin
dostlarınız kimlər olub?
- Bir vaxtlarTokay Məmmədov yaxın,
ailəvi dostumuz olub. Onunla bir yerdə
oxumuşuq, birgə əsər işləmişik. Ancaq... (Gülür). Amma mən onu dostluqdan silə bilmərəm. Yaxın
dostlarım Nadir Abdurahmanov, Səttar Bəhlulzadə, Rasim Əliyev olublar.
- Ömər müəllim, kompüter
texnologiyası əsridir. Bu texnologiyalar memarlığa nə verir?
- Mənim yeni texnologiyalardan başım çıxmır. Bax, mənim telefonum da
budu, lap köhnə modeldir, barmaqla güclə işlədirəm. Yəqin daha gecdir... Amma nəticələrim hər şeyi
sürətlə edirlər.
- Bayaq dediniz ki, çox vaxt
nahardan sonra emalatxanada olursunuz.
- Bəli. Amma bu gün elmi konfransımız olmalıdır. Ola bilsin ki, bu
gün emalatxanaya gedə bilmədim...
.....
İstərdim, Ömər müəllimin yeni emalatxanasını
da görüm. Zaldakı gips heykəl və büstlərə, rəfdəki müxtəlif biçimli insan
fiqurlarına , bitməmiş eskizlərə tamaşa edim. Ömər müəllim də həmin əsərləri
necə işləməsindən danışsın. İstədim neçə il əvvəlki söhbətimizdə verdiyim "bu
yaşda işləmək sizə çətin deyil ki” sualını verim. Qorxdum, ürəyinə dəyə. Sualı
əvəzlədim. Soruşdum ki, işləyib yorulanda, yaxud darıxanda nə edirsiniz? Bu
sualıma nədənsə birbaşa cavab vermədi. Dedi ki, iş çoxdur, gərək yarımçıq
işləri tez qurtarım... Amma emalatxanada
heç vaxt darıxmıram. O qədər "insan"ın arasında darıxmaq olar? Fasilədə də oturub
yonulmamış daşlarla danışıram. Axı daşların da öz dili var. İşləyəndə də gərək
hərəsi ilə öz dilində "danışasan". Eləsi var üzüyoladır, ürəyi
yumşaqdır, ilk zərbədən "ağlayır". Eləsinin də ürəyi elə daş kimidir,
hər zərbəyə qəlpə vermir...
Ayrılanda Ömər müəllim mənə böyük kitab -
albom bağışladı. O kitabda onun daşlara bağışladığı illər bənzərsiz abidələr
şəklində sıralanıb. Tale ona da belə ömür payı verib.
Səməd Məlikzadə