“Dalğanı dəyişməyin” və ya danışır Azərbaycan Mili Radiosu

“Dalğanı dəyişməyin” və ya danışır Azərbaycan Mili Radiosu

Müsahibə
05 Noyabr 2019, 10:30 617
Müsahibimiz   "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Əməkdar jurnalist Rəşad Nəsirovdur.
 
- Rəşad müəllim,  noyabrın 6-da Azərbaycan Milli Radiosunun 93 yaşı tamam olur. 1926-cı ildən fəaliyyətə başlayan radiomuz böyük inkişaf yolu keçib. Ölkəmizin ilk radiosunun milli əqidənin dərkində, milli mənəvi dəyərlərin təbliğində böyük xidmətləri olub. Ana radionun tarixinə baxanda görürük ki, ona rəhbərlik edən şəxslərin arasında ən gənci sizsiniz. Gəlin oxuculara əvvəlcə sizi yaxından tanıdaq. 
- Rəşad Barat oğlu Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olmuşam. 1994-cü ildə Bakı səhər 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirmişəm. 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil almışam. ANS, "Lider” və "İctimai” telekanallarında çalışmışam. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də işləyirəm. Əvvəlcə radionun "Xəbərlər” redaksiyasında baş redaktor və sonra televiziyanın "Xəbərlər” informasiya proqramları studiyasının direktoru olmuşam. Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini təyin edilmişəm. 2017-ci ilin əvvəlindən milli radioya rəhbərlik edirəm.  Siz dediniz ki, radio tarixində ən gənc rəhbərəm. Bəli, bu müstəqil dövlətimizdə ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə göstərilən böyük etimaddır. 

- Bir əsrə yaxın yaşı olan radioya rəhbərlik etməyin məsuliyyəti yəqin ki, böyükdür? 
  -  Əlbəttə, öz ənənəsi olan, 93 yaşlı radioda rəhbərlik etmək olduqca məsuliyyət tələb edir. Burada, görün kimlərin dəsti-xətti var? Böyük ziyalılarımızın, Üzeyir Hacıbəylinin, Müslüm Moqamayevin, Bülbülün, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin və digər görkəmli şəxsiyyətlərin  izi, səsi, nəfəsi olan məkandır. Onlar  radioya - bu "sehirli qutu”ya xalqın maariflənməsi üçün böyük    ümidlə baxıblar. Sənətin, ədəbiyyatın, incəsənətin təbliğində, milli mənəviyyatımızın  zənginləşməsində radionun böyük əhəmiyyət daşıdığını düşünüblər. Vaxtilə burada çalışmış, böyük xidmətləri olmuş ziyalılarımızın  bünövrəsini qoyduğu bu ədəbi qurumda, belə möhtəşəm sənət məbədində işləmək həm də qürurvericidir. Bugünkü gündə biz çalışırıq ki, klassikliyi saxlayaq, lakin müasirliyi də əxz edə bilək,  dövrün tələbləri səviyyəsində zamanın tələbatına uyğun proqramlar hazırlayaraq. Ən böyük üstünlüyü qazanaq ki, hər zamankı kimi ilk olaq. Azərbaycan radiosunun kollektivi bu amala xidmət edir, öz ənənəsinə söykənərək maarifçilik ruhunda verilişlərini davam etdirir və  auditoriyaya təqdim edir.

- Ancaq auditoriya da əvvəlki deyil, indi radiolar çoxdur. İnformasiya almaq imkanları genişdir.
-  Uşaqlıqdan xatırladığım bir məqam var. Deyirdilər ki, televiziya radionun auditoriyasını tamamilə əlindən alacaq. Televiziyada gedən filmlər kinoteatrları qapadacaq, teletamaşalar teatrların sonuna çıxacaq. Ancaq bu belə olmadı. Hər bir sənət ocağı öz yerini qorumağa müvəffəq olub. Radio da auditoriyasının parçalanmasına baxmayaraq, öz nüfuzunu saxlamağa çalışır və rəqabətdə öz texniki imkanlarına görə daha böyük üstünlüyə malikdir. Televiziyada vizuallığa, görüntüyə üstünlük verilir, radioda isə səs əsas amildir. Səmimi ünsiyyət, səviyyəli və ürəkaçan  danışıq mütləqdir. Radioya həmişə "sehrli qutu” kimi yanaşırlar ki, görəsən danışanın siması necədir, yaşı neçə olar, cavandırmı və s.  Televiziyanın seyrçisi bunu düşünmür, çünki görür. Radioda dinləyici danışanın səsini eşidir və təxəyyülündə o səsin portretini yaradır. Radio ilə informasiya çox tez yayılır. Yəni texniki üstünlüyü ondadır ki, onu istənilən məkanda dinləmək mümkündür. İndiki dövrdə isə mobilləşib... O ki qaldı özəl və internet radiolarına, onlarla müqayisədə Azərbaycan radiosu respublika miqyasında bütün  elektron informasiya vasitələri üçün bir örnəkdir, radiojurnalistika məktəbidir.  Azərbaycan radiosunda zəngin proqramlar hazırlanır və auditoriyanın bütün yaş qruplarını əhatə edir. Burada təqdim edilən hər bir verilişin öz dinləyicisi var. 

- Rəqabət dövründə Azərbaycan radiosunun yeri və rolu nədən ibarətdir?
-  Milli radioda peşəkarlar çalışır. Burada "Xəbərlər”, "Səhər və musiqi verilişləri”, "Xalq yaradıcılığı”, "Uşaq verilişləri”, "Ədəbiyyat və incəsənət”  redaksiyaları fəaliyyət göstərir.   Son 10 ay ərzində 20-yə yaxın yeni layihə efirə təqdim etmişik. Müəyyən verilişlərimiz var ki, onlara yenidən baxılıb və yeni formatda işlənir.  Milli radioda uşaqlar, yeniyetmələr, gənclər, həm də orta və yaşlı nəsil üçün istənilən mövzuda verilişlər hazırlanır.  Ay ərzində 350-dən çox orijinal veriliş efirə verilir. Bundan başqa radionun səs fondunda 300 mindən artıq səs yazısı toplanıb. "Qızıl Fond”da görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. Bugünkü gündə həmin səslər lentlərdə qalmaq şərti ilə elektron daşıyıcılara köçürülür. "Qızıl Fond”dan bizim korifeylərimizin səsləri, əsərləri, radio söhbətləri yeri gəldikcə tez-tez efirə təqdim olunur. Fond verilişlərimizə həmişə maraq olub və indinin özündə də böyük tələbat var. Klassik verilişlərimiz çoxdur. Bizim bu il 50 illik yubileyi qeyd edilən "Bulaq” verilişimiz var. Azərbaycan radiosunda əbədiləşən verilişlərdən biridir. "Bulağ”ın hər efir sayı "Qızıl Fond”da düşür.  "Axşam görüşləri” verilişinin də 40-dan artıq yaşı var. Hörmətli akademik Rəfael Hüseynlinin müəllifi olduğu bu veriliş çox məşhurdur. Bu verilişin də bütün efir sayları fond nümunəsidir. 1994-cü ildən yayımlanan "Ovqat”ın da adını xüsusi qeyd etmək istəyirəm. Üzdə təbəssüm yaradan, əhval-ruhiyyənin yüksəlməsinə təsiri olan verilişdir. Radioda vaxtilə şöhrət qazanmış və bu gün də uğurla davam edən verilişlərin sayı çoxdur. 
Son vaxtlar daha bir fərqliliyimiz var. 3 dəqiqə, 5 dəqiqə ərzində informativ, qısa lakonik, amma insana müəyyən bir informasiyanı çatdıran verilişlər efirə təqdim olunur. Məsələn  "Niyə belə deyirik” rubrikası səslənir. Təzəlikcə qədim çalğı alətlərimizlə bağlı, müəyyən abidələrimizlə bağlı  3 dəqiqəlik təzə rubrikalarımız, informativ süjetlərimiz gün ərzində 3 və ya 4 dəfə ayrı-ayrı saatlarda yayımlanır. 

- Proqram səbətində ciddi dəyişikliklər olunub. "Praym taym”larda - insanların radioya daha çox  qulaq asdığı saatlarda canlı efirlərə üstünlük verilir. 
- Ana radionun əsas sütunu "Xəbərlər”dir. Biz  xəbər buraxılışlarını təzə formatda təqdim edirik. Beş dəqiqəlik xəbər bülletenlərinin vaxtı genişlənib, 10 dəqiqəyə çatdırılıb. Əsas üstünlüklərdən biri də odur ki, artıq müəyyən sinxronları da efirə təqdim edirik. Bu amil xəbəri daha da dolğun edir, bir növ konkretləşdirir. İnformativ mətn sanki tamamlanır. Analitik verilişlərimiz var. "Dünya bu gün” verilişi hər həftənin dördüncü günü bir saat ərzində yayımlanır. Günün aktual məsələsi şərh olunur. Prioritet olan vacib siyasi hadisələrə işıq salınır. Televiziya ilə sıx əməkdaşlıq edirik. Televiziyada gedən ictimai-siyasi verilişlərinin bəziləri, ən aktualı, günün ictimai-siyasi mənzərəsi ekranda olduğu kimi efirdə də öz əksini tapsın deyə, zəruri hallarda radioda emal edilərək, dinləyicilərə təqdim olunur. Bəzən vacib məqamlarda televiziyaya bağlanırıq. Yaxşı layihələrimizdən biri "Gəl Səhərim” musiqili-informasiya proqramıdır. Son vaxtlar biz onun formatını dəyişib daha unikal formada yayımlayırıq. Televiziyanın "Səhər” proqramı ilə ortaq yayımlar təşkil edirik. Beş dəqiqə ərzində bu yayım baş tutur. Həmin vaxt radioda aktual mövzular müzakirə olunur. 8. 45 və 8. 50 radələrində televiziya və radio aparıcıları salamlaşır və radionun qonağı təqdim olunur. Məqsəd tamaşaçının diqqətini radioya yönəltməkdir. Tamaşaçı auditoriyası bilsin ki,  "Azərbaycan radiosu -105 fm” fəaliyyət göstərir. Televiziyaya kütlə baxır, nəzərləri bir neçə dəqiqəlik radioya cəlb etmək baxımından bu, mühüm önəm daşıyır.  Həmin an səhər tezdən evdən çıxan, televiziya önündən ayrılan tamaşaçı mövzunun ardını radioda dinləmək imkanı əldə edir və artıq məlumatlanır ki, ana radioda günün hansı aktual mövzusundan söhbət gedir. Digər bir layihəmiz, "Retromaniya” verilişi retro musiqisinə aludə olan insanlar üçün hazırlanır və həftədə bir dəfə efirə gedir. Əsasən çalışırıq  ki, 70, 80 , 90 və 2000-ci illərin əvvəllərində məşhur olan mahnıları səsləndirək. Keçmişi xatırlamaq, xatirələri oyatmaq məqsədi ilə ötən illərin xarici və yerli estrada musiqilərinə yer veririk. Yerli estrada ifaçılarını efirə dəvət edirik. Yeri gəlmişkən, bu yaxınlarda radionun qonağı Sərxan Sərxan olub. Kütlənin yaddaşında silinməz izlər buraxan müğənnilər, qruplar efirə qonaq gəlir, canlı şəkildə ifa edir və keçmişi məmnunluqla anırlar. Maarifləndirici verilişlərimizin də sayı çoxdur. "Qadın səsi” verilişində aktual məsələlər qoyulur, gender bərabərliyi, qadınları düşündürən, narahat edən problemlərdən söhbət açılır, qadın millət vəkilləri verilişin qonağı olur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  nümayəndələrini dəvət edirik. Bu gün Azərbaycanın bölgələrində qadınlarla bağlı müəyyən problemlər yaşanır. Bu  kimi məsələləri verilişlərdə qabartmağa və müəyyən mənada həllinə kömək etməyə calışırıq. "Soruşun cavab verək” verilişi Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi ilə birgə işlənir. Verilişdə sosial məsələlər qabardılır, bu sahəyə aid mövcud qanunvericilik izah olunur, dövlətin  gördüyü işlərdən bəhs edilir, yeniliklər diqqətə çatdırılır. Çünki Azərbaycan dövləti əhalinin sosial rifahının gücləndirilməsi üçün adekvat addımlar atır və biz də bu sahədə məlumatın, informasiyanın genişləndirilməsinə çalışırıq ki, hər kəs məlumatlı olsun. Çox interaktiv verilişdir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qonaqlar gəlir. Canlı efirə dinləyicilər həm telefonla, həm də votsap vasitəsi ilə qoşulur, suallarını rahat şəkildə verə bilirlər. Digər verilişlərimizdən biri də "Həzin söhbətlər”dir. Musiqili verilişdir, axşam vaxtı, səsküylü saatlardan bir qədər sonra efirə təqdim olunur. Yeni verilişlərdən "Kadrarxası” çox maraqlı söhbətlər üzərində qurulur.  40-45 dəqiqəlik verilişdir, ancaq söhbət o qədər maraqlı olur ki, zamanın necə keçdiyini hiss etmirsən. Birnəfəsə qulaq asılır, dinlənilir. Verilişin adından  da bilmək olur ki, kadr arxasındakı məqamlardan danışılır. Azərbaycan filmlərinin çəkilişi zamanı baş verən olaylardan bəhs olunur. Çəkiliş  pavilyonlarında  iştirak edən aktyorlar, sənətkarlar efirdə qonaq olur, təəssüratlarını bölüşürlər. Bu yaxınlarda xalq artisti Hacı İsmayılov radioda qonaq olub. Onun duzlu-məzəli söhbəti, xatirələri film tarixini araşdıranlar üçün səs xəzinəsindən  dəyərli bir radiopublisistika nümunəsidir. Verilişdə adı çəkilən şedevr filmlərimizdən  qısa fraqmentlər,  parçalar da səslənir, istər-istəməz, kino göz önündə canlanır. Azərbaycan radiosunda "Uşaq verilişləri” redaksiyasında  uşaqlar  üçün də maarifləndirici və maraqlı verilişlər hazırlanır. Ayda  14-ə yaxın orijinal veriliş ərsəyə gəlir. Redaksiyanın yeni layihələrindən biri də "Şirin yuxular” verilişidir ki, həm televiziya,  həm də radio variantı təqdim olunur. 5-10 dəqiqə müddətində Xalq artisti, Azərbaycan radiosunun unikal səsi olan diktorlarından biri, İradə Ələkbərqızı balacalar üçün nağıl danışır. İradə xanımın  çox spesifik səsi var. Bu nağılların həm də tərbiyəvi əhəmiyyəti böyükdür.  

- Rəşad müəllim, bəs  efir  vəsiqəsi almayan verilişlər varmı, hələ ki, layihə şəklindədir və  üzərində iş gedir?  
-  Bəli, belə layihələrimiz də çoxdur. Avtomobillərlə bağlı  veriliş üzərində fikirləşirik. Düzdür, digər radiolarda bu verilişlər mövcuddur. Biz isə  fərqli ampluadan mövzuya yanaşmalıyıq, elə performas yaratmalıyıq ki, dinləyicilərin marağını tamamilə  özünə çəkə bilsin. Sıradan bir veriliş olmamalıdır. Özəl, fərqli proqramla auditoriyaya daxil olmalıyıq.

- Artıq verilişin adı bəllidir,  yoxsa hələ sirdir?
- Adını hələlik deməyək, ancaq aparıcılar  seçilib. 

- Nəzərə alsaq ki, radionu ictimai nəqliyyatda, ticarət obyektlərində, dayanıqlı vəziyyətlərdə çalışan, xüsusən də avtomobillərdə  dinləyən insanlar indi daha çoxdur, deməli, belə bir verilişin yaranması tələbatdan doğur və şübhəsiz ki, mövzu maraqlı olarsa, reytinq qazanması da şəksizdir. 
- Məhz buna görə həmin proqramın saat 18-19 radələrində efirdə yayımını düşünürük. Yəni bu, bir reallıqdır ki, paytaxtımızın  həmin vaxtı avtomobillərin sıxlığı ilə müşahidə olunur. Belə məqamlarda radio sürücülərin, sərnişinlərin qulaq yoldaşıdır. Fürsətdən istifadə edib, belə vaxtlarda  diqqət çəkici proqramla eşidilməyimiz, maarifləndirici söhbətlər effektli ola bilər. Əminəm ki, düşündüyümüz layihə  Azərbaycan radiosunun özəl bir proqramı kimi uğurlu olacaq və dinləyicilərin böyük üstünlüyünü qazanacaq. İdmanla bağlı verilişlərimiz də yetərincədir. "Ekstra taym" verilişinə qonaqlar dəvət edilir, mütəxəssislər gəlir, mövzular canlı şəkildə müzakirə olunur, həmçinin dinləyicilər  də söhbətə  qoşulur. Son bir neçə ay ərzində artan tendensiya ilə deyə bilərik ki, elektron kütləvi informasiya vasitələri, saytlar ən son idman xəbərlərini Azərbaycan radiosuna istinadən də yayımlayırlar. Müşahidə edirik ki, bu verilişdə səslənən bütün idman növləri ilə bağlı qaynar, isti xəbərlər informatorların diqqətini çəkdiyindən tez bir zamanda müxtəlif saytlarda yerləşdirilir. 
 


- Azərbaycan Beynəlxalq Radiosunun da fəaliyyətinə qısaca toxunardınız.  
- Beynəlxalq radioda 9 dildə verilişlər hazırlanır. Azərbaycan dilindən başqa, rus, fars, türk, ərəb, erməni, gürcü, ləzgi, talış, kürd dillərində ərsəyə gətirilən proqramlar gündəlik olaraq qısa və orta dalğalarda eşidilir, həmçinin internetlə yayımlanır. Burada da illərinin təcrübəsinə yiyələnən sənətkarlar, veteran jurnalistlərimiz çoxdur. Lakin bununla yanaşı,  kollektivin cavanlaşdırılmasına, yeni gənc kadrların radioya cəlb edilməsinə də səy göstərilir. Buranın özəlliyi odur ki, ayrı-ayrı dilləri mükəmməl bilən mütəxəssislər işləyir, yaşlı və gənc nəsil bərabər çalışır. Azərbaycanın beynəlxalq miqyasda tanıdılması, dünəni, bu günü, ictimai-siyasi proseslərinin işıqlandırılması, mədəni, milli, mənəvi dəyərlərimizin təbliğ olunması, ölkəmizin yaxından tanıdılması istiqamətində maraqlı və məzmunlu verilişlər hazırlanır. Burada çalışan yaşlı nəslin radioya böyük töhfəsi var. Gənclərə ustad biliklərin öyrədilməsində rolu böyükdür. Müasir gənclik onlardan əxz olunacaq, görüb-götürüləcək bir çox nüansları öyrənir, milli varlığımızı dünyaya tanıtmaq kimi çox məsul bir işin öhdəsindən ləyaqətlə gəlməyə çalışır və deyərdim ki, öz işlərini uğurla icra edir, yüksək səviyyədə  buna müvəffəq olurlar. Azərbaycan dilində yayımlanan "Vətən” verilişinin əhatə dairəsi, auditoriyası genişdir.  Xaricdə yaşayan soydaşlarımız dəfələrlə bildirirlər ki, radio vasitəsilə ana dilinin özəlliklərini qorumağa müvəffəq ola biliblər. 

- Rəşad müəllim, hiss edirəm ki, get-gedə radioya daha çox bağlanırsınız. Baxmayaraq ki, siz jurnalistikaya televiziyadan gəlibsiniz, ancaq radio sizi daha çox cəlb edir. Radionun özünəməxsus yaradıcılıq ampluası var, burada çalışmaq maraqlıdır deyəsən?  
-      Mən radionu əvvəldən sevmişəm. Bu mühitdə çalışdıqca, o dərinliyə endikcə, səslər aləmində olduqca bura sevgim təbii ki, daha da çoxalır. Yaradıcılıq sferasının mürəkkəbliyinə vardıqca, radionun özəl mühitini qavradıqca, bir sözlə radioda keçən günlərim buranın daha da əzəmətli olduğunu xəbər verir. Azərbaycan radiosunun çox gözəl kollektivi var. Ənənəsi olan yaradıcılıq aləmidir. Mən bəlkə də min birinci dəfədir ki, bunu təkrarlayıram. Burda təsadüfi insanlar yoxdur. Radio əməkdaşları ilə gündəlik,  həftəlik  planlaşmalar aparırıq, dəyirmi masada 7-8 nəfər baş redaktor oturur, mən baxıram ki, hərəsi bir professordur, hərəsi bir alimdir, öz işinin peşəkarıdır. Ömürlərini Azərbaycan radiosunun inkişafına həsr edən adamlar var ki, onların yaradıcılığı bir məktəbdir. Bəzi əməkdaşlar canlı ensiklopediyadırlar. Belə insanların qədrini bilmək lazımdır və illər keçəndən sonra onların yeri görünəcək. Radionun veteran jurnalistlərinə həmişə dəyər verir və onlara böyük ehtiram göstəririk. 

- Belə insanlarla çalışmaq həm rəhbərliyin qarşısında bir məsuliyyət qoyur, həm də idarəçilik üçün bir stimul verir.
-  Sözsüz, qısaca, bura böyük sənət dünyasıdır və ölkəmizdə  yeganə radiojurnalistika məktəbidir. 

- Sözünüzə qüvvət, ana radionun ən böyük  üstünlüyü ondadır ki, radiojurnalistika burda güclü inkişaf edib. Səs, söz, musiqi tamlığı hər hansı radio söhbətini bütövləşdirir. Bir efir məhsulu üçün bütün kollektiv, yaradıcı heyət cəlb edilir. Sözə qarşılıq musiqi parçası tapılır, fikir dinləyiciyə hər üç elementin vəhdəti sayəsində çatdırılır. Məhz əsərin qayəsi o zaman  açılır. Yeri gələn anda təqdim edilən səs rəngarəngliyi, kinofilmlərdən parçalar, tamaşalardan hissələr, yaxud digər istənilən mövzuda səslənən ayrı-ayrı  effektlər,  radioda sənətkarlığın inkişafı, radio sənətinin təşəkkülü baxımından əhəmiyyətli yaradıcılıq proseslərindən hesab edilir.  Müxtəlif səs palitrası sanki dinləyicini ovsunlayır.
- Onun üçün də güclü rejissor qrupu olmalıdır və radiomuzun bu sarıdan bəxti həmişə gətirib. Yüksək peşəkarlığa malik olan, əla dərəcəli rejissorlarımız səslə sözün bağlılığını gözəl ehtiva edirlər. Yüzlərlə verilişlərdən misallar çəkmək olar. Hansı sözdən sonra hansı musiqinin işlənməsini,  hansı epizodun yerləşdirilməsini gözəl şəkildə bacarırlar. Yazılan mətnə bir neçə istiqamətdən, müxtəlif rakurslardan baxılır. Qısaca desək, bir verilişin üzərində bir neçə yaradıcı şəxs çalışır. Redaktorla yanaşı, rejissor, aparıcı,  musiqi tərtibatçısı, operator, məsul şəxs qismində bütöv yaradıcı heyət məsuliyyət daşıyır. Artıq mən neçə ildir ki, bu sahədə çalışıram, ancaq yenə də hər gün yeni nəsə öyrənirəm. O qədər maraqlı və mürəkkəb  sahədir ki... Radiojurnalistika günü-gündən inkişaf edir, yeni forma və çalarlar yaranır, format dəyişikliyi baş verir,  yeni-yeni   performaslar  meydana çıxır, yaradıcılıq axtarışları genişlənir. Ana Radio ölkəmizdə bir ilkdir və bünövrəsi, ənənəsi olan məktəbdir.
 
 

- Azərbaycan radiosunun tarixi nailiyyətlərindən danışarkən ən böyük xidməti dilimizin saflığına çalışması, ədəbi dilin inkişafı  istiqamətində gördüyü işlərdir. Məxsusi olaraq qeyd edilir ki, Azərbaycan milli radiosunda ana dilinə xüsusi hörmət və ehtiramla yanaşılır. Yüksək səviyyəli danışığı ilə seçilən və nümunə olan  elit radio hesab edilir. Araşdırmalar zamanı məlum olur ki, hətta televiziyalara, özəl  radiolara, bütün elektron kütləvi informasiya vasitələrinə örnək hesab edilir. 
- Azərbaycan dilinin qorunmasında Azərbaycan radiosunun unikal səsə malik diktorların əməyi təqdirə layiqdir. Qeyri-adi səsi olan, informasiyanı özününküləşdirib təqdim etməyi bacara bilən diktorlarımız efirdə çalışır. Onların AzTV-nin akademiyasında ustad dərsləri təşkil edilir. Gənclərə danışıq dilinin xüsusiyyətlərini, natiqlik sənətinin incəliklərini tədris edirlər. Efirə təzə gələn gənclərlə mütəmadi məşğul olurlar. Hətta aktyorlar,   səhnə insanları belə onlardan, ana radionun diktorlarından çox şey öyrənirlər, ədəbi danışıq qaydalarını, sözlərinin deyiliş formalarını, heca vurğularının necə işlənməsini mənimsəyirlər. 

- Rəşad müəllim, keyfiyyəti daha da artırmaq üçün Bədii Şura yaradıldı.
-  Bəli, bu yaxınlarda radioda da Bədii Şura yaradıldı. Bədii Şurada təmsil olunan ziyalıların üzərinə böyük məsuliyyət  düşür. Adından da göründüyü kimi Bədii Şura efirə hazırlanan verilişlərin bədii tərtibatı, musiqi düzümü ilə bağlı məsələləri nəzarətə götürüb. Məqsəd milli və klassik musiqinin geniş təbliğ olunması,  bayağı musiqinin qarşısının alınmasıdır. Adı ilə məzmunu uyğun gəlməyən verilişlərin  tematikası araşdırılır. Elə verilişlər var ki, ad və məzmun cəhətdən də bir-birinin eynidir, onların ixtisarı, daha maraqlı olanın seçimi və mükəmməlliyi üçün səy göstərilir. "Ədəbiyyat və incəsənət”  və "Xalq yaradıcılığı” redaksiyasının verilişlərinin mövzu yaxınlığı  var və oxşar proqramlar təqdim edirlər. Bədii Şura  bu məsələyə də diqqətlə yanaşacaq. Təqdim edilən hər bir efir məhsulunun özünəməxsusluğu olmalıdır. 

- Ana radionun təbliği istiqamətində hansı işlər  görülür?
-  Əməkdaşlarımız sosial şəbəkələrdə çox fəaldır.  Ana radionun özünün "instaqram” səhifəsi də var. "105 FM Azərbaycan radiosu”  adlanır. Burada səhər efirə gedəcək verilişlərin anonsları səslənir. Canlı verilişlərinin qonaqları haqqında məlumatlar əks olunur. Sosial şəbəkələrdə elanlar  verilir ki, dinləyicilərin məlumatı olsun. Söhbətə qoşulmaq istəyənlər ünün imkan yaransın ki, maraqlandığı sualları təqdim edə bilsinlər. 

- Rəşad müəllim, təzəlikcə ölkəmizdə radio yayımında yüksək keyfiyyətli rəqəmsal keçidə nail olunub. 
- Azərbaycanda ilk dəfə olaraq, 26 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan radiosu rəqəmli test yayımına başlayıb.  Hazırda DAB+ standartlı rəqəmli radio FM diapazonunda analoq radio ilə paralel yayımlanır. Məlumat üçün bildirim ki, ölkəmizdə DAB+ standartlı rəqəmli radio yayımına başlanmasına dair məlumatlar Cenevrədə Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan «WorldDAB» Forumunun məlumat bazasında və «www.worlddab.org» rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Belə ki, 30-a yaxın ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı əlavə edilib. Rəqəmli radio yayımının üstünlüyü odur ki,  bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir. Eyni zamanda, bu növ yayımın qəbuledicinin yerləşdiyi  avtomobil, qatar və digər hərəkət edən obyektlərin sürətindən asılı olmayaraq radiosiqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur. Rəqəmli radionu məişət və avtomobillərdə qəbul etmək üçün DAB+ standartını dəstəkləyən qəbuledicilər tələb olunur. 2012-ci ildən sonra Avropada istehsal edilən avtomobillərdə DAB+ standartını dəstəkləyən radioqəbuledicilər mövcuddur. Onlara müvafiq proqram təminatı yükləməklə rəqəmli radionu qəbul etmək mümkündür.

- Rəşad müəllim, sonda Sizi  və  doğma radiomuzun bütün kollektivini 6 noyabr radio işçilərinin peşə bayramı münasibəti ilə  təbrik edirəm və yaradıcılıq uğurları arzulayıram. 
-  Mən də fürsətdən istifadə edərək radio günü münasibəti ilə kollektivimizin hər bir üzvünü, bütün əməkdaşlarımızı, taleyini radioya bağlayan əmək veteranlarımızı, efir dostlarımızı, özəl və internet radiolarında çalışan həmkarlarımızı, radionu yol yoldaşı, qulaq sirdaşı bilən milyonlarla dinləyicilərimizi, ölkəmizdən kənarda yaşayan, xaricdə məskən salan, radiodan Azərbaycan ətrini duyan soydaşlarımızı təbrik edirəm. Radionun bayramı elin, obanın bayramıdır. Bayramınız mübarək olsun əziz dinləyicilər. 
 
Şəlalə Məhyəddinqızı