• şənbə, 27 Aprel, 03:24
  • Baku Bakı 14°C

Dairənin içindəki və çölündəki Mehman

08.03.17 09:15 868
Dairənin içindəki və çölündəki Mehman
Azərbaycanda bir qrup adam var. Özləri üçün dar bir dairə çəkib, bütün dünyanın o dairənin içində hərəkət etdiyi görüntüsü yaratmağa çalışırlar. Bəzən özlərini də inandırırlar ki, hər şey çəkdikləri dairənin içində dövr edir. Bu dairənin içində olanların öz həqiqəti, dünyaya öz baxışları olur. Öz qəhrəmanlarını yaradıb, ona sitayiş edirlər, bəzən də özləri üçün düşmən obrazı yaradıb, dairənin içində onu linc edirlər.
Zaman-zaman dairənin qəhrəmanları da dəyişir. Bir vaxtlar ideallaşdırdıqları, ədalət ilahəsi hesab etdiklərini az sonra mənasız bir adama çevirməkləri də var. Bu dairənin içində Azərbaycanın qanunları işləmir. Məsələn, dairənin qəhrəman hesab etdiyi birisi heç kimə xəbər vermədən, heç bir dövlət orqanını məlumatlandırmadan cəbhə bölgəsinə yollanıb, məlumat toplamağa çalışır. Bunu müəyyən edən hüquq-mühafizə orqanları onu aşkarlayır, saxlayır, sorğu-suala tuturlar, dairənin içində vay-şüvən qopur. Saxlanılan şəxsin məhz dairənin içindən olduğuna görə hədəfə alındığı iddia olunur, alqış, qarğış bir-birinə qarışır. Bir neçə saat sonra sorğu başa çatır, cəbhə bölgəsinə icazəsiz yollanan şəxs sərbəst buraxılır, şadyanalıq başlayır. Bir nəfər demir ki, qardaş, adam müharibə, döyüş əməliyyatları gedən bölgəyə xəbərdarlıqsız getməz axı. Dünyanın hər ciddi ölkəsində belə bir qayda var axı. Və ya hansı ciddi ölkə döyüş əməliyyatı apardığı bölgədə məlumat toplayan, fotolar çəkən şəxsiyyəti, kimliyi məlum olmayan bir şəxsi nəzarətsiz buraxar, saxlamaz, sorğu-sual etməz? Bu suallar dairənin işində eşidilmir...
Son günlər isə dairənin əsas qəhrəmanı bu günlərdə məhkəmə qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən bloqger Mehman Hüseynovdur. Neçə gündür dairənin daxilində Mehmanı bütləşdiriblər. Bəziləri hətta onu Milli Qəhrəman Çingiz Mustafayevlə müqayisə etməyə imkan tapıb, biriləri isə onu Azərbaycan jurnalistikasının simvolu kimi təqdim etməkdən də çəkinmir.
Amma dairədən kənarda hamıya yaxşı məlumdur ki, Mehman jurnalist deyil. İndiyə kimi onun hər hansı ciddi media orqanında hansısa yazısına rast gəlinməyib. Elə bir parlaq karyerası da yoxdur. Fəaliyyəti ancaq sosial şəbəkələrdə çəkib təqdim etdiyi süjetlərlə məhdudlaşıb. Sosial şəbəkədə idarə etdiyi səhifə ilə bir qrup izləyici də toplayıb. Dairədən kənardakılara o da məlumdur ki, Mehman bu fəaliyyəti boyu daim qanunları, şəxsi həyatın toxunulmazlığı prinsipini görməzdən gəlib. Tez-tez istifadə etdiyi qeyri-etik ifadələrlə gündəmdə qalmağa çalışıb. Bəzən isə ondan alət kimi istifadə edildiyini dərk etmək imkanında belə olmayıb.
Amma dairənin kənarında ölkə boyu işləyən qanunlar var. O qanunlara görə, kimsə kimsəni təhqir edə bilməz. Bu, Mehmana da aiddir. O, bir müddət əvvəl başqa bir vətəndaşı təhqir edib, həmin vətəndaş məhkəməyə müraciət edib, məhkəmə də mövcud qanunlara istinadən onun haqqında 2 illik həbs qərarı çıxarıb. Dairədən kənarda hamı bilir ki, məsələnin mahiyyəti məhz budur. Dairənin içindəkilər isə hay-həşir salıblar ki, ay aman, qoymayın, Azərbaycanda jurnalist həbs olunub. Maraqlıdır ki, dairənin içindən gələn bu zəif səs necə olubsa, dərhal gedib Avropaya, Amerikaya çatıb. ABŞ Dövlət Departamenti operativ şəkildə məsələyə münasibət bildirib, ənənəvi jurnalist təşkilatları dairənin içindəkiləri həvəsləndirən bəyanatlar veriblər. Halbuki dünyanın istənilən özündən deyən demokratik ölkəsində yazı-pozu adamları ən müxtəlif səbəblərdən həbs olunur, amma buna Azərbaycandakı kimi reaksiya verilmir. Bununla bağlı yüzlərlə misallar çəkmək olar.
Dairənin içindəkiləri sevindirən tədbirlər tez-tez dünyadakı ermənipərəst qüvvələr tərəfindən də təşkil edilir. Amma bu, heç kimi maraqlandırmır. Belə məsələlərdə dairənin içindəkiləri milli təəssübkeşlik, işğal altındakı torpaqlar maraqlandırmır. Obrazlı desək, onlar xoşlarına gələndə ermənipərəstlərə də məmnuniyyətlə "dayı” deyirlər. Təki onların ürəyincə olanları desinlər. Əslində isə dairənin içindəkilər özləri elə o qüvvələrin robotuna çevriliblər. Məhz o dairələr neçə illərdir Azərbaycan torpaqlarının işğalına göz yumurlar, 25 ildən artıqdır hüququ pozulan 1 milyondan çox qaçqını yox, Mehman kimləri düşünürlər. Guya bu ölkəni Mehman və onun kimilər düzəldəcəkmiş!
Çıxmaq lazımdır o dairədən! Ölkədə və dünyada baş verənlərə o dairənin kənarından baxmaq lazımdır. Onda aydın görünəcək ki, Mehmanın həbsinin onun peşə fəaliyyəti ilə əlaqəsi yoxdur. Onda bilinəcək ki, bu, məişət səviyyəsində olan adi bir məsələdir. Amma ciddi səbəblər olmadığından, bizə qarşı məhz bu bəhanədən istifadə edilir...
İlham QULİYEV
banner

Oxşar Xəbərlər