• cümə, 26 Aprel, 17:23
  • Baku Bakı 23°C

“Dahinin istəyi, qələmin qüdrəti”

04.06.15 18:19 1630
“Dahinin istəyi, qələmin qüdrəti”
“Bu məqalələrdə qoyulan problemlər və dəyərləndirmələr mətbuat tariximizin bizə məlum olmayan faktlarının elmi dövriyyəyə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir”. Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, publisist Qərənfil Dünyamin qızının elmi-publisistik və bədii məqalələr toplusundan ibarət “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabının təqdimat mərasimində səsləndi.
Yenicə çapdan çıxan topluda müəllifin 2014-2015-ci illərdə qələmə aldığı və ölkə mətbuatında, əsasən “Kaspi” qəzetində dərc etdirdiyi elmi-publisistik və bədii məqalələri yer alıb. Jurnalistika sahəsinin mütəxəssisləri, gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması məsələlərinə həsr edilən məqalələr üstünlük təşkil edir. Ümumilikdə topluda 45 məqalə yer alıb. Məqalələrin əksəriyyəti Azərbaycan klassik publisistikasında özünəməxsus yeri və rolu olan ictimai fikir adamlarının həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə, ədəbi-bədii irsinə həsr edilib. Müəllif klassik publisistikanın müraciət etdiyi mövzuların bu gün də aktual və əhəmiyyətli olduğunu dönə-dönə oxucusuna çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın Azərbaycan jurnalistikasına yeni elmi baxışı ilə diqqəti cəlb etdiyini vurğuladı: “Sovet dövründə jurnalistikada marksizm baxışı əsas idi. Mətbuat tarixinə həsr olunan son əsərlərdə bu baxış yenə də qalır. Amma topluda yer alan məqalələr Azərbaycan mətbuatına yeni baxışı əks etdirir”.
Hər bir xalqın, o cümlədən Azərbaycan xalqının həyatında mətbuatın böyük rol oynadığını vurğulayan MŞ sədri kitabın Azərbaycanın mətbuat tarixinə, görkəmli şəxsiyyətlərinin mətbuatımızda oynadığı rola, Xalq Cümhuriyyəti dövrünə güzgü tutduğunu qeyd etdi: “Toplu lakonik və sadə dildə yazılıb. Özünü tanımaq, sevmək üçün hər bir ziyalı bu kitabı oxumalıdır”.
MŞ sədri topluda Azərbaycan qadınının təmiz, saf, ailəyə sədaqətli obrazının yaradıldığını, ümumən insanlara sevginin üstünlük təşkil etdiyini bildirdi: “Nəşrdə əsas məqam hər şeyə sevgi ilə yanaşmaqdır”.
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva publisistin bu topluda arxiv materiallarına söykənərək sanballı tədqiqat məqalələri ortaya qoyduğunu qeyd etdi: “Söhbət tarixə münasibətdən gedir. Toplu tarixə sevgi ilə yazılıb. Tarixdə iz qoyan şəxsiyyətlərin həyatından yazmaq, onların fəaliyyətlərini işıqlandırmaq və doğru-düzgün xalqa çatdırmaq böyük zəhmət və məsuliyyət tələb edən işdir. Qələm iki cür yaza bilir, ya böyük sevgi ilə, ya da qərəzlə.... Bu qələmdə böyük sevginin olduğunu biz hiss etmişik ”. S.Vəliyeva qeyd etdi ki, publisistin bir çox məqalələri Azərbaycan mətbuatının inkişaf yoluna, ayrı-ayrı qəzet və jurnalların fəaliyyətinə həsr olunub.
S.Vəliyeva kitabda toplanan məqalələri hər bir azərbaycanlının oxumasını tövsiyə edərək, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Məryəm xanım Bayraməlibəyova və digər görkəmli şəxsiyyətlərin həyatının bütün zamanların insanları üçün böyük örnək olduğunu diqqətə çatdırdı: “Həmin məqalələrin qəhrəmanları çağdaş ədəbi, elmi və mətbuat tarixinin görkəmli nümayəndələri kimi ictimai həyatımızda böyük rolları olan şəxsiyyətlərdir”.
Mətbuatın hər bir xalqın həyatında mühüm yer tutduğunu qeyd edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov: “Mətbuat nə qədər qədimdirsə, o xalqın tarixi də o qədər qədimdir”, - deyə qeyd etdi: “Qərənfil xanım topluda klassik jurnalistika tarixini, o dövrün mətbuatını aydınlıqla işıqlandırıb və müasir dövrün mətbuatına işıq tutub”. Rektor Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov kimi şəxsiyyətlərin ictimai-siyasi xadim, yoxsa jurnalist olmalarının araşdırılmasına ehtiyac olduğunu bildirdi: “Hesab edirəm ki, onlar ictimai-siyasi xadim olublar. Amma milli təəssübkeşlik ortaya qoymaq üçün öz düşündüklərini milli zəmində xalqa çatdırmaq istəyiblər”.
Millət vəkili gənclərimizin formalaşması, milli ruhda tərbiyə olunması üçün bu cür kitabların nəşrinə ehtiyac olduğunu vurğuladı: “Bu nəşrlər ideoloji iş metodlarından biridir. Böyüyən nəsil mətbuat tariximizdən xəbərdar olmalıdır”.
Klassikaya məhəbbətin jurnalistika məktəbindən yarandığını qeyd edən professor Cahangir Məmmədli nəşr edilən toplunun klassik “Kaspi”nin ənənələrini yaşadaraq, müasir “Kaspi”də yenidən gündəmə gətirildiyini vurğuladı: “Məqalələrin hamısında bədii çırpıntılar var. Bu, Həsən bəy Zərdabi fenomenindən tutmuş Qılman İlkinə qədər olan münasibətdir”.
“Tariximiz həm də taleyimizdir”- deyən professor Şamil Vəliyev tarixə istinad etmədən irəli getməyin mümkün olmadığını bildirdi: “Biz fəaliyyətimizdə tarixə istinad etməliyik. Bu istiqamətdə kim nə iş görsə, müasir Azərbaycan tarixində izi qalacaq”.
Əməkdar jrnalist Flora Xəlilzadə həmkarının yaradıcılığını yüksək dəyərləndirərək: “Ələ qələm almaq o qədər çətin deyil. Əsas odur bioqrafiyan təmiz olsun və ondan yaradıcılığına ziya düşsün”, - deyə qeyd etdi: “İnanıram ki, yeni toplu böyüyən nəsil və ümumilikdə Jurnalistika fakültəsinin tələbələri və gələcək jurnalistlər üçün gözəl mənbə olıacaq”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu milli mətbuat tariximizin ayrı-ayrı səhifələri, həm də ayrı-ayrı abidələri – ictimai fikir nəhəngləri haqqında məqalələrin yer aldığı toplu haqqında xoş fikirlər səsləndirdi: “Nəhəng ictimai fikir sahibləri həm ideoloq, həm də jurnalist olublar. Topludakı məqalələr onların fəaliyyətini hər iki istiqamətdə işıqlandırır. Bu kitab mətbuat tarixinə yeni yanaşma, yeni çağırışdır. Bu cür tədqiqatlara ehtiyac var”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuat tarixinin zəngun ənənələrə söykəndiyini, klassik publisistlərin mətbuat tarixinə böyük töhfə verdiklərini xatırladaraq, indiyə qədər bu sahədə mühüm tədqiqatlar aparıldığını qeyd etdi: “Milli mətbuat tariximizlə bağlı nə qədər çox tədqiqatlar ortaya çıxsa, müasir mətbuatımız üçün o qədər əhəmiyyətli olar”.
Kitabın müəllifi Qərənfil Dünyamin qızı tədbirin təşkilatçılarına təşəkkür edərək, nəşrə görə “Kaspi” qəzetinin rəhbərliyi və kollektivinə minnətdarlıq etdi: “Bu uğur təkcə mənim deyil, “Kaspi” qəzetinindir, kaspiçilərindir”. “Kaspi” ilə artıq 3 ildir ki, əməkdaşlıq etdiyini bildirən publisist bu müddətdə üç kitab yazdığını da qeyd etdi: “İnanıram ki, “Kaspi” qəzeti ilə əməkdaşlığımın davam edəcəyi müddətdə hər il bir kitabla oxucuların görüşünə gələcəyəm”.
Tədbirin sonunda Qərənfil Dünyamin qızı Mətbuat Şurasının diplomu ilə təltif olundu.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər