• şənbə, 27 Aprel, 00:07
  • Baku Bakı 14°C

“Daha böyük qələbə diplomatik cəbhədə yaşanıb”

12.04.16 11:05 2925
“Daha böyük qələbə diplomatik cəbhədə yaşanıb”
Aprel ayının ilk günlərində cəbhə xəttində yaşanan gərginlikdən sonra beynəlxalq aləmin diqqəti yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəlib. Demək olar ki, əksər ölkələrin mediasında bu münaqişə ilə bağlı yazılar dərc olunmaqdadır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bir daha bəyanatla çıxış edərək, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs barədə razılaşmaya əməl etməyə, bu razılaşmaların pozulmasına yol verməməyə çağırdığını dilə gətirib. O, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsindən Rusiyanın narahat olduğunu vurğulayıb. Belə bir vaxtda o da məlum olub ki, aprelin 12-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iştirakçı ölkələrinin xarici işləri nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) aprelin 18-də keçiriləcək yaz sessiyasında da “Dağlıq Qarabağ münaqişəsində bu yaxınlardakı faciəvi eskalasiya” mövzusu müzakirə olunacaq. Dörd günlük müharibə, danışıqlar prosesi, rusiyalı diplomatların fərqli bəyanatları, Ermənistandakı ictimai-siyasi vəziyyət və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Şərq-Qərb Araşdırmalar Mərkəzi, politoloq Ərəstun Oruclu cavablandırır.
- Ərəstun bəy, cəbhə xəttində aprel ayının 1-dən 4-ə kimi davam edən gərginlikdən sonra yaranmış vəziyyəti, xüsusən də atəşkəsin bərpasının ardınca aparılan sülh danışıqlarının gedişini necə dəyərləndirirsiniz?
- Atəşkəsin özü və cəbhədə baş verən qarşıdurma çoxları üçün gözlənilməz oldu. Belə bir oturuşmuş fikir formalaşmışdı ki, Azərbaycan heç bir hərbi əməliyyata başlamayacaq və bu, bizə lazım deyil. Lakin bu stereotipi aprel ayının ilk 4 günü ərzində cəbhə xəttində yaşanan olaylar dağıtdı. Biz gördük ki, genişmiqyaslı hərbi əməliyyat başlandı və faktiki olaraq, Ermənistanın gözləntiləri, ümidləri özünü doğrultmadı. Yəni, Ermənistanda öyrəşmişdilər ki, onların davranışlarına dünya kifayət qədər dözümlü yanaşır, hətta bir sıra hallarda onu açıq şəkildə müdafiə edirlər. Ancaq bir neçə gün bundan öncə baş verən hərbi əməliyyatlardan sonra bu, baş vermədi. Çünki, hər kəs vəziyyətin kifayət qədər ciddi olduğunu, bu hadisələrin böyük bir müharibəyə çevrilə biləcəyini anladı. Təbii olaraq sonrakı proseslər bundan, məhz 4 günlük müharibənin nəticəsindən asılı olacaqdır. Bu gün Azərbaycan da kifayət qədər şəhid veribdir. Allah onların hamısına rəhmət eləsin. Bəziləri buna görə məyusluq yaşayır və düşünür ki, cəmi bir neçə yüksəkliyə, mövqeyə görə bu qədər insan itkisinə dəyərdimi? İlk baxışda bəlkə də bu, belə görünür. Amma bu məsələyə insani, humanist, emosional nöqteyi-nəzərdən deyil, sırf strateji, politoloji tərəfdən yanaşanda görərik ki, əslində daha böyük uğur, daha böyük qələbə diplomatik cəbhədə yaşanıb. Hadisələrdən dərhal sonra yüksək səviyyəli Rusiya rəsmilərinin İrəvana deyil, Bakıya səfər etmələrinin şahidi olduq. Hər kəs çalışırdı ki, Azərbaycanı özünə gətirə bilsin, inandırmağa çalışsın ki, hərb yoluna əl atmaq lazım deyil, münaqişənin həllində biz də maraqlıyıq və sair. Bunun ardınca diplomatik fəallıq başlandı. Hesab edirəm ki, bu, ancaq başlanğıcdır. Dinamika mütləq olacaq və bu dinamika yenə də Azərbaycanın davranışından asılı olacaqdır. Fikrimcə, biz bu məsələdə israr etsək, beynəlxalq birlik, o cümlədən Rusiya Ermənistanı güzəştə getməyə məcbur edəcək.
- Siz diplomatik qələbənin daha böyük olduğunu qeyd etdiniz. Zəhmət olmasa, bu barədə fikrinizi bir qədər geniş bildirərdiniz. Ümumiyyətlə, bu 4 günlük müharibənin nəticəsi Azərbaycana danışıqlar prosesində hansısa divident gətiribmi?
- Əlbəttə ki, divident oldu. Azərbaycan göstərdi ki, danışıqlar səmərəsiz olarsa, ölkəmizin mövqeyi, onun ədalətli tələbi, torpaqların işğaldan azad olunması barədə beynəlxalq hüququn tələbləri reallaşdırılmazsa, öz ərazi bütövlüyünü ordu gücünə, hərbi yolla bərpa edə bilər. Əgər bu günə qədər bu yöndə verilən bəyanatlar yalnız söz-söhbət kimi qəbul olunurdusa, artıq indidən sonra bu barədə səslənən fikirlər real, atılması mümkün olan addımlar kimi qəbul olunacaq.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazir Dmitri Medvedev Bakıda olarkən münaqişənin həlli ilə bağlı fikirlərini bildirdilər. Onlara nisbətdə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda söylədiyi fikirlərlə daha çox ermənipərəst mövqedən çıxış edib. Rusiyalı rəsmilərin səsləndirdiyi bəyanatlar, həmçinin onların davranışları ilə bağlı mövqeyiniz nədən ibarətdir?
- Rusiya çalışır ki, balansı qorusun. Bu, anlaşılandır. Amma baş nazir və xarici işlər nazirinin verdiyi bəyanatla, həmsədrin səsləndirdiyi bəyanat siyasi-diplomatik çəki baxımından eyni deyil. Rusiya Ermənistanı itirmək istəmir. Eyni zamanda, Azərbaycanı da itirməməyə çalışır. Digər tərəfdən, Rusiya digər dünya ölkələrindən fərqli olaraq, bölgədə savaş başlamasını daha az istəyən dövlətdir. Rusiya daha çox istəyir ki, bölgədə sabitlik qorunub saxlanılsın. Çünki, Rusiya hər tərəfdən münaqişə ocaqları ilə əhatə olunub. Son nəticədə bunun onlara da təsiri qaçılmaz olacaqdır. Bakıda səsləndirilən bəyanatlara gəlincə, biz iki xətti müşahidə edə bildik. Bir tərəfdə Lavrovun irəli sürdüyü iddialar var idi. O bildirdi ki, Moskva Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində Görmək istəyir. Digər tərəfdə isə baş nazir Medvedevin faktiki olaraq status-kvonun qorunub saxlanması barədə bəyanatı var. Bunları bir-birini tamamlayan mövqe kimi də şərh etmək mümkündür. Eyni zamanda, bunlar Kremldə Azərbaycana münasibətdə ikili mövqeyin olmasının göstəricisidir. Yəni, Dmitri Medvedev və Rusiya hakimiyyətinin baş nazirə yaxın olan hərbi qanadı bir mövqedən, Kreml təmsilçisi Lavrov isə Vladimir Putin layihələrinin həyata keçirilməsi üçün digər mövqedən çıxış edir. Əslində bu amilin özü də rəsmi Bakıya müəyyən manevr imkanları verir.
- Rusiyalı diplomatlarla müqayisədə ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin bu hadisələrdə müşahidəçi təsir bağışlaması nə ilə əlaqədar idi?
- Hesab edirəm ki, bu, Qərbin, o cümlədən həmsədr dövlətlər olan Fransa və ABŞ-ın Bakının mövqeyinə Rusiyadan fərqli olaraq daha anlayışlı yanaşdıqlarını nümayiş etdirir. Bundan başqa, Rusiya Dağlıq Qarabağ probleminin həllində, ümumiyyətlə bu kimi münaqişələrin idarə olunmasında özünün müstəsna imkanlara malik olmasını göstərib. Ona görə də son hadisələr zamanı Rusiyaya imkan verildi ki, buyursun göstərsin görək, o həqiqətən də bu cür münaqişələri idarə edə, status-kvonu saxlaya bilərmi. İndi baxaq görək hara qədər saxlaya biləcək? Yəni, Rusiyaya imkan verildi ki, öz təsir imkanlarını, vasitələrini göstərə bilsin. Qərbdə yaxşı anlayırlar ki, Rusiya bu cür balans saxlamaqla, gələcəkdə regionda sabitliyi itirə bilər. Rusiya son vaxtlar ciddi çətinliklərlə üzləşib. Ona görə də Qərb hadisələrə heç bir müdaxilə etmədi ki, görsün Rusiya nə edə biləcək. Rusiya isə faktiki olaraq heç bir şey edə bilmir. Rusiyalı diplomatlar Bakıda fərqli-fərqli bəyanatlar verirlər, eləcə də İrəvanda. Bu, həm də onu göstərir ki, Rusiya da çaşqınlıq içindədir, nə etməli olduqlarını dəqiq bilmirlər.
- Siz yəqin ki, Azərbaycanla yanaşı Ermənistandakı mövcud vəziyyət, oradakı proseslər barədə də məlumatlısınız. Bu baxımdan, deyə bilərsinizmi, dörd günlük müharibədən sonra düşmən ölkə daxilində ictimai-siyasi vəziyyət, həmçinin insanların, ordunun mənəvi-psixoloji durumu necədir?
- Ermənistanda çaşqın bir vəziyyət hökm sürür. Əgər Ermənistan prezidenti Serj Sarkisyan gedib sabiq prezident, hazırda müxalifətdə olan Levon ter Petrosyanla görüşürsə, bu, bir çox mətləblərdən xəbər verir. Şərti olaraq dörd günlük müharibə adlandırdığımız hadisələr Ermənistanda ictimai-siyasi vəziyyətin dəyişməsinə gətirib çıxara bilər. Sarkisyan bunu çox gözəl anlayır. Ona görə də o, ətrafında müttəfiqlər toplamaqla məşğuldur. Çünki Sarkisyan, eləcə də ondan əvvəlki prezident Robert Koçaryan öz xalqını, millətini illər boyu Dağlıq Qarabağ münaqişəsinə kökləməklə böyük səhvə yol veriblər. Əslində Azərbaycanda da eyni vəziyyətdir və xalq olaraq Dağlıq Qarabağ probleminə köklənmişik. Lakin Ermənistandan fərqli olaraq, biz öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bizim üçün vəziyyət anlaşılandır. Ancaq Ermənistan işğalçılıq siyasəti yürüdüb, bu ölkənin siyasi rəhbərliyi işğal olunan ərazilərə diqqət yönəltməyi daxili siyasətdə prioritetə çevirib. İndi isə həmin siyasətdə uğursuzluğa düçar olmaqla Ermənistandakı ciddi ictimai-siyasi mübarizədə məğlub olmaq olar. Təbii ki, Ermənistan cəmiyyətində də müəyyən depressiyalar var. Ermənistan mediasında yer alan yazılar, yanaşmalar da buna işarə edir. Düşünürəm ki, etiraflar hələ çox olacaqdır. Sadəcə indi isti-istidir deyə, çoxları cəsarət etmir.
- ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ortada bir neçə variantın olduğunu bildirirlər. Almaniya Xarici İşlər Nazirliyi də 7 bənddən ibarət həll planı təklif edib. Ümumi götürsək, münaqişənin həlli üçün nə qədər təklif ortadadır və onlar arasında Azərbaycan üçün məqbul olanı hansılardır?
- Bu gün bunu söyləmək çətindir. Ortada bir çox variantlar olub və onlar işləməyib. Hesab edirəm ki, hələlik Almaniyanın təklif etdiyi plan açıqlanmasa da, əvvəlki təkliflərdən fərqli olaraq Azərbaycanın mövqeyi, maraqları burada daha çox nəzərə alınmış olacaq. Çünki söhbət həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də ölkəmizin bu işğal olunan əraziləri hərb yolu ilə azad edə bilmək imkanından gedir. Vəziyyət bir qədər dəyişibdir. Bunun üçün də gözləmək lazımdır ki, görək hansı təkliflər üzə çıxacaq. Ancaq istənilən halda düşünmürəm ki, bundan sonra kimsə Azərbaycana hansısa təslimçi təkliflər irəli sürə bilər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər