Dağ rayonlarında iri müəssisələr yaradılır - Foto
İqtisadiyyat Nazirliyinin (İN) Sahibkarlığa
Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini
davam etdirir. Bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi
məsələlərinə dair növbəti işgüzar forum iyunun 23-də Lerik rayonunun Anbu
kəndində keçirilib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması
mexanizmi barədə məlumat verilib, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab
olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri
maliyyələşdirilib.
İN mətbuat xidmətindən "Kaspi”yə
bildirilib ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik
rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab
olunan cins heyvandarlıq və
arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə və
balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin
güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara
nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin
ötən dövrü ərzində 1209 sahibkara 66 milyon manat güzəştli kredit verilib. Bu
kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2800-dən
çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə,
indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon
manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların
tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin,
quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti
materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük,
intensiv bağçılıq təsərrüfatlarının yaradılması və sair sahələr üzrə
investisiya layihələri maliyyələşdirilib, 10500-dən çox yeni iş yerinin
açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Lənkəran
iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli
kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin
inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın
yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Lerikdə güzəştli
kredit ayrılmış və gün ərzində 6 ton çörək istehsal etmək gücü olan müəssisəyə
və illik istehsal gücü 3,5 min ton olan quşçuluq fabrikinə baxış keçirilib.