• cümə, 26 Aprel, 12:35
  • Baku Bakı 23°C

“Con Boltonun səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verəcək”

19.10.18 18:42 730
“Con Boltonun səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verəcək”
ABŞ prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun oktyabrın 20-də Cənubi Qafqaz ölkələrinə səfər edəcəyi gözlənilir. Bu barədə C.Bolton özü "Twitter” səhifəsində yazıb. Müşavir qeyd edib ki, oktyabrın 20-də təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarları və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. Rusiya mətbuatı da hesab edir ki, səfərdə məqsəd ABŞ-ın yüksək səviyyəli dövlət rəsmisinin Cənubi Qafqaz bölgəsindəki vəziyyətlə yaxından tanış olması və bu çərçivədə də Ağ evin gələcəkdə atacağı addımları müəyyən etməsidir. Qeyd olunur ki, C.Bolton bölgəyə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistan prezidentləri, həmçinin digər rəsmi şəxslər ilə görüşərək onlarla ikitərəfli əlaqələri müzakirə edəcək. ABŞ rəsmisinin Bakıda və Yerevanda keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin əsas müzakirə hədəfi olacağı da istisna edilmir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Cənubi Qafqaz ölkələrinə səfərini şərh edən əcnəbi ekspertlər hesab edirlər ki, Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır. Qeyd edilir ki, Moskvada C.Boltonu ağır danışıqlar gözləyir. Belə ki, onu həmkarı Nikolay Patruşev və xarici işlər naziri Sergey Lavrov qəbul etməlidirlər. İstisna edilmir ki, diplomat prezident Vladimir Putinlə də görüşsün. Ekspertlərin qənaətincə, məhz bundan sonra amerikalı rəsmi Azərbaycana, Gürcüstana, Ermənistana səfər edəcək və bu ölkələrlə C.Bolton əsasən İran məsələsini müzakirə edəcək. Təxminlərə görə, məsələnin bu tərəfində ziddiyyətli məqamlar var.

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə "Kaspi”yə bildirib ki, C.Boltonun Cənubi Qafqaz səfəri olduqca əhəmiyyətlidir. Onun fikrincə, bu səfər Azərbaycan-ABŞ münasibətlərinin inkişafına da müsbət təsir edəcək: "Bu səfər ölkələrimiz arasında münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq. Çünki səfər ABŞ-ın regiona olan ciddi marağını ifadə edir. Təbii ki, biz ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-dan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, beynəlxalq hüququn prinsiplərinə söykənərək ölkəmizin ərazi bütövlüyünə dəstək nümayiş etdirməsini, eyni zamanda Azərbaycanın iştirakı ilə regionda reallaşdırılan beynəlxalq miqyaslı layihələrə dəstək verməsini gözləyirik. Bu baxımından, Boltonun Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərinin mühüm əhəmiyyəti var. Bu səfərin tanışlıq xarakteri daşıdığını da unutmaq olmaz. ABŞ tərəfi bu səfərlə demək istəyir ki, biz regiona marağımızı hər zaman artırmağa hazırıq. Təbii olaraq belə vəziyyətdə Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlığın səviyyəsi də artırılacaq. Bu çərçivədə Azərbaycan tərəfdaş ölkə kimi, antiterror koalisiyasına dəstək verən dövlət olaraq mühüm mövqeyə sahibdir. Azərbaycan ABŞ-ın həyata keçirdiyi bir sıra əməliyyatlara çox böyük dəstək verir. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda təmsil olunur, sülhyaratma prosesində yaxından iştirak edir, xidmət keçirlər. Hesab edirəm ki, təhlükəsizlik, antiterror məsələləri və sair istiqamətlər üzrə ABŞ-la əməkdaşlığımız səfər çərçivəsində diqqət mərkəzində olacaq, əlaqələrimiz bundan sonra da davam etdiriləcəkdir. O ki, qaldı Boltonun İrana münasibətinə və Azərbaycanı da ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyalara qoşulmağa dəvət edəcəyi barədə mülahizələrə, rəsmi Bakının milli-dövlətçilik mənafeyinə, qarşılıqlı və bərabər hüquqlu maraqlara xidmət edən müstəqil xarici siyasət kursuna üstünlük verdiyi heç kimə sirr deyil. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün region və həmsərhəd dövlətlərlə mehriban qonşuluq siyasəti həyata keçirir. Biz ABŞ-İran münasibətlərinə müdaxilə etmirik. Azərbaycan heç bir zaman qarşıdurmalarda iştirak etməyib, bundan sonra da etməyəcək”.

Politoloq Qabil Hüseynli C.Boltonun səfərini qəzetimizə şərh edərkən deyib ki, ABŞ Cənubi Qafqaza müdaxiləsini artırır. Onun sözlərinə görə, Amerika bu regionda Rusiyanın təkbaşına hökmranlığını qəbul etmir: "ABŞ Cənubi Qafqaz dövlətləri ilə münasibətlərini xeyli yaxşılaşdırmağa cəhd edir. Gürcüstanla Amerikanın münasibətlərinin qənaətbəxş olduğunu söyləmək mümkündür. Azərbaycan və Ermənistanın ABŞ-la Gürcüstan səviyyəsində münasibətlər qura bilməməsi də reallıqdır. Təbii ki, bizim üçün əsas olan ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasıdır. Əvvəla ona görə ki, Azərbaycan regionun lider dövlətidir. Azərbaycanla münasibətlərin qurulması ABŞ-ın geosiyasi maraqlarının reallaşması üçün daha geniş meydan aça bilər. Bu nöqteyi-nəzərdən ABŞ-da belə bir fikir mövcuddur ki, indiyə qədər Azərbaycanla münasibətlərin inkişaf etdirilməməsi, normal əlaqələrin yaradılmaması ABŞ xarici siyasətinin ciddi çatışmazlıqlarındandır. Onlar bu boşluğu mütləq doldurmaq istəyirlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər