• şənbə, 27 Aprel, 04:51
  • Baku Bakı 14°C

Cinayət törədənlər cəzasını çəkməlidir - Yenilənib

20.05.15 15:17 1114
Cinayət törədənlər cəzasını çəkməlidir - Yenilənib
Xəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Mayın 20-də səhər Prezident İlham Əliyev hadisə yerində olub.
Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib.
Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. Dövlətimizin başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib. Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzTV-nin məlumatına görə, Prezident İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb: "İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. İlk növbədə, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, bundan sonra təmir olunmalıdır".
Prezident bildirib ki, Nazirlər Kabineti tezliklə həm həlak olanların ailələrinə, həm də yaralılara göstəriləcək maddi köməyin həcmini müəyyən etməli və bununla bağlı təklif verməlidir.
Dövlət başçısı deyib ki, birincisi, həlak olanların ailələrinə maddi yardım verilməlidir: "Maddi yardım mənzil həcminə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi yardım verilməlidir. Onun məbləği müəyyən edilməlidir və bütün yanmış mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Buna görə də siyahılar var. Evlərdə insanların sənədləri də yanıb. Daxili İşlər Nazirliyi, “ASAN xidmət” və digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər".
Prezident Bakıda tikilən qanunsuz villalarla bağlı sərt xəbərdarlıq edib: "Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. Azərbaycanda, Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur”.
Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər: "Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".
İlham Əliyev deyib ki, bir kiçik bina belə icazəsiz tikilə bilməz: "Əgər bundan sonra belə qanunsuz əməllər olacaqsa, bu özbaşınalığı edənlər nəinki işdən çıxarılacaq, cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar".
Prezidentin sözlərinə görə, indi ictimaiyyət də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur: "Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Xüsusilə də dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, cəzasını çək".
Dövlət Komissiyasının iclasında baş prokuror Zakir Qaralov bildirib ki, Binəqədi rayonunda yanan binaya üzlüklərin çəkilməsi ilə bağlı müqavilələr imzalanmayıb: “Həmin şirkətlə icra hakimiyyəti arasında bu işlərin görülməsi ilə bağlı müqavilə imzalanmayıb. Müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib".
Z.Qaralov deyib ki, bu işlərə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmalıdır: "Layihələndirmə işi Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır, orada layihələndirməyə razılıq veriləndən sonra bu işlər davam etdirilməlidir".
Baş prokurorun sözlərinə görə, eyni zamanda, ilkin baxışdan müəyyən edilir ki, orada tək bu material istifadə olunmamalıdır: "Bunların arasında izolyasiya materialları da qoyulmalı idi".
Z.Qaralov deyib ki, bu şirkət tərəfindən görülmüş işlər üzrə əlavə iki hadisə olub: "Bir hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində olub. Düzdür, orada tələfat olmayıb, amma artıq bir siqnal olub ki, bu materiallar keyfiyyətsizdir. İkinci hadisə isə 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində olub. Orada da bu material yanıb. Yəni iki siqnal var idi ki, bu materiallar tam keyfiyyətsizdir və bunların istifadəsi tam yararsızdır".
Baş prokuror bildirib ki, şirkət rəhbərinin ifadəsinə görə, bu materialları Türkiyədən alıb, guya Hollandiyaya məxsus olan bir şirkətin materiallarıdır: "Biz dünən axtarış keçirdik və şirkətin bütün sənədlərini götürmüşük. Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunun, eyni zamanda Milli Elmlər Akademiyasının Kimya İnstitutunun mütəxəsislərini cəlb etmişik ki, orada hansı kimyəvi materialların mövcud olmasını və ümumiyyətlə, bunların necə hazırlanmasını müəyyən etsinlər. Bütün hallarda ən başlıca məsuliyyətsizlik bu işlərin qeyri-rəsmi aparılmasıdır. Ona görə də biz indi icra hakimiyyətində də o dairəni müəyyənləşdiririk ki, günahkar şəxslər haqqında da tədbirlər görülsün. İstintaq-əməliyyat qrupu tərəfindən artıq 100-dən çox şahid dindirilib və müxtəlif ekspertizalar təyin olunub. Həmçinin hadisənin qəsdən törədilməsi fərziyyəsi üzərində də araşdırmalar davam etdirilir”.
Prezident İlham Əliyev istintaqın nəticəsi barədə həm özünə, həm də ictimaiyyətə məlumat verilməsi barədə tapşırıq verib.

banner

Oxşar Xəbərlər