• cümə, 26 Aprel, 12:39
  • Baku Bakı 23°C

Cəmil Həsənlinin nəzir qutusu kimlərin cibinə güvənir?

12.09.13 09:56 1498
Cəmil Həsənlinin nəzir qutusu kimlərin cibinə güvənir?
Ölkədən qaçıb gizlənmiş rüşvətxor Elşad Abdullayev də Milli Şuranın namizədinin müdafiəsinə qalxdı
Seçki kampaniyası başlamazdan əvvəl Rüstəm İbrahimbəyovun və onun Rusiyadakı «milyarder» dostlarının puluna bel bağlayan müxalif düşərgə sonda bütün bu ümidlərindən əl çəkməli oldu. Xüsusilə R.İbrahimbəyovun namizədliyi qeydə alınmadıqdan dərhal sonra düşərgəyə maddi dəstək verməkdən imtina edərək xalqdan hərəyə 1 manat dilənmək çağırışını etməsi müxalifləri pəjmürdə etdi.
Seçki kampaniyası üçün lazım olan maddi dəstəyi başqa «mənbə»lərdən əldə etmək üçün müxalifət başqa planlar üzərində baş sındırmağa başladı.
Məlumdur ki, ölkədə xalqın və onun ayrı-ayrı nümayəndələrinin müxaliflərə maddi dəstək verməsi inandırıcı deyil. Çünki hər bir ağlı başında olan insan dərk edir ki, bunun heç bir perspektivi yoxdur. Milli Şuranın elə əvvəldən ölü doğulduğu və seçkilərdə məğlub olacağı heç kəsdə şübhə doğurmur.
Belə olan şəraitdə seçki kampaniyası üçün hansı yolla olursa-olsun pul tapmağı çalışan müxalifət çıxış yolunu qeyri-qanuni yolla varlanmış, cinayət törədərək ölkədən qaçmış ünsürlərə əl açmaqda gördü. Əslində isə belə hallar müxalif düşərgədə birinci hal deyil.
Əvvəlki dövrlərdə müxaliflərin bir qismi «pul kisəsi» qismində Rəsul Quliyevə sığınardılar. R.Quliyevin pullarını hansı yollarla topladığı isə hər kəsə aydındır.
Eyni taktikanı bu gün də həyata keçirən radikal müxalifət, bu səfər daha da rəzil günə qaldıqlarını nümayiş etdirirlər. Belə ki, məlum olub ki, «1 manat aksiyası»nda 500-600 manatdan artıq pul yığa bilməyən müxalifət sonda məşhur «qanun qaçağı» Elşad Abdullayev kimi rüşvətxora ağız açmalı olub. Bunu göstərən fakt isə E.Abdullayevin seçkilərdə C.Həsənlinin namizədliyini dəstəkləməsi ilə bağlı «Turan»a istinadən mətbuatda yayılmış bəyanatdır.
Lakin müxalifətə hazırda E.Abdullyev kimisi birinin dəstəyi əslində düşərgənin seçkilərdəki namizədi üçün böyük xal itkisi kimi bir şeydir. Çünki E.Abdullayev cəmiyyətdə, xalq arasında kifayət qədər mənfi imicə malik olan şəxs kimi tanınır. Bir vaxtlar rəhbərlik etdiyi universitetin isə ölkə ali məktəbləri içərisində ən çox rüşvət mənbəyi olan «təhsil ocağı» olması heç kimə sirr deyil.
Müxtəlif əyri yollarla insanların pulunu sormuş E.Abdullayevin sonda həmin pullardan öz çirkin niyyətlərini həyata keçirmək üçün külli miqdarda rüşvət verməsi faktları ilə bağlı isə hələ də məhkəmə prosesləri davam etməkdədir. Özü isə istintaq orqanları tərəfindən axtarışa verilib.
Hazırda isə Fransada məskunlaşaraq erməni diasporunun, talış separatçılarının dəstəyilə Azərbaycan dövlətinə qarşı təxribatlar törədir. Məhz belə bir şəxsin müxalifəti dəstəkləməsi onun imicinə, seçkilərdəki namizədinin əleyhinə işləyə bilər.
Görünür, bu haqda düşərgədə də müəyyən götür-qoylar edilib. Lakin söhbət maliyyə məsələsinə gələndə, müxaliflər hər şeyi arxa plana keçiriblər. Çünki hazırkı şəraitdə pul müxalif düşərgə üçün hər cür imicdən, filandan yüksəkdə durur. Belə ki, müxalifətdə belə bir sərsəm fikir formalaşıb ki, seçkinin taleyini yalnız pul həll edə bilər. Xalqın dəstəyi, müsbət imic, bunlar ikinci dərəcəli məsələlərdir.
Bu mənada E.Abdullayev kimi birisinin bir qrup «hüquqşünası» başına yığaraq bəyanat verərək Milli Şuranı dəstəkləməsinin arxasında hansı amilin dayandığını görmək mümkündür.
Lakin müxalifətin sözügedən addımı hər baxımdan uğursuzdur. Çünki məlum məsələdir ki, seçkilərdən ağır məğlubiyyətlə çıxacaqlar. Bunu az qala bütün Milli Şura üzvləri açıq şəkildə bəyan edirlər. Müxalifətin praqmatik siyasətçilərindən Rəsul Quliyev isə hətta konkret rəqəmlərlə çıxış edib və C.Həsənlinin 1 faizdən artıq səs yığa bilməyəcəyini söyləyib.
Belə olan şəraitdə E.Abdullayev kimisi maxinatordan və dəllaldan qəpik-quruş almaq xatirinə onu öz sıralarına qatmaq müxalifətə heç bir normal perspektiv vəd etmir.
E.Abdullayevə qarşı antipatiya bütün cəmiyyətdə, istər iqtidar düşərgəsində, istərsə də sıravi müxalifətçilər arasında eyni səviyyədədir. Onun Azərbaycan təhsil sisteminə vurduğu zərbənin əzabını hər kəslə yanaşı, müxaliflər və onların övladları da çəkmişlər. Bu mənada onunla hansısa işbirliyinə gedilməsi və bunun ictimaiyyətə sızdırılması cəmiyyət tərəfindən, o cümlədən sıravi müxalifətçilər tərəfindən normal qarşılana bilməz.
Bu arada Milli Şuranın seçki büdcəsinin formalaşdırılması istiqamətində başqa bir təəccüblü xəbər isə «Azadlıq» qəzetindən gəlib. Belə ki, «Azadlıq» qəzeti kollektivin C.Həsənlinin seçki fonduna pul köçürmək niyyətində olduğunu bildirib.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, əməkdaşlar öz imkanları hesabına Cəmil Həsənlinin seçki kampaniyasına az da olsa maddi kömək göstərmək istəyirlər. «Azadlıq» qəzetinin bu addımı böyük təəccübə doğurub.
Məlum olduğu kimi, bu yaxınlarda qəzet «Azərbaycan» nəşriyyatına olan kommunal borcunu ödəyə bilməməsi ucbatından ofisindən çıxarılma təhlükəsinin olduğunu bəyan etmişdi. Lakin həmişə olduğu kimi, nəşriyyatın xoş niyyəti sayəsində qəzet ofisində qala bildi.
Belə bir şəraitdə, yəni kanalizasiya borcunu ödəyə bilməməməsi ucbatından bütün ölkəyə biabır olmuş bir qəzetin seçki kampaniyası üçün ianə verməsi qeyri-ciddi və gülünc görsənir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər