• şənbə, 27 Aprel, 00:04
  • Baku Bakı 14°C

Cəmil Həsənli –Eldar Namazov qovğası müxalifətin iç üzünü açır

14.02.14 09:42 3129
Cəmil Həsənli –Eldar Namazov qovğası müxalifətin iç üzünü açır
Milli Şurada toplaşmış qüvvələrin qurum dağıldıqdan sonrakı münasibətləri dəfələrlə deyilmiş o fikri bir daha təkrarlamağa vadar edir ki, radikal müxalifət düşərgəsində heç zaman səmimi, dayanıqlı və uzunömürlü birliyin baş tutması mümkün deyil.
Seçkilərdən məğlub ayrılan Milli Şurada toplaşan qüvvələr qurumu tərk etdikdən sonra sivil siyasi mübarizə və yaxud əməkdaşlıq qurmaq əvəzinə qarşılıqlı ittihamlara start verməklə ağır vəziyyətlərini bir az da ağırlaşdırmış olublar.
Bu onu göstərir ki, onlar sırf hakimiyyət hərisliyi ucbatından birləşmişdilər. Onları heç bir ideya, məram bir yerə yığmamışdı. Əgər belə olmasaydı, guya demokratiya, azad seçkilər şüarı altında toplaşan qüvvələr qısa müddət sonra qatı düşmənə çevrilməzdilər.
Müşahidələr göstərir ki, ümumiyyətlə, nə qurumu tərk edələr, nə də orada qalanlar bir növ, dillərini dinc saxlaya bilmirlər. Qurumu tərk edən mətbuata açıqlama verib qalanları, qalanlar isə gedənləri topa tutur. Belə təəssürat yaranır ki, bir müddət əvvəl bir yerdə olan «mübarizə» yoldaşları heç onlar olmayıb.
Son günlər isə müxalifətin gündəmini Cəmil Həsənli –Eldar Namazov qovğası zəbt edib. Hər ikisi bir-biri barədə çox ağır ittihamlar səsləndirirlər. İttihamları və qarşılıqlı söz deyişməsini izləyərkən onların ciddi siyasətçi olduqlarına şübhə yaranır. Çünki onlar fərqində deyillər ki, açıqlamaları ilə həm öz iç üzlərini, həm də ümumilikdə müxalifətin paxırını ortaya qoymuş olurlar. Müxalifətin prezident seçkilərində namizəd kimi guya öz imicini qaldırmaq məqsədilə irəli sürdüyü «ziyalı» C.Həsənli qısa müddət ərzində öz «ziyalılığını» sübut etdi. Bu azmış kimi, proses indi də davam edir. Namazovun açıqlamalarına inansaq, Həsənli Milli Şuranın sədri kimi qurumun rəhbəri vəzifəsinin öhdəsindən gələ bilməyib. Ümumiyyətlə, Namazov açıqlamaları ilə Milli Şuranın parçalanmasında Həsənlinin böyük paya sahib olduğunu bildirməklə həm müxaliflər arasında, həm də ümumiyyətlə cəmiyyətdə keçmiş vahid namizədin az-çox ziyalı görüntüsünü alt-üst edib. Bu isə C.Həsənlini özündən çıxarıb. O da öz növbəsində «Azadlıq» qəzetinə müsahibəsində Namazovu xırda detallarına qədər biabır edib. Bildirib ki, Milli Şurada böhranın başlanmasında və qurumun dağılmasında əsas rollardan biri Namazova məxsus olub: «Milli Şuranın dörd tanınmış üzvü Şuşa restoranında EL-in İdarə Heyətinin iclasının üstünə gedib çıxmışdı və orada hansı “müzakirələrin” getdiyinin şahidi olmuşdu. Belə ki, professor Hacıbaba Əzimovun 75 yaşı bir müddət əvvəl tamam olduğundan ədliyyə generalı Vidadi Mirkamal, professor Hacıbaba Əzimov, Gültəkin Hacıbəyli və Mehriban xanım Vəzir bu vəsilə ilə axşam yeməyinə toplanmağı qərara alıblar. Onlar Şuşa restoranına yetişəndə EL İdarə Heyətinin “iclası”nın şahidi olmuşdular. Əslində, Milli Şuranın sessiyası da, EL-in İdarə Heyətinin “iclası” da eyni vaxtda başlamışdı, sadəcə olaraq, dostlarımızın restoran şəraitində müzakirələri bir az qızğın keçdiyindən söhbət uzanmış və arzuolunmaz qonaqlarla qarşılaşmalı olmuşdular. Göründüyü kimi, Milli Şuranın İcra Aparatının rəhbəri olaraq Eldar Namazovun “şüşəyə saldığı cin”, Şuşa restoranında ağzı açıq qalmış butulkadan artıq çıxmışdı. “Şuşa restoranı” əhvalatının təfərrüatı mənə bəlli idi. Bu toplantı “Əflan işi” ilə bağlı prokurorluqdakı dindirmənin birinci təzahürü, Milli Şurada böhran yaratmağın ilk ciddi əlaməti idi. Əslində bütün baş verənlərin, bəhanələrin, özünəbəraət cəhdlərinin, nağıl uydurmağın arxasında duran başlıca məsələ budur».
C.Həsənlinin son açıqlamaları müxalif düşərgədə toplaşanların patriarxal təfəkkürə, xırda hisslərə, ambisiyalara sahib olduqlarını da ortaya qoyub. Sən demə, müxaliflər arasında regionçuluq prinsipləri mühüm rol oynayırmış: «Köçəri bəy (Köçəri Nağıbəyli) irad tutdu ki, ermənistanlılar Milli Şuranın rəhbərliyində zəif təmsil olunub, bəs o, gərək ermənistanlıların nümayəndəsi kimi rəhbərlikdə təmsil olunsun. Mənsə zarafata dedim ki, axı Eldar bəy həmişə ermənistanlıların onun arxasında olduğunu vurğulayır. ..Məhəlli baxımdan mən Namazovun Qərbi azərbaycanlı olduğunu doğrudan da bilmirəm. Çünki o, qazaxlı məclisində Qazax, Qərbi azərbaycanlıların məclisində irəvanlı ləhcəsi ilə danışır».
C.Həsənli açıqlamalarında son vaxtlar «ana» müxalifət iddiasına düşən «reneqat» siyasətçinin intriqa ustası, yalan vədlər və blef uydurma peşəkarı kimi «keyfiyyətləri»nə də toxunub: «Namazov intriqa və piar ustası, yalan vədlər və blef uydurmağın peşəkarıdır. Onun blefləri bəzən elə cazibədar olur ki, uydurandan az sonra özü də ona inanmağa başlayır. Bu istiqamətdə onun fantaziyası o qədər güclüdür ki, “gələcəyin prezidenti” kimi öz komandasını formalaşdıranda, hətta bir nazir vəzifəsini ayrı-ayrılıqda iki xanıma vəd etməkdən belə çəkinmir».
Göründüyü kimi, özlərini Azərbaycan xalqının ziyalıları, ciddi siyasətçi adlandıranlar cılız düşüncə sahibləridirlər. Onlar yalançılıqla, intriqalarla, regional prinsiplərə arxalanmaqla siyasətdə mövqe qazanmağa çalışırlar. Məhz bu təfəkkürlü qüvvələrin arxasınca gedənlərin kimliyi də düşündürücüdür.
Son gərginliklərin fonunda müxalifətin mövcudluq tarixinə nəzər yetirərkən bu düşərgədə belə ittihamların, düşmənçiliklərin, intriqaların əvvəllər də baş verdiyini müşahidə etmiş olarıq. Bir-biri ilə düşmən düşən qüvvələr, şəxslər seçki yaxınlaşdıqca guya müttəfiqə çevrilir, azsaylı elektoratın gözündən pərdə asır, lakin seçki bitdikdən, məğlubiyyətləri rəsmiləşəndən sonra yenə qarşılıqlı ittihamlar, təhqirlərə start verirlər. Belə demək mümkündürsə, müxaliflər buna bir növ adətkərdə olublar. Məhz buna görə də onların cəmiyyətdə heç zaman ciddi çəkisi olmayıb və olmayacaq.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər