Cavidlərin layiqli övladı

Cavidlərin layiqli övladı

Mədəniyyət
02 Oktyabr 2013, 08:55 1297
Azərbaycanın əməkdar mədəniyyət işçisi, görkəmli ədəbiyyatşünas alim və pedaqoq, dəyərli muzeyşünas, mətnşünas və teatrşünas, istedadlı tədqiqatçı, tənqidçi, ssenarist olan Azərbaycan qadınının ən yüksək mənəvi dəyərlərinə və ən pak əxlaqi keyfiyyətlərinə malik Turan Cavid! Daima öz şərəfli keçmişindən qürur duyan unudulmaz Turan Cavidin mənsub olduğu Rasizadələr nəsli öz nəcib əməlləri, xeyirxahlığı, alicənablığı ilə hər zaman diqqət mərkəzində olmuş, xalqımızın, millətimizin inkişafı naminə böyük xidmətlər göstərmişlər.

Bu böyük insan bütün həyatını, ömrünün baharını Cavidlərə həsr etmiş, Cavid ailəsinin nigaran ruhunun şadlanması üçün əlindən gələni əsirgəməmiş, Hüseyn Cavidə əsl mərd övlad olmuşdur. O, yalnız Cavidlər üçün yaşadı, Cavidlər üçün ömrünü fəda etdi. Cavidlərə aid hər bir əlyazmanı, hər bir əşyanı göz bəbəyi kimi qorumuş, indiki dövrə qədər çatmasına nail olmuş, övladlıq borcunu yerinə yetirə bilmişdi. Həqiqət budur ki, Turan xanım təkcə Cavidlərin borcunu qaytarmadı, o eyni zamanda gələcək nəsillərə Hüseyn Cavidi daha düzgün, aydın formada çatdıra bildi.

Ümumiyyətlə, könül insanı özü üçün arzuladığını başqaları üçün, özünün sahib olduğu yaxşı nə varsa başqalarının da bundan istifadə etməsi üçün mübarizə aparar, bu yolda yoruldum deməz. Turan xanım məhz belə insan idi. O özünün sahib olduğu, bildiyi Cavid sənətini dünyaya haraylamaq üçün bacardığından da çox mübarizə aparmışdır. Düzdür, bu yolda olduqca çox əziyyətlərə qatlaşsa da, yolundan dönməmiş, əksinə özünə şərəf sayaraq tükənməz qətiyyəti, usanmaz səyləri, ağır zəhməti və yuxusuz gecələri bahasına Cavid əfəndinin əsərlərini külliyyat halında olduğu kimi Azərbaycan oxucusuna çatdırmışdır.

Turan xanımın 1998-ci il martın 12-də “Azərbaycan” qəzetində bir müraciəti dərc olunmuşdur. Həmin müraciətdə deyilir:

“Hörmətli ədəbi ictimaiyyət! Hörmətli Cavidsevərlər, naşirlər, yazarlar. Məni bu müraciətə bir nigarançılıq vadar edib. Cavidin özü haqqında işıq üzü görən yazılara, nəşr edilən əsərlərinə, pyeslərinə, səhnədəki ifasına çox vasvası münasibəti vardı. O, yaratdıqları ilə bağlı buraxılan səhvlərə, təhriflərə, qeyri-ciddi münasibətlərə çox narahat olurdu. Belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə qarşılayırdı. İndi mən eyni hisləri vaxtaşırı yaşamalı oluram. Sanki bir çoxları Cavidə bir dəb mövzu kimi yanaşmağa başlayıb. Cavidi duymadan, onun düşüncələr aləminə lazımınca daxil olmadan yazmaq olmaz. Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru yazılsın. Əsərləri yanlışsız, təhrifsiz işıq üzü görsün”.

Vaxtilə onunla oxuyan, eyni zamanda işləyənlər daima öz xatirələrində onun dürüstlüyündən, əqidəsindən, möhkəm iradəsindən ürək dolusu danışırlar: Turan xanım çox bacarıqlı və dünyagörüşlü olduğundan hələ 1945-ci ildə Teatr İnstitutunda “Teatrşünaslıq” fakültəsində oxuyarkən öz ixtisasını yaxşı mənimsəmiş, hətta təhsil aldığı, daha sonra işlədiyi vaxtlarda Cavid əfəndinin kitablarını, əlyazmalarını toplamış və bununla bağlı səhnə işçilərinə dəfələrlə müraciət etmişdir. O, eyni zamanda güclü pedaqoq idi. İnsan o zaman əsl pedaqoq ola bilər ki, o insanların daxili aləmini, psixologiyasını tamlıqla qavraya bilsin. Pedaqoji fəaliyyətlə məşğul olduğu vaxtlarda böyük aktyor nəslinin yetişməsinə öz tövhələrini vermişdir. Xaricən sakit təbiətli görünən bu insanın daxilində bir coşqunluq, ümid hökm sürürdü. Tədris etdiyi vaxtlarda tələbələrinə təkcə teatrşünaslıq deyil, eyni zamanda mənəviyyat dərsi keçirdi. Həmişə çalışırdı ki, onlarda sabaha ümid işığı yandırsın. Çünki Turan xanım bu keyfiyyətlərin aparıcısı idi.

Turan xanım ailəsinə, xüsusən də atasına çox bağlı idi, hətta o qədər bağlı idi ki, atasının əyləşdiyi stulda heç kimin əyləşməsinə icazə verməzdi. Bu böyük şərəfə yalnız ulu öndər, ümummilli liderimiz Heydər Əliyev nail olmuşdur. Çünki, o, buna layiq idi. Ona görə yox ki, o, ölkənin aparıcı şəxsiyyətlərindən biri idi, ona görə ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatına, mədəniyyətinə olduqca xüsusi diqqət ayırırdı. Elə bunun sübutudur ki, uzaq vilayətdən Sibirin İrkutsk vilayətinin Tayşet rayonu Şevçenko kəndindən Cavid əfəndinin basdırıldığı 59№ li qəbrini tapıb, onun nəşinin Bakıya gətirilməsinə nail ola bilmişdi. Ailəsi üçün çırpınan ruhunu şadlandırmışdı. Hətta Cavid əfəndinin məzarı üzərində Naxçıvanda məqbərə belə ucaltmışdı. Hal-hazırda Cavidlər ailəsinin dörd üzvünün: İdeal sənət nümayəndəsi Hüseyn Cavid, onun sadiq ömür yoldaşı Mişginaz Cavid, dünyagörüşlü oğlu Ərtoğrol Cavid və Cavidləri tarixə öz qızıl qələmiylə yazan Turan Cavidin məzarı bu məqbərədə yerləşmişdir. Heydər Əliyev sayəsində Cavidlər sevgiylə rahat uyuya bilmişlər. Gerçək həyatda olmasa belə ruhən də olsa sonda bir ailə kimi birləşə bildilər.

Bəli, tarixi inkişafımızın olduqca çətin, qarışıq, gərgin dövrlərində yaşayan Turan Cavid həyatın insanları imtahana çəkdiyi bütün mərhələlərdən, bütün sınaqlardan şərəflə, ləyaqətlə çıxdı. Öz nəsli ilə daima fəxr edən Turan xanım öz kökünə, soyadına, əslinə-nəslinə layiq qeyrətlə yaşadı, nəslin ləyaqətli övladı oldu, elə ləyaqətlə də dünyasını dəyişdi.

Turan xanım özü həyatda olmasa da, muzeydə hər zaman onun xatirəsi böyük məhəbbətlə anılır, onun adına anım mərasimləri, tədbirlər keçirilir, tez-tez sərgilər təşkil olunur. Turan xanım Cavid əfəndinin əsərlərini orijinal formaya qaytardı. Düzdür, həmin o kitabların nəşr olunmasını görmək ona nəsib olmasa da, o, bir müsahibəsində belə demişdir: “Əgər atamın arxivi tapılsaydı heç bir çətinliyimiz olmazdı. Mən inanıram ki, o gündə gələcək; mən olmasam da başqa bir vətən övladı bu işi tamamlayacaq”. Həqiqətən də Turan xanımın inamı gerçəkləşdi. Bu məsuliyyətli işi Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı öz üzərinə götürdü, Hüseyn Cavidin külliyyatının təkrar nəşri 5 cilddə (2005), Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr edilmiş Hüseyn Cavid irsi və müasir dövr” (2007, Beynəlxalq elmi konfransın materiallarını əhatə edən məqalələr toplusu), “Məhəbbətdir ən böyük din” (2007, H.Cavidin seçmə şeirləri fransız dilində), “Cavid hikməti – Seçmə aforizmlər”(2008), “Hüseyn Cavid və Abdulla Şaiq “Ədəbiyyat dərsləri” (2010), Hüseyn Cavid “Topal Teymur” (2010), “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cilddə (2011), “Cavidşünaslıq” elmi məqalə toplusu 10 cilddə (2012), “Şeyda” 10 dildə (2012, rus, ingilis, fransız, alman, polyak, ukrayna, çex, belarus, yunan, bolqar), bundan başqa “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” (2010, monoqrafiya), “Heydər Əliyev və Hüseyn Cavid” (2013, monoqrafiya) onun təşəbbüsü ilə nəşr olundu. Muzey vaxtaşırı Hüseyn Cavid haqqında yazılmış ən seçkin monoqrafiyaları latın əlifbası ilə yenidən nəşr etdirir. Buna misal olaraq fil.e.d., professor, Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin Hüseyn Cavid haqqında yazdığı dəyərli tədqiqat əsərini - “Hüseyn Cavid: “İdeal həqiqət axtarışı” adlı monoqrafiyasını (2013) göstərmək olar. Bundan əlavə, Gülbəniz xanım və muzeyin işçiləri Hüseyn Cavidin Ev Muzeyinin gündən-günə daha da inkişaf etməsi üçün səylə çalışır və Turan Cavidin nüfuzunu hər zaman qoruyub saxlayırlar.

Bəli, Turan Cavid yaşasaydı, indi 90 yaşında olacaqdı. Amma kim deyir ki, o yaşamır?!.. Milli teatr mədəniyyətimizdə, ssenarisinin müəllifi olduğu filmlərdə, tələbələrinin yaradıcılıq həyatında və nəhayət Cavid ədəbiyyatında qoyduğu silinməz izlər Turan Cavidi uzun onilliklər boyu yaşadacaq və keçdiyi ömür yolu gələcək nəsillərə gözəl nümunə olacaqdır.
Biz də əziz və unudulmaz Turan Cavidin ruhu qarşısında baş əyib deyirik:
Sizə çox-çox minnətdarıq Turan xanım!

Hamımıza örnək olan şərəfli bir ömür sürüb, hər zaman uca dayandığınıza görə!

Aytən Heydərova
AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı