Cabir Abdullayev: “Hüseyin Dəryadan acığım gəlirdi”

Cabir Abdullayev: “Hüseyin Dəryadan acığım gəlirdi”

Mədəniyyət
04 Oktyabr 2013, 16:29 1416
Dünən reper Hüseyn Dərya mətbuat nümayəndələrinə “Can vətənim” adlı klipini təqdim etdi. Təqdimatda reperlə bərabər, muğam sənətinin mahir ifaçısı, xanəndə Cabir Abdullayev, xalq artisti, tanınmış tarzən Ramiz Quliyev də iştirak edirdilər. Klipdə reper Qarabağ hadisələri, vətənimizin bu günkü vəziyyətindən bəhs edib. Ramiz Quliyev tarda ifası ilə repə xüsusi bir rəng qatıb, Cabir Abdullayev isə vətənə dair muğamı ilə repin üslubunda dəyişiklik etməyə müvəffəq olub. Sözügedən klipdə tarixi filmlərimizə müraciət olunaraq, “Babək” filmindən Rasim Balayevin çıxışlarına yer ayrılıb.

Hüseyn Dərya klipdə onlarla çalışan sənətkarlara minnətdarlığını bildirərək klip üzərində 2 aya yaxın işlədiyini söylədi: “İstədim ki, klipimdə dahi sənətkarlarımıza müraciət edim. Sizinlə görüşə “Babək” filmində Babək obrazını canlandıran Rasim Balayevi dəvət etsək də, müxtəlif səbəblərdən o bu gün təqdimatda iştirak edə bilmədi. Mən böyüklərin xeyir-duasına hər zaman önəm vermişəm. Hansı janr olur-olsun - istər rep, istərsə də estrada, yeni layihələrə başlayanda ilk növbədə böyüklərdən nəsihət almaq lazımdır ki, həmin layihə uğurlu olsun. Ümumiyyətlə, rep gənclərin zövqünü oxşamaq üçün oxunur. Mən repi bu gün bir az fərqli bir üslubda ifa etdim. Belə ki, vətənə dair rep oxuyaraq, buraya tar, muğam da əlavə edərək dəyişiklik etməyə çalışdım. Düşünürəm ki, bunu məndən əvvəl heç kim etməyib. Belə bir layihə ilə çıxış edən olub, ancaq bu mövzuda oxunan heç bir repə klip çəkilməyib”.

Xanəndə Cabir Abdullayev bu layihədə məhz vətənlə bağlı olduğu üçün iştirak etməyə razılıq verdiyini söylədi: “Hüseyn Dərya ilə mənim elə də böyük bir münasibətim olmayıb. Əksinə, əvvəllər mənim Hüseyn Dəryadan acığım gəlirdi. O mənə belə bir layihəni təklif etdikdə, söylədim ki, əvvəlcə repi dinləyərəm, daha sonra qərarımı söyləyərəm. Mahnını dinləyəndə bunun uğurlu bir iş olduğunu anladım. Klipi indi izlədim, çox gözəldir. Klipdə əziyyəti keçən hər kəsi təbrik edirəm. Arzu edirəm ki, belə kliplərimizin sayı çox olsun. Artıq 20 ildən atqıdır ki, torpağımızın 20 % düşmən tapdağı altındadır. Belə layihələri daima gündəmdə saxlamaq lazımdır. Vətənə dair bütün layihələr alqışa layiqdir. Klipdə dahi sənətkarlar da iştirak edir ki, mən onlarla bir layihədə olduğum üçün fəxr edirəm”.

Tarzən Ramiz Quliyev çox nadir hallarda klipdə çəkildiyini və indiyə kimi heç bir repə qulaq asmadığını qeyd etdi: “Bu layihəyə kimi Hüseyni yaxından tanımırdım. Heç ona əl verib görüşməmişdim də. Reperimizi yalnız qalmaqalları ilə efirlərdən tanıyırdım. “Can vətənim” klipindən sonra mənə aydın oldu ki, o, qalmaqal yaratmayıb, sadəcə, ona atmaca atan hər kəsin cavabını verib. Belə bir layihəyə təklif aldıqda, söylədim ki, mən rep deyə bilmirəm, kliplərdə də iştirak edən deyiləm. Ancaq gəlib mahnını dinləyəndə oradakı sözlər mənə çox təsir etdi. Hüseynə dedim ki, belə layihələrdə hər zaman iştirak edərəm. Ümumiyyətlə, hansı layihədə ki vətənimə, torpağıma, xalqıma müraciət olunar, mən də o layihələrdə məmnuniyyətlə iştirak edərəm. Özü də təmənnasız. Çox sənətçi musiqi alətini qabından çıxaran kimi başlayır pul danışmağa. Ancaq mən belə etmədim. Bu günə kimi torpağı, vətəni bu səviyyədə təqdim edən klip olubmu? Xeyr. Bu klip tarixi faktlara söykənir. Klipdə dünənə baxılır, Qarabağ kimi dərdimiz söylənilir, bu günün inkişafı göstərilir və reperimiz gələcəkdə də vətənini qoruyacağını, onu sevəcəyinə and içir. Bu klipə görə Hüseyn Dəryaya hörmətim xeyli artdı. Mənim Hüseyndən keçəcək, ondan asılı ola biləcək heç bir işim yoxdur. Biz bu klip vasitəsi ilə hər kəsi vətəni sevməyə dəvət edirik. Hüseynə də uğurlar arzulayıram”.
Qeyd edək ki, klipin rejissorluğu, sözləri, musiqisi Hüseyn Dəryanın özünə məxsusdur. Operator Asif Axundov, montajçı isə Oqtay Ağamalıyevdir.

Xəyalə Rəis