“Böyük sürprizlərlə qarşınıza çıxacağam” - Fotolar
Bu gün Azərbaycan
vətəndaşlarının səsi dünyanın hər yerindən eşidilməkdədir. Soydaşlarımızın xoş
sədalarını eşitdikdə isə, biz də sevinir, onların uğurlarını öz uğurumuz hesab
edirik. Onların fəaliyyətini işıqlandırmaq, sizlərə çatdırmaq isə məhz bizim
öhdəmizə düşür. Bugünkü müsahibimiz "ENES.F production”ın və "Şərq ulduzları”
teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri,
prodüser, yazar Sevinc Səfərovadır. S.Səfərova 2012-ci ildə ATV telekanalında
yayımlanan "Şərq ulduzu” layihəsini həyata keçirib. Filmlərə gəlincə isə,
müsahibim "Qatillə görüş”, "Ruhun səsi”, "Kömək edin”, "Nə idi o günlər?” kimi
filmlərin rejissorudur. Sözügedən filmlərin ssenarisi də məhz S.Səfərovanın
özünə məxsusdur.
- Sevinc xanım, sizi yazar və rejissor, eyni zamanda beynəlxalq
tədbirlərin təşkilatçısı kimi yaxşı tanıyırıq. İstərdik indi də prodüser kimi
tanıyaq. İndiyə qədər hansı layihələrin müəllifisiniz?
- Əvvəla, hər nə qədər
vətəndən kənarda yaşasam da, ürəyim Azərbaycanla döyünüb. Gördüyüm bütün
layihələrimdə ölkəmi, onun adını daşıyıram. Fəxrlə də qeyd edirəm ki, mən azərbaycanlıyam.
Gördüyüm işlərə gəlincə isə, hər bir layihəmi vətənə və ölkəmizin gənclərinə,
övladlarına həsr etmişəm.
2011-ci ildə 1 iyun Uşaqları beynəlxalq
müdafiə günündə əlil uşaqlar üçün ulu öndərimizin xatirəsinə həsr olunmuş "Zirvə”
adlı silsilə xeyriyyə tədbirləri keçirdim. Bu tədbir də cəmiyyətimiz tərəfindən
müsbət qarşılandı və uzun müddət səs-sədası dilləri dolaşdı. 2012-ci ildə
Azərbaycanda analoqu olmayan "Şərq ulduzu” telelayihəsinə imza atdım. Bu
layihəni etməkdə məqsədimiz o idi ki, aztəminatlı, maddi cəhətdən çətinlik
çəkən, kasıb, lakin istedadı olan uşaqları bir araya toplayıb onları ölkəmizə
tanıdaq. Bunun üçün 54 rayona getdik, uzun sürən seçim turlarından sonra biz o
uşaqları yığıb, paytaxta gətirdik. Həmin uşaqlar da bizim layihəmizin
iştirakçılarına çevrildilər. Biz bir növ o uşaqlara cəmiyyətdə özlərini, öz
mövqelərini tapmaq üçün vasitəçi olduq. Bu gün o uşaqların uğurlarını görəndə,
sevincimin həddi-hüdudu olmur.Qeyd edim ki, 2009-cu ildə
"Xəzər” qrupunu yaratdım. Bu qrup canlı ansambldan ibarət idi. Belə ki, 17-27
yaş arasında olan istedadlı uşaqlardan ibarət vətənpərvər bir qrup yaratdım. Bu
qrupun repertuarında ulu öndərimizlə və vətənpərvərliklə bağlı bəstələrimiz var
idi. Biz icra başçılarının dəvəti ilə ölkəmizdə keçirilən bayram şənliklərində,
ölkəmiz üçün önəm daşıyan tədbirlərdə çıxışlar edirdik. Ulu öndərimizin
xatirəsinə həsr olunmuş konsertlər, tədbirlər keçirirdik. Rayonlara səfərlərə
gedirdik, maraqlı konsert proqramları hazırlayırdıq. "Xəzər” qrupunu da yaratmaqda
məqsədim o oldu ki, həmin zamana qədər ölkəmizdə vətənpərvər ruhlu bir qrup yox
idi. Bundan əlavə, istedadlı uşaqlara yardımçı olmaq, onları xalqımıza tanıtmaq
istəyirdim. Onlar çox kasıb və bir o qədər də istedadlı idilər. Ancaq
istedadlarını bəlli etmələri üçün imkanları yox idi. Mən də bu uşaqları axtardım,
yığdım və gözəl qrup yaratdım. İndi həmin uşaqlar öz yollarını tapıb.
- Sizin yaradıcılığınıza nəzər yetirdikdə, maraqlı filmlərə də rast
gəlirik. Film çəkilişlərinə necə başladınız?
- Əslində uzun müddət idi
ki, film çəkilişləri barəsində düşünürdüm. Nəticədə 2014-cü ilin fevral ayında "Nə
idi o günlər?” qısametrajlı filminin çəkilişlərinə başladım. Bu film əlil
insanlara həsr olunmuşdu. Onların dünyaya inteqrasiyası, sosiallaşması ilə bağlı
bir film idi. Fiziki qüsurlu insanlarla bağlı bir neçə layihəm olmuşdu və
onların dərdini, acısını içimdə hiss edirdim. Hesab edirdim ki, onların
özlərinə inanması, daxillərində böyük bir ümid yaratmaq üçün bu filmi çəkməliyəm.
İstəyimə də bu filmlə nail oldum.Ondan sonra "Qatillə görüş”
filmini çəkdim. Və beləliklə, filmlərin ardı gəldi. Çəkdiyim hər bir filmdə
özümü həmin qəhrəmanların yerinə qoymuşam. Onların çəkdikləri acıları,
iztirabları mən özüm də yaşamışam.
- Ötən il sizin müəllifi olduğunuz "Günah” romanının təmtəraqlı təqdimatı
keçirildi. Tədbirdə bu romanın "Oskar” mükafatına belə, layiq görülə biləcəyi
qeyd edildi.
- Elədir. 2016-cı ilin 25
fevralında "Günah” romanımın təqdimatını keçirdim. Azərbaycanın tanınmış
yazıçısı Çingiz Abdullayev də bu təqdimatda iştirak edirdi. Çingiz müəllim özü
kitabı təqdim etdi. Eyni zamanda, Türkiyənin tanınmış yazarı Unal Küpəli,
Norveçin, Hollandiyanın baş müşavirləri də həmin təqdimatda çıxış etdi. İrandan
tanınmış şərqşünas Əyyub müəllim də orada idi. Əyyub müəllim vaxtilə "Azərfilm”in
direktoru olub. O da bu kitabın mövzusunu çox bəyənmişdi. Təqdimata da şəxsən
özü gəlmişdi. Əslində sağ olsun Çingiz Abdullayevi. Bu kitabın təqdimatını
keçirməkdə mənə çox dəstək oldu. Unal Küpəli də "Günah” romanı ilə bağlı öz
sözünü bildirmişdi. Bu kinonun "Oskar”a qədər gedəcəyini demişdi. Bu layihənin
beynəlxalq səviyyədə təqdimatı üzərində çalışmaqdayam. Bunun üçün bir çox ölkələrə
getdim. Böyük sürprizlərlə qarşınıza çıxacam. Artıq "Günah”ın film ssenarisi də hazırdır. Kinosunu çəkməyə
hazırlaşırıq.
-
Əslində bu romanın ideyası da çox fərqlidir.
- "Günah” romanı adi bir
roman deyil. Bu gün hər bir gəncin həyatında yaşana biləcək bir hadisədir. Mən
də cəsarət edib, bu romanı qələmə aldım. Bilirsiniz ki, bu cür ağır bir mövzunu
ədəbiyyata gətirmək hər qadının işi deyil.Romanda 13 yaşlı oğlan
uşağının ögey atası tərəfindən zorlanması və bundan sonra baş verən hadisələr
qeyd olunub. Belə ki, həmin uşağın illər öncə anasından gizlətdiyi bu sirr onu başqa
yollara aparıb çıxarır. Burda günah zəncirvarı davam edir. Birindən başlayır, o
birisinə keçir. Balaca bir səhv insanın həyatını dəyişir. Ətrafındakı insanları
da istəmədən belə günaha batırır. Romandakı qəhrəmanlar istəsə də, istəməsə də,
bu romanda hər kəs günahkardır. Onların atdığı hər bir addım günaha səbəbədir.Bu roman həqiqətən də çox
sevildi. Azərbaycanda qəbul olundu.
- Ötən il "Burulğan” filminin trillerini yayımladınız. Azərbaycanda ilk
dəfə belə bir film çəkəcəyiniz haqqında mətbuat nümayəndələrinə də məlumat
vermişdiniz. Bu filmin çəkilişlərindən bir xəbər varmı?
- "Burulğan” filmində
hadisələr İtaliyada baş verir. Mən də yayda İtaliyada oldum. Oraya "Burulğan”
filminin çəkiliş yerlərini dəyərləndirməyə getmişdim. Siz də bilirsiniz ki, keyfiyyətli
iş zaman və bir də yaxşı sponsor tələb edir. Filmin sponsor problemləri
mövcuddur. Düşünürəm ki, filmin keyfiyyətli ssenarisi olduğu üçün sponsor
tapılacaq. Buna çox ümid edirəm. Əgər sponsor da olmasa, özümüz bu filmi ərsəyə
gətirməyə məcbur olacağıq. Filmin rejissoru və ssenaristi kimi məcbur olacam
ki, özüm filmə sponsorluq edim. Əlavə etmək istəyirəm ki, "Günah” filminin
çəkilişi də İtaliyada nəzərdə tutulub.
- Azərbaycanda yazarlara olan münasibət sizi qane edirmi?
- Sözün düzünə qalsa,
yazarlara olan münasibət məni heç də qane etmir. İstər nəşriyyatlar, istərsə də
kitabxanalarımız tərəfindən. Kitab çapında belə, artıq hər şey qəlizləşib.
Kitabı istənilən yerdə çap etdirmək olmur. İstənilən bir mağazada satışa da
vermək olmur. Düzünü desəm, yazarlar Azərbaycanda o qədər də alqışlanmır.
-
Bəs indi nə işlərlə məşğulsunuz?
- İşlərimi hələ də
dayandırmamışam. Yenə də "Şərq ulduzu” layihəsini həyata keçirmək istəyirəm. Bu,
böyük bir realiti-şou olacaq, türk dünyasını əhatə edəcək. Bu layihədə
türkdilli ölkələrdən seçilən uşaqlar çıxış edəcək.
Xəyalə Rəis