• cümə, 26 Aprel, 13:28
  • Baku Bakı 23°C

Koçaryan Paşinyanın Qarabağla bağlı populist bəyanatlarını pislədi

19.09.18 18:05 439
Koçaryan Paşinyanın Qarabağla bağlı populist bəyanatlarını pislədi
Ermənistanın eks-prezidenti Robert Koçaryan barəsində cinayət işi qaldırıldıqdan sonra siyasətə dönmək barədə qərar qəbul edərək, baş nazir Nikol Paşinyanın əsas düşmənlərindən birinə çevrilib. Əlavə intriqa onadır ki, Koçaryan 10 ildən sonra Vladimir Putinin yaxın "dostu” çıxıb. "Kommersant” qəzetinə müsahibəsində eks-prezident Rusiya lideri ilə dostluğunun tarixi və bu dostluğun nə qədər "möhkəm” olmasından danışıb. Ambisiyaları barədə danışan eks-prezident siyasətdən heç zaman getmədiyini bəyan edərək, bundan sonra aktiv şəkildə fikirlərinin ifadə edəcəyini bildirib. "Mən siyasi proseslərə cəlb ediləcəyəm. Hansı formatda? Bu ola bilsin partiya, hərəkat, hansısa partiyada aktiv fəaliyyət və s. olsun”, - deyə bildirib. R. Koçaryan onu da qeyd edib ki, böyük siyasətə qayıdır. O, Ermənistan Respublika Partiyasını dəstəkləyəcəyi və ya yeni partiya yaradacağı sualına isə cavab verməkdə çətinlik çəkib. Ermənistanda baş verənləri xarakterizə edən Koçaryan "ölkədə nəyin baş verdiyini heç kim bilmir” deyib. Baş verənləri hakimiyyət dəyişikliyi kimi xarakterizə edib: "Hesab edirəm ki, Paşinyan etiraz əhval-ruhiyyəsini hiss edən kimi ona rəhbərlik etdi”. Rəqibinin 4 aylıq idarəçiliyini şərh edən R.Koçaryan onu xaotik, iqtisadiyyatdan baş çıxarmayan, hər hansı bir proqrama malik olmayan şəxs kimi xarakterizə edib. O, yeni hökumətin aydın geosiyasi prioritetlərinin olmadığını xüsusi vurğulayıb. O ki qaldı Paşinyana - onu populizmə həddən artıq meyil etdiyini və bunun da ciddi narahatçılıq doğurduğunu bildirib. Eks-prezident Paşinyanı tez yanan meteorit və kometaya bənzədib. Özünün fəaliyyətinə də toxunaraq: "Mən cəmiyyəti heç nədən qorxmamağa, öz nöqteyi-nəzərini bildirməyə və bu baxışı müdafiə etməyə çağırdım. Bu planda mən nəyəsə çatdım, artıq Ermənistanda mövcud atmosfer iki ay bundan əvvəlki deyil”.
N.Paşinyanın Moskvaya səfərinə toxunan R.Koçaryan baş nazirin buraxdığı səhvləri düzəltməyə çalışdığını bildirib. "Ermənistanın birinci şəxsin timsalında NATO-nun Brüssel sammitində iştirakı mənim üçün anlaşılan deyildi. Deyəsən dəhlizlərdə selfi çəkdirmək üçün ora getmişdi?” - deyə o əlavə edib. N.Paşinyanla hanısa məsələdə fikirlərin üst-üstə düşməsinə gəlincə, "mən ümumiyyətlə bir çox məsələlərlə bağlı onun fikrini bilmirəm” –deyə əlavə edib. O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, R.Koçaryan bildirib ki, "Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində atışmanın intensivliyinə gətirib çıxaracaq”. Koçaryan Paşinyanın Yerevanın baş meydanında Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı kəskin ifadələr işlədilən nitqini tənqid edib. "Mən Qarabağ üzrə uzun müddət, hələ Qarabağ "prezidenti” olandan danışıqlar aparmışam. İstənilən danışıqlar istənilən müharibədən daha yaxşıdır. Məsələ poza verib həyəcanlı kütlənin populist ovqatda qəbul edəcəyi şüarlar səsləndirməkdə deyil”,- deyə Ermənistanın keçmiş rəhbəri vurğulayıb. Onun sözlərinə görə, Yerevan təmas xəttində atışmanın azaldılmasına imkan yaradacaq məsuliyyətli siyasət aparmalıdır. "Bu, mitinq müzakirələrinin predmeti ediləsi mövzu deyil. İstənilən ehtiyatsızlıq bu gün təmas xəttində səngərlərdə olanların həyatı üçün təhlükə yaradacaq atışmanın intensivliyi ilə nəticələnəcək. Bundan sadəcə, imtina etmək lazımdır”, - R.Koçaryan bildirib.
Ermənistanın sabiq prezidentini hiddətləndirən odur ki, bu cür bəyanatları orduda xidmət etməmiş və ön cəbhədə olmamış bir şəxs verir. "Bu gün hökumətdə demək olar ki, hərbidə xidmət etmiş insan yoxdur. Əlbəttə, heç bir prinsipial danışıq mövqeyini əldən vermək olmaz, amma nizamasalma problemini populist mövzuya çevirmək - son dərəcə məsuliyyətsizlikdir”,- keçmiş dövlət başçısı vurğulayıb.
Eks dövlət başçısı onu da bildirib ki, Paşinyan bütün mitinqlərini ona həsr edir: "Nədir onun bu narahatçılığı? Nə baş verir? Hesab edirəm ki, ağlı olan adam gözəl bilir ki, mənim prezidentliyim dövründə əldə olunan nailiyyətlər onu ciddi narahat edir. Cəmiyyətin də əhəmiyyətli hissəsi anlayır ki, bu nəticələr təkrarlana bilər. Biz bu gün nə əldə etmişik - cəmiyyət ağ və qaralara bölünüb. Nəinki öz, eləcə də əcnəbi investorları qorxutmuşuq. Ərzaq məhsullarının qiyməti artıb, iqtisadi siyasət mövcud deyil. Heç kim yeni hökumətdə təmsil olunan şəxslərin başında nələrin dövr etdiyini bilmir. Bu da qeyri-müəyyənlik deməkdir, belə vəziyyətdən isə pullar qaçır”. Baş verənlərə biganə qala bilməyəcəyini söyləyən R.Koçaryan əlavə edib ki, həbs edilməsəydi də, özünü belə aparacaqdı: "Hesab edirəm ki, bunu da indiki hakimiyyət bilir. Hesab edirəm ki, mənim həbsim siyasi rəqibin izolyasiyası demək idi. Mənim xarakterimi Ermənistanda yaxşı bilirlər - mən heç zaman oyun oynamamışam”.
Rusiya prezidenti Vladimir Putinlə dostluğuna toxunan eks-prezident məhz onun prezidentliyi dövründə Rusiya investisiyalarının ölkəyə axdığını xartırladıb. "Biz heç zaman bir-birimizə yalan deməmişik və bu münasibətlər səmimi idi”,- deyə o bildirib. Sabiq prezident Rusiya lideri V.Putinlə şəxsi dostluğundan da danışıb.Xatırladaq ki, 31 avqustda Putin Koçaryana zəng edərək onu 64 yaşına qədəm qoyması münasibətilə təbrik edib. Ermənistanda çoxları bunu Rusiya tərəfindən Koçaryana sözsüz siyasi dəstək kimi qiymətləndirir. Yeri gəlmişkən, bunu "Kommersant”a R.Koçaryan özü də deyib:"Bu zəng mənim üçün ciddi dəstəkdir. Amma mən bu cür münasibətləri heç vaxt reklam edərək ictimailəşdirməmişəm”. 2008-ci mart qırğınına da toxunan Koçaryan baş verənlərdə günahı olmadığını bildirib. Onun sözlərinə görə, hazırda Paşinyan hökuməti cəmiyyəti parçalanmaya doğru aparır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər