• cümə, 26 Aprel, 15:39
  • Baku Bakı 23°C

Bu, ümidlərimizi bir az da azaldır - Bahar Muradova

24.04.14 12:27 1047
Bu, ümidlərimizi bir az da azaldır - Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova Krımın Rusiyaya birləşdirilməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında müşahidə olunan soyuq münasibətlərin münaqişənin həllinə hansı formada təsir göstərə biləcəyi məsələsinə münasibət bildirib.
APA-nın məlumatına görə B. Muradova bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin koordinasiya olunmuş fəaliyyətlərinin bütövlükdə səmərəsiz qaldığı əvvəllər də dəfələrlə vurğulanıb: “Bugünkü duruma nəzər salanda, baş verənlər, əlbəttə ki, ümidlərimizi bir az daha azaldır və həmsədrlərin vasitəçilik missiyasına nə dərəcədə sadiq olub-olmaması ilə bağlı suallar doğurur. Amma düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə bu ölkələr ümumi dil tapa biləcək. Ən azı, onların nümayəndələri bunu səsləndirməkdədirlər”.
Vitse-spiker deyib ki, Azərbaycana təcavüzünə görə Ermənistana qarşı ən müxtəlif təzyiq üsullarından istifadə olunması məsələsi də dəfələrlə gündəmə gətirilib: “Təbiidir ki, istər ATƏT, istər AŞPA üzvü olan ölkələrdən birinin digərinin ərazisini işğal altında saxlaması beynəlxalq hüquq prinsiplərinin ayaq altına atılması deməkdir. Bu, eyni zamanda həmin təşkilatların özünün dəyər və prinsipinə biganə qalmaq, onu saymamaqdır. Ukraynada baş verən hadisələrdən sonra da bu məsələ dünyanın gündəminə daha kəskin şəkildə gəlib ki, həlli uzadılmış, dondurulmuş münaqişələr mütləq müzakirə edilməli, həllini tapmalıdır. Ona görə də ATƏT Parlament Assambleyasının növbəti iclaslarının birində bu tip məsələlərin müzakirəyə çıxarılması təklifi irəli sürmüşük”.
banner

Oxşar Xəbərlər