AZE | RUS | ENG |

Bu, vicdansızlıqdır

Bu, vicdansızlıqdır
Ekspertlər kinorejissor Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmini bu cür dəyərləndirirlər

2013-cü ilin prezident seçkiləri öncəsi qalmaqallı fikirləri, antiazərbaycan mövqeyi ilə gündəmə gələn və buna görə haqlı tənqid olunan kinorejissor Rüstəm İbrahimbəyov yenidən Azərbaycan ictimaiyyətinin müzakirə obyektinə çevrilib. Bu dəfə o, ssenari müəllifi olduğu "Qafqaz üçlüyü” filmi ilə "gül vurub”. Belə ki, 2015-ci ildə çəkilmiş bu filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunublar. Filmin rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Filmdə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Bununla yanaşı, "sənət əsərində” erməninin "cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur. Əkrəm Əylislinin "Daş yuxular” cızmaqarasından sonra R.İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən "etiraf” olunan bu "həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.
 
 

Bununla bağlı kinorejissor Ayaz Salayev mətbuatda müəllif yazısı ilə çıxış edərək, R.İbrahimbəyov yaradıcılığının növbəti "şedevrini” təhlil edib, ona sərt münasibət bildirib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da "Facebook” səhifəsində həmin yazını paylaşaraq mövqeyini ifadə edib. Yazıb ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olmalı və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist”ə münasibət bildirməlidir. Ə.Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü çatdırıb. 
 
 

Millət vəkili, tarixçi alim Fəzail İbrahimli"Kaspi”yə açıqlamasında deyib ki, kimliyindən, siyasi mövqeyindən, durumundan və varlığından asılı olmayaraq, Azərbaycana, burada yaşayan insanlara təhqiramiz münasibət bəsləyən hər kəs bu xalqın düşmənidir. Millət vəkili belə "yaradıcılıq” məhsullarının ictimai müzakirəsi zamanı bəzilərinin səsləndirdiyi "mədəniyyət nümunəsini siyasiləşdirmək olmaz” kimi fikirlərə də münasibət bildirib. Qeyd edib ki, belə yanaşma yalnız ruhi xəstələrə məxsus ola bilər: "Ruhi xəstələr istədiyi formada manipulyasiya edə bilir. Hər bir sənət əsəri, hər bir yaradıcılıq millətin mənəvi varlığına, tarixinə, ruhuna, qüsur və nöqsanların aradan qaldırılmasına və uğurlarımızın beynəlxalq aləmdə təbliğ edilməsinə xidmət etməli, yol göstərməlidir. Siyasət və reallıq arasında məsafə çox azdır”.
 
 

Xalq şairi Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında vurğulayıb ki, sözügedən filmə baxmasa da, kinorejissor A.Salayevin "Qafqaz üçlüyü” barədə yazısı ilə tanış olub. Onun sözlərinə görə, A.Salayev teatrşünas kimi "Qafqaz üçlüyü” filmini bütün detalları ilə geniş təhlil edib: "Hansı ağılla, hansı təfəkkürlə belə bir ssenari yazmaq, onun əsasında film çəkmək olar, buna məəttəl qalmışam. Bu, sadəcə vicdansızlıqdır. Belə hərəkətlərə yol vermək olmaz. Bu nə tərbiyədir? Gürcü rejissor, azərbaycanlı ssenarist Azərbaycan əleyhinə bu qədər murdar kadrlar çəkirlər. Ziyalı sayılan bir şəxsin belə mövqeyini başa düşə bilmirəm. Bu film bir qədər də yazıçı Əkrəm Əylislini xatırladır. Həm də qəribə burasıdır ki, film 3 il bundan əvvəl çəkilsə də, mətbuat bu məsələ ilə bağlı susub. Niyə məhz indi bu filmə reaksiya verilir? Buna da məəttəl qalmışam. Amma ümumən Ayaz Salayevin "Qafqaz üçlüyü” filmi barədə təhlilini, mövqeyini dəstəkləyirəm. Sanki, o, bizim ürəyimizdən keçən sözləri yazıb”.
 
 

Xalq şairi deyib ki, "Qafqaz üçlüyü” siyasi filmdir: "Əgər Qafqazda münaqişələr gedirsə, Azərbaycanın, Gürcüstanın əraziləri işğal olunubsa, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları indidə varsa, atəşkəs adı altında müharibə davam edirsə, Moskvada kino sənayesi bütünlüklə ermənilərin əlindədirsə, onlar hər hansı hadisəni istədikləri şəkildə geniş ictimaiyyətə çatdırırsa, belə olan halda Qafqazla bağlı çəkilən istənilən film siyasi xarakter daşıyır. Fikrimcə, belə filmlər daha çox müharibənin nəticələrinin aradan qaldırılmasına xidmət etməli, humanizm niyyətli, xoş görünüşlü, millətlərin dostluğuna, qardaşlığına xələl gətirməməlidir. İstənilən qədər mövzular var ki, aradakı yanğını söndürməyə xidmət edə bilər. Xalqların içində rəhmi, mərhəməti oyadar. Lakin təəssüf ki, "Qafqaz üçlüyü” filmi yeni bir müharibə cəbhəsi açır. Bu isə birbaşa işğala haqq qazandırmaq, düşmən dəyirmanına su tökmək cəhdidir. Bunun ayrı adı yoxdur”.
 
 

Siyasi şərhçi Elçin Mirzəbəyli isə bildirib ki, R.İbrahimbəyovun bu günədək ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu fikirlər, Rusiya və ABŞ mətbuatına verdiyi müsahibələrdə Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd geosiyasi proseslərin günahkar olduğunu dilə gətirməsi təəccüblənmək üçün əsas qoymur. Onun sözlərinə görə, R.İbrahimbəyovun filmi Əkrəm Əylislinin "Daş yuxular” romanının məntiqi davamıdır: "Bu adamlar erməni lobbisi və diasporunun dəstəyi ilə ədəbiyyat və kinomatoqrafiya sahəsində yüksək beynəlxalq mükafatlara sahiblənmək istəyirlər. Rüstəm İbrahimbəyov 2013-cü ildə "Rosbalt” agentliyinə verdiyi müsahibədə ermənilərin Azərbaycan xalqının düşməni olmadığını, onların da azərbaycanlılar kimi faciə qurbanları olduğunu deyir. İbrahimbəyov bildirir ki, "Dağlıq Qarabağ təkcə torpaq deyil, həm də əsasən ermənilərdən ibarət olan əhalidir”. Bu adamın yanaşması ortalıqdadır və bu yanaşma erməniliyə xidmət edir. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və bu qəbildən olan digər adamlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan qüvvələrin uzun illərdir ki, yemlədiyi, formalaşdırdığı "ictimai diplomatlar”dır və çox təhlükəli bir missiyanı həyata keçirirlər. "Daş yuxular”, "Qafqaz üçlüyü” kimi "ssenarilərin” məqsədi azərbaycanlıların vəhşi obrazını formalaşdırmaqdan, erməni separatizminə və işğalına haqq qazandırmaqdan ibarətdir. Əgər Qarabağda azərbaycanlılara qarşı soyqırımı həyata keçirilən erməni hərbi cinayətkarlarının əli Azərbaycan xalqının qanına bulaşıbsa, onlarla mahiyyət etibarı ilə eyni missiyanı həyata keçirən Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb. Bu qanı təmizləmək və İbrahimbəyov kimilərin alnındakı xəyanət damğasını silmək heç zaman mümkün olmayacaq”.
 
 
 
Millət vəkili, politoloq Hikmət Babaoğlu da hesab edir ki, xalqına xəyanət edəni nə cəmiyyyət nə tarix əfv edir. Onun fikrincə, R.İbrahimbəyov "Qafqaz üçlüyü" filmini çəkməklə xalqına xəyaət, dövlətinə və millətinə qarşı düşmənçilik edib: "Ancaq məsələ təkcə bu da deyil. Onun çəkdiyi film uzun müddət işğalçı Ermənistanın ideoloqlarının əlində Azərbaycana qarşı effektiv yumşaq güc silahı olacaq. Əslində bu film elə erməni maliyyəsi və erməni xislətilə çəkilib. Çünki öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. Azərbaycan xalqına qarşı ən qəddar faşizim hərəkətlərini ermənilər edib, Xocalı soyqırımını, Malibəyli vaciəsini ermənilər törədib, beş yaşlı uşağın dərisini zori balayanlar soyub. Çəkdiyi filmlə İbarhimbəyov özünü erməni faşistlərilə bir sıraya qoydu. Çünki onların xalqımıza qarşı etdiyi cinayətləri bizim onlara qarşı etdiyimiz kimi göstərdi. Bu namərdlik və əxlaqsızlıqdır. Filmdə Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi Azərbaycanlıların ermənilərə qarşı olan nifrəti göstərilir, azərbaycanlıların qorxaq, riyakar obrazı yaradılır, hətta öz övladının ölüm xəbərini öyrənmək üçün Azərbaycana gələn erməni qoca döyülür və bununla da azərbaycanlıların nə qədər qəddar, mənəviyyatsız və antihumanist olduğu diqqətə çatdırılır. Ermənilər tərəfində son yüz ildən artıq bir vaxtda soyqırımına, xəyanətə hər cür vəhşiliyə məruz qalan lakin bununla belə heç bir vaxt silahsız insanlara atəş aşmayan daima öz tarixi humanizm ənənələrinə sadiq qalan bir xalqı bu cür təsvir etmək düşmənçilik və xəyanətdir. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq. İbrahimbəyov ermənilərə xidmət edən, erməni işğalına bəraət qazandıran bu filmi çəkməklə Ə.Əylislini və onun iftira dolu "Daş yuxular"ını da kölgədə qoydu. Millətinə xəyanətdə ondan da bir addım qabağa getdi. Əylisli Azırbaycan cəmiyyətinin bir qismini hədəf alaraq təhqir edirdisə İbarhimbəyov bütövlükdə Azərbaycan xalqını, onun dəyərlərini hədəfə çevirir. Hələ üstəlik də bu mənəviyyat və bu əxlaqla siyasətçi olmağa cəsarət edir. Ermənipərəst mərkzlərin yaratdlığı "Milli Şura" layihəsində yer alır. Bu uydurma qurumdan prezidentliyə namizəd olaraq irəli sürülür. İndi həmin "Milli Şura"nın həmsədrləri olan Cəmil Həsənlilər, Əli Kərimlilər görəsən niyə İbrahimbəyovu qınamırlar. Axı söhbət Azərbaycan xalqını təhqir etməkdən, onu gözdən salmaqdan gedir. Həqiqi siyasətçi və həqiqi Milli Şura bunu qəbul etməməlidir. Ancaq bəllidir ki, həsənlilər və kərimlilər də ibrahimbəyvlar kimi eyni erməni ağalarından tapşırıq alırlar və əsla belə xəyanətləri qınaya bilməzlər. Ancaq Azərbaycan xalqı belə xəyanətləri çox görüb, buna baxmayaraq öz Prezidentinin ətrafında sıx birləşərək neçə xəyanətlərin öhdəsindən gəlməyi bacarıb. 2016-cı i aprel hadisələrində ən yeni hərbi-siyasi tariximizin şanlı səhifəsini yazıb. Erməni işğalşılarını narahat edən də, ibrahiməyovları, əylisililəri, kərimliləri özündən çıxaran da elə budur. Ancaq xalqımız kimin kim olduğunu bilir və bu filmi cəkənlər bir daha özlərinin kim olduğunu yaxşıca göstərmiş oldular. Azərbaycan onsuz da heç nəyə baxmayaraq öz ərazi bütövlüyünü bir şəkildə bərba edəcək. Millətimizə, dövlətimizə xəyanət edənləri isə hec vaxt bağışlamayacaq".
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000