“Bu konsertimdə tamaşaçıları təəccübləndirəcəyəm” - Fotolar
İyun isti yay aylarının xəbərçisidir. Bu ayda
insanlar yay istirahətlərini necə keçirəcəkləri haqqında düşünür, indidən
planlar qurmağa başlayırlar. İl ərzində sərasər çalışanlar tətil planları qurduqları
halda, xalq artistimiz, xanəndə Nəzakət Teymurova növbəti solo-konsertinə
hazırlaşır. İyunun 22-də Yaşıl Teatrda solo konsert proqramı ilə
tamaşaçılarının görüşünə gəlməyi planlaşdıran xalq artisti bütün enerjisini
toplayıb, fərqli bir ampluada özünü təqdim edəcək. Xanəndə konsertqabağı öz təəssüratlarını
bizimlə bölüşdü. Deyir ki, konsert ifaçının özünə bir hesabatıdır. Deyir ki, bu
konsertində fərqli bir repertuarla səhnəyə çıxacaq və bir çoxları buna
təəccüblənəcək. Çünki bu konsert onun digər konsertlərinə bənzəməyəcək.
- Nəzakət xanım,
hazırlıqlar necə gedir? Bizi necə bir konsert proqramı gözləyir.
- Diqqətiniz üçün təşəkkür edirəm. Hələ ki
hazırlıqlar davam edir, məşqlər gedir. İyunun 22-də Yaşıl Teatrda tamaşaçıları
çox gözəl bir konsert proqramı gözləyir. Konsertdə aşıq mahnıları olacaq. Nəinki
aşıq mahnıları, ilk dəfə mənim ifamda tamamilə yeni repertuar olacaq. Tamaşaçıları
gözəl istirahət gözləyir. İndidən deyirəm ki, bu mahnıları dinləməyə dəyər. Konsert
çox fərqli olacaq.
- Fərqli deyərkən
nəyi nəzərdə tutursunuz?
- Bu günə qədər konsertlərdə kamera orkestri, xalq
çalğı alətləri ansamblı, 3-lük trio şəklində çıxışlar etmişəm. Bu dəfə daha
fərqli bir konsert proqramı olacaq. İndiyə qədər müraciət etmədiyim xalq,
bəstəkar mahnılarına, aşıq musiqilərinə üz tutmuşam. Məkana uyğun olaraq
repertuar qurmuşuq. Konsertdə indiyə qədər ifa etmədiyim, az hallarda müraciət
olunan bəstəkar mahnıları, xalq mahnıları səslənəcək. Bir sözlə, indiyə qədər
ifa etmədiyim musiqiləri seçmişik. Xalq mahnılarını da yeni aranjemanda, fərqli
tərzdə oxumaq istədim. Tamaşaçı yeniliyi sevir. Müasir dövrümüzdə tamaşaçı
zövqünə xitab etmək çətindir. Düşünürəm ki, tamaşaçı bu konsertdən zövq alacaq.
Yeni üslubda səhnəyə çıxacam. Bu konsertdə tamaşaçı daha böyük dinamika hiss
edəcək. Sənətçi performans göstərirsə, maraqlı görünür. O performans təkcə
səhnədə dinamik hərəkətlə ölçülmür. Bəzən səsin dinamikası bütün hərəkətləri
əvəz edə bilir. Yaşıl Teatrın tələb etdiyi repertuarla tamaşaçını
təəccübləndirmək istəyirəm.
- Bu sizin ölkə
daxilində verdiniz neçənci konsert olacaq?
- Açığı, heç saymamışam. Ona görə də sizə dəqiq
deyə bilmərəm. Amma indiyə qədər saysız konsertlər vermişəm. Bu da onlardan
biridir.
- Bildiyimiz
qədəri ilə, bir neçə ay bundan öncə Türkiyədə də konsert vermisiniz.
- Nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində
solo konsertlərim olub. Siz dediyiniz, aprel ayında Samsunda konsertimiz oldu.
Orda festivalda da iştirak etdik. Bu yaxınlarda Vyanada konsert verdik. Vyanadakı
konsert solo deyildi, orada sənət dostlarım da var idi. Bu ərəfələrdə isə bütün
gücümü solo konsertə sərf edirəm. Uzun müddətdir ki, öz vətənimdə konsert proqramı
ilə çıxış etmirəm. Buna görə də istəyirəm ki, hər şey yüksək səviyyədə olsun.
- Konsertdə
tələbələrinizlə çıxışlarınız necə, olacaqmı?
- Olmayacaq. İstəmirəm ki, tamaşaçıların
solo-konsert deyəndə, ağıllarına müğənnilərlə, tələbələrlə, sənət dostlarımla
olan bir şey gəlsin. Adından göründüyü kimi, bu, solo-konsertdir. Xoşlamıram ki,
solo-konsertdə kimsə sənətçi ilə birgə çıxış etsin. Mən səhnədə tək olacam.
Solo-konsertdə səhnəni kimləsə paylaşmağı sevmirəm, qəbul da etmirəm. Çünki
bunun adı solo-konsertdirsə, tamaşaçı ora sənin ifanı eşitməyə gəlir. Müğənni,
sənətkar da solo-konsert verərkən səhnədə bütün imkanlarını göstərmək imkanı
əldə edir. Orda başqa birinə ehtiyac olmur. Solo-konsert sənin səs və səhnə
imkanlarını, həyəcanını təqdim edə biləcək məkana çevrilir. Sən maksimum
dərəcədə solo-konsertin verdiyi şansdan düzgün istifadə etməlisən. Maraqlı
olmalısan səhnədə. Səhnədə tək olsan da, diqqətləri özünə yönəldə bilməlisən.
Mən yola verməyi bacarmıram. O xüsusiyyət məndə yoxdu deyə, səhnədə ifa
edəcəyim hər mahnı üzərində dönə-dönə keçidlər edirəm ki, maraqlı alınsın.
- Konserti özünüzə
hesabat saymaq olarmı?
- Ümumiyyətlə, xanəndə, müğənni, ifaçı konsert
verərkən daha da mükəmməlləşir, nəyə qadir olduğu özünə bir daha sübut edir. Formalaşır,
bərkiyir, yetişir və sənətinə daha da ciddi yanaşır. Bu sənətdə müəyyən titullar
da qazanmışam. Ancaq hər zaman özümə borc bilmişəm ki, tamaşaçılarla ünsiyyətdə
olum, onların rəğbətini qazanım. Bu bizim işimizdir. Bu mənim üzərimə
götürdüyüm böyük bir məsuliyyətdir. O məsuliyyət ki, onun ağırlığını hiss və
dərk edərək səhnəyə çıxmışam. Sadəcə, budəfəki fərqli formatda olmaq istəyi həyəcanı
da, məsuliyyəti də bir az çoxaltmış oldu. Mənim üçün tamaşaçı fikri, münasibəti
önəmli olub. Misal üçün, mən kamera orkestri ilə də konsert vermişəm. Bəzi
tamaşaçılar bunu sevib, bəziləri üçün maraqlı olmayıb, onlar klassik muğamı
daha çox qəbul ediblər. Bilmirəm, bu dəfə tamaşaçı reaksiyası necə olacaq. Amma
seçdiyim mahnılar ki var, onlar tamaşaçılar tərəfindən seviləcək.
- Hər bir xanəndə
istəyir ki, daha böyük səhnədə çıxışlar etsin və bunun üçün Heydər Əliyev Sarayına
müraciət edir. Siz niyə Yaşıl Teatra müraciət etdiniz?
- Mən Heydər Əliyev Sarayında çox konsert proqramı
ilə çıxış etmişəm. Nəinki konsertlərin ana beşiyi olan sarayda, hətta Opera və
Balet Teatrının səhnəsində, Filarmoniyada, Muğam Mərkəzində konsertlər
vermişəm. Bu dəfə isə istədim bir qədər fərqlilik edim. Bunun üçün isti yay
aylarında insanların istirahət etmək istədiyi gözəl bir məkanı seçdim. Belə
daha münasib gördük.
- Konsertdən
gözləntiləriniz nələrdir?
- Gözləntilərim çoxdur. Çox istəyirəm ki, bu
konserti uğurla başa çatdırım. Mənim üçün unudulmaz bir konsert olsun. Bu
konserti istədiyim şəkildə başa çatdırsam, yəqin ki, mənim üçün ən böyük uğur
elə bu olar. İnanıram ki, bu konserti xoş xatirə kimi yaddaşıma həkk edəcəm.
- İndiki dövrdə
konsertdən gəlir əldə etmək mümkündürmü?
- Mən bu suala çox çətinliklə cavab verəcəm. Çünki məsələn,
biz xaricə gedirik, orada qonorar alırıq, ayrı heç nədən xəbərimiz olmur. Burada
isə bizə konserti təklif ediblər, amma yenə də görürsən ki, tamaşaçılar daha
çox dəvətnamələrə üstünlük verirlər, nəinki bilet almağa. Bilet almaq
qabiliyyəti bizdə bir az zəifdir. Arzu edərdim ki, bunun da bir çarəsi
tapılsın.
- İndi sizdən
dəvətnamə istəyən çoxdurmu?
- Çoxdur (gülür). Məni təxribata çəkməyin. Bu
işləri təşkilatçılar görür. Ona görə biz çıxılmaz vəziyyətdə qalırıq.
- Aralıq
mahnılarının bu qədər çox dinlənildiyi bir vaxtda muğam və bəstəkar mahnılarından
ibarət konsert vermək böyük bir riskdir. Bu riski gözə almısınızmı?
- Hər ifaçının - istər bu sənətə yeni gələn olsun,
istər köhnə - fərqi yoxdur, öz pərəstişkarları var. Mən muğam, bəstəkar mahnılarının
ifaçısıyam, bizim işimiz çox çətindir. Bizi kütlə yox, ayıq baş, ziyalı
insanlar dinləyir. Hansı ki, onlar sənətə, sənətkara qiymət verirlər. Şükürlər
olsun ki, bu gün elə tamaşaçılarımız var. Kim nəyi dinləyir, bu onun öz
seçimidir. Az olsun, amma bizim sənəti başa düşən olsun. Bu çox qəliz
məsələdir, burada bir az səviyyə söhbəti də var. Ona görə hər şeyi adam oxuya
bilmir. Biz xanəndələr, adətən bir tərzdə oluruq, muğam ifa edirik. Yəni muğam
ifaçılarının əksəriyyətinin bir yolu olur, eyni xətt üzrə fəaliyyət göstərirlər.
- Konsertdə
hansı bəstəkar mahnıları olacaq?
- Açığı, çox bəstəkar mahnıları səslənəcək. Bunu
bir dəfə də demişdim, daha sirri qalmadı. Konsertdə elə mahnılar səslənəcək ki,
vaxtilə tanınmış sənətkarlar bu mahnılara möhürlərini vurublar. Rəhmətlik
İlhamə Quliyevanın repertuarına müraciət etmişəm. Flora Kərimovanın
repertuarından mahnı hazırlayıram. Ona görə deyirəm ki, siz bu konsertdə fərqli
Nəzakət Teymurovanı görəcəksiniz.
- Son olaraq
tamaşaçılara sözünüz.
- 22 iyunda istirahət etmək və gözəl zaman keçirmək
istəyirsinizsə, sizləri Yaşıl Teatrda gözləyirəm.
Xəyalə Rəis