AZE | RUS | ENG |

“Bu işdən zövq almamaq olarmı?”

“Bu işdən zövq almamaq olarmı?”
Jurnalistlər mediaya necə gəlmələri və bu peşəyə sevgilərindən danışırlar

Bir neçə gün sonra milli mətbuatımızın yaranmasının 144 illiyi tamam olur. İllərin sınağından keçən, bu günümüzə qədər öz varlığını qoruyub saxlamağı bacaran jurnalistikamız cəmiyyətimizin inkişafında, maariflənməsində olduqca faydalı işlər görür. Bu işlərin həyata keçirilməsində isə təbii ki, həmkarlarımızın rolu böyükdür. Peşə bayramımız münasibətilə onlardan bəziləri ilə həmsöhbət olub, jurnalistikaya necə gəlmələri, işlədikləri dövr ərzində hansı maraqlı hadisələrlə qarşılaşdıqlarını öyrəndik.
 

 
"Palitra” qəzetinin jurnalisti Tural Tağıyev 14 ildir ki, jurnalistikada işlədiyini və ilk günkü kimi işinə bağlı olduğunu bildirdi: "Təxminən 14 ildir ki, jurnalist işləyirəm. Əlbəttə, bu illər ərzində daim peşəmin incəliklərini öyrənməyə, inkişaf etməyə çalışmışam. Öyrəndikcə isə, jurnalistikanın çətin, məsuliyyətli olmasına baxmayaraq, sevilən bir iş olduğunu görmüşəm. Bu gün də on il əvvəl olduğu kimi işimə bağlıyam. Bizim iş yaradıcı işdir. Bu sahədə təcrübə də, istedad da, nəzəriyyə də çox vacibdir. Ona görə də yaxşı jurnalist olmaq istəyirsənsə, yalnız işini sevməməlisən, sadaladığım amilləri də özündə birləşdirməlisən. Hazırda işimdən zövq alıram və bu peşədə özümü tapa bilirəm. Bu illər ərzində xeyli maraqlı, qeyri-adi və ya gülməli hadisələrlə rastlaşmışam. Məsələn, bir dəfə "diktofon” dediyimiz səsyazan aparatın batareyası zəiflədiyi üçün hazırda yüksək vəzifədə çalışan müsahibimin yarım saat danışdığı fikirlərinin yarısı lentə yazılmamışdı. Səs düşməyən hissəni özümdən, yadımda qalanlara əsasən yazdım. Yəni riskli də olsa, yaddaşımda qalanları müsahibəyə əlavə etdim. Düşündüm ki, üzə çıxsa, işdən qovacaqlar. Çünki siyasət müxbiri olduğum üçün mövzu da, müsahib də kifayət qədər ciddi idi. Amma həmin şəxs səhər baş redaktora zəng edib demişdi ki, "əla müsahibə alınıb, təşəkkürlər”.
 

 
"Radio Antenn 101 FM”-in aparıcısı Əzizə İsmayılova mediaya gəlişinin əzəldən təsadüf üstə qurulduğunu deyir: "İlk olaraq 2002-ci ildən başladım. Sonra iş elə gətirdi ki, yenə də sırf təsadüfdən 2008-ci ildə "ANS ÇM” radiostansiyasında xəbər aparıcısı oldum, 2009-cu ildə "Radio Antenn 101 FM”-ə gəldim. Əvvəl ancaq xəbər aparıcısı idim, sonra həm də hər gün 3 saatlıq canlı efir aparıcısına çevrildim, bu günə kimi də bu davam edir. İşimi sevməyə gəlincə, mən işimlə nəfəs alıram. Bu, məsuliyyətdir, adrenalindir, yaşam tərzidir. Radio aparıcılığı elə bir sahədir ki, sən onu sevməsən, səni kimsə sonuna kimi dinləməz, sənə diqqət kəsilməz. Düşünün ki, sən əlində olan zaman kəsiyində hansı enerjini dinləyiciyə ötürsənsə, eynisini də geri alırsan. Güclü enerji mübadiləsi gedir. Bu qədər emosiyanı ötürürsən və geri alırsan, sizcə, bundan zövq almamaq olarmı?” 
 
 

Həmsöhbətimiz canlı efir zamanı başına gələn maraqlı bir hadisəni bizimlə bölüşür: "İşim canlı ünsiyyət üzərində olduğu üçün maraqlı məqamlar minlərlə olur. Məsələn, belə bir kuryoz hadisə olmuşdu. Bilmirəm, gülməlidir, ya ağlamalı, amma olanı deyim. Adətən yol qəzaları, intihar, ölüm-itim və s. bu tipli xəbərləri efirdə oxumağı sevmirəm. Çünki o xəbərlərin heç də hamısının xəbər yükü olmur. İstəmirəm dinləyici mənasız yerə daim neqativə yüklənsin və gərgin qalsın. Çox nadir halda, ağır yol qəzaları olanda oxuyuram ki, onlar artıq gündəm olur və insanların o hadisə haqda bilmələri vacibdir. Bu arada, haşiyə çıxım və deyim ki, intihar xəbərlərini heç vaxt efirə oxumuram və hər hansı efirdə oxunmasına, hətta dramatikləşdirilib cəmiyyətə çatdırılmasına da qarşıyam. Günlərin bir günü, necə oldusa, xəbər blokunda ard-arda 2 ağır yol qəza hadisəsi yer aldı. Hadisənin biri sərnişin avtobusunun qəzaya uğraması idi. Eyni anda bir neçə nəfər xəsarət almışdı və bu, həmin həftə üçün sərnişin avtobuslarının törətdiyi 2-ci, ya 3-cü belə ağır qəza idi. Digərinə isə, işə gələndə özüm şahid olmuşdum. Yol ayrıcından çıxan və qırmızı işığa məhəl qoymayan avtomobil, öz yolu ilə gedən başqa birinə çırpıldı və öndə oturan gənc bir qızın təhlükəsizlik kəmərini bağlamadığı üçün başı ön şüşədən çölə çıxmışdı - qan içində. Qorxunc hadisə idi. Atası kəmər bağlamışdı deyə, heç nə olmamışdı. Kişi necə fəryad edirdi. "Qızımı imtahana çatdırmaq istəyirdim”- deyib qışqırırdı. Qorxudan ayaqlarım yerə yapışmışdı. Nə isə ki, efirdə bu iki xəbəri çatdırdım, nə qədər həyəcanlandımsa, öz adım yadımdan çıxdı. Nə illah elədim, adım yadıma düşmədi. Adətən xəbər blokunun sonunda "Sizinlə mən idim, Əzizə” deyirəm. "Sizinlə mən idim...” hissəsini dedim, pauza yarandı, bilmədim neçə saniyə çəkdi, adım yadıma düşmədi ki, düşmədi. Və ixtiyarsız, açıq mikrofona birbaşa "tfuuu, lənət olsun, adım da yadımdan çıxdı” dedim. Bu boyda qəzəbi dinləyicilərə necə ötürmüşdümsə, telefonlarımız susmurdu. Bunu etməməli idim, amma hər şey heç də həmişə biz istədiyimiz və planladığımız kimi olmur”.
 

 
"Şərq” qəzetinin redaktoru Ayyət Əhməd uşaqlıqdan bu sənəti sevdiyini deyir: "Jurnalistika mənim üçün peşə, sənət deyil, həyat tərzidir. Əslində, elə uşaqlıqdan özümdə bu qabiliyyəti görürdüm. Hələ orta məktəbdə oxuyanda Azərbaycan dili müəllimimiz sinifdə tez-tez inşa yazdırırdı. Fantaziyamı işə salıb, müəllimin nəzərdə tutduğu həcmdən də böyük ölçüdə maraqlı mətn yazırdım. Sinif yoldaşlarım qibtə edirdilər. Müəllim məni örnək gətirib, tərifləyəndə, dərhal cavab verirdilər ki, "o, uydurmağı yaxşı bacarır”. Əslində isə yazdıqlarım fantaziyalarım idi”. 
 
 

Maraqlı bir məqam deputatlarımızdan birindən açıqlama alan zaman yaşanıb - deyən həmkarımız əhvalatı danışır: "Zəng vurduğum millət vəkili ilə salamlaşıb, hal-əhval tutduqdan sonra sualımı verdim. Qəfil qayıdıb nə desə yaxşıdır? "Ay oğul, bir sən özün bu suala cavab ver, görüm nə bilirsən”. Mən də eləmədim tənbəllik, münasibətimi bildirdim. Çox bəyəndiyini söylədi və xahiş etdi ki, elə bu fikirlərimi onun adından yazıb, işıqlandırım. Etiraf edim ki, elə onun istədiyi kimi də etdim. Amma təbii ki, ona danışdığım kimi yox, bir az zəif (gülür)”.
 

 
APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı 2005-ci ildən, 17 yaşından jurnalistikada olduğunu deyir. Qiyabi təhsil aldığı üçün işləməyə elə həmin dövrdən başlayıb: "İlk vaxtlar aldığım məvacib çox aşağı idi, amma mən işimi sevərək görürdüm. Çünki bu sahədə təhsil alırdım və ixtisaslaşmaq istəyirdim. Fəaliyyət göstərdiyim qəzet bazar günləri də nəşr olunduğu üçün həmin günlər də işləyirdim. Növbəti mərhələdə həm televiziyada, həm də radioda işləmək şansım oldu. İşimiz nə qədər çətin olsa da, 14 ildir ki, zövq alaraq çalışıram. Qismət elə gətirdi ki, həyat yoldaşımla da jurnalistika vasitəsilə tanış olduq. Yəni, jurnalistika mənə çox dəyərli insanlar qazandırıb”. 
 

 
Maraqlı hadisə sualına gəlincə isə, söhbətimiz zamanı anlaşılır ki, Günay da digər həmkarlarımız kimi səsyazma aparatının xəyanətinə uğrayıb: "Jurnalistikaya ilk başladığım dövrlər idi. Yeni olduğum üçün səhv etməkdən qorxurdum, həyəcanlı idim. Həmin dövrdə, elə indi də kifayət qədər tanınmış bir şəxs var idi, ondan müsahibə almaq üçün uzun müddət gözləmişdim. Nəhayət, həmin adam redaksiyamıza gəldi və müsahibəmiz baş tutdu. Müsahibə təxminən 1 saatdan çox çəkdi, səmimi söhbətimiz oldu. Bu işin alınmasına görə sevincimdən göylərdə uçurdum. Müsahibə bitdi, həmsöhbətimi yola salıb diktofonu götürəndə, həyatımın şokunu yaşadım. Diktofon heç nə yazmamışdı. Əvvəlcə pis oldum, oturub ağladım. Amma sonra özümü toplayıb yadımda qalanlar əsasında müsahibəni yazdım. Yadımdadır ki, müsahibə dərc olunandan sonra həmin adam zəng vurub yazıya görə təşəkkür etdi və bəyəndiyini dedi”.
 
 
 
Modern.az saytının əməkdaşı Qafar Ağayev jurnalistika fəaliyyətinə hazırda çalışdığı saytda başladığını qeyd etdi: "3 ildən çoxdur ki, Modern.az-da çalışıram. Elə əsas jurnalistika fəaliyyətim bu media orqanında başlayıb. Peşəmi Modern.az-la sevdim. Jurnalistika elə sahədir ki, hər zaman maraqlı hadisələrlə qarşılaşırsan. Bir dəfə deputat Aqil Abbas Milli Məclisdə çıxışı zamanı "Mənim atamın goruna 932 adam söyüb, hesablamışam” demişdi. Mənə də maraqlı gəldi ki, Aqil Abbas bunu necə hesablayıb. Bunu mövzu kimi işləməyə qərar verdim və Aqil Abbasa zəng edib hesablamanı necə apardığını soruşdum. Elə sualı verəndə həm onu, həm də məni gülmək tutdu. Beləcə, həmin mövzunu işləmədim”. 
 

 
Axar.az saytının müxbiri Billurə Yunus tələbəlik vaxtlarından bir neçə yerdə qısa müddətlik çalışsa da, ilk rəsmi, maaşlı iş yerinin Axar.az olduğunu dedi: "Artıq burada 2 ildən çoxdur ki, çalışıram. Əvvəl televiziya sahəsində çalışmaq istəsəm də, qismət belə gətirdi. Hər gün bilmədiyim xeyli şey öyrənirəm. Ünsiyyətdə olduğum şəxslər professorlar, alimlər, bir sözlə, öz sahəsini bilən savadlı insanlardır. Belə bir çevrə ilə əhatə olunduğum üçün doğrudan çox xoşbəxtəm. Savadına, sənətinə hörmət etdiyim hər hansı bir ekspertə zəng vurub, "sizi filankəs narahat edir” sözündən sonra "tanıdım” ifadəsini eşidəndə, çox sevinirəm ki, deməli, kimlərinsə yadında qala bilmişəm. Təbii ki, iş şəraiti gərginliyi ilə yanaşı, maraqlı xatirələrlə yadda qalır. Axar.az-da başıma gələn ən maraqlı hadisə Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun məni təhqir etməsi və bütün saytların məndən yazması idi. Metrodan çıxırdım, gülümsəyirdim və düşünürdüm ki, hamı, yəni mövzudan xəbərdar olanlar aralarında söhbətləşir, ancaq heç kim bilmir ki, o qız mənəm. 
 
Günel Azadə


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946