• şənbə, 27 Aprel, 07:38
  • Baku Bakı 12°C

Bu ilin siyasi mənzərəsi

29.12.13 08:45 1855
Bu ilin siyasi mənzərəsi
Artıq tarixə çevrilməkdə olan 2013-cü il dünya siyasi həyatı üçün bir sıra müsbət və mənfi məqamları ilə yadda qalmaqdadır. Belə ki, il ərzində qlobal sülhə töhfə verən fəaliyyətlərlə yanaşı, münaqişəli situasiyaların davam etməsi diqqəti cəlb etmişdir.
Ötən illərdə olduğu kimi, 2013-cü ildə də dünya siyasi proseslərinin ana xətti Qərb- Rusiya mübarizəsi kontekstində diqqəti cəlb etmişdir.
ABŞ-Rusiya mübarizəsi: Edvard Snouden
Geridə qoymaqda olduğumuz ilin iyun ayında ABŞ təhlükəsizlik xidmətinin əməkdaşı Edvard Snoudenin «Qardian» və «Vaşinqton Post» qəzetlərinə verdiyi müsahibədə dünyanın bir sıra ölkələrinin vətəndaşlarının və siyasətçilərinin ABŞ tərəfindən izlənildiyini bəyan edərək ölkəsini tərk etməklə əvvəlcə Honkonqa və sonradan Rusiyaya qaçması və bu ölkədən siyasi sığınacaq alması ikitərəfli münasibətlərə ciddi təsir etdi. Belə ki, ABŞ-da həbsinə order verilən Snoudeni Rusiya təhvil verməkdən qəti şəkildə boyun qaçırdı. Bununla da ilin mühüm gərginliklərindən birinin əsası qoyuldu. Rusiyaya sığınan Snouden ABŞ xüsusi xidmət orqanlarının fəaliyyətini faş edən növbəti silsilə açıqlamaları ilə diqqəti özünə cəlb etdi. Snoudenin bu açıqlamaları ABŞ-ın dünyadakı etibarına böyük zərbə vurmaqla hətta onun müttəfiqləri ilə də münasibətlərinin soyumasına səbəb oldu. Açıqlamalardan aydın oldu ki, hətta ABŞ bir sıra Avropa dövlətinin rəhbərlərinin belə, danışıqlarını izləyirmiş. Baş verənlərə ciddi etiraz bildirənlərdən biri Almaniya kansleri Anqela Merkel oldu.
Snoudenin açıqlamalarının bu qədər ciddi rezonansa səbəb olduğunu nəzərə almaqla onu 2013-cü ilin mühüm hadisələri sırasına salmağa dəyər.
ABŞ-Rusiya anlaşması: Suriya
Ötən ildə Qərblə Rusiya arasında mübarizəni özündə ehtiva edən və ümumilikdə dünya miqyaslı mühüm hadisələrdən biri Suriya ilə bağlı oldu. Belə ki, Tunis, Misir və Liviyada uğurla başa çatdırılmış «ərəb baharı» prosesi Suriyada ciddi çətinliklərlə qarşılaşdı. Bu isə Rusiyanın Tunis, Misir və Liviyada baş verənlərdən fərqli olaraq Suriyada mövcud rejimin dəyişdirilməsinin qəti əleyhdarı kimi çıxış etməklə açıq dəstək nümayiş etdirməsi ilə bağlı idi. Geridə qoymaqda olduğumuz ilin birinci yarısında Suriyadakı gərginliklər pik nöqtəsinə çatarkən ABŞ və Rusiya arasında ciddi və tarixi sövdələşmə əldə olundu. Belə ki, sentyabrın 9-da Rusiya beynəlxalq birliyin nəzarəti altında Suriya kimyəvi silahlarının məhv edilməsi təşəbbüsü ilə çıxış etdi. 28 sentyabrda BMT Təhlükəsizlik Şurası kimyəvi silahların məhv edilməsi ilə bağlı qətnamə qəbul etdi. Kimyəvi silahların məhv edilməsinə noyabrın 1-dən başlanıldı. Bununla da Suriyaya xarici hərbi müdaxilə təhlükəsi aradan qalxdı. Bu isə bölgədə yeni bir münaqişə ocağının yaranmasının qarşısını aldı.
Lakin 2013-cü ilin uğurlarından hesab olunacaq Suriya üzrə anlaşma bölgədə tam şəkildə sülhə qarantiya vermək iqtidarında deyil.
Aİ-Rusiya qarşıdurması: Vilnüs sammiti
2013-cü ildə baş verən mühüm hadisələrdən biri də yenə Qərblə Rusiya rəqabəti müstəvisində özünü göstərdi. Belə ki, Avropa İttifaqının bu ilin sonlarına yaxın, daha dəqiq desək noyabrın 27-28-də Vilnüsdə keçirilən sammiti zamanı bu rəqabət öz pik həddinə çatdı. Aİ-nin hər vəchlə keçmiş SSRİ məkanına nüfuz etməyə çalışması ötən ildə də Rusiya tərəfindən müqavimətlə qarşılandı. Vilnüs sammiti ərəfəsində xüsusilə Ukraynanın Aİ ilə assosiasiya sazişi bağlamaması məqsədilə Rusiyanın təzyiqləri effekt verdi və beləliklə də, Ukrayna sammitdə sazişi imzalamaqdan imtina etdi. Lakin bu, prosesin sonu olmadı. Qərbin ciddi dəstəyini alan müxalifət bu günədək keçirdiyi siyasi aksiyalarla Yanukoviç iqtidarını avrointeqrasiya proseslərindən imtina etməmək məqsədilə ciddi təzyiq altında saxlayır.
Misirdə «inqilab övladlarını yedi»
«Ərəb baharı»nın vurduğu ölkələrdən olan Misirdə demokratik şəraitdə seçilmiş legitim prezident olan Məhəmməd Mursinin devrilməsi 2013-cü ildə dünya tarixinə düşəcək antidemokratik addımlardan biri kimi dəyərləndirilə bilər. Belə ki, inqilabın hərəkətverici qüvvəsi olan «Müsəlman qardaşlığı»nın lideri demokratik səsvermə yolu ilə hakimiyyətə gəldikdən bir müddət sonra ordunun birbaşa iştirakı ilə dövlət çevrilişi təşkil edilərək devrilməklə həbs edildi. Bu hadisə «ərəb baharı»nının xalqların iradəsinin məhsulu olmadığını, böyük beynəlxalq güclər tərəfindən ortaya atılmış növbəti oyun olduğunu təsdiqlədi.
İran «yumşaldı»
2013-cü ildə dünyanın siyasi mənzərəsi digər mühüm hadisələrlə də tarixin yaddaşında qalacaqdır. Bunlardan uzun illərdir ki, davam edən İran-ABŞ gərginliyinin nisbətən səngiməsini göstərmək olar. 1979-cu ildən başlanan, 2005-ci ildə mühafizəkar Mahmud Əhmədinejatın hakimiyyətə gəlməsi ilə daha da artan gərginlik geridə qoymaqda olduğumuz ildə nisbətən mülayimləşməyə meyil göstərdi. Belə ki, İranın enerji məqsədli olmasını bəyan etdiyi, Qərbin, xüsusilə də ABŞ-ın isə hərbi niyyətli hesab etdiyi uranın zənginləşdirilməsi proqramı ətrafında pik həddinə çatan qarşıdurmadan və bunun da nəticəsində ciddi sanksiyalardan əziyyət çəkən İran cəmiyyətinin təzyiqləri sayəsində islahatçı hesab olunan Həsən Ruhani prezident seçildikdən dərhal sonra ənənəvi düşmənçilik siyasətindən imtina etdiyini bəyan etdi.
Sentyabrda Ruhani və Barak Obama arasında telefon söhbəti oldu. Prezidentlər İranla bağlı yeni qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbulunun sürətləndirilməsi üzrə razılaşdılar. İranla “altılıq” ölkələri arasında Cenevrədə imzalanan nüvə razılaşması isə ilin ən mühüm hadisələrindən oldu. Razılaşma uranın 5 faiz həddində zənginləşdirilməsi və sanksiyaların azaldılmasına əvəz olaraq İranın Natanz və Fordo nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin girişini nəzərdə tutur.
Beləliklə də Qərb-İran qarşıdurmasında pozitiv çalarların yaşanması 2013-cü ildə baş verən mühüm hadisələrdən biridir.
Türkiyə çalxalandı
Dünya miqyasında diqqəti cəlb edən mühüm siyasi hadisələrdən biri də qardaş Türkiyədə baş verənlər oldu. Belə ki, iyun ayında Gəzi parkı olayları ilə silkələnən ölkə dekabrda korrupsiya qalmaqalı sayəsində bir daha qarışdı. Bir neçə mühüm nazirin ailə üzvlərinin korrupsiyada təqsirləndirilərək həbs edilməsi və həmin nazirlərin istefası ilə nəticələnən hadisələr dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Xüsusilə də korrupsiya qalmaqalının pərdəarxası proseslərində ABŞ-ın rolu barədə baş nazir Ərdoğan tərəfindən dilə gətirilən ittihamlar hadisənin qlobal mahiyyətini ortaya qoyur.
Mandella öldü
2013-cü il bəşəriyyətin tarixində böyük iz buraxmış şəxsiyyətlərdən olan Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın vəfatı tarixi kimi də yadda qalacaq. O, uzun müddət irqçiliyə qarşı mübarizə aparmaqla böyük nüfuz qazanmışdı. Tutduğu yolundan dönməyən Mandela dəfələrlə həbsə atılsa da, öz mübarizəsini davam etdirmişdi. Sonda məqsədinə nail olan Mandela hətta ölkə prezidenti seçilmişdi. Yaşlanması ilə əlaqədar siyasətdən uzaqlaşan Mandela uzun sürən xəstəlikdən sonra 2013-cü ilin dekabr ayında dünyasını dəyişdi. Bütün dünya bu dahi şəxsiyyətin vəfatını böyük itki kimi qarşıladı. Beləliklə, demokratiya, irqi ayrı-seçkiliyə qarşı mübarizə aparmaqla uzun müddət dünya siyasətinin aparıcı simalarından olmuş Mandelanın vəfatı da dünya siyasətinin gündəmində özünəməxsus yer tutdu. Əksər dünya liderləri onun dəfninə qatılmaqla bu hadisənin 2013-cü il üçün əhəmiyyətini nümayiş etdirdilər.
Ümumiyyətlə bitməkdə olan 2013-cü il, apardığımız təhlillərdən də göründüyü kimi, mühüm siyasi hadisələri ilə yadda qalacaqdır
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər