“Bu il “Oskar”ın Türkiyəyə gələcəyinə inanıram”
Son bir ayda
Türkiyə mediasında Can Ulkayın rejissoru olduğu "Ayla” filminin geniş müzakirə
mövzusuna çevrildiyi barədə məlumat vermişdik. Dünən sözügedən film Azərbaycanın
media nümayəndələrinə nümayiş olundu. Bu gündən etibarən isə Türkiyənin "Oskar”a
namizəd olan filmini Nizami Kino mərkəzində izləmək şansı əldə edə biləcəyik. Türkiyədə və
eləcə də Amerikada böyük maraq doğuran "Ayla”
filminin rejissoru Can Ulkay Türkiyə mətbuatına filmin çəkilmə
prosesindən danışıb. Filmin hansı səviyyədə və necə çəkilməsi ilə bağlı öz təəssüratlarını
bölüşüb. Eyni zamanda, rejissor filmin "Oskar”a
necə namizəd olmasından da danışıb.
- Filmdəki bütün xarakterlər də hekayədəki kimi
gərçəkdirmi?
- Əlbəttə. Bütün
xarakterlər gərçəkdir. Hətta, filmdə rol alan aktyorların geyimləri və danışıq
tərzləri belə haradasa gərçəkliyə yaxındır. Ssenari yazılmazdan öncə real həyatdakı qəhrəmanımız Süleyman Dilbirliyinin
bütün xatirələrini dinlədik. O, bizə Merlin Monrodan, ən yaxın dostu Əlidən,
filmin qəribə xarakterlərindən olan Pepe və Dəli Sadiqdən danışdı. Onun
müharibə vaxtı çəkdiyi 430 şəkli tək-tək incələdik. Şəkillərlə Süleyman bəyin
xatirələrini harmoniya edərək, xarakterləri təyin etdik. O xarakterlərə uyğun olaraq,
aktyor seçimi etdik.
- Süleyman Dilbirliyi çəkiliş proseslərini ziyarət
edəndə nələr yaşandı?
- Süleyman bəy
çəkiliş prosesinə gəldiyi andan sanki müharibənin olduğu həmin illərə qayıtdı.
1950-ci illərə geri döndü və o səhnələr onun gözü önündə canlandı. Filmdə rol
alan aktyorları görəndə, özünü yenidən Koreya savaşındakı kimi hiss etdiyini
bildirdi. Bu, çox təsirli idi.
- Studiya şəraitində film çəkmək əvəzinə, Türkiyənin
ən böyük çəkiliş məkanlarında böyük bir döyüş səhnəsi yaratdınız.
- Filmə xərclədiyimiz
pul qədər də onun dekorasiyasına ödəmişik. Filmdə döyüş səhnəsində nümayiş
olunan bombaların partlama səhnələri üçün "Sıravi Raynı xilas etməli” filminin
komandası ilə işlədik. Onu deyim ki, filmdəki bütün partlayış səhnələri həqiqət
idi. Yəni ölkənin ən böyük dekorasiyasını partlatdıq.
- Bəs "Oskara” gedən
yol necə açıldı?
- Filmin
çəkilişləri bitdikdən sonra görüntüləri izləyərkən belə, çox ağladıq. Montajı
bitmədən möhtəşəm bir film çəkdiyimizin fərqində idik. Film təqdim olunduqdan sonra Türkiyə bizi "
Oskar”a namizəd olaraq göstərdi. "Oskar”a
namizəd olduğu açıqlandıqdan sonra film geniş müzakirələrə səbəb oldu. Lakin
biz istəmirik ki, "Ayla” müharibə filmi kimi tanınsın. Bu, sevgi filmidir.
Müharibə səhnələri filmin hər yerində var, amma mövzuya uyğun olsun deyə. Bir
neçə qarşıdurma səhnəsi çəkdik. Hər halda, filmin 90 faizi sevgi, qardaşlıq və
yardımsevərlikdən danışır. Qırmızı, Mavi və Ağ film üçlüyü var. Biz də
tizerləri dostluq, sevgi və ayrılıqla bağlı hazırlamağa qərar verdik. Çünki
filmin mahiyyətində üçü də var. Bu hekayə dünyanın hər hansı yerində, başqa iki
millət arasında da baş verə bilər. Filmdən Türkiyənin gerbini, ay ulduzu və
qızın qıyıq gözlərini çıxarsan, bu hekayə dünyanın istənilən ölkəsinə aid edilə
bilər.İstəyirəm ki,
"Ayla”nın beynəlxalq məhəbbət və yaxşılıqdan bəhs edən film olduğuna diqqət
çəkilsin. İnsanlar müharibə filmi kimi qələmə verir, amma baxandan sonra elə
olmadığını anlayacaqlar. Dünya kinosunda edilə biləcək ən yaxşı tarazlığı
qoruyub saxladıq.
- "Oskar” məsələsində
ümidlisinizmi?
- Amerikada və "Cape
Townda” çox önəmli iki mükafat aldıq. "Palm Springs” film festivalına dəvət
edildik. Bu festival "Oskar”a gedən bir yoldur. Bu il "Oskar”ın Türkiyəyə
gələcəyinə inanıram. Çünki Amerika Akademiyasında və "Golden Globe”də nümayişlər
çox uğurlu keçdi. Bir çox təşkilatçılar bildirdilər ki, Amerikada tez-tez savaş
filmi çəkiləs də, ilk dəfə bir savaş filminə baxdıqdan sonra bu qədər duyğulanıblar.
Bu, bizim üçün çox önəmli idi. Yanvarın 9-da "Oskar” mükafatına namizədlər
sırasındakı 9 film arasında bizim filmimizin olmasını da gözləyirik. "Ayla” "Oskar”
mükafatını alan ilk türk filmi ola bilər. Ancaq qazanmasaq da, məyus olmayacağıq. Bundan sonrakı illərdə daha
yaxşısını çəkərik.
- Filmi nə qədər vaxta
çəkdiniz?
- Normal
şərtlərlə Türkiyədə bir film 6-10 həftə arasında çəkilir. Biz tam 6 ay yarıma
filmi ərsəyə gətirdik. Təbii ki, 6 ay yarım bunun yalnız çəkiliş prosesləri
oldu. Filmin bir də montaja hazırlanması prosesi var. Yəni bu bir rekord hesab
edilə bilər. Filmi 4 fərqli şəhərdə çəkmənin örnəyini yaşadıq.
- Filmi
çəkərkən gözləyirdinizmi ki, bu qədər əks-səda doğurar?
- Biz bu hekayəyə "Oskar”ı alacağıq”
deyib başladıq. Bu vəziyyət Mustafa Uslu
ilə də aramızda zarafat mövzusu olmuşdu. Ona "Oskar”a layiq bir film çəkəcəyimə
söz vermişdim. Mustafa bəy "Sən o filmi çək, biz o "Oskar”ı alıb gələrik” dedi.
Bu filmin o mükafatı alıb-almamağı başqa bir mövzudur. Biz filmin həmin mükafata
namizəd olmasını istəyirdik. Səbirsizliklə gözlədiyimiz anda, o cavab gəldi və
biz çox xoşbəxt olduq. Hər nə qədər "Oskar”a layiq film çəkdik” desək də, o
qərarı gözləmək başqa bir şeydir. O sistem elədir ki, öncədən nəyisə demək
mümkünsüzdür. Mən bütün münsif heyətinə təşəkkürümü bildirirəm.
- "Oskar”ın bundan sonrakı mərhələsi
haqqında nələr düşünürsünüz?
- İndiki
mərhələ ən çətin mərhələ idi. Artıq mənim işim bitib. Bundan sonrakı proses filmin daha yaxşı
satılması üçün çalışmaqdır. "Oskar” mükafatını almaq üçün ilk növbədə, filmin
dünyanı gəzməyi lazımdır. Xüsusilə də Amerika qitəsində. 10 minə qədər film var
ki, onlar həmin müsabiqədə yer alacağını gözləyir. Filmin sorağının münsif
heyətinə çatması şərtdir. Bunun üçün də ilk növbədə filmi tanınmış festivallara
göndərmək lazımdır. Biz bunu Torontoda həyata keçirdik. Çox yaxşı da oldu.
Çünki film ilk dəfə orada xarici mətbuatın, kinoşünasların, mütəxəssislərinin diqqətini çəkdi. Orada gözəl
sözlər eşitdik. Bu, bizi ruhlandırdı.
Qeyd edək ki,
Türkiyədə böyük əks-səda doğuran "Ayla” filmi 4 həftədə 3 milyon 104 min insan
tərəfindən izlənilib. Almaniyadan Qətərə qədər,
bir çox ölkələrdə nümayiş olunub. Rejissorun sözlərinə görə, bir çox
ölkələrlə də danışıqlar gedir.
Xəyalə Rəis