AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Bu hərbi əməliyyat Ermənistan tərəfdən olduqca riskli addım idi”

“Bu hərbi əməliyyat Ermənistan tərəfdən olduqca riskli addım idi”

Müsahibə
29 İyul 2020, 20:19 3502
Toğrul İsmayıl: "Münaqişənin həlli uzandıqca, bölgədə sülhdən, təhlükəsizlikdən, iqtisadi intibahdan danışmaq çətindir”
 
Erməni silahlı bölmələrinin iyulun 12-də növbəti dəfə təxribata əl atması, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtmək istəməsi, bu hadisənin ölkə daxilində və beynəlxalq ictimaiyyətdə doğurduğu reaksiya, həmçinin Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, dünyaya verilən mesaj, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə apardığı müzakirə, eləcə də digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Türkiyədə yaşayan soydaşımız, politoloq Toğrul İsmayıl cavablandırır.

- Toğrul bəy, adətən Ermənistan silahlı qüvvələri danışıqlar prosesinin hansısa mərhələsində cəbhə xəttində məqsədli təxribatlar törədir, sülh danışıqlarını pozur, bununla da münaqişənin həllini yubadırlar. Amma bu dəfə təxribat məkanı kimi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimiz seçilmişdi. Sizcə, burada məqsəd nə idi?
- Bəli, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədindəki mövqeləri artilleriya atəşinə məruz qoyub, daha sonra hücuma cəhd edib, mövqeləri tutmağa çalışıb. Bir neçə gün davam edən döyüşlər nəticəsində Azərbaycan Ordusu düşmən geri otuzdurub, ermənilərin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib, Azərbaycan tərəfi də şəhid verib. Ermənistanın bu təxribatı törətməkdə əsas məqsədi Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı strateji əhəmiyyət kəsb edən yüksəkliyi ələ keçirmək olub. Bununla onlar Tovuz rayonu istiqamətindən keçən əsas enerji və nəqliyyat dəhlizlərini nəzarət altına almaq, Azərbaycanı küncə sıxışdırmaq istəyiblər. Bu hərbi əməliyyat Ermənistan tərəfdən olduqca riskli addım idi. İlk dəfə idi ki, Ermənistan Dağlıq Qarabağa, cəbhə bölgəsinə aidiyyəti olmayan bir ərazidə hərbi təxribat törədirdi. Beynəlxalq hüququn prinsipləri ilə hadisəyə yanaşsaq, bu təxribatla Ermənistan Azərbaycana müharibə elan etmiş sayılır. Bu davranışı ilə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini, eyni zamanda Rusiyanı sınamaq, digər tərəfdən Azərbaycanın gücünü yoxlamaq, təxribat baş tutacağı halda isə Azərbaycanı bir növ mühasirəyə almaq, cəmiyyətdə qarışıqlıq yaratmaq niyyəti güdürdü. 

- Azərbaycan Ordusunun ayıq-sayıqlığı nəticəsində məkrli düşmən niyyətinə çata bilmədi, mövqelərimiz qorunub saxlandı, strateji yüksəkliklər Silahlı Qüvvələrimizin nəzarətində qaldı. Belə olan halda Ermənistan bu təxribatla nəyə nail oldu ki?
- Ermənistan gözlədiyinin tam əksinə olaraq heç nəyə nail ola bilmədi. KTMT, xüsusən də Rusiya Ermənistana gözlədiyi açıq hərbi dəstəyi vermədi. KTMT üzvü olan, Azərbaycanla yüksək səviyyədə münasibətlər quran dövlətlər Ermənistanın müraciətinə reaksiya vermədilər, işğalçı ölkənin təxribatçı mövqeyini dəstəkləmədilər. Bundan başqa, Rusiyanın özü üçün də yeni münaqişə ocağının yaranması arzuedilən deyil. Bu bölgədə status-kvonun olması rəsmi Moskvanın işinə daha çox yarayır, nəinki Dağlıq Qarabağ regionu ilə bərabər, başqa bir ərazidə döyüşlərin başlanması. Əsl gerçəklikdə Rusiya Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsindən hər iki dövlətə təzyiq vasitəsi kimi istifadə edir. 12 iyul tarixində baş verən təxribata Türkiyə tərəfinin də sərt təpkisi və mesajı oldu. Bu, Ermənistanın və ona havadarlıq edənlərin ağlını yerinə gətirdi. İlk dəfə olaraq Türkiyə sərt və açıq şəkildə bildirdi ki, hər vasitə ilə Azərbaycanın yanındadır və hər cür dəstək verməyə hazırdır. Ukrayna ilə Pakistan da Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər, rəsmi Bakını müdafiə etdilər. Ermənistanın son təxribatının Dağlıq Qarabağ münaqişəsi ilə yaxından-uzaqdan hər hansı əlaqəsi yox idi. Bir qədər əvvəl vurğuladığım kimi, bu hadisə Azərbaycana Ermənistana qarşı müharibə başlatmaq üçün səbəb və fürsət idi. Lakin rəsmi Bakı Ermənistanın təxribatına uymadı.

- Bu hadisədən sonra xarici ölkələrdə yaşayan azərbaycanlılar dinc yürüşlər, aksiyaları keçirdilər, Ermənistanın təxribatına, işğalçı siyasətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışdılar. Hətta bu aksiyalar zamanı da ermənilər təxribat törətdilər, soydaşlarımıza hücum edərək, onların sağlamlığına müxtəlif dərəcədə xətər yetirdilər. Yaşanan bu olay nəyin göstəricisi idi?
- Məlumdur ki, Ermənistanda ağır iqtisadi-siyasi vəziyyət hökm sürməkdədir. Bu, Ermənistanın işğalçılıq siyasəti, hakimiyyət daxilindəki qüvvələrin mübarizəsi, qarşıdurması ilə bağlıdırsa, digər yandan pandemiyanın gətirdiyi çətinliklərlə əlaqədardır. Əvvəlki suallara verdiyim cavabda gətirdiyim arqumentlərlə bərabər, bu kimi problemlərdən diqqəti yayındırmaq, həmçinin Azərbaycan daxilində narahatlıq yaratmaq istəyən rəsmi İrəvan Azərbaycan-Ermənistan dövlət sərhədində məlum təxribatı törətdi. Amma gözlədiklərini ala bilmədilər. İlk olaraq Tovuz rayonunda bütün sakinlər, ardınca isə ölkədə ümumən xalq Orduya dəstək oldu. Hər kəs Silahlı Qüvvələrə, hərbçilərə mənəvi dəstək verdi, Tovuz rayonunun dövlət sərhədinə yaxın yaşayış məntəqələrində heç bir sakin öz torpağını, evini qoyub qaçmadı. Tovuz rayonunda, bütünlükdə Azərbaycanda vətəndaşlar könüllü olaraq Orduya yazılmağa başladılar, hərbçilərlə birlikdə Vətəni müdafiə etmək istəklərini ortaya qoydular. Paralel olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Silahlı Qüvvələrə dəstək aksiyaları keçirdilər. Nəinki ölkə daxilində, ümumən dünyada yaşayan bütün azərbaycanlılar vətənpərvərlik nümayiş etdirərək dövlətin, Ordunun yanında oldular, Dağlıq Qarabağ məsələsində prinsipial mövqe ortaya qoydular. Xaricdəki diasporun mütəşəkkil surətdə təşkil etdiyi aksiyalarda Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasəti, törətdiyi təxribatlar beynəlxalq ictimaiyyətə çatdırıldı. Bu, xaricdə yaşayan erməniləri, onların təşkilatlarını qıcıqlandırmaya, narahat etməyə bilməzdi. Ermənilərin bir çox aksiyalarda törətdiyi təxribatlar, hətta azərbaycanlılara hücum cəhdlərinin qarşısı müvəffəqiyyətlə alındı. Ermənilərin bu davranışı dünyaya göstərdi ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin vəziyyəti heç də sadəcə Dağlıq Qarabağ problemindən, torpaqların işğalı faktından qaynaqlanmır. Bu davranış ümumən ermənilərin, erməniliyin türklərə, o cümlədən Azərbaycan türklərinə olan münasibətindən qaynaqlanır. Məhz buna görə də azərbaycanlıların aksiyasında ermənilərin onlara hücum etməsi, qan tökməsi kimi hadisələr yaşandı. Yəni, son təxribatlarla Ermənistan sadəcə Azərbaycana müharibə etmədi, eyni zamanda bütün azərbaycanlılara qarşı savaş açdı. Lakin istər dövlət sərhədində və Azərbaycan cəmiyyətində, istərsə də xaricdə ermənilərin gözlədiyinin tam əksi baş verdi. Azərbaycanlıların bu dəfə daha mütəşəkkil şəkildə hadisələrə yanaşması hətta Rusiyada da ermənilərə layiqli cavabın verilməsi ilə nəticələndi. Bu, dünyada, o cümlədən Rusiyada erməni diasporunu, paralel olaraq rəsmi Moskvanı da ürkütdü.

- Təəssüf ki, xaricdə yaşayan azərbaycanlılar arasında bir neçə nəfər baş verənlər hadisələr fonunda Azərbaycan xalqı, dövləti və Ordusu ilə həmrəylik nümayiş etdirə bilmədilər. Düzdür, belələri azlıq təşkil edirlər, ancaq yenə də əməlləri qəbuledilməzdir. Antimilli şəbəkə üzvləri adlandırdığımız bu şəxslər vətənpərvərlik nümayiş etdirən Azərbaycan diaspor nümayəndələrini tənqid hədəfinə çevirdilər, bir növ ermənilərlə eyni cəbhədə dayandılar. Xaricdə yaşayan azərbaycanlı olaraq Siz həmin şəxslərin hərəkətlərini necə dəyərləndirirsiniz?
- Bu, bizim ümumi bəlamızdır. Bəlaları, ortaya çıxan hadisələri düşmənin deyil, bir-birinin təxribatı kimi görməyə başlayırlar. Düşünürəm ki, belə halların yaşanmasına səbəb şəxsi maraqların, Vətən, millət və dövlət maraqlarını üstələməsi olur. Dağlıq Qarabağ problemi kimi ümummilli məsələdə iqtidar-müxalifət ayrı-seçkiliyi olmaz və olmamalıdır. Hər hansı siyasi mövqe tutmağımızdan asılı olmayaraq, ümummilli məsələdə fikir ayrılığını bir kənara atıb vahid mövqe ortaya qoymaq, xalqın və dövlətin maraqlarından çıxış etmək başlıca şərtdir. Ümumi hədəfə çatdıqdan, ümumi düşmənə qalib gəldikdən sonra yerdə qalan məsələlər ətrafında müzakirələr aparmaq, fikir fərqliliyi ortaya qoymaq olar. Bunun əksi baş verirsə, demək siyasi təşkilatlanma zəifdir, problemlidir. Dövlətlə hakimiyyət arasındakı məsafələri qorumaq mütləqdir. Milli məsələ önə çıxdığı zaman siyasi mübarizə arxa plana keçməli, həmrəylik nümayiş etdirilməlidir. Ortaq düşmən və ortaq hədəf ətrafında hamı vahid mövqedən çıxış etməlidir. Nə qədər xoş niyyətlə olsa belə, tənqidi yanaşma ortaya qoyulduğu zaman milli məsələyə xələl gətirilirsə, siyasi ambissiyadan geri çəkilmiriksə, çox böyük xəta etmiş olarıq. Bu xəta isə nəticə etibarilə düşmən dəyirmanına su tökməyə bərabərdir. Unutmayaq ki, düşmənlə müharibə sadəcə cəbhədə getmir. İdeoloji və təbliğat müharibəsi daim hər yerdə, hər cəbhədə gedir. Bu cəbhədə daha təcrübəli və hazırlıqlı olmalıyıq.

- Hazırda Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçirilir. Plana əsasən təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda baş tutacaq. İndiki dönəmdə belə hərbi təlimlərin keçirilməsi nə məna kəsb edir?
- Xatırlayırsınızsa, Ermənistanın 12 iyul təxribatı və ondan sonrakı dönəmdə Rusiya ciddi hərbi təlimlərə başladı. Belə genişmiqyaslı hərbi təlimlər siyasi ədəbiyyatda dövlətin hərbi gücünü göstərməklə yanaşı, həm də hər hansı hadisəyə münasibət, verilən mesaj xarakteri daşıyır. Rusiyanın bu mesajını Azərbaycan və Türkiyə tərəfi aldı. Mənə görə, Azərbaycan və Türkiyə genişmiqyaslı birgə hərbi təlimlər keçirməklə dolayısı ilə eyni mesajı vermiş olur. Diqqət edirsinizsə, Azərbaycanla Türkiyənin birgə hərbi təlim keçirdiyi ərazilərin hamısı strateji əhəmiyyət kəsb edir. Xüsusən Naxçıvanda birgə hərbi təlimlərin keçirilməsi ilə Türkiyə vaxtilə imzalanmış "Qars müqaviləsi”ni xatırlatmış olur. Türkiyə Naxçıvanın qarantıdır. 

- Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışıblar. İki ölkənin prezidenti Azərbaycan-Ermənistan qarşıdurmasını detallı müzakirə ediblər. Dağlıq Qarabağ probleminin regionun böyük dövlətlərinin ciddi müzakirə mövzusuna çevrilməsi münaqişənin həllinə necə təsir edə bilər?
- Ermənistan-Azərbaycan qarşıdurması Türkiyə və Rusiya prezidentlərinin də gündəmindədir. Doğrudur, Ankara ilə Moskva arasında Suriya, Liviya, hətta Aralıq dənizi kimi problemli məsələlər var. Bu məsələlərin hər birində tərəflərin öz marağı var. Bəzən bu maraqlar toqquşur, qarşı-qarşıya gəlinir. Buna rəğmən, hər iki tərəf danışıqlar prosesini qəbul edir, sıcaq qarşıdurmadan daha çox görüşməyə, müzakirələrə üstünlük verirlər. Yaxşı haldır ki, belə müzakirələrdə Ermənistan-Azərbaycan qarşıdurması da diqqət mərkəzində saxlanılır. Türkiyə tərəfi daim Dağlıq Qarabağ problemini gündəmə gətirir. Əslində bölgədə bir növ yeni proses başlayıb. Böyük ehtimalla gələcəkdə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın iştirakı ilə görüş keçiriləcəkdir. Bu, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən doğan məsələdir. Problemdən çıxış yolunu tapmaq lazımdır. Münaqişənin həlli uzandıqca Azərbaycanla Ermənistan arasında gərginlik yaşandıqca, bölgədə sülhdən, təhlükəsizlikdən, iqtisadi intibahdan danışmaq olduqca çətindir. Münaqişəli bölgələr xarici sərmayəçiləri ürküdür, onlar burada mövcud olmaq istəmirlər. Digər tərəfdən, münaqişə davamlı hal aldıqca dövlətlər iqtisadiyyatın inkişafına yatıracağı pulların böyük hissəsini hərbi sahəyə xərcləyirlər. Bu amil də iqtisadi inkişafı əngəlləyir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun indiyə qədər olan fəaliyyəti heç bir nəticə verməyib. Məhz bu səbəbdən ölkələrimiz problemin həlli üçün alternativ yollar axtarırlar. Bu yoldan biri danışıqlar prosesidir. Əgər işğalçı dövlət qeyri-konstruktivlik nümayiş etdirəcəksə, sülh danışıqlarını yenə də pozacaqsa, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, işğal olunmuş ərazilərini müharibə yolu ilə azad edə, erməni silahlı birləşmələrini qovmaq üçün antiterror əməliyyatları apara bilər.

Rufik İSMAYILOV