• cümə, 29 Mart, 17:00
  • Baku Bakı 14°C

Bu günün reallıqlarını, gələcəyin çağırışlarını nəzərə alan büdcə

08.11.19 09:00 1457
Bu günün reallıqlarını, gələcəyin çağırışlarını nəzərə alan büdcə
İqtisadçılar deyir ki, 2020-ci ilin dövlət büdcəsinin parametrləri cari ilin büdcəsi ilə müqayisədə daha pozitivdir
Milli Məclis komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb. İclasda bildirilib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırıb və qeyd edib ki, bir sıra təkliflər nəzərdən keçiriləcək. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
2020-ci ilin dövlət büdcəsi ilə bağlı mütəxəssislərin rəyini öyrəndik. İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, 2020-ci ilin dövlət büdcəsi bir çox parametrlərinə görə əvvəlki illərin büdcəsindən fərqlənir: "Ümumi xüsusiyyət ondan ibarətdir ki, gələn ilin də büdcə xərclərinin əsas hissəsi sosial yönümlü xarakter daşıyır. Büdcənin sosial yönümlü olması ənənəvi xarakter daşıyır. 2020-ci ilin dövlət büdcəsində sosial sferaya ayrılan xərclər daha çoxdur. 2019-cu ildə minimum əməkhaqqı iki dəfə artırıldı. Növbəti il üçün sosial siyasət yenidən davam etdiriləcək. Gələn il dövlət büdcəsinin gəlirlərinin 40 faizdən çox hissəsini qeyri-neft sektorundan əldə olunan gəlirlər təşkil edəcək. Bu, çox mühüm məsələdir. Büdcə gəlirlərində qeyri-neft sektorunun payını mümkün dərəcədə maksimum həddə çatdırmaq lazımdır. Sosial siyasətdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün bu, çox vacib məqamdır. Bu siyasətin dayanıqlılığının təmin olunması üçün neft gəlirlərindən asılılığı minimuma endirmək vacibdir. Vətəndaşların əmək haqları pensiya və sosial müavinətlərin maddi əsasını enerji resurslarından əldə olunan gəlirlər təşkil etməməlidir. Əsas məqamlardan biri də büdcədə neftin qiymətinin düşünülmüş və ehtiyatlı yanaşma əsasında götürülməsidir”.
İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, gələn il makro-iqtisadi sabitlik qorunub saxlanılacaq: "2020-ci ilin dövlət büdcəsinin müzakirələri artıq yekunlaşdı. Bu haqda Milli Məclisdə müxtəlif fikirlər səsləndirildi. 2020-ci ilin büdcə gəlirləri, bu günün reallıqları və gələcəyin çağırışları nəzərə alınaraq hazırlanıb. Məqsədimiz 2020-ci ildə də ölkədə makro-iqtisadi sabitliyin qorunub saxlanmasına nail olmaqdır. Həmçinin, iqtisadi artımlar 2019-cu ildə olduğu kimi davam etməlidir. Bu il sosial siyasət uğurla həyata keçirildi. Gələn ilin büdcəsində ən diqqətçəkən məqamlardan biri də büdcənin sosial yönümlü olmasıdır. Gələn il üçün büdcədə nəzərdə tutulan proqnozların həyata keçirilməsi və büdcə gəlirlərimizin artması vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.
İqtisadçı-ekspert Fikrət Yusifov bildirdi ki, 2020-ci ilin dövlət büdcəsinin parametrləri cari ilin büdcəsi ilə müqayisədə daha pozitivdir: "Növbəti ildə büdcənin gəlirləri və xərclərinin artımı nəzərdə tutulur. Bu artımların böyük bir payı dövlətin sosial sferadakı siyasətini reallaşdırmağa hədəflənib. Bu il ərzində dövlət başçısının imzaladığı sərəncamlarla əmək haqlarının, təqaüdlərin və bu sıradan olan digər ödənişlərin həcmi kifayət qədər artırılıb. Görünən budur ki, hökumət gələn ildə də sosial məsələlərin həllini diqqət mərkəzində saxlayacaq. Bütövlükdə, büdcə, ölkə iqtisadiyyatının bugünkü durumunu əks etdirən baş maliyyə sənədidir. Büdcədə neft gəlirlərinin xüsusi çəkisinin gələn il də kifayət qədər böyük olacağı proqnozlaşdırılır. Bu isə büdcənin neftdən asılılığının kifayət qədər böyük olması deməkdir. Biz növbəti illərdə büdcənin neftdən asılılığının minimuma endirilməsini hədəf götürməliyik. Çünki neftin qiymətlərinin sabit qalacağına inam getdikcə azalır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər