“Bu gün tamaşaçının ardınca qaçmağa məcburuq”
Uzun
illərdən bəri ailəmizin çox yaxın dostu olan şair, dramaturq Novruz Gəncəlini yaxşı
xatırlayıram. O Novruz Gəncəli ki, taleyin qismətindənmi, ya da elə özünün tale
yükündənmi, ömrünün çox hissəsini Gəncədə keçirib. Bu illər ərzində hər dəfə
ailəmizin qonağı olaraq mərhum atam, respublikanın xalq artisti Məhəmməd
Burcəliyevlə birgə teatr sənəti ilə bağlı maraqlı söhbətlərinin şahidi olurdum.
Sonradan rejissor Hilal Həsənovun Gəncə Dövlət Dram Teatrının səhnəsində, onun
qələmə aldığı "Səadət yağış deyil” pyesinin hazırlanması ilə səhnə təcəssümünü
böyük maraqla izlədim. Qismətimə nəsib oldu ki, mən də Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində təhsil almalı oldum. Universitet
illərində isə qarşıma yeni bir imza çıxdı - Xəzər Gəncəli. Araşdırmalarım
nəticəsində bildim ki, Xəzər Gəncəli şair, dramaturq Novruz Gəncəlinin oğludur.
Bir necə dəfə onunla bu illər ərzində görüşmək cəhdlərim boşa çıxdı. Sonralar
isə eşitdim ki, Xəzər Gəncəli artıq respublikamızdan kənarda - İstanbulun
Mərmərə Universitetində teatr aktyoru və rejissorluğu ixtisası üzrə dərs deyir.
Beləcə, bu görüş bizim üçün on iki illik bir fasilədən sonra telekanalların birində
çəkiliş zamanı reallaşdı. Çəkiliş pavilyonunda qarşımda dayanan şəxsin Xəzər
Gəncəli olduğunu bildikdə, sevincimin həddi-hüdudu yox idi. Çünki bu görüşü
illərdir ki, gözləyirdim. Elə burada da xəbər tutdum ki, o, artıq vətənə dönüb
və Mədəniyyət Nazirliyinin göndərişi ilə Mingəçevir Dövlət Dram Teatrına baş
rejissor təyin olunub. Bu təyinatdan sonra dəfələrlə Mingəçevir Dövlət Dram
Teatrının qonağı olub, Xəzər Gəncəlinin hazırladığı tamaşalara böyük maraqla
baxdım. Beləliklə, həmsöhbətimiz Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlidir.
-
Uzun illərdir
rejissor kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində bir rejissor olaraq,
Xəzər Gəncəli özünü tapa bildimi?
-
Bu sənət elədir ki, istər-istəməz ömrünün axırınakimi axtarışda olursan. Bu axtarış sonsuzluğa gedir, tamamlanması
mümkün deyil. Ona görə də, "özünü tapmaq” söhbəti çətin məsələdir. Əgər sənət
yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən. Axtarırsan, maneələrə,
çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən, yaxşı işin də olur,
bərbad işin də. Bir çox tamaşalara quruluş vermişəm. Ancaq bu o demək deyil ki,
hamısı yüksək səviyyədə qurulan tamaşalardır. Əlbəttə, bu tamaşaların hər
birində axtarışda olmuşam. Ancaq hələ də özümü tapmamışam. Mənə belə gəlir ki,
bu sözü heç kəs deyə bilməz. Bu baxımdan, axtarışdayam və ömrümün sonunadək də
yəqin ki, axtarışda olacağam.
-
Bu gün
dövrümüz texnika, internet əsridir. Canlı olan teatr bu günün tələbləri
qarşısında acizdir. Bunlara rəğmən, tamaşaçı duyumunu özündə saxlamaqla,
teatrlarımız repertuar siyasətini necə təşkil etməlidir?
-
Bu bir reallıqdır və bilirsiniz ki, tamaşaçını heç cürə
teatra qaytara bilmirik. Sözsüz, otuz il bundan qabaqkı tamaşaçı axını yoxdur.
Bunun da səbəbini hamımız çox yaxşı bilirik. Təəssüf ki, bu gün televiziyalarda
bayağı, yüngül formada tamaşalar göstərilir. Tamaşaçı tələbatı, nədənsə, bu
səpgili verilişlərədir. Ancaq vaxt və dövr olub ki, teatrlarımıza axın olub.
Təbii ki, burada həm də televiziyaların böyük rolu var. Çünki evimdə artıq
300-400 kanala baxmaq imkanım var və teatr mənim evimə gəlib. Bütün bunların
çox böyük təsiri var. Bu gün tamaşaçının ardınca qaçmağa məcburuq. Müxtəlif
yollarla tamaşaçını teatrlarımız üçün bərpa etməliyik. Dövr və zaman, tələbat
dəyişib. Məgər bu gün bizim pis tamaşalarımız var? Çox gözəl tamaşalarımız var.
Bütün teatrlarımızda rejissorlarımız böyük maraqla yeni quruluşlar verirlər. Azərpaşa
Nemətov, Bəhram Osmanov, İradə Gözəlova, Vaqif Şərifov və digər rejissorlarımız
fədakarlıqla çalışırlar. Ancaq zala baxırsan, boşdur.
- Mingəçevir Dövlət Dram Teatrında vəziyyət
necədir? Teatrda çalışdığınız müddətdə hansı tamaşaları hazırlayıbsınız?
-
Mingəçevir Dövlət Dram Teatrında çox maraqlı ab-hava mövcuddur. Burada
yaradıcılıq atmosferi çox güclüdür. Deyə bilərəm ki, teatrımız artıq öz keçmiş
ənənələrini bərpa edir. Əvvəllər regionda teatrımızın adı çox az-az çəkilirdi. Ancaq
indi şükürlər olsun ki, Mingəçevir teatrı intibah dövrünü yaşayır. Bunu, mənim
rejissorluq fəaliyyətimlə əlaqələndirmək də olar, olmaz da. Üç il müddətində on
bir tamaşa hazırlayıb təhvil vermişəm. Bu teatrda ilk tamaşam türk yazarı Cahid Atayın "Pusquda” tamaşası
olub. Daha sonra Sevinc Elsevərin Xocalı
soyqırımına həsr olunan "Ürəyində arzu tut” pyesinin motivləri əsasında eyni
adlı tamaşasını təhvil verdim. Bu tamaşa da çox maraqla qarşılandı. 20 yanvar
faciəsinə həsr olunan Ağəddin Babayevin yazdığı "Ağla qərəqnfil, ağlı” adlı
ədəbi-bədii kompozisiyanı hazırladıq. Bu tamaşanı yanvarın 20-də tamaşaçılara təqdim
etdik. Daha sonra Qoqolun "Müfəttiş” əsəri dövlət sifarişi ilə oldu. Pyesin
tamaşası böyük rəğbətlə qarşılandı. Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi”
əsəri üzərində çalışdıq. Bu tamaşa da maraqla qarşılandı. Xüsusi olaraq qeyd
etmək istəyirəm ki, bu pyesə Dövlət Dram Teatrları içərisində ilk dəfə olaraq
Mingəçevir teatrının yaradıcı kollektivi müraciət edib. Sonra klassik
dramaturgiyaya müraciətimiz oldu. Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına
müraciət etdik. Sözsüz ki, repertuar zənginliyi və tamaşaçı duyumu bizim üçün
əsas şərtdir. Ötən ay Abdulla Şaiqin "Bir saat xəlifəlik” pyesinin tamaşasını
hazırlayıb teatrsevərlərin ixtiyarına vermişik. Hal-hazırda yenə də Abdulla
Şaiqin "Qaraca qız” pyesi üzərində yaradıcılıq işi aparıram.
- Region teatrında gənc kadr potensialının çatışmazlığı
faktı danılmazdır. Mingəçevir teatrında da sözsüz ki, bu problem qaçılmazdır. Problemin
həlli üçün hansı addımlar atılır?
-
Sözsüz ki, bu gün region
teatrlarında yeni kadr potensialının çatışmazlığı böyük problemdir. Bu problem bizi
çox narahat edir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təhsil alan tələbələrə çox ehtiyacımız var. Ancaq tələbələr təhsil aldıqdan sonra
Mingəçevir teatrına üz tutmurlar. Bu, çox dərin məsələdir. Əvvəllər tələbələr
bölgə teatrlarına təyinat alırdılar. Biz həvəslə gedib işləyirdik. Əvvəllər
Mədəniyyət və İncəsənət Universiteti ildə aktyor ixtisası üzrə iyirmiyə yaxın kadr
yetişdirirdi. Kadrlar da məcburi olaraq təyinatla gedirdilər respublikamızda
fəaliyyət göstərən bütün teatrlara. Bu təyinatla da gənc kadrlar bütün
təminatlarla təmin olunurdular. Bu gün təəssüf olsun ki, məcburi təyinat
məsələsi ləğv olunub. Mədəniyyət və İncəsənət Universiteti yenə də həmin kadr
potensialını kifayət qədər yetişdirir. Ancaq regionlara gəlmirlər. İndi özümüz teatrın nəzdində studiyalar açmağa,
kadrlar yetişdirməyə məcburuq. Mingəçevir Dövlət Dram Teatrında "İnam” Teatr Studiyası
fəaliyyət göstərir. Bu teatr studiyasına istedadlı səhnə ustası, xalq artisti
Ella Yaqubova rəhbərlik edir. Biz gənc, perspektivli kadrları oraya dəvət edib,
ən istedadlılarını seçib yetişdiririk. Bu istiqamətdə xalq artisti Ella
Yaqubovanın xidmətləri böyükdür. Yalnız bu yolla kadr problemini qismən də olsa
həll edə bilirik. Başqa cür mümkün deyil. Əsasən gənc aktrisalar sarıdan qıtlığımız
var. Aktrisalarımız barmaqla sayılacaq qədərdir və bizi maraqlandıran odur ki,
onlardan sonra səhnəyə kimlər gələcək. Sözsüz ki, bütün region teatrları
və o cümlədən də Mingəçevir teatrı üçün hər zaman ali təhsilli kadr potensialına
böyük ehtiyac var.
-
Gənc kadrların
region teatrlarına gəlmək istəməməklərinin səbəbini nədə görürsünüz?
-
Gənc kadrların paytaxt teatrlarına üz tutmalarının
bir səbəbi var. Burada təbii
ki, daha tez tanınmaq və sözün həqiqi mənasında daha yaxşı pul qazanmaq imkanı
əsas amildir. Ancaq bir sual yaranır: bu ixtisasa yiyələnən hər kəs paytaxt
teatrlarında çalışa bilirmi? Əsla yox. Hər kəs də paytaxt teatrlarının
səhnəsini görə bilmir. Bəs nə edirlər? Sadəcə olaraq, el şənliklərində klounluq
və ya müəyyən əyləncəli proqramlarda iştirak etməklə, gündəlik maddi tələbatlarını
ödəməyə çalışırlar. Bununla da əsl sənət qalır kənarda. Sadəcə bu, vəssalam.
- Mingəçevir tamaşaçıları teatra gəlirmi?
- Əlbəttə
ki, gəlirlər. Baxırlar, hətta sonda aktyorlarımızla görüşüb fikirlərini də
bölüşənlər olur. Bu gün canlı ünsiyyət vasitəsi olan teatra maraq böyükdür.
Yetər ki, tamaşaçını maraqlandırıb, onu düşündürən əsərlər hazırlayasan. Bizim
də çalışdığımız budur. Tamaşaçı teatra mütləq gəlməlidir. Tamaşaçısını itirən
teatr heç zaman yaradıcılıq yolu keçə bilməz. Tamaşaçının teatra ehtiyacı var.
Gərək yaxşı iş göstərəsən ki, tamaşaçı gəlsin. "Tamaşaçı teatra gəlmir” deyən
teatrların özünü günahlandırıram, tamaşaçını yox. Gərək ortalığa bir iş qoyasan
ki, o tamaşa da tamaşaçıları cəlb etsin. Bu da biz rejissorların üzərinə düşür.
-
Bu gün hansı
səpgidə daha çox tamaşaların hazırlanmasına ehtiyac var ki, tamaşaçını teatra
cəlb etmək mümkün olsun?
-
Ümumiyyətlə mən bir rejissor olaraq psixoloji pyeslərə
müraciət etməyi daha çox sevirəm. Daxilimdə də buna daha çox ehtiyac duyuram.
Bununla yanaşı, pyeslərdə daha çox obrazların sayının az olmasını istəyirəm.
Səbəbdə budur ki, personajları çox olan psixoloji pyeslərə tamaşaçılar çətin
baxır. Ancaq az personajlı pyeslər maraqla izlənilir. Bilirsiniz, psixoloji
pyeslər, insan taleyi ilə bağlı olan əsərlər hər zaman baxılır.Sonda bir məqama xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. Teatr müqəddəs sənət ocağıdır. Bəzən orada çalışan
insanları sənətinin fədaisi, cəfakeşi adlandırırıq. Əslində, doğrudan da, bu, belədir.
Az əmək haqqı ilə ömürlərini teatra həsr edən insanlar, sözün əsl mənasında
sənətin fədailəridir. Bəzən paytaxtda fəaliyyət göstərən teatrların yaradıcı
heyətini dövrü mətbuatda daha çox işıqlandırır, onların yaradıcılıqlarına daha
çox üstünlük veririk. Region teatrlarında çalışan, Azərbaycan teatrı üçün
canını fəda edən insanlar isə bir qədər kölgədə qalır. Təəssüf ki, bu da bir
həqiqət və reallıqdır. Bu günlərdə 50 illik yubileyinə hazırlaşdığımız
Mingəçevir Dövlət Dram Teatrında da bu kimi sənət fədailəri az deyil. Ömürlərini
sənətə qurban edən bu insanlar əsl fədai və cəfakeşlərdir.
Anar Burcəliyev
teatrşünas