• şənbə, 27 Aprel, 06:54
  • Baku Bakı 12°C

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi...

22.04.15 07:37 1350
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə yanvar-aprel aylarında televiziyalarla bağlı apardığı monitorinqlər başa çatıb. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilən monitorinq bir sıra xoşagəlməzlikləri üzə çıxarıb.
Qeyd edək ki, monitorinqi əsasən Dilçilik İnstitutu aparıb, bəzi təşkilati işlər isə MTRŞ ilə birgə həyata keçirilib. Ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV) xəbər və müxtəlif verilişlərin dili araşdırılıb, proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib. Monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 səviyyəvi nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurlarıdır.
Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli mətbuata açıqlamasında qeyd edib ki, monitorinqin məqsədi televiziyaları və ya aparıcıları tənqid etmək yox, qüsurları göstərməkdir: “ Əsas məqsəd qüsurları göstərməkdir ki, həmkarlarımız bundan doğru, dürüst nəticə çıxartsınlar, dilin normalarına fikir versinlər. Televiziya müəyyən mənada dəbdir, həm də düzgün danışmaq tribunasıdır. Çoxları televiziyanı özlərinə nitq nümunəsi hesab edir. Diktor və aparıcının danışığını əsas götürürlər. Bu səbəbdən də dilə və onun qaydalarına xüsusi diqqət yetirilməlidir”.
Şöbə müdirinin bildirdiyinə görə, bu gün saytların dilində gedən proseslər eyni ilə televiziyada təkrar olunur. Belə ki, bəzən dilə sayğısız münasibət müşahidə edilir: “Xüsusən gənc aparıcılar, reportyorlar Azərbaycan dilinin qaydalarına əməl etmir, dilin normalarını pozurlar”. Q.Məhərrəmli qeyd edib ki, monitorinq zamanı aşkar edilən daha ciddi qüsurlar alınma sözlərin tələffüzü ilə bağlıdır. Belə ki, aparıcı və reportyorlar Azərbaycan dilinin qaydalarına uyğun olmayan cümlələr işlədirlər: “Onlar rus, türk, ingilis dilinin ifadə tərzinə uyğun cümlələr qururlar. Həmçinin sözlər düzgün tələffüz olunmur, vurğu yerində deyilmir, sözdə olan uzun saitlər qısa tələffüz olunur, bəzən intonasiya düzgün seçilmir. Cümlə quruluşu həddindən artıq mürəkkəb, fikirlər isə dolaşıq olur. Televiziya dili çox anlaşıqlı olmalıdır ki, tamaşaçı dərhal aparıcının nə dediyini tuta bilsin”.
Monitorinqin nəticələrinin telekanallar tərəfindən birmənalı qarşılanmaması öz yerində, bu, təbiidir. Ancaq maraqlıdır, təkcə monitorinqlər aparmaq və qüsurları üzə çıxarmaqla iş bitirmi? Hər dəfə nəticələr elan olunsa da, telekanallarda əsaslı dəyişikliklər görünmür. Aparıcıların qüsurlarla dolu dilləri “Xəbərlər”dən tutmuş digər verilişlərə qədər hər gün efirdən yayımlanmaqdadır - ana dilimizin qaydaları kobudcasına pozulmaqda davam edir.
Müəyyən kənaraçıxmalar
MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov “Kaspi”yə açıqlamasında qeyd etdi ki, artıq bir neçə dəfədir ki, bu tip monitorinqlər aparılır və kifayət qədər effekt verib. Belə ki, dillə bağlı monitorinqin sırf dilçi mütəxəssislərə həvalə edilməsi ilk dəfə MTRŞ tərəfindən təklif edilib və bu metod dil üzrə monitorinqin daha peşəkarcasına aparılmasına imkan verib: “Kanalların rəhbərliyinin, aparıcıların da monitorinq nəticələrinə həssaslığı, ciddi yanaşması hiss olunur. Çünki yayımçılar istəmirlər ki, verilişlərinin adları “qara siyahı”ya düşsün”. Şöbə müdirinin sözlərinə görə, MTRŞ-nin monitorinq qrupu da dillə bağlı qanunvericiliklə üzərinə düşən vəzifələri daim diqqətdə saxlayır: “Lakin biz daha çox ümumi məsələlərə diqqət yetiririk. Bunlar əsasən xarici dildən istifadə, efirdə aparıcılar tərəfindən kobud ifadələrin, geniş auditoriya üçün aydın olmayan terminlər, məfhumların izahsız istifadəsinin qarşısının alınması və sairədən ibarətdir. Lakin efirdən dillə bağlı 100 faizlik nəticə gözləmək də doğru deyil. Çünki bir çox verilişlər canlı yayımlanır. Bu zaman müəyyən kənaraçıxmalar mümkündür”.
T.Dadaşovun fikrincə, Azərbaycan dilinin müxtəlif dövrlərdə, hətta yaxın illərdə dalbadal nəşr olunmuş orfoqrafiya və orfoepiya lüğətlərində də müəyyən ziddiyyətlər, üst-üstə düşməyən məqamlar var ki, bu da TV dilinə təsirsiz ötüşmür. Buna baxmayaraq, dilçi mütəxəssislər tərəfindən aparılan daimi monitorinqlər ümumilikdə işin xeyrinədir: “Yayımçılar və aparıcılar bundan narahat olmamalı, əksinə, bildirilən iradların aradan qaldırılmasına çalışmalıdırlar. Azərbaycan dili hamımızın doğma dilimizdir”
Peşəkarlıq artırılmalıdır
Azərbaycan Dil Qurumunun rəhbəri, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, ən böyük bəla televiziyaya işləməyə dəvət olunan insanların peşəkarlığının aşağı səviyyədə olmasıdır: “Ana dilimizdə normal danışa bilməyən adamlar necə efirə çıxarıla bilər? Necə olur ki, milyonlarla insanın qarşısında onların sınıq-salxaq bir dildə danışmasına icazə verilir? Televiziya aparıcılığı xüsusi bir peşədir. Ümumiyyətlə, camaatın içinə çıxmağa haqqı olmayan qəribə məxluqları efirə çıxarırlar. Televiziya ekranlarından əxlaqsızın əxlaq dərsi deməsi, dili bilməyənin dil haqqında danışması, millətdən xəbərsizlərin millət haqqında danışıqları insanları bezdirir. Televiziyaya bilgisi olan, dil qaydalarına riayət etməyi bacaran, xalqla üzbəüz dayanmağa haqqı olan insanlar çıxmalıdırlar”.
S.Rüstəmxanlı dublyajların dilinin qüsurlu olduğunu da qeyd etdi: “Düzdür, dublyaj işi tədricən yoluna düşür, amma yenə də qüsurlar çoxdur. Hiss olunur ki, bu sahədə peşəkarlar azdır”.
Millət vəkili hesab edir ki, efirdə dilimizin qaydalarından xəbərdar olanlar çalışmalıdır: “Bir çox telekanallarda diktorların ləhcələri normal ola bilər, ancaq vahid Azərbaycan ədəbi dili və onun orfoepik və orfoqrafik qaydaları, dil tarixi var. Bunlardan xəbəri olan aparıcılar efirdə çalışmalıdır. Sanki aparıcılar öz ləhcələrindən zövq alırlar. Bu cür insanların efirə çıxarılmasına şərait yaratmaq olmaz”.
Millət vəkilinin sözlərinə görə, televiziya jurnalistikası xüsusi sahə olduğundan peşəkar kadrların yetişməsi də vaxt tələb edir: “Kiminsə üzünə baxıb onu efirə çıxarmaq olmaz. Bu, ciddi problemlər yaradır. Bəzən küçədə insanlardan fikir öyrənir və ya sorğu keçirirlər. Küçədən keçən hər adam ana dilində yaxşı danışa bilmir. Kimsə fikirlərini yarı rusca, yarı azərbaycanca ifadə edir. Ancaq öz ana dilini bilməyən adamın fikirlərini efirə vermək olmaz. Məncə, bu istiqamətdə çox çalışmaq və əməli tədbirlər görmək lazımdır”.
S.Rüstəmxanlı hesab edir ki, alınma sözlərin də dilimizdə ifadə olunması problemlər yaradır. Belə ki, yalnız monitorinqlər aparmaqla bu mühüm işi bitmiş hesab etmək olmaz: “Monitorinqlər yoxlama və nəzarətdir. Dükan, bazar adlarından başlamış xaricdən nə söz gəlirsə, hamısı dilimizə keçir. Elə “monitorinq” sözü də dilimizə keçib. Məgər Azərbaycan dilində bu sözlərin qarşılığı yoxdur?” Millət vəkili hesab edir ki, təkcə monitorinqlər aparmaqla dilimizin qaydalarının pozulması ilə mübarizə aparmaq və səviyyəni yüksəltmək olmaz, ilk növbədə peşəkarlıq artırılmalıdır.
Yarı rusca, yarı azərbaycanca...
Dilçi alim Nadir Abdullayevin fikrincə, ana dilimizin normaları telekanallarda bir neçə istiqamətdə pozulur. Belə ki, ən çox nəzərəçarpan qüsurlar tələffüzlə bağlıdır: “Sözlərin orfoepik qadalarının pozulması halları baş alıb gedir. Yazılışı ilə deyilişi arasında fərq olan sözlər yazıldığı kimi deyilir. Məsələn, “baxmayaraq” sözü “baxmıyaraq” kimi tələffüz olunmalı olduğu halda, yazıldığı kimi deyilir. Eləcə də “başlayır” sözü “başlıyır” kimi tələffüz olunmalıdır, amma yazıldığı kimi oxunur”.
Dilçi alimin fikrincə, sözlərin vurğusu ilə bağlı da qüsurlar çoxdur: “Alınma sözlərdə vurğu qüsurları daha çoxdur”. Alim hesab edir ki, qüsurlarla bağlı problemləri təkcə televiziya əməkdaşlarının üzərinə atmaq da olmaz. Belə ki, onların əlində düzgün tələffüzü göstərən sanballı bir vəsait yoxdur: “Azərbaycan dilinin tələffüz qaydalarına uyğun ortaya çıxarılası bir lüğət hazırlanmayıb. Düzdür, müxtəlif vəsaitlər var, ancaq onlar dilimizin qaydalarını olduğu kimi əks etdirmir”.
Alimin fikrincə, bu qaydarın pozulmasının digər bir səbəbi rus mənşəli, Türkiyə türkcəsindən alınan sözlərdən istifadə edilməsidir: “Yarı rusca, yarı azərbaycanca danışanlar var. Aparıcıların danışığı etalon sayılmalıdır. Xalq onların dilindən bütün informasiyaları eşidir. Ancaq onlara bu sahədə nəzarət yoxdur. Əvvəllər onlar dillə bağlı ənənəvi kurslara cəlb olunurdular. Məsələn, diktor Azərbaycan-Ermənistan sərhədi barədə danışanda elə danışır ki, sanki bir təntənədən xəbər verir. Və yaxud hansısa bir faciə haqqında sanki heç bir şey olmamış kimi xəbər verirlər”.
Alimin fikrincə, televiziya rəhbərləri dilin normalarının pozulmaması üçün ciddi nəzarət etməlidirlər: “Telekanallara xüsusi mütəxəssislər dəvət olunmalıdır ki, aparıcılarla kurs keçsinlər. Biz əvvəllər Sabutay Quliyev, Aydın Qaradağlı kimi diktorların səslərini yazıb auditoriyada tələbələr üçün səsləndirirdik. İndi diktorların Azərbaycan dili ilə bağlı praktik hazırlıqları yoxdur. Ona görə də efirdə dilin qaydaları kobudcasına pozulur”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər