• şənbə, 27 Aprel, 08:55
  • Baku Bakı 12°C

Britaniyalı jurnalisti: Bakı dünyaya bənzərsiz şou təqdim edir

24.06.15 20:08 1377
Britaniyalı jurnalisti: Bakı dünyaya bənzərsiz şou təqdim edir
Bakı birinci Avropa Oyunlarına Olimpiya Oyunları səviyyəsində ev sahibliyi edir. Doğrudan da əsrarəngiz məkanlardır. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi jurnalistlər üçün hər cür şərait yaradıb. Bakıda dünya səviyyəli yarışlar keçirilir.
Bu fikirləri iyunun 24-də Böyük Britaniyanın Press Association agentliyinin idman jurnalisti Mark Stanifort AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovla görüşündə səsləndirib.
Baş direktor qonağa AZƏRTAC-ın fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, AZƏRTAC dünyanın informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biridir.
Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini vurğulayan Baş direktor ilk Avropa Oyunlarının London, Sidney Olimpiya Oyunları ilə müqayisə olunmasından qürur duyduğunu bildirib. Məlumat verilib ki, Bakıda keçirilən Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq Forumlarının və digər tədbirlərin əhatə dairəsi və miqyası ildən-ilə genişlənir. Bu forumlarda nüfuzlu siyasətçilər, dövlət xadimləri, elm adamları, Nobel mükafatı laureatları iştirak edirlər.
Görüşdə Böyük Britaniyanın Press Association agentliyi ilə AZƏRTAC arasında sıx əlaqələrdən də bəhs olunub. Qeyd edilib ki, bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşalla səmimi dostluq münasibətləri əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda keçirilən iclaslarında Klayv Marşal da fəal iştirak edib.
Britaniyalı jurnalistə, həmçinin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, mətbuat və söz azadlığının, fikir plüralizminin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən mütəmadi tədbirlər barədə də məlumat çatdırılıb. Təəssüflə vurğulanıb ki, Azərbaycanın demokratiyanın inkişafı sahəsində çox qısa müddətdə gördüyü işlər və əldə etdiyi uğurlar bəzən diqqətdən kənarda qalır, yaxud bu məsələyə yanaşmada ikili standartlar özünü büruzə verir.
Press Association agentliyinin idman jurnalisti Mark Stanifort görüşdən və səmimi söhbətdən məmnunluğunu dilə gətirib. “Bakı-2015” İlk Avropa Oyunlarının açılış mərasimini böyük maraqla izlədiyini söyləyən M.Stanifort yarışların keçirildiyi arenaların mükəmməlliyindən, Oyunların cəlbedici və maraqlı olmasından, reklam roliklərinin göz oxşamasından danışıb. O, Bakının dünyaya həqiqətən bənzərsiz və möhtəşəm şou təqdim etdiyini deyib.
banner

Oxşar Xəbərlər