AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur

“Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur" - Rəsmi

İqtisadiyyat
25 İyun 2016, 13:44 1074
Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı keçirilmiş referendumun ("Brexit”) yekunları dünya bazarlarında dalğalanmaları aktivləşdirib.
Bu barədə "APA-Economics”ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. 
"Öncədən 23 iyun 2016-cı il tarixinə  təyin olunmuş referendumun nəticələrinin ölkəmizdə də əhali və biznesin həssas davranışına səbəb ola biləcəyini nəzərə alaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir müddətdir ki, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri kanallarını araşdırır, maliyyə sabitliyinin qorunması üçün tədbirlər həyata keçirir. "Brexit”in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağı gözləntiləri əsasında aparılmış təhlillər göstərir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb”, - deyə məlumatda vurğulanıb.
 
Palatadan bildirilib ki, bununla belə, bu ilin 24 iyun tarixində xüsusilə valyuta bazarının monitorinqi zamanı bir qədər həssas davranış müşahidə edilib: "Bu, fundamental iqtisadi faktorlarla deyil, əsasən xarici maliyyə bazarları ilə bağlı informasiya ekspansiyası ilə izah olunur. "Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur. MBNP bu sahədə monitorinqləri davam etdirir və "Brexit”in ölkə iqtisadiyyatına dolayı, o cümlədən psixoloji təsirinin neytrallaşdırılması üçün işlər görür”.