AZE | RUS | ENG |

Borca və dərdə şəriklər

Borca və dərdə şəriklər
Sonradan xoşagəlməz vəziyyətə düşməmək üçün zaminlər hansı məsuliyyəti bölüşdüklərini öncədən bilməlidirlər

Bu gün pula ehtiyacı olanların əsas ümid yeri banklardan kredit götürməkdir. Kredit verən banklar isə öz işlərini sığortalamaq üçün müraciət edən vətəndaşdan ona zamin duracaq şəxslər tələb edirlər. Dost-tanış da hörmət xatirinə zaminlik edir. Kredit götürən pulu vaxtında ödədikdə zaminin gedən proseslərin heç birindən xəbəri olmur. Amma problem yarandıqda zamin kredit götürənlə ortaq olur. Son vaxtlar problemli kreditlərin həcmi çoxaldığından, çətinliklər zaminlərdən də yan keçmir.
Dost-tanışının zaminlik təklifinə məcburiyyət qarşısında razı olub, sonradan problemlə üzləşənlərin sayı da çoxdur. Ehtiyacı olana kömək edib, sonra özünün ehtiyac duyduğu pulu başqasının kredit borcu üçün ödəyənlərin sayı heç də az deyil. Amma təəssüf ki, bir çox hallarda zaminlər öz məsuliyyətlərindən xəbərsiz olurlar. Onlara: “Bircə imza çəkirsən, qalan heç bir şeyin sənə aidiyyatı yoxdur” - deyilir. Kredit götürən zaman da bank nümayəndəsi zaminlərə çox vaxt məsuliyyətləri haqda məlumat vermir. Onlar öz işlərini xırda şriftli hərflərlə tərtib etdikləri müqavilələri imzalatmaqla bitmiş hesab edirlər. İşə düşən isə zamin olur.

Kredit götürən dünyasını dəyişir, borcu zamin ödəyir

Müsahibim Naib Ələkbərov zamin durub yaxşılıq etmək istəsə də, problemlə üz-üzə qalıb. O, qəzetimizə açıqlamasında bildirdi ki, krediti götürən şəxs dünyasını dəyişdiyi üçün borcu ödəmək məsuliyyətini bank zaminlərin üzərinə qoyub: “Cəlilabad rayonunun Abazallı kənd sakini Hüseynov Əzizağa Cəlal oğlu “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) Cəlilabad rayon şöbəsindən 3000 manat kredit götürdü və zamin olaraq da məni göstərdi. Mən və təqaüdçü qadın da zamin olduq. Həmin şəxs bir müddət krediti vaxtında ödəsə də, sonradan səhhətində ciddi problem yarandı və Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 1-ci qrup əlillik dərəcəsi aldı. Xərçəng xəstəsi olan bu adamın əlillik alması barədə müvafiq sənədi banka təqdim etsək də, onlar ödənişi dayandırmamağı tələb etdilər və Əzizağanın ailə üzvləri çətinliklə də olsa, ödənişləri etdi. 3 aydan sonra şəxs dünyasını dəyişdi”.
Müsahibim deyir ki, kredit götürən şəxsin ölümü haqqındakı sənədi banka təqdim ediblər və bank mərhumun ailəsinə sığorta müqaviləsində göstərilən müddəaların qanuni qüvvəyə minəcəyini və artıq kreditin ödənməyəcəyini bildirib. Lakin buna baxmayaraq, bir neçə ay öncə - ödənişin ilk gecikməsində bank nədənsə sığorta şirkətini deyil, zaminləri məhkəməyə verib: “Bizim xəbərimiz olmadan məhkəmə qərar çıxarıb, tam qanunsuz qərarla hər ay mənim və Təzəgül adlı digər şəxsin pensiyasından tutulmalar edilir. Bununla bağlı dəfələrlə banka müraciət etsəm də, mənə hər dəfə problemi sığorta ilə həll etməyi deyirlər. “Əgər sığorta şirkəti ödəsə, sənin pulunu tutmarıq” deyirlər. Mənim dəfələrlə müraciətlərimə rəğmən və sığorta şirkətinin rayonda ofis və nümayəndəsi olmadığına görə heç bir cavab ala bilmədim. Şirkətin Bakı ofisinin hüquqsünası isə ümumən zaminlərin haqqında heç nə demədi və məlumatsız olduğunu bildirdi. Kredit təşkilatının mütəxəssisi isə haqlı olduğumu və sığorta şirkətinin ödəməli olduğunu dedi. Xahiş edirəm məsələni araşdırıb mənə kömək edin. Üç azyaşlı uşağım var və biz dövlətin müəyyən etdiyi o pensiya ilə dolanırıq. Onun da əsas hissəsi kəsildiyindən - bank tərəfindən qanunsuz mənimsənildiyindən vəziyyət daha da ağırdır”.

Zaminlik formal sənəd deyil, böyük məsuliyyət deməkdir

İqtisadçı alim Vüqar Bayramov deyir ki, əksər hallarda zamin olan şəxslər oxumadan müqaviləni imzalayırlar. Bu da sonradan onları problemlə üz-üzə qoyur: “Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlardan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb”.
İqtisadçının sözlərinə görə, əksər hallarda kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminləri cəlb edir. Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət edəndən utanır və yox demir. Nəticədə isə krediti bir şəxs götürür, xərcləyir, qaytarmır, o puldan xəbəri olmayan zaminin hesabından isə aylıq pul çıxılır: “Buna görə də zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağladığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də çalışın yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir. Zaminlə kredit götürən şəxsin borcla bağlı öhdəliyi eynidir. Amma kredit götürən şəxsin bir fərqi var ki, pulu ödəyə bilməsə, zamin ödəməlidir. Amma əgər bu pulu ödəmək məsuliyyəti zaminin üzərinə qoyulubsa, o, borcu ödəməyə məcburdur”.
V.Bayramov kredit götürən şəxsin dünyasını dəyişməsi zamanı borcun ödənilməsi haqda da danışdı. Bildirdi ki, bu cür hallarda borcun ödənməsi müqavilənin şərtlərinə görə dəyişir. Bəzi müqavilə şərtlərində qeyd olunur ki, ölən şəxsin varisi məsuliyyət daşıyır. Əgər varisin də pulu ödəməyə imkanı yoxdursa, öhdəlik yenə zaminin üzərinə düşür. Rəhmətə gedən şəxsin həyat və ya kredit sığortası varsa, sığorta şirkəti ödəniş edir. Sığorta etdirmək isə könüllüdür. Əgər kredit ödənilmirsə, 3 ay gözlənilir, sonra isə problemli kredit kimi rəsmiləşdirilib məhkəməyə müraciət edilir. Məhkəməyə verildikdə isə zamin də dəvət olunur. Amma zamin məhkəməyə gəlmədikdə, o olmadan da məhkəmə qərara çıxara bilər”.

Ortada sığorta olsa belə, müqavilənin şərtləri önəmlidir

Hüquqşünas Müzəffər Baxışov deyir ki, banklarda öhdəliklərin təmin edilməsinin müxtəlif üsulları var. Qanuna görə, girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, zəmanət, beh və s. öhdəliyin təmin olunması üçün qanunun müəyyən etdiyi icra üsullarıdır: “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Hər hansı bir şəxs bankdan kredit götürür. Zamin olan şəxs zaminlik müqaviləsinin şərtlərinə görə üzərinə öhdəlik götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur”.
Hüquqşünasın sözlərinə görə, zaminin məsuliyyəti də qanunvericilikdə öz əksini tapıb: “Hər bir halda əgər subsidiar məsuliyyət nəzərdə tutulmayıbsa, borclu və zamin eyni məsuliyyəti daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər bir neçə zamin varsa, onlar eyni məsuliyyəti daşıyırlar”.
M.Baxışov deyir ki, zaminliyə xitam verilməsi halları da qanunla nəzərdə tutulub. Burada da bir sıra şərtlər var. Amma kredit götürən şəxsin dünyasını dəyişməsi məqamlarında kreditin kim tərəfindən ödənilməsi müqavilə əsasında müəyyənləşdirilir: “Ortada sığorta olsa belə, müqavilənin şərtləri önəmlidir. Ölüm sığortası varsa və sığorta təşkilatı öz üzərinə borcu ödəyəcəyini götürübsə, o halda zaminin üzərində məsuliyyət olmur. Bütün hallarda sığorta müqaviləsində nəzərdə tutulan risklərə baxmaq lazımdır. Çünki sığorta şirkətləri nəzərdə tutulan həmin risklərə görə ödəniş edirlər”.

Məhkəmə aktından narazı qalan şəxs şikayət verə bilər

“KredAqro” BOKT-nin hüquqşünası Azər Səmədov bizə müraicət edən şəxsin şikayəti ilə bağlı qəzetimizə açıqlama verərək bildirdi ki, Ələkbərov Naib Tarqulu oğlu ilə bağlanmış zaminlik müqaviləsinin şərtinə əsasən, zamin borcun ödənilmədiyi bütün hallarda, o cümlədən borclunun ölməsi səbəbindən borcun ödənilmədiyi halda da tam məsuliyyət daşıyır. Yəni zamin duran şəxs borclu öləcəyi təqdirdə də krediti ödəməyi öhdəsinə götürüb: “Bundan başqa, təşkilatımız tərəfindən kredit verilərkən borclular fərdi qəza sığortası üzrə sığortalanırlar. Bu o deməkdir ki, borclu şəxs bədbəxt hadisə nəticəsində sağlamlığını itirərsə və ya vəfat edərsə, müvafiq olaraq borcun müəyyən hissəsi və ya borc tam olaraq sığortaçı tərəfindən ödənilir. Bu növ sığorta sığortalının, yəni kredit götürmüş şəxsin onda əvvəldən mövcud olan xəstəlikdən vəfat etməsi hallarını sığorta etmir. Kredit alan şəxs onda olan xroniki xəstəlik səbəbindən vəfat edirsə, o zaman bu, sığorta hadisəsi kimi qiymətləndirilmir. Və nəhayət, Nail Ələkbərovdan borcun tutulması məhkəmə qərarına əsasən müvafiq icra orqanı tərəfindən həyata keçirilir. Məhkəmə aktından narazı qalan şəxs məhkəmənin qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət verə bilər”.

Aygün Asimqızı

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908