AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BMT qətnamələri icra olunmalıdır

BMT qətnamələri icra olunmalıdır

Siyasət
25 Sentyabr 2020, 16:45 2907
Prezident İlham Əliyev: "Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”
 
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb. 1991-ci ildən davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində isə Azərbaycan ərazisinin beşdə biri işğal olunub. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 20 mindən çox insan həlak olub, 50 min nəfər yaralanıb və ya əlil olub, 4 mindən çox azərbaycanlı itkin düşüb. 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Sözügedən qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır. 



Yeni təxribatlara, müharibəyə hazırlıq

Əfsuslar olsun ki, işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, ATƏT-in Minsk qrupuna üzv həmsədr dövlətlərin – ABŞ, Fransa və Rusiyanın iştirakı ilə aparılan sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, müxtəlif təxribatlar törətməklə münaqişənin sülh yolu ilə həllini yubadır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq hüququn əksinə olaraq infrastruktur qurur, o cümlədən avtomobil yolları çəkərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Bununla yanaşı, Ermənistanın siyasi rəhbərliyi işğal altında saxladığı Azərbaycan ərazilərinə, eləcə də ölkəmizlə sərhəd ərazilərə "ASALA” terror təşkilatının, həmçinin İraq, İran və Suriya üzərindən PKK, YPG tərkibində vuruşan muzdlu erməniləri, terrorçuları toplayır. Türkiyə, Misir və sair ölkələrin mediasında bununla bağlı yer alan, konkret faktlara əsaslanan araşdırma yazılardan da aydın olur ki, Ermənistan terrorçuları işğal altında saxladığı Azərbaycan ərazilərinə toplamaqla yeni təxribatlara, bəlkə də müharibəyə hazırlıq görür.
 


İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bütün bu məqamları bir daha xatırladıb. O, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün ərzində icra edilməsinə diqqət çəkib. Qeyd edib ki, Ermənistan təqribən 30 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. Dövlət başçısı söyləyib ki, işğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır: "Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məskunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz. Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir”.
 


Qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemi

Prezident deyib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir: "Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir. Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb”.
 


Qarabağ Azərbaycandır!

Ölkə başçısı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə istinad edərək vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir: "BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır”.
 


Beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması

Prezident İlham Əliyev bildirib ki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. O, bir neçə təklifi diqqətə çatdırıb: "Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. Bu mənada mən bir neçə təklif irəli sürmək istəyirəm. Əvvəla, pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir. İkincisi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır. Bundan başqa, pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır. Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır. Müxtəlif ölkələr tərəfindən "Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır”.
 


Regional və beynəlxalq təhlükəsizlik problemi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini, təcavüzkar mahiyyətini faktlar əsasında və mövcud reallıqlar fonunda ifşa edib, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Deputatın sözlərinə görə, dövlətimizin başçısı BMT-ni, bütövlükdə beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün konkret və qətiyyətli əməli tədbirlər görməyə, təcavüzkar dövlətin təxribatçı hərəkətlərinə seyrçi qalmamağa çağırıb: "Ümumiyyətlə, Prezident İlham Əliyevin toxunduğu məsələlər təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində deyil, həm də regional və beynəlxalq təhlükəsizlik problemi baxımından mühüm aktuallığa və əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizin işğal altındakı ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul olmasını xüsusi diqqətə çatdırdı, qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsinin olmadığını qətiyyətlə vurğuladı”.
 


Sanksiya mexanizmi işə salınmalıdır

Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması faktiki olaraq müharibə cinayətidir: "Bu addım işğal edilmiş ərazilərdə demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədi güdür, həmçinin dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin növbəti təxribata və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu bu məsələyə xüsusi diqqət yetirməli, hətta işğalçı dövlətə qarşı sanksiya tələb olunmalıdır. Beynəlxalq qanunvericilik bazası və beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdan çəkindirmək məqsədilə müxtəlif ölkələrə qarşı sanksiya tələb olunması nümunələri mövcuddur. Xüsusilə də nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur, onlar icra edilənə qədər qüvvədədir. Hazırkı mənzərə BMT-nin nüfuzunu sarsıdır, buna görə də Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır. Qətnamələrin icra olunmadığı təqdirdə, sanksiya mexanizmi işə salınmalıdır”.
 


Tarixi-dini abidələrimizə qarşı saxtakarlıq

H.Babaoğlu Prezident İlham Əliyevin daha bir zəruri məsələni diqqətə çatdırdığını da dilə gətirib. Deyib ki, bu, Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etməsi, Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismarıdır: "Uzun müddətdir ki, bu fakt mövcud olduğu halda, beynəlxalq təşkilatların məsələyə laqeyd münasibəti ciddi təəssüf doğurur. Hazırkı şəraitdə bəhs edilən halla əlaqədar ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətdir. Çünki dövlətimizin başçısının diqqət çəkdiyi reallığa, açıqlanan faktlara biganə münasibət göstərilməsi yolverilməzdir. Loyal münasibət, eyni zamanda, Ermənistanı yeni qeyri-qanuni və cinayət əməllərinə təşviq etmək, həvəsləndirməkdir. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Eyni zamanda, Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Əks halda, onlar beynəlxalq hüquq normalarının tələblərinə müvafiq surətdə hüquqi məsuliyyətlə üzləşəcəklər”.
 


Status-kvo qəbuledilməzdir

H.Babaoğlu söyləyib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmaqla, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirib: "Ümumiyyətlə, Ermənistanın məqsədinin işğal ilə bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaq olduğunun BMT-nin tribunasından vurğulanması xüsusi əhəmiyyətə malikdir. Dünya ictimaiyyətinin siyasi yaddaşı bir daha yeniləndi. Növbəti dəfə məlum oldu ki, qeyd etdiyimiz kimi, hazırkı şəraitdə işğalçı Ermənistana qarşı təsir və təzyiqlər gücləndirilməli, adekvat addımlar atılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulansa da, yetərli deyil, çünki real addımlar atmadan münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. Birmənalı olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.

Rufik İSMAYILOV