• çərşənbə, 24 Aprel, 23:46
  • Baku Bakı 23°C

“Biz öz çərçivəmizə sığmayacağıq”

13.05.20 10:30 1734
“Biz öz çərçivəmizə sığmayacağıq”
Ümüd Abbas yeni teatr yaradıb: Siz "Cosmo”da gəlin-qaynana kimi məişət mövzularını görməyəcəksiniz
Axır ki, biz də ağızdolusu "özəl teatr” kəlməsini işlədə bilirik. Daha çox gənclərin cəsarət edib, yaratdıqları özəl teatrlarımızın sayının biri də artdı. Deyəcəksiniz ki, karantin günlərində nə teatr? Amma istək olduğu yerdə canlı sənət növü olan teatr da yaranar, hələ üstəlik, bu teatr dünyəvi əhəmiyyət də daşıyar.

Gənc rejissor və aktyor Ümüd Abbas "Şah Mat” Teatrından sonra ikinci teatrını yaratmaq qərarına gəlib. Həmkarı Mir Qabillə birlikdə yaratdığı "Şah Mat” Teatrı ilə yollarını ayıran rejissor "Cosmo Teatr” adlı yeni layihəsini təqdim edib. "Cosmo”-nun "dünya” mənasını verdiyini deyən rejissor, teatrın da məhz belə bir anlam kəsb etdiyini bildirir: "Çalışacam ki, burada ancaq dünyəvi problemləri özündə əks etdirən əsərlərə müraciət edim. Yeni teatrımız vasitəsi ilə sərhədsiz olduğunu, müəyyən bir sərhəddə ilişib qalan teatr olmadığını göstərməyə çalışacağıq. Dünya yarananda sərhədləri olmayıb. İndi də quş uçaraq, dovşan qaçaraq sərhədləri keçə bilirsə, mən niyə sərhədi çətinliklə keçməliyəm? Sərhədsiz dünya arzusu ilə belə bir teatr yaratdıq. Dünyanın o biri başında bir insan əzizini itirəndə necə əzab çəkirsə, biz də dünyanın bu biri başında həmin hadisəni yaşayanda, elə əzab çəkirik. Bu dünya hamımızındır, acıları, duyğuları, hissləri eynidir. "Cosmo” Teatrında da sərhədlər, maneələr aradan qalxacaq. Teatrda hisslərin, duyğuların sərhədi olmadığını, sərhədsiz dünyanın sakinlərini göstərməyə çalışacağıq. "Biz hamımız bu dünyanın sakiniyik”, "hamımızın vətəni bu dünyadır” mesajını vermək ümidi ilə belə bir işə başladıq”.
3 il bundan əvvəl həmkarı ilə "Şah Mat” Teatrını yaradan və rejissoru olan Ümüd Abbas müəyyən səbəblərdən ordan ayrıldığını bildirir: "Burda şəriksiz çalışacam. İki nəfər - bir teatr anlayışı olmayacaq. Hər şeyi təkbaşına özüm idarə edəcəm. İki nəfərin fikrinin üst-üstə düşməməyinin, fikir ayrılığı yaşamanın nə qədər böyük problemlərə gətirib çıxardığının şahidi oldum. "Cosmo” heç kəsə dəymədən, toxunmadan dünyəvi planlarımı, düşüncələrimi ortaya qoyan bir teatr olacaq”.
Müsahibimizdən yeni teatrın yaradılmasına nə qədər ehtiyacın olduğunu soruşduqda isə, bildirdi ki, hazırkı dövrdə yetərincə güclü potensiala malik özəl teatrlar var: "Zamanında böyük ehtiyac duyulan zirzəmi teatrını yaratmışdıq. "Cosmo” Teatrı da fəaliyyətinə zirzəmidən başlayacaq və böyük səhnələrə qədər gedəcəyini ümid edirik. Başlamaq üçün mükəmməl olmaq lazım deyil. Amma mükəmməl olmaq üçün başlamaq lazımdır. Hədəfimiz daha böyük arena və beynəlxalq müstəvidə adımızı tarixə yazdırmaqdır. Bu dəfə tamam başqa istiqamət üzrə özümü sınayacam və yeni teatrda fərqli üslub, seçim tərzi ilə tamaşaçıların qarşısına çıxacam. Teatrda ilk dəfə fərqli bir üslubda fərqli yanaşma tərzi nümayiş etdirəcəyik. Buna həqiqətən ehtiyac vardı”.

Hazırda online şəkildə 2 tamaşanın məşq prosesinin getdiyini deyən rejissor, kollektivin 2 hissəyə ayrıldığını bildirir: "Yeni teatrın peşəkar truppasında hələ ki Kamran Muradlı, İlahə Səfərli, Şəmistan Süleymanlı iştirak edəcək. Həvəskar truppada isə Tansu Abbaszadə, Əkbərov Ülkər, Əliyev Kainat, Sahibzadə Aytac, Babayeva Lamiyə, Bayramova Güney, Şahmarlı Mahir, Daşdəmirova Lalə, Rzazadə Nadir rol alacaqlar. Adalarını qeyd etdiyim komanda heyətimizin üzvlərini tanıyıram və onlarla işləmişəm. Onlar güvəndiyim insanlardır. Ümid edirəm ki, yeni işimiz hər birimizə uğur gətirəcək”.
Tamaşalara gəlincə isə, rejissor "Şah Mat” Teatrında hazırladığı tamaşaları bərpa edərək yenidən hazırlayacağını deyir: "O biri teatrda müəyyən tamaşalarım var ki, burda bərpa olunacaq. Müəyyən əsərlər var ki, onları "Şah Mat”da hazırlamağı düşünsəm də, qisməti "Cosmo”-da açılacaq. Bundan başqa, çalışacam ki, aktyorların potensialına uyğun tamaşalar hazırlayım. İki truppa arasında seçim edəcəm. Həvəskar truppadan aktyorlar özünü təsdiqlədikdən sonra peşəkar komandaya keçid edəcəklər. Elə hesab edirəm ki, tamaşaçılara da maraqlı olacaq”.

Ümüd Abbas yeni teatrı yaratmaq üçün böyüklərlə danışdığını, onlardan məsləhətlər aldığını bildirir. Qeyd edir ki, yeni işə başlamaq üçün ən əlverişli zamandır. Çünki məşq etmək üçün gözəl vaxtdır, belə bir zamanda aktyorların başqa işləri olmadığı üçün karantin günlərində online şəkildə məşqlər edirlər.

Müsahibimiz "bu teatrla cəmiyyətə hansı mesajları ötürəcəksiniz” – sualına cavab olaraq, dünyəvi fikirlərin, bəşəri ideologiyanın təbliği rolunu oynayacağını vurğulayır: "Bəşəri problemləri ortaya çıxarmaq yönündə çalışacam. Xırda məsələlərə qaçmamaq, daha böyük məsələlər ortaya qoymağa cəhd edəcəm. Çalışacam ki, bütün insanların ortaq problemləri müzakirə mövzusu olsun. Loqomuzdan da göründüyü kimi, sözlər qlobusun kənarına çıxır. Loqoda gizli simvollar yer alıb. Biz öz çərçivəmizə sığmayacağıq. Bacardığım qədər o sərhədləri aşmağa çalışaraq, yeniliklərə imza atacağıq. Ən çox sevdiyim iş novatorluqdur və güman edirəm ki bunu da bacaracam. Sizə deyə bilmərəm ki, insanları sülhə səsləyəcəm. Əsər ümumiləşmiş məqsədimə uyğun olacaqsa, istəklərimi özündə əks etdirə biləcəksə, o ideyanı tamaşaçıya çatdıracam. Siz "Cosmo” Teatrında gəlin-qaynana kimi məişət mövzularını görməyəcəksiniz. Heç kimlə işimiz olmadan, bacarığımızı ortaya qoymaq üçün "Cosmo” bizə bu imkanı yaradacaq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər