• şənbə, 27 Aprel, 09:07
  • Baku Bakı 12°C

“Biz necə vətəndaşıqsa, həmin cür jurnalistik”

04.07.15 12:05 2643
“Biz necə vətəndaşıqsa, həmin cür jurnalistik”
Qabil Abbasoğlunun fikrincə, mediamızda olan problemlərin həlli üçün zaman və maarifləndirmə vacibdir

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur. “Kaspi” qəzeti mediamızın hazırkı vəziyyəti, problemləri və digər məsələlər barəsində Lent.az saytının baş redaktoru Qabil Abbasoğlunun fikirlərini öyrənib.
- Azərbaycan mətbuatının 140 illik yolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatının keçdiyi yol birxətli olmayıb. Həsən bəy Zərdabidən başlayan bu yolda Azərbaycan mətbuatı həmişə ölkəmizin problemlərini nəzərə alıb. Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti millətin dərdi, problemləri haqqında məlumat verdiyi üçün mətbuat funksiyasını daşıyırdı. Azərbaycan mətbuatı SSRİ dövründə özünəməxsus inkişaf etdi. Bu dövrdə təkpartiyalı sistem olmasına, həmçinin mətbuatın indiki kimi öz mahiyyəti üzrə funksiyasını yerinə yetirə bilməməsinə baxmayaraq, Azərbaycanın özünəməxsus mətbuat mühiti formalaşa bilib. Azərbaycan SSRİ-nin tərkibində olan zaman jurnalistika ixtisası üzrə təhsil sistemi oturuşdu, bir neçə adda qəzet çıxdı, həmçinin ölkəmizdə qəzetçilik ənənələri və böyük jurnalist ordusu yarandı. Mətbuatımız üçün müstəqillik illərindəki dövr ən önəmlidir. Azərbaycanın müstəqil mediasının tarixi 1989-cu ildən hesablanır. Həmin dövrdə “Azadlıq” və “Yeni Müsavat” qəzetləri qeyri-qanuni olsa da, nəşr olunurdu. Buna görə də müstəqillik dövrünə aid olan mətbuatımızın yaşı 1989-cu ildən hesablanır. Bu, keyfiyyətcə yeni mərhələ idi. Müstəqil Azərbaycan dövlətinin, azad Azərbaycan cəmiyyətinin öz problemlərinə, istəklərinə, öz planlarına münasibəti öz mətbuatında əks olunmağa başladı. Artıq hər hansı bir dövlət bizə diktə etmirdi. İnsanlar azad şəkildə mətbuat orqanları yarada və istədikləri mövzular haqqında yaza bilirdilər. Azərbaycanda demokratik cəmiyyətdir. Ölkəmizdə söz və fikir azadlığı ilə bağlı zaman-zaman müxtəlif problemlər olsa da, bu məsələlər həm qanunvericilik, həm də faktiki müstəvidə öz həllini tapıb. Hazırda mediamızla bağlı müxtəlif problemlər mövcuddur. Bunu mətbuatda çalışan insanlar da etiraf edir. Amma bu problemlərin həlli bir nəfərdən asılı deyil. Zamanla həll oluna biləcək, həmçinin ictimai şüura, cəmiyyətin mətbuat anlayışına, demokratik dəyərlərə münasibətinə bağlı olan məsələlər də mövcuddur. Buna görə mətbuatla bağlı bir çox problemlərin həllini gözləməli olacağıq. Lakin mən, sadəcə olaraq, oturub gözləməməyi məsləhət görürəm. Hər bir kəs öz sahəsində problemlərin həlli üçün qolunu çırmalamalıdır.
- Azərbaycan mətbuatının hazırkı səviyyəsi Sizi qane edirmi?
- Cəmiyyətimiz necədirsə, mətbuatımız da onun kimidir. Biz necə vətəndaşıqsa, ailə başçısıyıqsa, dostuqsa, sevgiliyiksə, siyasətçiyiksə, həmin cür jurnalistik. Jurnalistikanı daha çox tənqid edirlər. Cəmiyyətdə problemləri həll etməkdən daha çox insanlar həmin problemlər haqqında məlumat verən jurnalistləri tənqid edirlər. Lakin bizim başqa planetdən, başqa ölkədən jurnalist gətirməyə imkanımız yoxdur. Cəmiyyətimiz hansı səviyyədədirsə, insanlarda hansı səviyyədə dözümlülük mövcuddursa, biz də bu imkanlar çərçivəsində mətbuatımızı inkişaf etdirib, yaşatmağa çalışırıq. Hazırda siyasətdə şüur problemi, təhsilimizdə də milli vətənpərvərlik problemi mövcuddur. O cümlədən Azərbaycan mediasında da cəmiyyətimizdə olan problemlər var. Mən düşünürəm ki, mediamızda olan problemlərin həlli üçün zaman və maarifləndirmə vacibdir.
- İnternet mediası və sosial şəbəkələr son dövrdə populyarlaşmağa başlayıb. Bu, çap mediasının bir müddətdən sonra tarixdən silinməsi ilə nəticələnə bilərmi?
- Ümumiyyətlə, mətbuat bir sənayedir. Lakin mən internet mediasının çap mediasını öldürəcəyini düşünmürəm. Radio çıxanda bunun çap mediasını sıxışdıracağını düşünənlər var idi. Lakin belə olmadı və çap mediası populyarlığını itirmədi. Qərbdən olan ekspertlərin araşdırmaları göstərir ki, heç bir yeni media formatı özündən əvvəlki formatı məhv edə bilmir, əksinə, yeni yaranmış media formatı özünə yeni auditoriya formalaşdırır. Yəni bu auditoriya köhnə qəzet oxuyanlardan ibarət deyil. Bütün bunlara görə mən bu məsələdən narahat deyiləm. Həmçinin mən çap mediasını məhv edəcək qədər böyük proseslərin getdiyini də düşünmürəm. Cəmiyyət informasiyalaşır. Hamının internetə çıxışı olan kompyuteri, mobil telefonu var. Müasir dövrdə informasiya əldə etmək əvvəlki dövrə nisbətən çox asandır. Əvvəl informasiyalar saatlarla hesablanırdısa, hazırda bu göstərici saniyələr səviyyəsindədir. Lakin mahiyyət etibarı ilə televiziyanın, çap və internet mediasının öz tamaşaçıları, oxucuları öz yerində qalırlar.
- Azərbaycanda internet mediasında bir təkrarçılıq tendensiyası hiss olunur. Saytların çoxları bir-birlərinə bənzəyir. Siz bu kimi halları, internet mediasının özünəməxsus özəlliyinin olmamasını nə ilə əlaqələndirirsiniz?
- Mən bu məsələni subyektiv amillərə bağlayıram. Misal üçün, bir redaksiyanın rəhbərliyi özəl mövzular planlaşdırmırsa, mövzuların hazırlanma siyasətini yaxşı aparmırsa, burada bütün internet mediasını günahlandırmaq olmaz. İnternet mediasının keyfiyyəti onun rəhbərliyindən asılıdır. Lent.az saytını ərsəyə gətirdiyimiz müddətdən bəri bizim saytda dəyişilməz xətt mövcuddur. Ortaq xəbərləri çıxmaq şərti ilə, saytın özünün layihələri və özünəməxsus mövzuları mövcuddur. İndiyədək biz özəl layihələri də həyata keçiririk. Bu məsələdə müəlliflərin tapılması, qonorarların verilməsi də çox vacibdir. Mən düşünürəm ki, müxtəlif problemlərdən asılı olmayaraq, redaksiyanın özünəməxsus mövzularının olması onu digərlərindən fərqləndirən əsas amildir.
- Mətbuatımızda çalışan insanlara nə arzu edərdiniz?
- İlk öncə çoxlu pul arzu edərdim. Mən hesab edirəm ki, Azərbaycan jurnalistikasına ən birinci maddi rifah arzulamaq lazımdır. Əlimdə imkan olsa idi, jurnalistlərə çoxlu pul verərdim. Onların şəraitini daha da yaxşılaşdırardım. Bu insanlar cəmiyyətin qarışqalarıdır. Jurnalistlər cəmiyyəti kultivasiya edirlər, yəni münbitləşdirirlər. Onlar insanları informasiya ilə oyadırlar. Jurnalistlər vətəndaşlarımıza problemlər haqqında məlumat verirlər, onları bu məsələlər ətrafında toplaşdırırlar. Dövlət və millətlə bağlı məsələlərin çatdırılmasında mətbuatdan daha kəsərli vasitə yoxdur. Ona görə də media dövlət və cəmiyyət üçün çox güclü silahdır. Mediamızın əsgərləri həmişə dimdik ayaqüstə dayanmalıdır və öz problemləri haqqında düşünməməlidir. Media nümayəndələrimizin qarşıdan gələn bayramlarını da təbrik edirəm.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər