• cümə, 26 Aprel, 09:17
  • Baku Bakı 12°C

Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətindən narazıdır

18.05.20 17:40 687
Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətindən narazıdır
İki ABŞ şirkətinin ölkədən çıxarılması senatorları narahat edib

Gürcüstanda payızda keçiriləcək parlament seçkiləri öncəsi siyasi gərginlik hökm sürür. Hər iki qanad - həm müxalifət, həm də iqtidar bu seçkiləri taleyüklü proses kimi nəzərdən keçirir. Prezident seçkiləri zamanı hakimiyyət bir sıra populist addımlar atmaqla seçkilərin ikinci turundan qalib çıxdı. İndi isə vəziyyət fərqlidir. Hakim "Gürcü arzusu”nun rəqibi Mixail Saakaşvili yenidən gündəmdədir. Ona Ukraynada vəzifə verilsə də, əsas diqqətini ölkəsinə yönəldəcəyi heç kimdə şübhə doğurmur. Elə son bəyanatları da bunu deməyə əsas verir. Saakaşvilinin son çıxışlarının əsas hissəsi də ölkəsindəki vəziyyətə həs olunur. Rəsmi Tbilisinin də vəziyyəti qənaətbəxş deyil. Qərbin təzyiqləri səngimir. Qərb gürcü hakimiyyətini müxalifətlə əldə olunan razılaşmalara əməl etməyə çağırır. Hökumət də buna əməl edir. Məsələn, prezidentSalome Zurabişvili bəyan edib ki, o, beynəlxalq vasitəçilərin dəstəyi ilə əldə olunmuş iqtidar-müxalifət seçki razılaşmasını xilas etmək naminə Tbilisinin keçmiş merini və ölkənin keçmiş müdafiə nazirini həbsdən azad edib. Ölkə müxalifəti bundan bir gün əvvəl sözügedən razılaşmanın şərtlərindən biri olaraq "siyasi məhbusların” azad olunmasını tələb etmiş, əks halda razılaşmadan çıxacağı ilə hədələmişdi. İki tərəf arasında seçki islahatları barədə razılaşma martın 8-də imzalansa da, tərəflər onun şərtlərini yerinə yetirmək istiqamətində heç bir hərəkət etməmişdilər. Zurabişvili müxalifətin ultimatumsayağı tələbindən sonra yaranmış vəziyyəti "Gürcüstanın demokratik gələcəyinə” təhlükə yaradan "siyasi böhran” adlandırmışdı. Gürcüstan müxalifəti bildirirdi ki, siyasi motivlərlə məhkum edilənlər azad olunmayınca parlamentin sessiyaları boykot ediləcək. Bunun ardınca mayın 15-də Tbilisinin keçmiş meri, "Avropa Gürcüstan Azadlıq” Hərəkatının lideriGiqi Uqulavavə keçmiş müdafiə naziri, "Müzəffər Gürcüstan” Partiyasının başçısıİrakli Okruaşviliazadlığa buraxılıb. Bu iki siyasətçini "ziddiyyətli fiqurlar” adlandıran prezident israr edib ki, o, əslində azad etdiyi bu şəxsləri siyasi məhbus hesab etmir. Xanım Zurabişvili bir daha bəyan edib ki, "Gürcüstanda heç bir siyasi məhbus yoxdur”. 2019-cu ilin yayında antihökumət etirazlarının təşkilində iştirak etmiş Uqulava bu ilin əvvəlində 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bu, onun eyni ittihamla ikinci məhkumluğu idi. Okruaşvili isə zorakılıqla nəticələnmiş etiraz aksiyalarının təşkilinə görə 5 il iş almışdı. Ötən həftənin sonlarında ABŞ və Avropa İttifaqı səfirləri Gürcüstanın hakim və müxalifət partiyalarını seçki sazişinin icrasına başlamağa çağırmışdılar. Səfirlərin verdiyi birgə bəyanatda deyilirdi ki, bu razılaşma Gürcüstanın "siyasi sistemindəki qütbləşmənin aradan qaldırılmasına” və oktyabr seçkilərindən əvvəl "daha yaxşı mühit yaradılmasına” xidmət etməlidir.
Gürcü mediası yazır ki, Qərbin təzyiqləri olmasaydı büdcə vəsaitlərini mənimsəmədə ittiham olunaraq həbs olunan Uqulava və konstitusion quruluşu devirməyə çağırış etdiyinə görə həbsxanaya atılan Okruaşvilini azad etməyəcəkdilər. Xatırladaq ki, Gürcüstanda uzunmüddətli etiraz aksiyalarından sonra müxalifət və hakim "Gürcü arzusu” qərb diplomatlarının vasitəçiliyi ilə iki bənd üzrə razılığa gəlmişdilər. Birinci bəndə görə, parlament seçkiləri qarışıq seçki sistemi ilə keçiriləcək. Lakin majoritar yerlərin sayı azaldılacaq, deputatların 120-si partiya siyahısı ilə, 30 isə təkmandatlı dairələr üzrə seçiləcək. İkinci bənd üzrə razılıq bütün siyasi məhbusların azad olunmasını nəzərdə tuturdu. Məhz bu bənd də sonradan müxalifətlə hakimiyyət arasında yeni qarşıdurma yaratdı. Hakim partiya bəyan etdi ki, ölkədə siyasi məhbus yoxdur, demək belə çıxır ki, kimisə azad etməyə əsas yoxdur. Müxalifət isə hesab edir ki, həbs olunanlar küçə aksiyaları zamanı saxlanılıblar. Ancaq onlara qarşı ittihamlar tamam başqadır.
Maraqlıdır ki, Qərb dövlətləri də məsələyə müdaxilə etdi. ABŞ və Avropa siyasətçiləri tərəfindən rəsmi Tbilisinin ünvanına "qəzəb” dolu məktublar daxil olmağa başladı.
Müxalifət prezidentin qərarından razı qalaraq bildirib ki, indi növbə "Mtavari arxi” (Birinci) telekanalının rəhbəri Georgi Ruruanındır. Onu qeyri-qanuni silah gəzdirməkdə ittiham edərək həbs ediblər.
Bu arada dörd senator və konqresmenlər ABŞ dövlət katibi Maykl Pompeo və ABŞ xəzinədarlıq katibi Stiven Mnuçinə məktubla müraciət edərək Gürcüstanın dövlət idarəçiliyində vəziyyətin pisləşdiyini bəyan ediblər. Onlar Gürcüstanda Amerika biznesinin sıxışdırılması, İran biznesinin güclənməsi, eləcə də, "Gürcü arzusu”nun qeyri-formal lideri Bidzina İvanişvilinin Moskva ilə əlaqələrindən narahatçılıqlarını ifadə ediblər. Müraciətdə ABŞ-ın Frontera Resources və Conti Group şirkətlərinin Gürcüstandan çıxarılması məsələsi də öz əksini tapıb. İddia olunub ki onlar geosiyasi nöqteyi-nəzərindən ölkədən qovulublar.
Frontera ötən əsrin 90-cı illərindən Gürcüstanda uğursuz formada neft və qaz axtarışını həyata keçirib. Ötən il onun maliyyə vəziyyəti görünür, bir qədər zəifləyib və bu səbəbdən də əməkdaşlar ixtisar olunub. Conti Group isə Anakliyada liman inşası ilə məşğul olub.
Rəsmi Tbilisinin qənaətincə, həmin senator və konqresmenlər Amerika şirkətlərinin lobbçiləridir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, qarşıdakı seçkilər gərgin axarda keçəcək. Hakimiyyətin resursları koronavirus səbəbindən xeyli zəifləyib. İşsizlik, yoxsulluq həddi artıb. Əsas gəlir mənbəyi olan turizm yoxdur. Bütün bunlar da seçkilərdə müxalifətin qalib gəlmək şanslarını artırır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər